Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2719/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2025 nömrəli, xx.xx.2025-ci il qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və övladları X8 və X6 ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2025-ci il tarixdə İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh tərəfindən 15000 manat kompensasiya verilməsi ilə İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
4. Həmin qərardaddan narazı qalan cavabdehin şikayəti rayon məhkəməsinin eyni nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, qarşılıqlı iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2025 saylı mülki işi üzrə xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti Cavabdeh rəsmi qaydada təqdim edilməsi üçün poçt vasitəsilə yaşadığı ünvan üzrə göndərilmiş, məhkəmə bildirişi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə imza edilməklə rəsmi şəkildə qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh iddia ərizəsini rəsmi qaydada aldığı gündən müəyyən edilmiş müddət – 20 gün ərzində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etməyərək, qanunvericiklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə olan halda, qarşılıqlı iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
9. Şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq Məhkəmə Kollegiyası hesab edir ki, rayon məhkəməsinin istinad etdiyi hallara dair gəldiyi qənaəti əsaslı olmamışdır.
10. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
11. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
12. MPM-in 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
13. Həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
14. Hazırkı mülki işin materiallarından göründüyü kimi, iddia ərizəsi cavabdeh tərəfə 18 fevral 2025-ci il tarixdə rəsmi təqdim edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən məlum olur ki, cavabdeh tərəfindən qarşılıqlı iddia ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edilmiş, rayon məhkəməsi də prosessual qanunda müəyyən edilmiş iddia ərizəsinin surətini aldıqdan 20 günlük müddət keçdikdən sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət edilməsi əsası ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir.
15. Mülki iş materiallarından müəyyən olunur ki, ilkin iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuşdur, xx.xx.2025-ci ildə məhkəmənin icraatına qəbul edilmiş, hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, xx.xx.2025-ci ildə cavabdeh iddia ərizəsi və əlavə sənədləri qəbul etmiş, xx.xx.2025-ci ildə cavabdeh rayon məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, onun hazırkı iddia üzrə qarşılıqlı iddiası olacaqdır (i/v 30).
16. Göründüyü kimi, cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri rəsmi qəbul etdikdən cəmi 6 (altı) gün sonra (qanunla müəyyən edilmiş qarşılıqlı iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 20 gün müddət ərzində) ilkin iddiaya qarşı qarşılıqlı iddia verəcəyi barədə öz iradəsini bəyan etmişdir.
17. Mülki işin materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixinə təyin olunmuş hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, xx.xx.2025-ci ildə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış, eyni zamanda xx.xx.2025-ci il qərardadı ilə qarşılıqlı iddia ərizəsini yuxarıda qeyd olunan əsasla icraata qəbulundan imtina edərək, onu geri qaytarmışdır.
18. Göründüyü kimi, hazırkı iş məhkəmə baxışına hazırlanması mərhələsindədir.
19. MPM-in 171-ci maddəsinə görə, hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır.
20. Məhkəmə kollegiyası, hazırkı mülki işin qeyd olunan (həm də mübahisələndirilməyən) halları, eləcə də məhkəmələrdə işlərə baxılması zamanı ədalət mühakiməsinin ağlabatan müddətlərdə həyata keçirilməsi, məhkəmə baxışının səmərəliliyi, habelə prosessual qənaət prinsipləri baxımından, hesab edir ki, qarşılıqlı iddianın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin istinad etdiyi hallar özözlüyündə qarşılıqlı iddianın qəbulundan imtina üçün əsas ola bilməzdi.
21. Birincisi, ona görə ki, cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədləri aldıqdan cəmi 6 (altı) gün sonra rayon məhkəməsinə qarşılıqlı iddia verəcəyinə dair iradəsini bildirmiş və əsasla da təyin olunmuş məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir (iş/vərəq 30).
22. Demək ki, cavabdeh qarşılıqlı iddianın verilməsi üçün qanunda göstərilən və rayon məhkəməsinin də istinad etdiyi 20 günlük müddət daxilində iradəsini bildirmiş, başqa sözlə desək, qanunla müəyyən olunmuş müddətə əməl etmişdir.
23. İkincisi və başlıcası isə, rayon məhkəməsinin istinad etdiyi normada güdülən əsas məqsədin nədən ibarət olmasını diqqətdən qaçırmışdır.
24. Məhkəmə kollegiyası bir daha xatırladır ki, istənilən normanın tətbiqi zamanı onun qəbulunda güdülən əsas məqsədin nədən ibarət olmasının aydınlaşdırılması mühüm əhəmiyyətə malikdir. Əks halda, yəni hər hansı normanın formal-mexaniki tətbiqi qanunun qəbulu zamanı güdülən əsas məqsədə uyğun olmayan yanlış nəticəyə səbəb ola bilər.
25. Bu baxımdan yanaşıldıqda müəyyən etmək olur ki, Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində qarşılıqlı iddia vermək üçün 20 günlük müddətin təsbit olunmasında güdülən əsas məqsəd verilmiş iddiaya əsasən işlərə ağlabatan müddətlərdə, əsassız ləgimələr olmadan baxılmasını təmin etməkdir. Başqa sözlə desək, burada başlıca məqsəd aşkar əssasız olan iddiaların (eləcə də etiraz və sair vəsatətlərin) verilməsi ilə işlərin ağlabatan müddətlərdə və səmərəli şəkildə baxılmasına yönələn əngəllərin, prosessual hüquqlardan sui-istifadənin qarşısını almaqdan ibarətdir. Qeyd edilən əsaslar olmadığı hallarda, rayon məhkəməsinin istinad etdiyi həmin normaların formal tətbiqi, hazırkı işdə olduğu kimi, bəzən qanun normasında güdülən məqsədin mahiyyətinə uyğun olmayan nəticəyə gətirib çıxara bilər.
26. Nəzərdən qaçırmaq olmaz ki, ilkin və qarşılıqlı iddia tələbinə birlikdə baxılmasının bir sıra üstünlükləri var. Belə ki, bu, konkret iş üzrə prosessual vasitələrə qənaət edilməsini təşfiq edir, eləcə də ilkin və qarşılıqlı iddia tələbinə birlikdə baxılması iddiaçı ilə yanaşı, cavabdehin də hüquqlarının müdafiəsinə, həmçinin tərəflər arasındakı mübahisənin düzgün həllinə və konkret iş üzrə ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasına da xidmət edir.
27. Bu baxımdan, hazırkı mülki iş üzrə həm ilkin, həm də qarşılıqlı iddia tələblərindən və onların əsaslarından aydın görünür ki, onların birlikdə baxılması təkcə çəkişən tərəflərin deyil, həm də ədalət mühakiməsinin özünün maraqlarına əsasən də zəruri olmuşdur.
28. Çünki hazırkı məsələyə münasibətdə hər hansı əks yanaşma ona gətirib çıxaracaq ki, Cavabdeh eyni iddia tələbi ilə ayrılıqda məhkəməyə müraciət edəcək, sonradan isə bu işlər MPM-in 43.1-ci maddəsinin tələbinə əsasən birgə baxılaraq qətnamə çıxarılması məqsədi ilə bir icraatda birləşdirilməlidir.
29. Bunun isə çəkişən tərəflərin maraqlarına cavab vermədiyi ilə yanaşı, həm də ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrdə işlərə ağlabatan müddətlərdə baxılması, eləcə də məhkəməyə çatımlıqla bağlı mühüm prinsiplərə də uyğun olmadığı aşkardır.
30. Bütün bunlardan belə qənaət hasil olur ki, qarşılıqlı iddianın verilməsi aşkar şəkildə başlanmış prosesin yubadılmasına və onun ağlabatan müddətlərdə nəticələnməsinin qarşısının alınmasına yönəlməmişsə, başqa sözlə desək, prosessual hüquqlardan sui-istifadə deyilsə, onda, yalnız qanunla təsbit olunmuş müddəti əsas götürməklə, onun icraatından imtina edilməsi, həmin normanın güddüyü əsas məqsədlərə, eləcə də ədalət mühakiməsinin səmərəliliyi ilə bağlı fundamental prinsiplərə zidd olacaqdır.
31. Eyni zamanda qeyd edilməlidir ki, belə olan vəziyyətdə dövlətin pozitiv öhdəlikləri ilə bağlı məsələ aktuallıq kəsb edir. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər, hər şeydən əvvəl məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini və məhkəməyə çatımlılığın təminini nəzərdə tutur.
32. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur.
33. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə:
34. -işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
36. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X5rşı işlər).
37. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.
38. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar (və ya onların sərt tətbiqi) “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
39. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
41. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
42. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
43. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı: Şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı ləğv edilsin. Hazırkı qərardadın əsaslandırıcı hissəsində şərh olunan hüquqi mövqelərə uyğun sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.