Məhkəmə qərarları › İş №2(103)-2724/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2724/2020

19.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2724/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, və onun vəkili X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-901/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı ev özbaşına tikili olmaqla, Cavabdeh məxsusdur. O, cavabdehin oğlu X10 ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2010-cu il təvəllüdlü X8 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. O, X10 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı evə gəlin köçərək orada yaşamışdır. Mübahisəli evin elektrik və qaz təchizatı ilə bağlı sənədləri Cavabdeh adınadır. O, həmin evdə bir müddət mübahisəsiz yaşamış, lakin sonralar cavabdehin ailəyə müdaxilə etməsi nəticəsində aralarında olan münasibətlər pozulmuş və Cavabdeh onu 2 azyaşlı uşağı ilə birlikdə evdən qovmuşdur. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq kirayə tutduğu evdə qalmışdır. Hal-hazırda isə kirayədə qalmaq imkanı yoxdur. Cavabdeh isə onu azyaşlı uşaqları ilə gəlin gətirildiyi evdə yaşamağa qoymur. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. Qeyd olunanları nəzərə alıb, iddanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-901/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-(002)-901/2019 saylı qətnaməsinin qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən 20 B saylı evi könüllü deyil, cavabdehin oğlu X10 ilə münasibətlərinin pozulması səbəbindən evdən qovulmuşdur. X10 iddiaçıya yetirdiyi bədən xəsarətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2. maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş və hökm iddiaçı tərəfindən sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Aralarında baş verən həmin ailə-məişət münaqişəsindən sonra mübahisəli evdə yaşamağına cavabdeh tərəfindən imkan verilmədiyinə görə iddiaçı keçmiş əri ilə birlikdə bir müddət kirayədə yaşamağa məcbur olmuş, sonuncu və onun ailəsi iddiaçını aldadaraq bildirmişlər ki, ev tikib orada yaşayacaqlar. Ona görə də iddiaçı keçmiş əri ilə ümumi vəsaitləri hesabına ev tikməyə başlamış, lakin buna baxmayaraq tikdikləri ev də cavabdeh tərəfindən zəbt olunmuşdur. Ümumiyyətlə, cavabdeh tərəfinin mübahisəli evlə yanaşı, daha bir neçə böyük sahəli və yaşayış üçün əlverişli evləri mövcuddur. İddiaçı isə iki azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. Maddi cəhətdən çətinliyi olduğundan və keçmiş əri tərəfindən aliment öhdəlikləri vaxtı-vaxtında və lazımi qaydada icra olunmadığından nəinki kirayə qaldığı evin pulunu vermək, hətta uşaqların ən zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Artıq belə bir vəziyyətdə kirayədə yaşamaq mümkün deyil və ona görə də iddiaçı gəlin köçdüyü və hal-hazırda da cehiz əmlaklarının mövcud olduğu mübahisəli evə köçüb orada yaşamaq istəyir. Bunun üçün də dəfələrlə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı evə köçmək məqsədilə cəhdlər etsə də, cavabdeh tərəfinin etirazları ilə qarşılaşmış, buna imkan verilməmişdir. İddiaçının azyaşlı övladlarının da birlikdə mübahisəli evdən başqa yaşayış yeri yoxdur və ona görə də, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10932/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-901/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7925/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10932/2019 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ№ 278732 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019- cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx xxxxx 2019cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı ünvanda yerləşən özbaşına tikilidə X10 və atası Cavabdeh qeydiyyatsız yaşayır. Həmin ünvanda başqa heç kim də qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 277118 saylı nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Şahanə Məhəmmədəli qızı ilə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə 1942 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiçının iddia etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 “B” saylı evin cavabdeh tərəfindən özbaşına inşa edilməklə, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, özbaşına tikili olsa da mübahisəli evin yaşayış sahəsi kimi mövcud olması, iddiaçının 2010-cu ildə həmin evə gəlin köçməsi, həmin evdə cavabdehlə və onun ailə üzvləri ilə birgə yaşayıb, ümumi təsərrüfat aparması işin mübahisə olunmayan hallarıdır. Sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam verməkonu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Kollegiya hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, evin faktiki mövcud olmaması, eləcə də evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Kollegiya hesab edir ki, cavabdehin mübahisəli ev barəsində “gözlənti” hüququna malik olması iddiaçının Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə təminat verilən hüquqlardan məhrum edilməsi üçün əsas olmamalıdır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, «Evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. Bu hal cavabdehin özünün izahatı ilə də inkar olunmur.Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, üçüncü halın mövcud olubolmadığı aydınlaşdırılmalı, iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən nə vaxt, hansı şəraitdə getməsi, evə qayıdıb orada yaşamaq istəyib-istəməməsi, evdə hər hansı əmlakının olub-olmaması bir daha araşdırılmalı, onun və azyaşlı uşaqlarının evdən məhrum edilmələrinin qanuni olub-olmamasına düzgün hüquqi qiymət verilməlidir.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı tərəflərin izahatlarına və işin hallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq işgəncə və təzyiqlər nəticəsində çıxarılmışdır. İddiaçının təzyiqlərə məruz qalması iş materiallarında olan məhkəmə hökmü (i.v. 48) ilə də öz təsdiqini tapır. İddiaçı apellyasiya şikayətində və məhkəmə iclasında verdiyi izahatda cehiz əmlakının da olduğu mübahisəli evə azyaşlı uşaqları ilə birgə köçmək istədiyini bildirmişdir. Beləliklə, şərh olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-901/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən 20 B saylı evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-901/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən 20 B saylı evə köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar