Məhkəmə qərarları › İş №2(103)-2724/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2724/2024

12.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2724/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı və qeyrisinə qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili Vəkil, digər Cavabdeh3, müstəqil tələb irəli sürən üçüncü şəxs X4, üçüncü şəxsin nümayəndəsi X5, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 2-0074 saylı sahə - 0.0434 ha torpaq sahəsi X4 mülkiyyətində olmuş, Ə.Ağayev (əvəzinə X1) həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamış və torpaq sahəsini Cavabdeh2 satmış, alqısatqı müqaviləsi əsasında Cavabdeh2 sözügedən torpaq sahəsinə dair Çıxarış əldə etmişdir. Bundan sonra X16 Qazıyevlə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-1611/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh2 (əvəzinə X7) ilə alıcı Cavabdeh3 arasında sözügedən torpaq sahəsinə dair 14 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, sonuncu da öz növbəsində torpaq sahəsini 03 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsi ilə İddiaçı satmışdır və nəhayət hazırda mübahisəsi gedən torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İldirım oğlu Cavabdeh1 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş, 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi və ona bitişik olan 10 sot torpaq sahəsindən Cavabdeh1 çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehden tutulması barədə qətnamə və qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi və qanunsuz sahibkarlıqla məşğul olduğu üçün Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən ona satılmış, torpaq üzərində mülkiyyət hüququ 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən torpaq sahəsinə bitişik və hasara alınmuş 10 sot torpaq sahəsi də ona göstərilərək özünə satılmışdır. 0.0434 ha olan torpaq sahəsinin planı və ölçüsü onun adına tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı ərazi idarəsi tərəfindən təsdiq edilərək, həmin torpaq sahəsi və ona bitişik sahə naturada ona göstərilmişdir. Qeyd olunan torpaq sahəsi hər tərəfdən daş hasara alınmışdır. Torpaq sahəsi hazırkı iş üzrə Cavabdeh1 tərəfindən zəbt edilərək, üzərində olan tikili qanunsuz olaraq digər şəxslərə sex kimi icarəyə verilmişdir. Cavabdeh həmin əraziyə itləri buraxmış və bu səbəbdən iddiaçı torpaq sahəsinə daxil ola bilmir, cavabdehdən torpaq sahəsinin boşaldılması dəfələrlə tələb edilsə də, o torpaq sahəsini boşaltmamışdır. Hazırda Cavabdeh1 zəbt etmiş olduğu torpaq sahəsini könüllü olaraq ona qaytarmır, ona görə də torpaq sahəsinə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər Cavabdeh3, Cavabdeh2, 2 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, İddiaçı, 6 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Orxan oğlunun etibarnamə üzrə nümayəndəsi X7 ilə Cavabdeh3 arasında 2 saylı Bakı ASAN xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Üçüncü şəxs X8 iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar torpaq fondu, 1,5 hektar küçə altına olmaqla cəmi 6.5 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün ona da verilmişdir. Ona məxsus qeyd olunan torpaq sahəsinə dair Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində X1 ilə atası Cavabdeh2 arasında 18 fevral 2021-ci il tarixli formal alqı-satqı müqaviləsi bağlanmış və ona məxsus ünvan ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmiş və Dövlət Reyestrində onun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 saylı, 16 mart 2023cl il tarixli qətnaməsi ilə etibarnamə üzrə nümayəndəsi X1 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 40-139 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli çıxarışın ləğv olunması qət edilmişdir. Qeyd olunan məhkəmə aktı qanuni qüvvəsini almış, icra olunması üçün aidiyyəti üzrə göndərildikdən sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında İddiaçı İldrım oğlunun Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş vardır. Məhkəmənin icraatında qeyd olunan mülki işin mövcud olması ona məlum olduqdan sonra tərəfindən verilmiş sorğular əsasında məlum olmuşdur ki, ona məxsus sözügedən torpaq sahəsi Cavabdeh2 adına dövlət reyestrdən qeydiyyatdan keçdikdən sonra onun etibarnamə üzrə nümayəndəsi X7 ilə Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixdə formal alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra isə 03 oktyabr 2022-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında eyni qaydada formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan torpaq sahəsi ona ayrılmış və həmin torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir. Həmin torpaq sahəsinə dair qeyd olunan alqı-satqı müqavilələri bağlanan zaman alıcıların heç biri torpaq sahəsinə baxmamış, ümumiyyətlə torpaq sahəsinin hüdudlarını ayıran hasarın içərisindəkilərdən tam məlumatsız olmuşlar. Bu onu deməyə əsas veririk ki, torpaq sahəsinə dair bağlanmış bütün alqı-satqı müqavilələri formal xarakter daşımış, alqı-satqı müqavilələrinin bağlanılmasında məqsəd “vicdanlı alıcı” görüntüsü yaratmaqdan ibarət olmuşdur. Alqısatqı müqaviləsinin formal xarakterli olmasını sübut edən digər hal ondan ibarətdir ki, iddiaçı Cavabdeh2 07 yanvar 2022-ci il tarixdə Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İşə məhkəmə icraatında baxıldığı zaman Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X7 ilə Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixli, 40-450 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin iş üzrə qəbul olunmuş yekun məhkəmə aktı qanuni qüvvəsini almadan sözügedən torpaq sahəsi ilə bağlı yenidən Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında 03 oktyabr 2022-ci il tarixli, 40-2150 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Buradan üç sual sual meydana gəlir: əmlak iddiaçının mülkiyyətində olmadığı halda o, hansı əsasla torpaq sahəsinin boşaldılmasını tələb edir; işə məhkəmə icraatında baxıldığı zaman iddiaçının torpaq sahəsinin tələm-tələsik satmasına kim və ya nə məcbur edirdi; və torpaq sahəsinə dair iki dəfə alqı-satqı müqaviləsi bağlanana qədər alıcıların heç biri nə üçün torpaq sahəsinə baxmamış, həmin torpaq sahəsinin vəziyyəti ilə maraqlanmamışdırlar. Bütün bunlar onu deməyə əsas verir ki, torpaq sahəsinə dair bağlanmış müqavilələrin hər ikisi formal xarakter daşımış, sadəcə görüntü məqsədi ilə bağlanmışdır. Başqa sözlə bağlanmış əqdlərin hər ikisi yalan əqddir. Alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi üçün daha bir əsas torpaq sahəsin alqısatqı müqavilələrində göstərilən qiymətləri ilə real bazar qiymətindən arasında kəskin fərqin olmasıdır. Belə ki, ona məxsus qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən torpaq sahəsinin) qiyməti müqavilədə göstərildiyindən dəfələrlə çoxdur. Bu bir daha alqı-satqı müqavilələrinin formal bağlanmasını və alqı-satqı müqavilərinin ona məxsus torpaq sahəsinə dair mülkiyyət hüququnu ələ keçirmək məqsədi daşıdığını sübut edir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-116/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova) İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçının xeyrinə verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış 14 mart 2022-ci il tarixli AN -İ ******* saylı reyestrdə 4Ə-450 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi, üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi, üçüncü şəxs tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X4 xeyrinə ödənilməsi, qalan 50 (əlli) manatın isə X4 özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 Ə.Ağayevin etibarından sui-istifadə edərək onun iradəsinə zidd olaraq alqısatqı müqaviləsinin öz xeyrinə bağlanmasına nail olmuş, bundan sonra isə həmin torpaq sahəsini 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmışdır. Cavabdeh2 Ə.Ağayevin etibarından sui-istifadə etməklə torpaq sahəsinə dair bağladığı müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə450 reyestr nömrəli alqı-satqı müqaviləsi də uydurma əqd olmaqla, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır, çünki işin faktiki halları ilə müəyyən edilmişdir ki, həmin müqaviləni Cavabdeh2 əvəzinə nümayəndə qismində imza etmiş X6 pul lazım olduğu üçün formal olaraq torpaq sahəsini Cavabdeh3 satılmış kimi göstərilmiş və nəticədə iş üzrə iddiaçının verdiyi pul vəsaiti məhz V.Səlimzadəyə çatmışdır. Göründüyü kimi, tərəflər arasında, yəni X6 borcun verilməsi üçün Cavabdeh3 müqavilənin tərəfi kimi çıxış etmiş, Cavabdeh3 məqsədi həmin torpaq sahəsini almaq olmamışdır. Ə.Ağayevə məxsus torpaq sahəsi ilk öncə onun etibarından sui-istifadə edilərək onun iradəsinə zidd olaraq alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına satılmış, o da öz növbəsində Vüsal Səlimzadə vasitəsi ilə (etibarnamə üzrə nümayəndə qismində) Cavabdeh3 satmışdır ki, bu zaman tərəflər arasında alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmamışdır. Bununla belə Cavabdeh3 həmin torpaq sahəsini İddiaçı satan zaman sonuncu vicdanlı alıcı olmuşdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 152.1, 152.5, 182.1, 331.1, 337.1, 340, 404, 405.1, 567-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

9. Üçüncü şəxs Əlvan Ağayev apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

10. Üçüncü şəxs Əlvan Ağayevin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsini haqlı olaraq etibarsız hesab etmişdir. Buna baxmayaraq Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən də təqribən eyni hüquq pozuntularının olmasına baxmayaraq məhkəmə bu müqaviləni etibarsız hesab etməmişdir. Bununla da məhkəmə həmin hissədə işin həqiqi hallarından uzaq bir qətnamə qəbul etmişdir. Qətnamənin nəticə hissəsi iddia tələbimin təmin olunmamış hissəsində işin həqiqi halları ilə uyğunsuzluq təşkil edir.

11. Cavabdeh1 də apellyasiya şikayəti verərək qətnamənin iddiaçının tələbinin təmin edilən hissəsində, üçüncü şəxsin tələbinin təmin olunmamış hisssində ləğv edilməsini, iddiaçının tələbinin rədd olunması, üçüncü şəxsin tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş sübutlar və işin məhkəmə araşdırması zamanı da Cavabdeh3 ilə İddiaçı arasında 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün kifayət qədər əsas olması sübut olunsa da məhkəmə bu halları nəzərə almammışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış hər iki alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Belə ki, Cavabdeh3 dostu Vüsal Səlimzadənin xahişi ilə onun üçün İddiaçı hissə-hissə borc pul götürülməsinə görə alqı-satqı müqaviləsində tərəf olmuşdur. Məhkəmə iclasında iştirak edən hər iki şəxs, yəni həm Vüsal Səlimzadə, həm də Cavabdeh3 İddiaçı əvvəlcədən tanıdıqlarını bildirmiş və mübahisəli torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanarkən əslində niyyətin torpaq sahəsinin İddiaçı satmaq olmadığını, bu əqdin görüntü xatrinə bağlandığını qeyd etmişlər. Torpaq sahəsinin qiymətinin alqı-satqı müqaviləsində göstəriləndən dəfələrlə baha olmasını məhkəmə iclasında iştirak edən tərəflərin özləri də etiraf etmişlər. Bundan əlavə, sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı tərəfindən həmin torpaq sahəsinə bir müştəri kimi baxış keçirilməməsi alqı-satqı müqaviləsinin görüntü üçün bağlanıldığını bir daha sübuta yetirir. Bundan əlavə Cavabdeh3 qeyd olunan müqavilə bağlanarkən satılmış torpaq sahəsinin əvəzi kimi hər hansı bir məbləğ almadığını da etiraf etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh1 və onun vəkili Vəkil, eləcə də üçüncü şəxs Ə.Ağayev və onun nümayəndəsi Z.Ağayeva məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

15. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdeh3 və üçüncü şəxs Vüsal Səlimzadə də apellyasiya şikayətlərini qəbul etməyərək onların rədd olunmasını xahiş etdilər və birinci instansiya məhkəməsində verdikləri izahatlardan fərqli izahat verdilər.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı

məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı apellyasiya şikayətlərində qətnamə İddiaçı iddiasının təmin olunan və üçüncü şəxsin iddiasının rədd olunan hissələrində mübahisələndirildiyindən qətnamənin əsaslılığı da yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini İddiaçı iddiasının təmin olunan hissəsi, yəni 0.0434 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi və 3-cü şəxs Əlvan Ağayevin iddiasının rədd olunan hissəsi, yəni mübahisəli 0.0434 ha torpaq sahəsinə dair Cavabdeh3lə İddiaçı arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş çıxarışın ləğv olunması hissələri təşkil edir.

24. İddiaçı iddiası 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış mülkiyyət hüququna əsaslandığından Məhkəmə kollegiyası ilk növbədə həmin alqı-satqı müqaviləsinin qanuniliyinə qiymət verilməsini zəruri sayır.

25. İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair 3 alqısatqı müqaviləsi mövcuddur. 1) X4 etibarnamə üzrə nümayəndəsi X1 ilə Cavabdeh2 arasında bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə139 reyestr nömrəli alqı-satqı müqaviləsi; 2) Cavabdeh2 Orxan oğlunun etibarnamə üzrə nümayəndəsi X7 ilə Cavabdeh3 arasında bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsi; 3) Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi;

26. Nə 1-ci, nə də 2-ci alqı-satqı müqavilələrinin qanunliyinin yoxlanılması hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Belə ki, 18 fevral 2021-ci il tarixli 1-ci alqısatqı müqaviləsi mülkiyyətçinin etibarından sui-istifadə olunduğuna görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız sayılmış və həmin alqı-satqı əsasında Cavabdeh2 adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş Çıxarış ləğv edilmişdir. Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14 mart 2022-ci il tarixli 2-ci alqı-satqı müqaviləsi isə uydurma əqd olduğuna, yəni görünüş üçün bağlandığına görə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə çıxardığı qətnamə ilə etibarsız sayılmış və qətnamənin həmin hissəsi apellyasiya qaydasında mübahisələndirilməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, həmin hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

28. Birinci instansiya məhkəməsi 3-cü şəxs Əlvan Ağayevin iddiasını Cavabdeh3lə İddiaçı arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsində rədd edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 140, 148.2, 182.1-ci maddələrinə istinad etmiş və həmin normalardan çıxış edərək İddiaçı vicdanlı alıcı olduğu qənaətinə gəlmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı həmin əqdi bağlayan zaman vicdanlı olmasını istisna edən mötəbər sübutlar mövcud deyil.

29. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 182.1-ci maddəsi hazırkı mübahisəyə ümumiyyətlə tətbiq oluna bilməz, digər maddələrə isə istinad düzgün olsa da, onların hazırkı mübahisəyə tətbiqində səhvə yol verilmişdir.

31. Sadalanan normaların məzmunundan göründüyü kimi, həmin normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçılar belə sübut növü təqdim etməmişlər.

32. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı kimi qəbul edilə bilməz. Belə ki, o özü həqiqi (real) alqı-satqı müqaviləsi bağlamadını etiraf etməsə də, həmin müqavilədə tərəf (satıcı) kimi çıxış edən və iş üzrə cavabdeh olan Cavabdeh3, eləcə də 14 mart 2022-ci il tarixli 2-ci alqı-satqı müqaviləsində etibarnamə əsasında satıcını təmsil edən və hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Vüsal Səlimzadə bu faktı etiraf etmişlər. Həmin izahatlardan görünür ki, 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 iştirakı formal olmuş, müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmiş, alqı-satqı müqaviləsi Vüsal Səlimzadə və İddiaçı arasında yaranmış borc münasibətlərini pərdələmək məqsədilə bağlanmışdır. X14 Abdullayevin vasitəçiliyi ilə İddiaçı borc pul almış və bunun təminatı olaraq əvəllcə Cavabdeh3lə, sonra isə İddiaçı özü ilə alqı-satqı müqaviləsi bağlanmışdır.

33. MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

34. Apellyasiya baxışı zamanı Cavabdeh3 və Vüsal Səlimzadə birinci instansiya məhkəməsində verdikləri izahatlardan fərqli olaraq göstərdilər ki, mübahisələndirilən alqısatqı müqaviləsi formal deyil, həqiqi müqavilədir və borca görə bağlanmayıb.

35. Məhkəmə kollegiyası həmin şəxslər tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilmədiyini və protokola dair qeydlər verilmədiyini nəzərə alaraq onların hazırkı apellyasiya baxışı zamanı verdikləri izahatları həqiqi və inandıqıcı saymır və birinci instansiya məhkəməsində verdikləri izahatların mötəbərliyini qəbul edir.

36. Əslində, birinci instansiya məhkəməsi özü də hazırkı işdə 2-ci alqı-satqı üzrə eyni nəticəyə gəlmiş, həmin müqavilənin Vüsal Səlimzadəyə borc verilməsini təmin etmək məqsədilə Cavabdeh3lə bağlandığını xüsusi olaraq qeyd etmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Vüsal Səlimzadə də İddiaçı borcu məhz Cavabdeh3 vasitəsilə almışdır.

37. Beləliklə, Vüsal Səlimzadə və İddiaçı arasında borc münasibətinin olması, Cavabdeh3 adının müqavilədə tərəf kimi qeyd edilməsinin formal xarakter daşıması kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Bu hallar 3-cü şəxs Vüsal Səlimzadə və müqavilə tərəfi olan Cavabdeh3 tərəfindən birinci instansiya məhkəməsində tam təsdiq olunduğundan, eləcə də hazırkı iş üzrə qətnamənin apellyasiya baxışının predmeti olmayan hissəsində işin müəyyən edilmiş halı kimi qeyd olunduğundan İddiaçı bu faktı etiraf edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Önəmli olan odur ki, İddiaçı mübahisəli torpaq sahəsini satın almaq, bununla bağlı alqı-satqı müqaviləsi bağlamaq niyyəti olmamışdır. Vüsal Səlimzadənin qeyd olunan izahatından da göründüyü kimi, 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra da o, İddiaçı borcunu qaytarmaq məqsədilə mübahisəli torpaq sahəsini satmaq istəmiş, bu məqsədlə müştəri belə gətirmiş, lakin Cavabdeh1 buna imkan verməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, nə hazırkı işdə, nə də digər əlaqəli işlərdə mübahisəli 434 kvm torpaq sahəsinin ilkin mülkiyyətçisi Əlvan Ağayevin nə alqı-satqı müqavilələri üzrə alıcı kimi keçən Cavabdeh2, Cavabdeh3, İddiaçı, nə də etibarnamə üzrə təmsilçi olmuş 3-cü şəxs Vüsal Səlimzadəyə hər hansı borcu olduğu müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı başqasının borcuna görə Əlvan Ağayevin mülkiyyətində olan torpaq sahəsini bilərəkdən borc münasibətini pərdələyən alqı-satqı müqaviləsi bağlamaqla ələ keçirməsi onun vicdanlı əldə edən olmasını istisna edir.

39. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, istər xx.xx.2022-ci il tarixli, istərsə də 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 və Cavabdeh1 arasında məhkəmə mübahisəsi gedirdi və mübahisə üzrə yekun qərar qəbul olunmamışdı. İşdən göründüyü kimi, həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2022-ci ildə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bu isə onu göstərir ki, Cavabdeh2, İddiaçı və qeyriləri yeni alqı-satqı müqavilələri bağlamaqla torpaq sahəsi üzərində hüquq üstünlüyünü təmin etmək, vicdanlı əldə edən görüntüsü yaratmaq məqsədi daşımışlar.

40. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 03 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə vicdanlı alıcı (əldə edən) olmamışdır. Həmin müqavilə İddiaçıla Vüsal Səlimzadə arasındakı borc münasibətini pərdələmək məqsədilə bağlanmaqla yalan əqddir və əhəmiyyətsizdir.

41. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

42. Məhkəmə kollegiyası xatırladır ki, uydurma və yalan əqdlər mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmurlar. Yalan əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan əqd (hüquqi hərəkət) durur. Yalan əqd bu əqdi (hüquqi hərəkəti) pərdələyir, maskalayır. Bir sözlə, yalan əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Burada iki əqddən söhbət gedir: pərdələnən əqddən və pərdələyən əqddən. Pərdələnən əqd tərəflərin hüquqi nəticə əldə etmək məqsədilə həqiqətən bağladıqları əqddir (hüquqi əqd). Pərdələyən əqd isə həqiqi əqdin mahiyyətini və əsl xarakterini üçüncü şəxslərdən gizlətmək üçün, onu pərdələmək (maskalamaq) məqsədilə bağlanan əqddir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarında da göstərilmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

44. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3).

45. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

46. Məhkəmə kollegiyasının qənaətinə görə 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız əqd olduğundan həmin əqdin əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısı və bu əsasla verilmiş çıxarış da əsassız olmaqla ləğv edilməlidir.

47. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, 03 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsi əhəmiyyətsiz olmaqla etibarsız sayıldığından və bununla da İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsası kimi istinad olunan hal aradan qalxdığından, yəni İddiaçı artıq həmin sahə üzərində hər hansı hüququ mpvcud olmadığından onun Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbi də təmin oluna bilməz. Belə ki, bu hüquq artıq ona deyil, Əlvan Ağayevə keçdiyindən, yəni Əlvan Ağayevin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa olunduğundan həmin torpaq sahəsi barəsində sərəncam vermək və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmaq hüququ da ona məxsusdur.

48. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

49. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

50. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Eləcə də, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv olunmalı, həmin hissədə İddiaçı iddiası rədd edilməli, 3-cü şəxs Əlvan Ağayevin iddiası isə təmin olunmaqla Cavabdeh3 və İddiaçı arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalı, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısı və bu əsasla verilmiş çıxarış ləğv edilməlidir.

52. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı iddiasının təmin olunan hissəsində (0.0434 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi) və 3-cü şəxs X4 iddiasının rədd olunan hissəsində (mübahisəli 0.0434 ha torpaq sahəsinə dair Cavabdeh3lə İddiaçı arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş çıxarışın ləğv olunması) ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı iddiası 0.0434 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi hissəsində təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası apellyasiya baxışının predmeti olan hissədə təmin olunsun. Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarış ləğv olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar