Məhkəmə qərarları › İş №2(103)-2724/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2724/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2724/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin və əmək müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin və əmək müqaviləsinin ləğv edilməsi və pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin və əmək müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13X/24 saylı əmrinin ləğv edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixliəmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixdən hazırki iddia üzrə məhkəmə qətnaməsi icra edilən tarixədək aylıq 2385 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqavilə ilə pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Sonradan MMC-nin əvvəlki rəhbərliyinin maliyyə problemləri ilə əlaqədar ona xx.xx.2024-cü il tarixdə məcburi qaydada öz hesabına 6 ay müddətinə məzuniyyətə çıxmağı barədə ərizə yazdırılmış və bu məzuniyyətin uzun çəkəcəyini, ailədə yeganə gəlir gətirən şəxs olduğunu gördükdən sonra xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də satınalma üzrə menecer vəzifəsinə işə qəbul olunmuş və cavabdehə bu barədə məktubla müraciət edərək yeni əmək müqaviləsi bağladığından aralarında olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən həmin məktuba heç bir rekasiya verilmədiyindən "xxxx" MMC xx.xx.2024-cü il tarixdə iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalmışdır. İddiaçı baş verənlərlə bağlı X12 Xidmətinə müraciət etsə də müvafiq araşdırmanın da heç bir nəticəsi olmadığından əmək müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətində olması ilə bağlı cavabdehə mediasiya təklifi göndərmiş və mediasiya iclaslarında qarşılıqlı razılığa gələ bilmədiklərindən 11 oktyabr 2024-cü il tarixdə Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verildi. Daha sonra isə, cavabdeh tərəflər arasında əmək mübahisəsinin olduğunu və İddiaçı mübahisə ilə bağlı məhkəməyə müraciət edəcəyini bilə-bilə xx.xx.2024-cü il tarixli, 13X/24 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olduğundan qeyd edilən əmr ləğv edilməli və tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməli, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərər tutulmalıdır.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ülkər Xəlil) ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13X/24 saylı əmri ləğv edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə öz ərizəsi ilə xitam verilmiş, iddia qalan hissədə təmin edilməmiş, 50 manat mediasiya xərci iddiaçının özünə aid edilmişdir.

4. Cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi bildirilmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini dəymiş maddi ziyan hissəsində rədd edərkən qətnaməsini onunla əsaslandırmışdır ki, digər işəgötürən "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsi 1 il 1 ay 3 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək bağlanmışdır. Həmin müqaviləyə isə iddiaçının öz xahişi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

6. Göründüyü kimi digər işəgötürənlə bağlanmış müqavilə 1 ay müddətə deyil, 1 ildən çox olan müddətə bağlanmış, cavabdeh isə öz xahişi ilə 1 ay tamam olmamış "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Hazırkı halda məhz cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam vermədiyindən iddiaçının digər işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verməsi sübut olunmur. Belə olan halda iddia həmin hissədə əsaslı hesab edilə bilməz.

7. Hesab edir, məhkəmənin hazırkı mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilədən də göründüyü kimi, cavabdeh ona göndərdiyi ərizəyə məhəl qoymadığından, onunla əmək münasibətlərinə davam etdirdiyi görünüşü yaratmış və onun yeni işə götürənlə olan razılaşma bu səbəbdən pozulmuşdur. Çünki, "xxxx" MMC ilə aralarında olan şifahi razılaşmaya əsasən 1 ay ərzində Cavabdeh MMC ilə arasında olan əmək müqaviləsinə xitam verməyəcəyi təqdirdə onunla əmək münasibətlərini davam etdirməyəcəkdilər. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, uzunmüddət işsiz qalmış və bununla da ailəsinin maddi vəziyyətində çətinliklər yaranmışdır. Bu səbəbdən də hesab edir, məhkəmə hazırkı maddi hüququ normasını pozaraq ona maddi ziyan dəymədiyi qənaətinə gəlmiş və həmin hissədə iddia tələbini rədd etmişdir.

8. Odur ki, qətnamənin qismən, yəni iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, onlar hələ mediasiya mərhələsində iddiaçının əmək müqaviləsinə elə həmin tarixdə onun ərizəsinə əsasən xitam verilməsi kimi dəyişiklik edilməsi ilə razılaşmış, lakin iddiaçının yüksək məbləğdə kompensasiya tələb etməsi səbəbindən razılığa gəlmədilər. Eyni zamanda, əlavə olaraq bildirdi ki, iddiaçının əlbir olduğu şəxslərlə birlikdə müəssisənin küllü miqdarda əmlakının yoxa çıxması ilə bağlı polis orqanlarında başlanmış təhqiqat davam etdirilir.

11. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

12. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

13. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13X/24 nömrəli əmrinə əsasən "xxxx" MMC bölməsində "Pərakəndə ticarətin inkişafı üzrə menecer" vəzifəsində işləyən İddiaçı XXX ilə bağlanılmış 100CD2O000500 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70 "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

14. Cavabdeh MMC-də pərakəndə distribyutor şöbəsinin rəhbəri vəzifəsində çalışan Nizami Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimata əsasən “Marvel Azerbaijan" MMC-yə qarşı dələduzluq əməli törədilmişdir. Belə ki, "xxxx" MMCnin satış meneceri vəzifəsində çalışan X11 tərəfindən rəhbərliyi və/və ya təsisçiləri ilə yaxın əlaqəsi olan "xxxx" MMC (VÖEN:**********; X1) və "xxxx" MMC(VÖEN:********** X9 Anatolyeviç) adından müxtəlif mallar sifariş edilmiş və Malları həmin şirkətlərə təqdim etməyərək malları tanışı "xxxx" MMC-nin (VÖEN: **********. X3 nümayəndəsi olan X14i adlı şəxsə təqdim etmişdir. Məsələ ilə bağlı X7 izahatı alınmış, X11 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin mal götürmək limiti bitdiyindən X13 ilə razılaşaraq 32335.00 manat dəyərində olan mallar "xxxx" MMC-nin və 10500.00 manat dəyərində mallar "xxxx" MMC, cəmi isə 42835.00 manat dəyərində mallar bu şirkətlərin adına rəsmiləşdirilərək "Marvel Azerbaijan MMC-nin anbarında X10 təqdim edilmişdir. X7 izahatına görə X13 əldə etdiyi malların dəyərindən ona nağd şəkildə 6000.00 manat məbləğində ödəniş etmiş və sonradan zənglərinə cavab verilməmiş, X13 ilə əlaqə saxlamaq mümkün olmadıqda X11 törətdiyi əməl haqqında ona məlumat vermişdir. Beləliklə, X11 tərəfindən törədilən əməllər nəticəsində "xxxx" MMC-nə 36835.00 məbləğində ziyan dəymişdir. X11 barəsində yuxarıda qeyd olunan səbəblərə görə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişin verilməsi xahiş edilmişdir.

15. İddiaçı 15 aprel 2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoruna ərizə ünvanlayaraq işdə gördüyü nöqsanlar səbəbindən, araşdırılma müddəti dövrünə öz hesabəna (ödənişsiz) məzuniyyət verilməsinə sərəncam verilməsini xahiş etmişdir.

16. Cavabdeh MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, "xxxx" MMC-də Pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsində çalışan Axundov Roiya öz hesabına məzuniyyət günləri başa çatmış və 16 oktyabr 2024-cü il tarixində işə çıxmalı olsa da 16,17,18 oktyabr 2024-cü il tarixlərində iş yerinə gəlməmiş, əmək müqaviləsi və qanunvericiliyin tələbinə uyğun olan öhdəlikləri icra etməmişdir. Bundan başqa 16 oktyabr 2024-ce il tarixində işəgötürən tərəfindən həm poçt vasitəsilə, həm də elektron qaydada Axundov Roiya 4 (dörd) gün müddətində bildiriş göndərilmişdir.

17. Cavabdeh MMC tərəfindən X8 ünvanlanmış 0119/24 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişə əsasən xx.xx.2024-cü il tarixli ərizə və xx.xx.2024-cü il tarixli 002OH/24 sayı əmrə əsasən iddiaçıya təqdim edilən ödənişsiz məzuniyyət müddətinin xx.xx.2024cü il tarixdə bitdiyi bildirilmiş, 3 (üç) gün ərzində əmək müqaviləsi üzrə öhdəliklərini icra etmək üçün iş yerinə, yəni işəgötürənin ofisinə (Yasamal rayonu, Tbilisi pr. 49C, Çıraq Plaza mərtəbə 4) yaxınlaşaraq əmək funksiyalarını icra etməsi xahiş olunmuşdur.

18. Əmək haqqın üzrə çıxarışa əsasən müəyyən olunur ki, iddiaçının əmək haqqısının ümumi məbləği 1485,65 manat təşkil edir.

19. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh müəssisədə pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir.

20. İddiaçı cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh MMC-də tutduğu pərakəndə ticarətin inkişafı üzrə menecer vəzifəsindən xx.xx.2024-cü il tarixindən yeni şirkət ilə müqavilə bağladığı üçün öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.

21. "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 19/K nömrəli əmrinə əsasən "xxxx" MMC bölməsində “koorporativ satış menecer” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 100CD2O000600 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

22. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-də korporativ satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir.

23. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi 47.f tərəflərin hüquq vərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bəndində qeyd olunan səbəbə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 1 il 1 ay 3 gün müddətinə bağlanmışdır.

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024- cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, izahatının alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzinə gəlməyi ilə əlaqədar ünvanına (Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, 37Q) 3- 17- 5/2-A-40084/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin izahatını təqdim etməmişdir. Müraciəti ilə əlaqədar Cavabdeh MMC-nin (ünvan 4 ünvanına 3-17- 5/2-40043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin, “Vətəndaşların müraciət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “’Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1ci və 2-ci hissəsinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmaqmaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Cavabdeh MMC tərəfindən sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılacaq nəticəsi barədə ona məlumat veriləcəkdir. Müraciətinə qeyd etdiyi məsələlərinin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüqüqu vardır.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024- cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, izahatının alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzinə gəlməyi ilə əlaqədar ünvanına (Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, 37Q) 3- 17- 5/2-A-40084/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin onun izahatını təqdim edilməmişdir. Müraciətini ilə əlaqədar Cavabdeh MMC-nin (ünvan 4 ünvanına 3-17-5/2-40043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin, “Vətəndaşların müraciət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh MMC tərəfindən X12 Xidmətinin Bakı şəhər idarəsində təqdim olunan məktub və sənədlərdən onun işəgötürənlə qarşılıqlı razılıq əsasənda xx.xx.2023-cü il tarixindən öz hesabına ödənişsiz məzuniyyətə buraxıldığı və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq aparıldığı məlum olmuşdur. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasınının Əmək və Əhalinin Sosial Müdafiəsi X2 İnformasiya Siseminin “ Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində bağışlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən işçi işəgötürəni yazılı ərizəsi ilə xərədar etməklə əmək müqaviləsini ləğv edə bilər, eyni zamanda 11-ci maddəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur. Həmçinin həmin maddənin 2-ci hissəsində bildirilir ki, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqarının həyata kieçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüqüui aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsi hər cür mdaxilə və maneələr edilməsi yolverilməzdir.Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd etdiyiniz məsələlərinin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Tətbiq edilən maddi hüquq normaları:

26. Azərbaycan Respublikası Konstitusiyası: Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

28. 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

29. 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.

30. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir.

32. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

33. Həmin maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

34. Həmin maddənin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

35. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

36. Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

37. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər.

38. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

39. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndi isə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

45. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

46. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

50. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

52. Hazırkı halda, iddiaçının tələbi iki hissədən ibarətdir: 1.cavabdeh tərəfindən onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi və 2. maddi ziyan. Hazırkı halda birinci hissədə iddia təmin edilmiş və iddiaçı həmin hissəni mübahisələndirməmişdir. İddiaçı qətnaməni maddi zərər hissədə mübahisələndirdiyindən, iddiaçının apellyasiya şikayətinə əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə görə mübahisənin predmeti bölünən olduğundan birinci instansiya məhkəməsinin qətnaməsini yalnız maddi zərər hissədə yoxlayır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. İddiaçının apellyasiya şikayəti maddi zərər barədə iddia tələbinin təmin edilməməsi ilə bağlıdır ki, iddiaçı bildirir ki, onun ərizəsinə əsasən cavabdehin onun əmək müqaviləsinə xitam verməməsi səbəbindən digər işəgötürən "xxxx" MMC ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Çünki, "xxxx" MMC ilə aralarında olan şifahi razılaşmaya əsasən 1 ay ərzində Cavabdeh MMC ilə arasında olan əmək müqaviləsinə xitam verməyəcəyi təqdirdə onunla əmək münasibətlərini davam etdirməyəcəkdilər.

56. Hazırkı halda iddiaçı digər işəgötürən "xxxx" MMC ilə 1 ay ərzində Cavabdeh MMC-nin onunla olan əmək müqaviləsinə xitam verməyəcəyi təqdirdə onunla əmək münasibətlərini davam etdirməyəcəkləri barədə aralarında olan şifahi razılaşmaya dair MPM-in 77.1-ci maddəsinə əsasən, sübut təqdim etməli olduğu halda bu barədə hər hansı sübut təqdim etməmişdir.

57. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

58. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

59. Əksinə, mülki iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsi 1 il 1 ay 3 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək bağlanmış, həmin müqaviləyə isə iddiaçının öz xahişi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

60. Bu baxımdan, iddiaçı cavabdehin onunla əmək müqaviləsinə məhz vaxtında xitam verməməsi səbəbindən onun digər əmək müqaviləsinə xitam verilməsinə dair dəlilləri ilə bağlı sübut təqdim etmədiyindən, əksinə, həmin əmək müqaviləsinə məhz iddiaçının ərizəsi əsasında xitam verilməsi müəyyən edildiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

61. MPM-in 385.2-ci maddəsinə əsasən də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Beləliklə də, aparılmış məhkəmə araşdırmalarına əsasən Məhkəmə Kollegiyası belə qənəatə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

63. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-672/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar