Məhkəmə qərarları › İş №2(103)-2726/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2726/2020

17.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2726/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X10 və X17 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi və vəkili X11, Qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1813/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında sökülmüş, ümumi sahəsi 84,2 kv metr olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq, həmin qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 35% əlavə qeyri-yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində qeyri-yaşayış sahəsi ilə təmin edilməyi və tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsinin təhvil verilənədək ona aylıq 1500 manat kompensasiyanın verilməsinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında sökülmüş, ümumi sahəsi 84,2 kv metr olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Ona heç bir məlumat verilmədən, məlumatı və razılığı olmadan həmin bina, eləcə də mülkiyyətində olan qeyriyaşayış sahəsi "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən qanunsuz olaraq sökülmüş və həmin ünvanda MMC tərəfindən pilot layihə əsasında yeni binanın tikintisinə başlanmışdır. Dəfələrlə cavabdehə bu qanunsuz hərəkətləri barədə xəbərdarlıq etsə də, cavabdeh təşkilatın əməkdaşları əvvəlcə ona yeni tikilən binadan mülkiyyətində olan qeyriyaşayış sahəsinin ümumi sahəsindən artıq qeyri-yaşayış sahəsi verəcəklərini bildirmişlər, lakin bu barədə hər hansı bir rəsmi sənəd verməmişlər. Lakin bu vaxta qədər hər hansı rəsmi təklif verilməmiş, razılıq əldə olunmamışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi onunla cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC arasında müvafıq müqavilə bağlanmalıdır. Belə ki, mübahisə predmeti olan həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 №-li Qərarının icrası ilə əlaqədar sökülmüşdür. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X21 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH Başçısının xx.xx.2016cı il tarixli 264 №-li Sərəncamı ilə rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması, və həmin ərazidə 7,5 ha torpaq sahəsinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMCnin daimi istifadəsinə verilməsi qərarı alınmışdır. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC arasında müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-l.İ Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə həvalə edilmişdir. "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı qarşılıqlı iddia verərək cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixində bağlanmış, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx xxxxx 2017-ci il tarixli yazının (qeydiyyat №-si **********; daşınmaz əmlakın reyestr №-si: **********33-05101-083002) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi onlar tərəfındən xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə görə Əmlak Məsələləri Dövlət Komitəsindən əldə edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu 115 №-li MKİS-in arayışından görünür ki, Faiq Yusifov ünvanındakı yaşayış binası, Nərimanov rayon İcra Hakimiyyətinin yuxarıda qeyd edilən göstərişinə əsasən 2016-cı ilin noyabr ayında sökülmüşdür. Alqı-satqı əqdinin bağlanması anına mübahisəli qeyri-yaşayış sahəsi mövcud olmamışdır, belə ki, qeyri-yaşayış sahəsi bina ilə birlikdə sökülmüşdür. Bundan belə bir nəticə doğur ki, mübahisələndirilən əqd yararsız obyekt barəsində bağlanmışdır ki, bu da həm satıcının (Əmlak Məsələləri Dövlət Komitəsinin), həm də alıcının (İddiaçı) mülkiyyət hüququnun əhəmiyyətsizliyinə dəlalət edir. Bundan əlavə, hesab edirlər ki, qeyd edilmiş əqdin iştirakçılarının əqdin bağlanmasına yönəlmiş hərəkətləri qəsdən edilmişdir, belə ki, onlar yuxarıda göstərilən ərazidə aparılan yenidənqurma işlərindən xəbərdar olmaya bilməzdilər. Bu layihə, pilot layihə olmaqla, dövlət tərəfindən dəstəklənir. Həmin müddət ərzində sakinlərlə bağlanmış müqavilələr əsasında onlar mənzillərini tərk edərək, müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bu halda Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət reyestrində müvafıq qeydiyyat yazıları ləğv edilməli idi. Buna görə də qəzalı vəziyyətdə olmuş və sökülmüş binada yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə qarşılıqlı iddia üzrə cavabdehlərin bağladığı əqd və həmin əqd əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin apardığı qeydiyyat qanunsuz xarakter daşıyır. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1813/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixində bağlanmış, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ödənilmiş 21000 manat məbləğində pulun geri qaytarılması qət edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinə dair ƏMDK ilə müqavilə bağlanan zaman həmin bina sökülməmişdir. 115 saylı MKİS tərəfindən verilmiş arayış heç bir halda binanın hansı tarixdə sökülməsini təsdiq edən sənəd hesab oluna bilməz. MKİS-in belə bir səlahiyyəti yoxdur, bu barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən söküntü barədə akt verilməlidir. 115 saylı MKİS tərəfindən verilmiş arayış xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, hansı ki, hər hansı bina sökülən zaman binanın söküntü günü bu barədə FHN tərəfindən həmin tarixdə müvafiq akt tərtib edilir. 115 saylı MKİS-in arayışı binanın hansı tarixdə söküldüyünü təsdiq etmir və həmin faktı təsdiq edən sübut hesab oluna bilməz. "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC onunla ƏMDK arasında bağlanmış müqavilənin tərəfi olmadığından həmin əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdur. Müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud deyildir. Qətnamədən, həmçinin, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilmiş qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericiliyin tələblərinə riayət etməklə həyata keçirilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi özəlləşdirilərkən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi yerli icra hakimiyyətin orqanının balansında olmaqla dövlət mülkiyyətində olduğundan, onun özəlləşdirilməsi səlahiyyəti qanunvericiliyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. X2 Dövlət Komitəsinə dövlət büdcəsindən hər hansı pul vəsaitinin ödənilməsi barədə qərar qəbul edilməsi səlahiyyəti verilməmişdir, qeyd olunan vəsait dövlət büdcəsinə köçürüldüyündən və Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət büdcəsinin vəsaiti barəsində sərəncam vermək səlahiyyəti olmadığından, Komitə həmin vəsaiti iddiaçıya qaytarmaq imkanına malik deyildir. Oxşar işlər üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə tərəf qismində cəlb edilməklə işə həmin dövlət orqanının iştirakı ilə baxılır. Buna baxmayaraq, Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməmiş, əsassız olaraq dövlət büdcəsinə daxil olmuş vəsaitin iş üzrə ilkin iddia üzrə iddiaçıya qaytarılması vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Mübahisəli əmlakın özələşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati akt olan sərəncamı əsasında həyata keçirilmiş və həmin inzibati akt qüvvədə qaldığı bir təqdirdə, onun əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi irəli sürülə bilməz. Həmçinin, qətnamədən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayəti ilə eyni məzmunda olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X12 öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)- 1813/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X14 öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1813/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi və vəkili X16 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1813/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1813/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz, F.Yusifov, Ağa Nemətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən dördmərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2016-cı il tarixli akt tərtib olunmuş, binaların texniki vəziyyətinin yolverilməz olduğu qeyd edilmişdir. İş materiallarında olan Nərimanov RİH Başçısının xx.xx.2016-cı il tarixli 264 nömrəli Sərəncamından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxx» X5 xx.xx.2016-cı il tarixli, M) 01 nömrəli məktubu ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni-hünündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, B6 nömrəli «Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə» dair əlavə tədbirlər barədə» Qərarı ilə 5 il müddətinə RİH mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli "yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli, xx/xx-1176 Neli rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutularaq qərarı alınmışdır ki, rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində 7,5 ha torpaq sahəsi «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin daimi istifadəsinə verilsin. İş materiallarından görünür ki, Sərəncamla rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə - Rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Qeyd edilən sərəncamla rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi qərara alınmışdır. İş materiallarında olan Hərracın Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli 04/01 saylı hərrac protokolundan görünür ki, «Satıcı» Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 4 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, ünvan 5 saylı ünvandakı 84,2 kv.m qeyri-yaşayış sahəsini 21000 manata iddiaçıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmetini alıcının AR ƏMDK yanında X15 Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 04/01 nömrəli protokola əsasən satın aldığı 84,2 kv.m qeyri-yaşayış sahəsi təşkil edir (müqavilənin 1.1 bəndi). Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı satır, alıcı isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 5 ünvanında yerləşən 84,2 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 21000 manata satın alır. Həmin müqavilənin 2.2.2-ci maddəsinə görə müqavilədə göstərilən məbləğ dövlət hesabına köçürüldükdən sonra müqavilənin 2.1.1-ci bəndinə əsasən sənədlər ƏMDK yanında DƏDRX-nin aidiyyatı ərazi idarəsinə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X23 tərəfindən veriliş seriya RX № ******* saylı «Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən «Çıxarış»dan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84,2 kv metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdən İddiaçı məxsusdur. İş materiallarında olan 116 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 799 saylı arayışından görünür ki, MKİS-nin xidməti ərazisində olmuş F.Yusifov küç. 37 saylı binanın qeyriyaşayış sahələrinin dislokasiyasında İddiaçı adına heç bir qeyri-yaşayış sahəsi olmamışdır. İş materiallarında olan 115 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 14 saylı arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, 264 saylı sərəncama əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 37 və Təbriz 99 ünvanlarındakı yaşayış binalarının inşa olunması məqsədi ilə 2016-cı ilin noyabr ayında Faiq Yusifov 37, 2017-ci ilin sentyabr ayında isə Təbriz 99 saylı binalar «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən sökülmüşdür. İş materiallarından görünür ki, X3 xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, 30 ildən çoxdur ki, F.Yusifov küçəsi, ev 37, mənzil 51də yaşamış, qeyd olunan bina 2016-cı ilin noyabr ayında pilot layihə çərçivəsində sökülmüşdür. Həmin binada İddiaçı məxsus olan qeyri-yaşayış sahəsi olmamışdır. İş materiallarında olan X1 adına Nərimanov RPİ tərəfindən verilmiş seriya AZE № 01565782 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun qeydiyyat ünvanı F.Yusifov küçəsi, ev 37, mənzil 51-dir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC (sifarişçi) ilə X13 (icraçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasəq sifarişçi ünvan 8 ünvanında yerləşən 4 mərtəbəli 6 girişli yaşayış binasının sakinlərini köçürərək boşalmış mənzilləri söküntü məqsədi ilə icraçının ixtiyarına verir. İcraçı 15 gün müddəinə olmaqla söküntü işlərini başa çatdırmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X13 ifadəsində "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı müqaviləni təsdiq edərək mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın 2016cı ilin noyabr ayında söküldüyünü təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən həmin binaya köçmüş, qonşularını tanıyır. Qeyd olunan zirzəmi onların mənzilinin altında yerləşmişdir. O, həmin zirzəmini özəlləşdirmək istəsə də, Respublika Seysmoloji Mərkəzinin avadanlıqları və arxivi orada olduğundan Azərbaycan Respublikasımın Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona bildirilmişdir ki, həmin sahəni ancaq icarəyə götürə bilər. Sonradan o, bu barədə Respublika Seysmoloji Mərkəzininə müraciət etsə də, ona bildirilmişdir ki, «yerimiz olsa biz arxivi oradan çıxararıq». Sonda bildirdi ki, həmin zirzəmidən heç kim istifadə etməmiş, zirzəminin giriş qapısının açarları onda olmuşdur. Hətta ərazidə söküntü işləri başlayan ərəfələrdə o, Respublika Seysmoloji Mərkəzinə müraciət edərək, binanın köçürüləcəyi barədə mərkəzə məlumat vermişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-9251/2019 saylı qətnaməsini ləğv edərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7839/2019 saylı Qərarında göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Dövlət əmlakının özəllişdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-8.2.3, 15.1, 15.2-ci və digər maddələrinin, həmçinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 1, 2-ci bəndlərinin, “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının 1.2, 1.3, 5.1-ci bəndlərinin tələbləri ilə əsaslandırmağa çalışsa da, sahəsi 84,2 kv.metr olan mübahisəli qeyri-yaşayış sahəsinin (zirzəminin) Azərbaycan Respublikası ƏMDK sərəncamında olub-olmamasını, həmin zirzəminin bilavasitə dövlət vəsaiti hesabına inşa edilib-edilməməsini kifayət qədər araşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi həmin dövlət orqanına təklif etmədən, yalnız Bakı şəhər MKTB xx xxxxx 2019-cu il tarixli məktubuna, həmçinin sözügedən zirzəminin Azərbaycan Respublikası ƏMDK tərəfindən İddiaçı 21.000 manata satılmasına dair “hərracın nəticələri haqqında” xx xxxxxx 2017-ci il tarixil, 04/01 saylı protokola və onlar arasında həmin zirzəmiyə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 3281 saylı alqısatqı müqavilərinə istinad edərək zirzəminin özəlləşdirilməyə açıq elan edilmiş dövlət əmlakı olması qənaətinə gəlmişdir. Əvvəla, Bakı şəhər MKTB-nin sözügedən məktubunda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1999-cu il tarixli, 144 saylı qərarının və Bakı şəhər İHB xx xxxxxxxx 1999-cu il tarixli, 266 saylı sərəncamının surətləri işə əlavə edilməyib və ümumiyyətlə işdə, qeyri-yaşayış sahəsinin (zirzəminin) məhz dövlət vəsaiti hesabına inşa edilməsi, eləcə də həmin (qeyri-yaşayış sahəsinin) zirzəminin sözügedən binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmamasını, həmin (qeyriyaşayış sahəsində (zirzəmidə) binaya xidmət edən hər hansı mühəndis qurğularının olmamasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən Qərar və Sərəncamla Nərimanov rayonu, F.Yusifov kəçəsi 37 saylı ünvanda yerləşən 4 mərtəbəli, 6 girişli yaşayış binasının “xxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin balansından çıxarılaraq Bakı şəhər MKTB balansına qəbul edilməsi, hələ özlüyündə həmin binanın zirzəmisinin özəlləşdirilməyə açıq elan edilmiş dövlət əmlakı olması qənaətinə gəlməyə əsas vermir. Çünki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2-ci bəndinə görə, Azərbaycan Respublikası ƏMDK tərəfindən özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısında yalnız yerli icra hakimiyyətinin balansında olan və dövlət vəsaiti hesabına tikilmiş qeyri-yaşayış sahələri nəzərdə tutulur. Digər tərəfdən, Mülki Məcəllənin 227.1-ci və Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, habelə mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar (texniki zirzəmilər) və sair ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmçinin, Mənzil Məcəlləsinin 35.4-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qanunun həmin normasının tələbinə müvafiq olaraq məhkəmə kollegiyası işin hallarının araşdırılmasına və sübutların qiymətləndirilməsinə həmin göstərişə əməl edilməsi mövqeyindən yanaşmışdır. İşin araşdırılmış hallarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətinə yaşayış binasından kənarda və ya binanın daxilində birdən çox mənzilə xidmət edən və fərdi mülkiyyətin obyekti olmayan yardımçı hissələr daxildir. Mənzillərin hissəsi olmayan və binada birdən artıq mənzilə xidmət etmək üçün nəzərdə tutlan obyektlər, o cümlədən mühəndis qurğuları olan zirzəmilər və həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar; yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi; binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və sair paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Belə obyektlər, o cümlədən zirzəmilər müvafiq dövlət orqanının deyil, yalnız yaşayış binasının mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar əsasında digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar yaşayış binasının mülkiyyətçilərinin və digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Eləcə də işdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarı əsas tutularaq, Bakı şəhəri, Nərimanov rayon İHB xx xxxxxx 2016-cı il tarixli, 264 saylı Sərəncamı ilə rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən 7,5 ha torpaq sahəsi yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikitisi üçün “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC daimi istifadəsinə verildiyi və bu barədə Azərbaycan Respublikası ƏMDK əvvəlcədən məlumatlı olması mülki iş materialları ilə istisna edilmədiyi halda, sonuncunun, 2016-cı ilin noyabr ayında “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sökülmüş və mövcud olmayan zirzəmini “hərracın nəticələri haqqında” xx xxxxxx 2017-ci il tarixli, 04/01 saylı protokola və xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 21.000 manata İddiaçı satması və həmin zirzəmiyə dair sonuncunun adına xx xxxxx 2017-ci il tarixli “Texniki pasport” və “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verməsi qanuni, əsaslı sayıla bilməz. Çünki, Nərimanov rayonu, F.Yusifov küçəsi, 37 saylı ünvanda yerləşən yaşayış binasının “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən məhz 2016-cı ilin noyabr ayında sökülməsi işə əlavə edilmiş 115 saylı MKİS xx xxxx 2018-ci il tarixli arayışı, sonuncu ilə Rəhim Abbasov arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin surəti, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Rəhim Abbasov və Məmmədhüseyn Atakişiyevin ifadələri ilə də istisna edilməmişdir. Həmçinin araşdırma zamanı ilk iddiaçı mübahisəli sahəyə dair hüquqmüəyyənedici sənədləri ərazi üzrə MKİS-ə təqdim etməsi, həmin sahədən təyinatı üzrə istifadə etməsi müəyyən olunmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçı daşınmaz əmlaka qanuni əsaslarla yaranmış müvafiq əşya hüquqlarının mövcudluğunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə müvafiq olaraq, qəzalı vəziyyətdə olan binalar (yaşayış sahələri) özəlləşdirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 18-ci maddəsinə əsasən daşınmaz əmlakın tam məhvi və bunun nəticəsində onun qeydiyyatının hüquqi əhəmiyyətinin itirilməsi halında, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə də, məhkəmə hesab kollegiyası edir ki, alqı-satqı əqdinin bağlanması anına mübahisəli qeyri-yaşayış sahəsi mövcud olmadığı halda mübahisələndirilən əqd yararsız obyekt barəsində bağlanmışdır ki, bu da həm satıcının, həm də alıcının mülkiyyət hüququnu əhəmiyyətsizliyinə dəlalət edir. Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli sahə məhv olduğu üçün həmin əmlaka mülkiyyət hüququ yarana bilməzdi, mülkiyyət hüququ olsa da belə onu özgəninkiləşdirmək hüququndan istifadə etməsi isə qeyd olunduğü kimi əhəmiyyətsiz olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edilmiş əqdin iştirakçılarının əqdin bağlanmasına yönəlmiş hərəkətlərin qəsdən edilməsi, yəni, onların yuxarıda göstərilən ərazidə aparılan yenidənqurma işlərindən xəbərdar olmaya bilməmələrinə dair iik iddia üzrə cavabdehin, qarşılıqlı iddiaçının dəlilləri ilə razılaşır. Belə ki, müəyyən edilmişdir ki, qeyd edilən layihə, pilot layihə olmaqla, dövlət tərəfindən dəstəklənir. Həmin müddət ərzində sakinlərlə bağlanmış müqavilələr əsasında onlar müvəqqəti vaşayışyerlərinə köçürülmüşlər. Bu halda Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət reyestrində müvafiq qeydiyyat yazıları ləğv edilməli olduğu halda, əksinə sökülmüş və mövcud olmayan əmlaklara dair hərrac keçirilir, əqdlər bağlanılır və s.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qəzalı vəziyyətdə olmuş və sökülmüş binada yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə qarşılıqlı iddia üzrə cavabdehlərin bağladığı əqd və həmin əqd əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin apardığı qeydiyyat formal, əhəmiyyətsiz xarakter daşımaqla qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə, hesab edir ki, ilk iddianı rədd, qarşılıqlı iddia isə təmin etməklə Əmlak Məsələləri Dövlət Komitəsilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixində bağlanmış, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqısatqısı müqaviləsi etibarsız hesab edilməsi, cavabdehİddiaçı Bakı şəhəri, Nərimanov rayonu Faiq Yüsifov küşəsi 37 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx xxxxx 2017-ci il tarixli yazının (qeydiyyat №-si **********; daşınmaz əmlakın reyestr №-si: **********33-05101- 083002) ləğv edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 6.10-cu bəndində tövisyyə olunduğu kimi, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmaqdında (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun Qərarının tövsiyyəsini nəzərə alaraq və qeyd edilən maddi hüquq normasını rəhbər tutaraq hesab edir ki, iddia təmin olunaraq cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız sayıldığı üçün İddiaçı 21000 manat geri qaytarılması nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Beləliklə,məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar