Məhkəmə qərarları › İş №2(103)-2727/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2727/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2727/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(003)-2655/2023 nömrəli qətnaməsindən cavabdeh Abbasova X7 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X13 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0,06 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.

2. 02 noyabr 2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,032 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 228,6 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçirilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 01 noyabr 2018-ci il tarixli texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2, uşaqları X14 və X8 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh1 iddiaçının qaynı, digər Cavabdeh2 isə onun arvadıdır. Hal-hazırda cavabdehlər yetkinlik yaşına çatmayan uşaqları X14 və X15 ilə birlikdə iddiaçıya məxsus olan həmin evdə yaşayırlar. Cavabdehlərə məxsus digər fərdi yaşayış evi olmasına baxmayaraq onu tam təmir edib oraya köçmürlər, iddiaçı isə evdə girib onlarla yaşayarkən mübahisələr baş verir. İddiaçı cavabdehlərə müvəqqəti olaraq yaşamağa icazə versə də, sonradan cavabdehlər evdən çıxmaqdan imtina etmişlər. Təxminən 2-3 il olar ki, onlara evdə yaşamağa icazə vermişdir. Həmin evdə onun qaynanası da yaşayır. İddiaçı qaynanasının həmin evdə yaşamağına heç bir etiraz etmir. Cavabdehlər 2-3 il olar ki daima yaxın müddətdə öz evlərini təmir etdirib ora köçəcəklərini bildirsələr də, buna əməl etmirlər. Cavabdehlər çıxmaqdan kəskin şəkildə imtina etmirlər, sadəcə öz evlərini təmir etdirdikdən sonra çıxacaqlarını bildirirlər. Lakin, bunun üçün də əməli addımlar atmırlar. Yaşayış evinin kommunal borcları iddiaçı tərəfindən ödənilir. Aralarında yaşayış sahəsində yaşamağa dair notariat qaydasında razılıq yoxdur. Cavabdeh1 işləsə də, öz evini təmir etmir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(003)- 2655/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Qətnamə onunla əsaslandırlmışdır ki, cavabdehlərin mübahisə predmeti olan yaşayış evindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 158.1, 158.2, 158.4, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Abbasova X16 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989cu il tarixli 521 saylı qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 saylı qərarının tələbinə uyğun olaraq sovxozun işçisi olan X6 fərdi yaşayış evi tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsi 18 aprel 2018-ci il tarixli etibarnamə əsasında qaynanası X1. Sonradan bəlli olmuşdur ki, İddiaçı qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarış almışdır. Halbuki qanunvericilik fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasını o halda mümkün edir ki, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olsun və dövlət qeydiyyatından keçmiş olsun. Belə olduğu halda mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsiartıq qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil artıq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır və Mülki Məcəllənin 140-cı maddəsi ilə müəyyən edilmiş reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

21. Belə bir qeydiyyat mövcud olduğundan, yəni iddiaçı mənzilin mülkiyyətçisi olduğundan, mülkiyyət hüquqlarının müdafiəsi barədə hazırkı iddianı qaldırmaqda, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur.

22. Apellyasiya şikayətinin dəlilini mübahisə predmeti olan torpaq sahəsinin X6 ayrılması, 18 aprel 2018-ci il tarixli etibarnamə əsasında qaynanası X2, İddiaçı qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarış alması təşkil etdiyindən məhkəmə kollegiyası tərəfindən bü xususat da araşdırılmışdır.

23. Müəyyən olunmuşdur ki, torpaq sahəsi şikayətdə qeyd olunduğu kimi X6 deyil, tamamilə başqa bir şəxsə - X9 ayrılmış, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra 09 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sonuncu 0,06 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.

24. İşin yuxarıda sadalanan hallarına istinadən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Şikayətdə sadalanan faktiki halların heç biri iddiaçının mənzilin mülkiyyətçisi olduğu faktını dəyişdirməməklə, qətnamənin ləğvinə əsas vermir.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə iş üzrə icraata X3 aid hissədə xitam verilməsi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(003)- 2655/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(003)- 2655/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar