Məhkəmə qərarları › İş №2(103)-2729/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2729/2020

05.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2729/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-210/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-210/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-210/2019 saylı qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni ədalətli qətnamənin qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, ünvan 1 mənzil 5 ünvannda məskunlaşmış və onun həmin evdən başqa yaşayış yeri yoxdur. 2017-ci ilin yanvar ayında İddiaçı Mənzil İstismar Sahəsinin bir neçə işçisi ilə birlikdə gələrək yaşadığı evi aldığını deyərək, evi boşaltmağı tələb etmişdir. Belə ki, Yasamal rayon İcra Hakimiyyətinin xx xxx 2006-cı il tarixli 405 saylı sərəncamı ilə İddiaçı xx xxx 2006-cı il 030660 nömrəli order verilmişdir. Lakin cavabdeh və ailəsi 1993-cü ilin may ayından sözügedən mənzildə məskunlaşmış və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş order heç bir hüquqi qüvvəyə malik deyildir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-8323/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-210/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 7618/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi, vəkil X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini məhkəmə tərkibindən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçıların izahatını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1nın apellyasiya şikayətitəmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi ilk olaraq hesab edir ki, hazırki apellyasiya baxışının hədlərini yalnız iddianın Cavabdeh1 münasibətdə təmin olunmuş hissəsində qanuniliyinin vəəsaslılığının yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin olunaraq, Cavabdeh1 ilə yanaşı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da mübahisələndirilən mənzildən çıxarılmaları qət edilsə də, qətnamə həmin cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına olan sənədlərlə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 nömrəli evin 5 nömrəli mənzili Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx xxx 2006-cı il tarixli, 405 nömrəli Sərəncamına əsasən verilmiş 030660 No-li orderlə İddiaçı və onun 2 nəfər ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilsə də, həmin mənzildə Kəlbəcər rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məskünlaşaraq, hazıradək yaşayırlar. İş materiallarından həmçinin müəyyən olunur ki, Cavabdeh1 cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı İddiaçı Məmməd oğlu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx xxx 2006-cı il tarixli, 405 nömrəli qərarının və həmin qərar əsasında verilmiş xx xxx 2006-cı il tarixli, 030660 No-li orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2-1(82)-3941/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının xx xxxx 1983-cü il tarixli Mənzil Məcəlləsinin 10-ci maddəsinə əsasən Azərbaycan vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin Məcəllənin 28-ci maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa məhkəməsi həmin qərarda qeyd etmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası şərh olunan normalara əsasən hesab edir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 nömrəli evin 5 nömrəli mənzilin qanuni sahibi olduğu, Cavabdeh1 isə bu mənzili zəbt edərək orada heç bir hüquqi əsas olmadan yaşadığı, mübahisələndirilən yaşayış sahəsi onun qanunsuz istifadəsində və sahibliyində olduğu, bununla da iddiaçının qanunla müəyyən olunmuş hüquqları pozulduğu üçün birinci instansiya məhkəməsi cavabdehin mənzildən çıxarılmasından ibarət iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7618/2019 saylı qərarında göstərmişdir ki, mənzilin order əsasında iddiaçıya verilməsi, lakin cavabdehlərin sahibliyində olması işin mübahisəsiz hallarıdır. Bu halda, iddiaçının mənzilini cavabdehlərdən tələb etmək hüququ ilə bərabər, mübahisəli mənzildən çıxarılacaqları təqdirdə başqa yaşayış yeri ilə təmin edilmək də cavabdehlərin hüququdur. Apellyasiya məhkəməsi iddiaçının cavabdehlər tərəfindən pozulmasını mübahisələndirdiyi hüquqlarını təsdiq etdiyi halda, məcburi köçkün olan cavabdehlərin qanunvericiliklə zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunması məsələsini ümumiyyətlə müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçının qanuni sahibliyində olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Həmin mövqeydən çıxış edən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri apellyatora münasibətdə qətnamənin ləğvi üçün əsas deyildir. Bununla belə məhkəmə kollegiyası, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehlərin qanunvericiliklə müəyyən olunmuş qaydada başqa yaşayış sahəsi ilə təmin edilməsi üçün birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin surətləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-210/2019 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Kəlbəcər rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunvericiliklə müəyyən olunmuş qaydada başqa yaşayış sahəsi ilə təmin edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-210/2019 saylı qətnaməsinin və Bakı Apellyasiya Məhkəməsinin hazırki (xx xxxx 2020-ci il tarixli, 2(103)- 2729 saylı) qətnaməsinin surətləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar