Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2729/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə payın ayrılması” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Bakı şəhəri Tİ və MHQİ-yə qarşı “qeydiyyat vəsiqəsinin ləğv olunması, payın müəyyən olunması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 400/1999 saylı, 20 fevral 2023-cü il tarixli qərardadından qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxılaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi mülkiyyətdən payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evdən payın ayrılaraq sahəsi 14,0 kv.m olan 3 saylı və sahəsi 6.4 kv.m olan 4 saylı “A” tikinti sahəsindəki otaqlarının və “B” tikinti sahəsində yerləşən sahəsi 17,7 kv.m olan 1 saylı otağın və sahəsi 6,7 kv.m olan 2 saylı mətbəxin onun istifadəsinə verilməsini və ümumi mülkiyyətdə yerləşən həyətdən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 cavabdeh İddiaçı və Bakı şəhəri Tİ və MHQİ-nə qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi” barədə qarşılıqlı iddia verərək, İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini və Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evdən ona çatası payın müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəti Yasamal Rayon Məhkəməsinin 2-400/1999 saylı, 15 mart 1999-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətdən payın ayrılması və həyətdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evə dair xx.xx.1997-ci il tarixdə verilmiş 177 kitabın 8083-cü səhifələrində qeyd edilmiş 30/28428 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Bakı şəhəri, 3-cü Sovet döngəsi, 6, 4 saylı evin ½ hissəsinə Cavabdeh1 adına qeydiyyat vəsiqəsinin, ½ hissəsinə isə X1 adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Bakı şəhəri Tİ və MHQİ-nin üzərinə qoyulması qət edilmişdir. Maraqlı şəxs qətnamənin onun hüquq və vəzifələrinə toxunması, işdə iştirak etməyə cəlb olunmaması əsası ilə 09 fevral 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-400/1999 saylı qərardadı ilə apellyasiya şikayəti, müddətin bərpası barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmşdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi isə qətnamənin ərizəçinin hüquq və vəzifələrinə toxunmaması əsası ilə apellyasiya şikayətini və ona əlavə olunmuş sənədləri qaytarsa da, qərardad ümumiyyətlə əsaslandırılmamış (hansı sübuta və s. hallara əsasən qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunmaması qeyd edilməmiş, yalnız prosessual normalara istinadlar olunmuşdur), məsələyə formal yanaşılmışdır. Birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, əvvəlki növbənin vərəsələri mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən, qətnamənin Maraqlı şəxs maraqlarına toxunması müəyyən edilmədiyindən onun tərəfindən verilmiş apellyasiya şikayəti, müddətin bərpası barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdr. Kollegiya, rayon məhkəmənin mövqeyi ilə razılaşmır, əvvəla ona görə ki, apellyasiya şikayətinə Maraqlı şəxs tərəfindən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasının sübutu kimi bəzi sənədlər əlavə edilmiş, lakin birinci instansiya məhkəməsi həmin sənədləri iş materialları ilə birlikdə araşdırmamış, onları qiymət verməmiş, yalnız prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, hər hansı hüquqi əsaslandırma aparmamışdır. Birinci instansiya məhkəməsi qərardadda ümumi formada “əvvəlki növbənin vərəsələri mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir” kimi ifadədən istifadə etsə də, bu istiqamətdə də mövqeyini əsaslandırmamış, əvvəlki növbənin vərəsələrinin kimlər olmasını, Maraqlı şəxs hansı növbəli vərəsə olmasını göstərməmişdir. Maraqlı şəxs qərardadan verdiyi şikayətdə qətnamənin onun hüquq və vəzifələrinə toxunmasına dair dəlillərini qeyd etmiş, həmçinin bu barədə təqdim etdiyi sübutlarına qiymət verilmədiyini göstərmiş, lakin birinci instansiya məhkəməsi bu dəfə də şikayətin dəlillərinə hüquqi qiymət verməmiş, əvvəlki qərardadını qüvvədə saxlamaqla kifayətlənmişdir. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd edilməlidir ki, zərurət olduğu halda məhkəmə tərəfləri dəvət etməklə də qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması məsələsini araşdırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə mürajiət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 398.0.2, 395, 397-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə payın ayrılması” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Bakı şəhəri Tİ və MHQİ-yə qarşı “qeydiyyat vəsiqəsinin ləğv olunması, payın müəyyən olunması” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 400/1999 saylı, 20 fevral 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-400/1999 saylı, 20 fevral 2023-cü tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2729/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2729/2023
04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver