Məhkəmə qərarları › İş №2(103)-2729/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2729/2024

15.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2729/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair iş üzrə (Açar sözlər: iş materiallarının aidiyyat üzrə göndərilməsi ilə bağlı vəsatət rədd edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Cavabdeh6 vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsin 2(003)-23/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh6 vəsatəti təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, iddia tələbi cavabdehlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanından istifadə hüquqlarının itirilməsi və həmin fərdi yaşayış evindən çıxarılma ilə bağlıdır. Cavabdehlərin qeydiyyatda olduğu ünvan ünvan 1 göründüyü kimi tələb mülki-hüquq mübahisələləri ilə bağlıdır və iddia ərizəsi düzgün olaraq Xəzər Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Qərardaddan Cavabdeh6 şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçıƏ tərəfindən saxtakarlıq edilərək əvvəllər mərhum atası Hacıyev Ə.B tərəfindən inşa edilmiş və sonradan qəzalı vəziyyətdə olduğundan sökülmüş, ümumi sahəsi 35.5 kv.m olmuş, uzun illərdir mövcüd olmayan evə çıxarış almaq yerinə saxtakarlıq edərək cavabdeh tərəfindən inşa edilmiş sənədsiz evə çıxarış almışdır. Baxmayaraq ki, cavabdehin qeydiyyatı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi ev 52 ünvanıdır, lakin o, ailə üzvləri ilə birgə həmin sənədsiz evdə yaşayır. Mövcüd halda iddiaçının ona və digər cavabdehlərə qarşı irəli sürülən mənzildən istifadə hüququna xitam verilməsi tələbi (evin sənədsiz olmağı səbəbi ilə) ümumi məhkəmədə baxıla bilməz, Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçının ona aid olmayan sənədsiz evlə əlaqədar ümumi məhkəmə vasitəsi ilə iddia irəli sürməsi qanunsuzdur, bu iddiaya inzibati məhkəmə vasitəsi ilə inzibati orqan cəlb edilməklə baxıla bilər. İddiaçı tərəfindən məhkəmə aidiyyatı qaydalarına riayət edilməmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh6 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, Cavabdeh6 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)- 23/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərək mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı cavabdehlərin istifadə hüququna xitam verilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılması və s. tələb ilə məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə kollegiyası iş materiallarının aidiyyat üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətini təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

15. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

17. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, hazırkı halda tərəflər bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir.

18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh6 iş materiallarının Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar