Məhkəmə qərarları › İş №2(103)-273/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-273/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-273/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh və onun vəkili X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-240/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin təmirinə xərclədiyi 23366,50 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixli 134360 saylı orderlə ünvan 2 ünvanındakı yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 12 saylı mənzil əri X8, oğlu İddiaçı və qızı X5 ibarət 3 nəfər ailə tərkibi olan X4 verilmişdir. Cavabdeh 2000-ci ildə ailə quraraq həmin mənzildən ərinin mənzilinə köçmüş və bu günədək orada yaşayır. 2010-cu ildə X6 ilə nikahları ləğv olunmuş, arvadının tələbinin qarşısını almaq üçün Cavabdeh təklif etmişdir ki, mübahisəli mənzili bağışlama müqaviləsi əsasında müvəqqəti onun adına rəsmiləşdirilsin. Həyat yoldaşı ilə aralarında olan mənzilə dair mübahisə həll olunandan sonra yenidən həmin mənzili analarının mülkiyyətinə geri qaytaracaq. Beləliklə anası ilə Cavabdeh arasında 6 saylı DNK-da xx.xx.2011-ci il tarixdə bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. ünvan 1, 12 saylı mənzilin təmirə ehtiyacı var idi. Anası ondan mənzili təmir etməyi xahiş etdi və bununla əlaqədar təmir müddətində müvəqqəti yaşamaq üçün Cavabdeh bağ evinə köçmüşdürlər. 2013-cü ildə öz şəxsi vəsaiti hesabına bu mənzili təmir etdirmiş və bu işlərin görülməsi üçün “Mənzilin təmiri”-nə dair müqaviləyə əsasən 23366,50 manat xərcləmişdir. Cavabdeh mənzilin təmirində iştirak etməyib. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4873/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunur ki, şahid qismində dindirilmiş X7 məhkəmədə ifadə verərək göstərmişdir ki, mənzilin təmirini İddiaçı etdirmişdir. Həmin qətnamə qüvvədədir. Mənzilin təmirindən sonra cavabdeh mənzilə dair mülkiyyət hüququnu anasınıın adına qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən anası bağışlanmanın etibarsız hesab edilməsi barədə ona qarşı məhkəməyə müraciət etmiş, lakin iddia təmin edilməmişdir. X11 Mamişevna xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X1 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Hər ikisinin dəfn və bütün mərasimlərini o öz şəxsi vəsaiti hesabına aparmış, cavabdeh valideynlərin dəfni ilə əlaqədar heç bir xərc çəkməmişdir. Cavabdeh mənzili anasına qaytarmaqdan imtina etdiyi üçün mənzilə xərclədiyi təmir pulunu ondan tələb etmiş, lakin, cavabdeh bundan imtina etmişdir. O, mənzili ələ keçirib satmaq niyyətindədir. Mənzili tam ələ keçirmək və orada yaşayanlara kompensasiya verməmək üçün ona qarşı ünvan 1, mənzil 12 ünvanına istifadə hüququnu mubahisələndirərək məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsi onun həmın mənzildə yaşadığına baxmayaraq 2(011)-2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun iddiasını təmin etmişdir. Hesab edir ki, hazırda cavabdehin mülkiyyətində olan mübahisəli mənzilin onun şəxsi vəsaiti hesabına təmir olunması vəziyyətini yaxşılaşdırmış və qiymətini də artırmışdır. Odur ki, cavabdehin mülkiyyətinə onun razılığı ilə çəkdiyi təmir xərcləri ona qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-240/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, iş üzrə tam və hərtərəfli araşdırma aparmadığını, iş üzrə verilmiş ekspert rəyinin əsassız olduğunu irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili Tofiq Qurbanov apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun vəkili Elxan Quliyev apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh həmçinin bildirmişdir ki, bir neçə il öncə mənzildə təmir işləri aparılmış, lakin təmirə çəkilmiş xərc iddiaçının deyil, mərhum valideynlərinin vəsaiti hesabına aparılmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil Cavabdeh adına tam mülkiyyət hüququ əsasında 1342 saylı reyestr kitabının 122607 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsinin məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli müqavilədə qeyd olunan təmir işlərinin aparılmasının, aparıldığı təqdirdə görülmüş işlərin dəyərinin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. xx.xx.2019-cü il tarixli 28662 saylı ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 9/16 saylı evin 12 nömrəli mənzilinin faktiki vəziyyətini, o cümlədən döşəməyə vurulmuş parketin, tametin, quraşdırılmış qapı bloklarının üzərində uzunmüddətli istismar nəticəsində yaranması üçün xarakterik izlərin (əlamətlərin) olduğunu, mənzildə mövcud olan materialların (məsələn parket, tamet, qapılar və s.) öz əmtəə görünüşü baxımından son dövrlərdə tikinti bazarında istifadə olunan mal-materiala uyğun gəlmədiyini nəzərə alaraq, tədqiq olunan mənzildə xx.xx.2013-cü il tarixli müqavilə üzrə hər hansı əsaslı təmir işlərinin aparılmadığı müəyyən edilmiş, mənzildə müqavilə üzrə əsaslı təmir işlərinin aparıldığı müəyyən edilmədiyinə görə, qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərardadları ilə ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli müqavilədə qeyd olunan təmir işlərinin aparılmasının, aparıldığı təqdirdə görülmüş işlərin dəyərinin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə iki ayrı məhkəmə tikintitexniki ekspertizaları təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iki oxşar məzmunlu xx.xx.2019-cu il tarixli 17630 saylı və xx.xx.2020-ci il tarixli 2581 saylı ekspert rəyləri verilmiş, rəylərdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 9/16 saylı evin 12 nömrəli mənzilinin faktiki vəziyyətini və mülki iş materiallarında, tədqiq olunan mənzilin təmirdən öncə və sonradan olan vəziyyətinə dair fotoşəkillərə əsasən, mənzilin ayrı-ayrı hissələrinin tamamlayıcı elementlərinin təmirliyində istifadə olunmuş tikinti materiallarının bir-birindən fərqli olduğu və bununla əlaqədar, mənzilin ayrı-ayrı hissələri, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələri üzrə təmir işlərinin aparıldığı müəyyən edilir. Lakin, hər hansı daşınmaz əmlak (tikili, obyekt, ev və s.) üzrə yerinə yetirilmiş tikinti, təmir, quraşdırma və s. işlərin müddətinin müəyyən olunmasına və hansı dövrdə icra olunmasının tədqiq edilməsinə dair hazırda metodikanın olmadığını, eləcə də iş materiallarında görülmüş işlərə və alınmış materiallara dair təsdiqedici sənəd (akt, protokol, qaimə, qəbz və s,) olmadığını nəzərə alaraq, tədqiq olunan mənzildə və mənzilin ayrı-ayrı hissələrinin tamamlayıcı elementləri üzərində təmir işlərinin 2013-cü ilin sentyabr ayında aparılmasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 9/16 saylı evin 12 №-li mənzilində mövcud olan tikinti materiallarının (parket, «laminat» döşəmə təbəqəsi, tamet, qapılar və s.) öz əmtəə görünüşü baxımından tikinti bazarında uzun müddət öncə istifadədə (satışda) olan materiallara uyğun gəlir. Belə ki, mənzilin təmirliyində istifadə olunmuş materiallar iddia olunan tarixdən əvvəl tikinti materiallarının satışı ilə məşqul olan bazarlarda mövcud olmuşdur. Tikinti, təmir, quraşdırma və s. işlərin müddətinin müəyyən olunmasına və hansı dövrdə icra olunmasının tədqiq edilməsinə dair hazırda metodika yoxdur. Bu səbəbdən də, tədqiq olunan mənzildə iddiaçının iddia etdiyi və baxış zamanı göstərdiyi işlərdən hansı növünün konkret olaraq 2013-cü ildə yerinə yetirilməsini, görülən işlərin dairəsini və işlərin görülməsinə çəkilmiş xərclərin dəyərini müəyyən etmək mümkün deyildir. İşlərin dəyərini müəyyən etmək mümkün olmadığı səbəbindən, təmir işlərinin amortizasiyası nəticəsində 2017-ci il tarixə olan və hazırdakı qalıq qiymətinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Tədqiq olunan 12 saylı mənzildə müxtəlif avadanlıqlar, o cümlədən mətbəx mebeli mövcuddur. Həmin avadanlıqların, ö cümlədən mətbəx mebelinin əmtəə görünüşü baxımından, eləcə də iş materiallarındakı fotoşəkillərə əsasən uzun müddət öncə, 2013- cü ildən əvvəlki dövrlərdə quraşdırılması müəyyən edilir. Lakin, mənzildəki avadanlıqların, o cümlədən mətbəx mebelinin quraşdırıldığı dövrdəki dəyərinin, 2017-ci il tarixə və hazıradək amortizasiyası nəzərə alınmaqla qalıq dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından, sualın bu hissəsi üzrə tədqiqat aparılmadı. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır və iddiaçı, tələblərinin faktiki əsası qismində təmi işlərin görülməsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli əqdə istinad etməkdədir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Kollegiya hesab edir ki, məhkəmə araşdırmaları zamanı İddiaçı tərəfindən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 9/16 saylı evin 12 nömrəli mənzilin təmir işlərinin aparılması müəyyən edilsə də, həmin təmir işlərinin kim tərəfindən aparıldığı və nə qədər vəsait xərclənməsi müəyyən edilməmişdir. Eləcə də, iddiaçı mübahisəli mənzilin təmirinə 23366,50 manat xərclədiyini iddia etsə də, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2013-cü il tarixli müqavilə və ona əlavə olunmuş sənədlər qanunla müəyyən edilmiş qaydada təsdiqlənmədiyinə görə hazırki iş üzrə sübut qismində qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçılar bilavasitə müqavilə münasibətlərində olduqları hüquqi və ya fiziki şəxslərə qarşı müvafiq iddia tələbləri irəli sürə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-240/2019 saylı, xx xxxxxx 2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar