Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2730/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Maraqlı şəxs vəkili X6 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 (hazırda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri X4, hüquqi şəxs tərəfindən 2050,57 manat vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx.xx.1946-cı il, doğulduğu yer-Azərbaycan, Ağdam, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ərizə təmin edilmişdir. Maraqlı şəxs, apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, onun heç bir vergi borcu yoxdur. Bu hal sənədlərlə öz əksini tapır. Belə ki, Vergilər Nazirliyinə ünvanladığı ərizəyə verilmiş cavabda bildirilmişdir ki, “Dostluq” Kinoteatrının xx.xx.2017-ci il tarixə heç bir borcu yoxdur. Bundan başqa, Vergilər Departamentinin baş direktorunun müavini tərəfindən xx.xx.2017ci il tarixli ərizəyə cavabda qeyd edilmişdir ki, “Dostluq” Kinoteatrının xx.xx.2017-ci il tarixə dövlət büdcəsinə heç bir borcu yoxdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qəararı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən, maraqlı şəxsin vəkili, apellyasiya şikayətinin dəlillərinə uyuğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, maraqlı şəxsin vəkilini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, qətnamə ləğv, ərizə isə rədd olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi, iddianı təmin edərkən, qənaətini belə əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış vergi borcunun ödənilməsini təmin etməmiş, nəticədə ərizəçinin vergi borcunun təmin edilməsi məqsədilə fikziki şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Ali Məhkəmə, rayon məhkəməsinin gəldiyi bu qənaətlə razılaşan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, xx.xx.2019-cu il tarixli qərarında qeyd etmişdir ki, iş materiallarından görünür ki, “Dostluq” Kinoteatrı özəlləşdirilməklə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X.Q.Ələsgərovanın mülkiyyətindədir və onun direktoru Maraqlı şəxs Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2017-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) vəzifəsindən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən göstərilən halları nəzərə almamış, vergi borcunun olub-olmamasını araşdırmamış və işin hallarına qiymət verməmişdir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Vergi Məcəlləsinin 23.1.15-3cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Mülki Prosessual Məcəllənin 355-5.1-ci və 355-6-cı maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Baxılan işdə olan sənədlərdən görünür ki, hüquqi şəxs haqqında məlumata əsasən, “Dostluq” Kinoteatrı (VÖEN: **********, verilmə tarixi: xx.xx.2004-cü il, hüquqi ünvanı: ünvan 1 rəhbəri: X8) dövlət mülkiyyətində olmaqla Mədəniyyət Nazirliyinin tabeçiliyində əsas fəaliyyəti kinofilmlərin nümayişi ilə əlaqədar olan qeyri-kommersiya təşkilatı kimi xx.xx.1993-cü il tarixdə qeydiyyata alınmışdır. Vergi borcunun ödənilməsinə dair **********7 nömrəli bildirişə əsasən, vergi ödəyicisi kimi Kinoteatra xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 2031 manat, o cümlədən vergilər üzrə 1631,14 manat, maliyyə sanksiyaları üzrə 80 manat, faizlər üzrə 319,86 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən 2188,8 kv.m. qeyri-yaşayış binası və 1784,7 kv.m. torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 6559 nömrəli alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən (satıcı) X3 (alıcı) 2.000.000 manata satılmış və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli çıxarışa əsasən xx.xx.2017ci il tarixdə onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bundan sonra, “Dostluq” Kinoteatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılmış və Nazirliyin xx.xx.2017-ci il tarixli, 576-K nömrəli əmri ilə, “Dostluq” Kinoteatrının direktoru Maraqlı şəxs Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə), həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. Hazırda Maraqlı şəxs, xx.xx.2017-ci il tarixdə “Dostluq” Kinoteatrının direktoru vəzifəsindən azad olunduğuna və həmin tarixə kimi müəssisənin dövlət büdcəsinə heç bir borcunun olmadığına istinad edərək, qətnaməni mübahisələndirir. İşin yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən, kassasiya instansiya məhkəməsinin göstərişləri də nəzərə alınmaqla sözügedən vergi borcunun hansı tarixləri əhatə etməsi barədə vergi orqanına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, xx.xx.2020-ci il tarixli, **********011500 nömrəli məktubla bildirilmişdir ki, iş üzrə istinad olunan vergi borcunun hesablanması tarixləri belədir: xx.xx.2018-ci il tarixdə 1352,64 manat, xx.xx.2018-ci il tarixdə 80 manat, xx.xx.2018-ci il tarixdə 139,25 manat. Həmçinin, qeyd olunan məbləğlərə 261,68 manat faiz məbləği hesablanmışdır. Eyni zamanda, həmin məktuba qoşulmuş Vergilər Departamentinin xx.xx.2017-ci il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, “Dostluq” Kinoteatrının xx.xx.2017-ci il tarixə dövlət büdcəsinə borcu yoxdur. Göründüyü kimi, istinad olunan vergi borcu Maraqlı şəxs “Dostluq” Kinoteatrının direktoru kimi vəzifələrini icra etdiyi son tarixdən - xx.xx.2017-ci il tarixdən sonrakı dövrə aid olmaqla, onun direktor olduğu dövrdə hüquqi şəxsin dövlət büdcəsinə borcunun olmaması iş materialları ilə təsdiqlənir. Başqa sözlə, Maraqlı şəxs rəhbəri olduğu dövrdə vergi ödəyicisinin vergi borcunun mövcud olması faktı sübuta yetirilmədiyindən (və ya əksi sübuta yetirildiyindən) sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının da hüquqi əsası yoxdur. Kollegiya, Maraqlı şəxs adının sistemdə hüquqi şəxsin rəhbəri kimi qalmasının onun məsuliyyətinə səbəb olması barədə ərizəçinin mövqeyinə münasibətdə isə qeyd edir ki, dövlət mülkiyyətində olan hər hansı müəssisənin özəlləşdirilməsi zamanı özəlləşdirməni həyata keçirən qurumlar tərəfindən bu barədə vergi orqanına rəsmi qaydada məlumat verməli və vergi orqanının sistemində buna müvafiq olaraq dəyişiklik edilməli idi. Bu qaydaya əməl olunmadığı halda isə Maraqlı şəxs özündən asılı olmayan səbəblərdən 2017-ci ildə vəzifəsindən azad olmuş direktor kimi 2018-ci ildə yaranmış borclara görə üzərinə hər hansı məhduddiyyət qoyulması hüquqi baxımdan yolverilməzdir. Göstərilənlərə əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3736/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 (hazırda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2730/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2730/2020
19.08.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver