Məhkəmə qərarları › İş №2(103)-2731/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2731/2024

16.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2731/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair 2(001)-1732/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 1732/2021 saylı qətnaməsinə izah verilməsinə və qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Səadət Səlimova) ilə iddiaçının ərizəsi təmin edilmişdir.

3. Bundan sonra həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ tərəfindən şikayət verilmiş, həmin şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

8. Mülki işdə olan qanuni qüvvəyə minmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1732/2021 nömrəli qətnaməsindən göründüyü kimi məhkəmə “işəgötürənin əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda müddətli əmək müqaviləsi bağlamaqla, daha sonra özünün təşəbbüsü ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrı-seçkiliyə yolverilməsi” qənaətinə gəlmiş və iddianı tam həcmdə təmin etmişdir. Lakin yanlışlığa yol verilərək qətnamənin nəticə hissəsində “müddətsiz” sözü “müddətli” olaraq yazılmışdır. Bu səbəbdən də məhkəmə haqlı olaraq iddiaçının ərizəsini təmin etmişdir.

9. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

11. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

12. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

13. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ tərəfindən verilmiş şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair 2(001)-1732/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar