Məhkəmə qərarları › İş №2(103)-2734/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2734/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2734/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair” mülk iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-117/2022 saylı 10 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilindən çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, X8 ilə rəsmi nikahdadır, birgə nikah dövründə X4 adına Cavabdeh2 MMC arasında 15 noyabr 2006-cı il tarixdə Bakı şəhəri Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənziln tikintisi ilə bağlı müqavilə bağlanılmışdır (X5 küçəsi 14 saylı evin 19 saylı mənzili). Həmin mənzilin dəyəri ödənilmişdir və mənzil tikilib onlara təhvil verilmişdir. Həyat yoldaşı ilə uzun illərdir X3 köçüb yaşayırlar. Bu yaxınlarda ona məlum olmuşdur ki, həyat yoldaşı həmin ünvanı onun razılığı olmadan yaşamaq üçün bacısı Cavabdeh1 vermişdir, bu, onun razılığı olmadan baş verdiyindən, sonuncu həmin mənzildən çıxarılmalı və bağlanmış müqavilə etibarsız hesab olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-117/2022 saylı 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin və əlavə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, saxta müqavilə ilə bağlı xüsusi qərardad çıxarılması və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, müqavilə saxtadır, müqavilənin ümumiyyətlə bağlanma tarixi bəlli deyil, müqavilədə Cavabdeh1 şəxsiyyət vəsiqəsi qeyd olunub, həmin şəxsiyyət vəsiqəsi isə 05.11.2011-ci il tarixdə verilmişdir. Müqavilə saxta olduğundan və onun mövcudluğu ona məlum olan kimi iddia qaldırdığından məhkəmənin mövqeyi istər iddia müddəti, istərsə də kəsici müddət baxımından əsassızdır. Kollegiya tərəfindən X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisəli mənzili əslində Cavabdeh1 əri almış, sadəcə formal olaraq Namiq Ağayevin adına rəsmiləşdirmiş, sonradan da Namiq Ağayev mənzilin bacısının adına rəsmiləşdirilməsinə razılıq verməklə, faktiki olaraq mənzili əsl sahiblərinə qaytarmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh (nümayəndə) və üçüncü şəxs məhkəməyə gəlmədiyinə görə, işə onalrın (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan 22.09.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 22 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. 15.11.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X8 ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı (115.19 kv.m) mənzilin tikintisi ilə bağlı müqavilə bağlanılmışdır. Mənzilin dəyəri 135.160 manat (və ya 155.000 ABŞ dolları) müəyyən edilmişdir (mənzil təmirsiz vəziyyətdə). 16.11.2006-cı il tarixli maliyyə arayışından görünür ki, həmin mənzilə görə X8 Cavabdeh2 MMC-yə 16.11.2006-cı il tarixdə 135.160 manat (155000 ABŞ dolları) məbləğində vəsait ödəmişdir. 15.11.2006-cı il tarixli digər müqavilənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında eyni mənzil - Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində (yaşayışın yeddinci mərtəbəsi) yerləşən 3 otaqlı (115.0 kv.m) mənzil ilə bağlı müqavilə bağlanılmışdır. Mənzilin dəyəri 135.160 manat müəyyən edilmişdir (mənzil təmirsiz vəziyyətdə). 15.11.2006-cı il tarixli, 12 nömrəli maliyyə arayışından isə görünür ki, Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunda yaşayışın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı (115.0 kv.m) mənzilə görə Cavabdeh1 Cavabdeh2 MMC-yə 15.11.2006-cı il tarixdə mənzilin dəyərini tam olaraq cəmiyyətin xəzinəsinə ödəmişdir. Heç bir borcu yoxdur. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 07/13 saylı 23.02.2013-cü il tarixli protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 ərizəsi əsasında MTK-ya üzv qəbul edilmiş və ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus A blokun İX mərtəbəsində ümumi sahəsi 115.19 kv.m olan 3 otaqlı 19 saylı mənzil tam mülkiyyətinə verilmişdir. 16.02.2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən A blokun İX mərtəbəsində ümumi sahəsi 115.19 kv.m olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. Cavabdeh2 MTK-nın 73 saylı, 16.02.2015-ci il tarixli Forma 2 arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında 19 saylı mənzildə yaşayır. Mənzil 3 otaqlıdır, ümumi sahəsi 115.19 kv.m, yaşayış sahəsi 59.91 kv.m mənzil 13 mərtəbəli evin İX mərtəbəsində yerləşir. Tam təmirlidir. İddiaçı hazırda mübahisəli mənzilin birgə nikah dövründə aldığını, onun məlumatı və razılığı olmadan əri tərəfindən bacısına (cavabdehə) yaşamaq üçün verildiyini və sonuncu ilə müqavilənin onun razılığı olmadan bağlanıldığını iddia edərək, müqavilənin etibarsız hesab edilməsini və cavabeh Cavabdeh1 mənzildən çıxarılmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrək, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mənzil dövlət reyestrində qeydə alınmadığından, iddiaçının cavabdehə qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur, digər tərəfdən iddiaçının etibarsız hesab etdiyi müqavilə 15.11.2006-cı il tarixdə bağlanmış, məhkəməyə isə 29.09.2021-ci il tarixdə müraciət edilmişdir ki, iddiaçı hazırki iddia tələbləri ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürmüşdür. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı ilə üçüncü şəxs Namiq Ağayev 22.09.2006-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, mübahisəli mənzil 15.11.2006-cı il tarixli müqavilə ilə X8 tərəfindən Cavabdeh2 MMC-dən alınmışdır. Mübahisəli mənzl dəyəri tam ödənilməklə tərəflərin birgə nikah dövründə əldə olunduğundan, onların ümumi birgə mülkiyyətini təşkil etmişdir. Eyni zamanda mübahisəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 15.11.2006-cı il tarixli müqavilə bağlanmışdır. Lakin müqavilədə qeyd olunmuş Cavabdeh1 şəxsiyyət vəsiqəsinin verilmə tarixindən (05.07.2011-ci il) müəyyən olunur ki, adıçəkilən müqavilənin 15.11.2006-cı il tarixdə bağlanması mümkün ola bilməzdi və müqavilə ən azı 05.07.2011-ci il tarixdən sonra arxa tarixə tərtib olunmuşdur. Eyni zamanda, Cavabdeh2 MTK (Cavabdeh2 MMC sonradan təşkilatı hüquqi fomasını dəyişdirərək Cavabdeh2 MTK-ya çevrilmişdir) tərəfindən 5 saylı vəkil bürosuna verilmiş tarixsiz arayışdan görünür ki, mübahisəli mənzil X1, sonra onun xahişi ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Arayışa əlavə olunmuş X4 ərizəsinin surətindən görünür ki, həmin ərizə ilə o, mübahisəli mənzilin Cavabdeh1 adına sənədləşdirilməsini xahiş etmiş, mənzillə bağlı gələcəkdə özünün və ailə üzvlərinin heç bir irad və narazılıqlarının olmayacağını bildirmişdir. Kollegiya hesab edir ki, iddianın hüquqi dəyərləndirməsini aparmaq üçün ilk növbədə üçüncü şəxs Namiq Ağayevlə Cavabdeh1 arasında baş vermiş hüquq münasibətinin xarakterini müəyyən etmək lazımdır. Cavabdeh1 vəkili-nümayəndəsi, mübahisəli mənzilin formal olaraq Namiq Ağayevin adına rəsmiləşdirməklə, mənzili təmsil etdiyi şəxsin ərinin aldığını, sonradan da yuxarıda qeyd olunan qaydada Cavabdeh1 adına rəsmiləşdirməklə əsl sahiblərinə qaytarıldığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, nə də bu barədə birinci instansiya məhkəməsində heç nə bildirməmişdir. Digər tərəfdən, vəkil-nümayəndə birinci instansiya məhkəməsində izahatında mənzilin iddiaçı və sonuncunun əri tərəfindən Cavabdeh1 satıldığını göstərmişdir. Kollegiya göstərilən dəlillərin hər ikisinə də tənqidi yanaşır, Cavabdeh1 nə mənzilin satılması, nə də formal olaraq Namiq Ağayevin adına rəsmiləşdirməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, Namiq Ağayevin ərizəsindən görünür ki, o, sadəcə mənzilin Cavabdeh1 adına sənədləşdirilməsini xahiş etmiş və sonuncu ilə yeni müqavilənin bağlanması da bu xahiş əsasında baş vermişdr. Lakin, Namiq Ağayev məhkəmədə iştirak etmədiyindən, onun hansı məqsədlə bunu etməsini müəyyən etmək mümkün olmamış, iddiaçı isə bu barədə məlumatsız olduğunu bildirmişdir. Mənzilin məhz Namiq Ağayevə satılması MTK-nın verdiyi arayışdan da təsdiq olunur. Göründüyü kimi, Cavabdeh1 tərəfindən Namiq Ağayevə mübahisəli mənzilin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə olan halda həmin mənzilin əvəzsiz olaraq Cavabdeh1 adına rəsmiləşdirildiyi aşkardır, yəni tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır. Kollegiya hesab edir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dəyəri tam ödənilməklə əldə olunduğu vaxtdan onu əldə etmiş Namiq Ağayevlə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə isə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2021-ci il tarixli Qərarında verilmiş şərhdən aydın olur ki, ər-arvadın ümumi əmlakı dedikdə onların nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusu nəzərdə tutulur. Nəticə etibarı ilə ümumi əmlaka təkcə mülkiyyət payı yox, iqtisadi dəyərə malik olan tələb hüquqları və yerinə yetirilməli olan öhdəliklər də aiddir. Beləliklə ər-arvadın nikah dövründə əldə etdikləri iqtisadi dəyərə malik olan tələb hüquqları da onların ümumi əmlakı hesab olunur. Mülki Məcəllənin: 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə görə, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; 667.1-ci maddəsinə görə, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Eləcə də daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə, bağışlama etibarlıdır (668.1.1 m və 668.1.4 m) Ailə Məcəlləsinin 33.1-ci maddəsinin tələbinə görə isə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə də ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə isə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Beləliklə, müəyyən olunur ki, X9 Hacıyeva arasında mübahisəli mənzilin (mənzilə olan hüquqların) bağışlanması əqdi bağlanmış, lakin əqdin forma və məzmununa dair tələblərə əməl edilməmiş, eləcə də iddiaçının razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Göründüyü kimi, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğurmur. Əqd əhəmiyyətsiz olduqda isə onun nəticələrinin tətbiqi həyata keçirilir. Əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, yəni icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət - icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu tərəflərin bağladıqları əqd yox, əqdin icrası pozur. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddətlə bağlı isə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir (iddia müddətidir). Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən mənzil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə müddət tətbiq oluna bilməz. Konstitusiya Məhkəməsinin formalışdırdığı hüquqi mövqeyə görə, əvəz edilməyən fərdi-müəyyən əşyalar barəsində bağlanan əhəmiyyətsiz əqd nəticəsində həmin əşya əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, hətta həmin əşya barəsində aparılmış qeydiyyat da əsassızdır, xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etmr, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edir. Hazırki iş üzrə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan mənzilin bağışlanmasına dair bağlanmışdır, ona görə də hazırki tələbə iddia müddəti tətbiq olunmur. Beləliklə, MMC ilə Cavabdeh1 arasında bağlanmış əqd əhəmiyyətsizdir və bu müqavilə etibarsız hesab edildiyi üçün sonuncu həmin mənzildən çıxarılmalıdır. İddiaçının apelyasiya şikayətində saxta müqavilə ilə bağlı xüsusi qərardad çıxarılması və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə xahişinə münasibətdə Kollegiya qeyd edir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPMnin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-117/2022 saylı iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2006-cı il tarixli müqavilə etibarsız hesab edilsin və Cavabdeh1 həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar