Məhkəmə qərarları › İş №2(103)-2734/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2734/2023

04.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2734/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4081/2022 saylı, 23 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “Mayakovski 8/9 küçəsində yeni tikilmiş 16 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yaşayış sahəsi 68 kv.m, ümumi sahəsi 127 kv.m olan 3 otaqlı, tam təmirli mənzilin iddiaçıya təhvil verilməsi və ödənilməyən 7000 mant kirayə pulunun Cavabdeh2 MMC-dən alınaraq ona təhvil verilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsinin eyni tarixli qətnaməsi ilə həmçinin İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Nəbiyeva X2 Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadından şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadından verdiyi şikayət qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılmışdır. Daha sonra iddiaçı Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadından yenidən şikayət verərək, şikayətinə mübahisələndirilən qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini də əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadından ilk dəfə verdiyi şikayət qanunla müəyyən edilmiş forma və qaydaya riayət olunmadan verildiyinə görə geri qaytarılmışdır. Sonradan həmin nöqsanları aradan qaldırmaq xeyli vaxt tələb etmiş və həmin qərardaddan şikayət vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4081/2022 saylı, 23 fevral 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Cavabdeh2 MMC Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərardadı ilə razılaşmayaraq şikayət vermiş, Nərimanov Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi iddiaçının həmin məhkəmənin 23 dekabr 2022-ci il tarixli qərardaddan ilk dəfə şikayət verərkən müddəti pozmadığına görə onun sonradan həmin qərardaddan şikayət vermə müddətinin ötürülməsini üzrlü hesab edərək düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadı İddiaçı tərəfindən 26 yanvar 2023-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə qəbul edilmişdir. Həmin qərardaddan iddiaçının ilkin şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, qanunla müəyyən edilmiş forma və tələblərə uyğun olmadığına görə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Göründüyü ki, iddiaçı Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadından ilk dəfə şikayət verərkən şikayət verilməsi ilə bağlı prosessual müddət tələbini pozmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. (maddə 268.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadından şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ilk dəfə şikayət verərkən ötürməmişdir. Şikayət forma və qaydaya əməl olunmadığına görə ona geri qaytarılmışdır. Həmin nöqsanların aradan qaldırılması müəyyən bir vaxt tələb etdiyindən iddiaçı mübahisələndirdiyi qərardaddan növbəti dəfə şikayət verərkən üzrlü səbəbdən prosessual müddəti pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2(005)-4081/2022 saylı, 23 fevral 2023-cü il tarixli qərardadı əsaslı şəkildə qəbul edilmişdir, ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4081/2022 saylı, 23 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar