Məhkəmə qərarları › İş №2(103)-2737/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2737/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2737/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Famiq qızı və Cavabdeh3 qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1784/2021 nömrəli 11.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, şikayət verən cavabdehin (elektron kabineti olan) nümayəndəsinin məhkəmə iclasında iştirak etdiyi məhkəmə qətnaməsinin surəti cavabdehə rəsmi qaydada rəsmi qeydiyyatda olduğu (digər sənədlərdə və özünün müraciətlərində əks edilən) ünvana 20.08.2021-ci il tarixdə göndərilmiş, zərf “bu ünvanda yaşamır” çatdırılmama səbəbi ilə geri qayıtmışdır (səh 79-85, 90,92). Qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh.95-105). Qətnamənin surəti İddiaçı tərəfindən ərizə ilə 19.01.2022ci il tarixində alınmış (səh.108), apellyasiya şikayəti 10.02.2022-ci il tarixdə verilərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə mümkünlüyünə və müddətin ötübötmədiyinə prosessual-hüquqi qiymət verilməmişdir (müddətin bərpa edilməsi barədə vəsatət məhkəməyə təqdim edilməmişdir) (səh.109). Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı iddia ərizəsində və digər müraciətlərində rəsmi göndərilən ünvanı əks etdirmiş və birinci instansiya məhkəməsi müddətləri gözləməklə qətnaməni icraya yöməltmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formanın tamlığına riayət edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 361.1.4-361.1.6-ci maddələrinə əsasən: şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir. Qeyd edilənlər apellyasiya hədlərinin və apellyasiyanın əsaslarını müəyyən edən zəruri tələblərdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəllənin 363.1.1-1 və 363.1.3-ci maddələrinə əsasən, bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, habelə müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1784/2021 nömrəli 11.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar