Məhkəmə qərarları › İş №2(103)-2739/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2739/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2739/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 183.2.2-ci maddələri ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli 1(101)-651/2022 saylı hökmü üzrə müəyyən edilmiş 129130 manat və 46000 manat borcların, 50 000 manat mənəvi zərərin, 515,13 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(004)- 5538/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat, Bakı Apellyasiya Məhkəməsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 183.2.2-ci maddələri ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli 1(101)-651/2022 saylı hökmündən apellyasiya şikayəti üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli 1(103)- 1512/2022 saylı qərarından kassasiya şikayətinə baxılana və iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. İddiaçı tərəfindən verilmiş şikayətdə qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın davam etdirilməsi üçün təzələnməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(004)- 5538/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, cavabdeh Mahmud Maqsudov ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə mövqeyini, o cümlədən heç kimə borcu olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 183.2.2-ci maddələri ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli 1(101)-651/2022 saylı hökmü ilə müəyyən edilmiş pul məbləğlərini tələb etdiyindən və hazırda həmin hökmdən kassasiya şikayəti verilməsi ilə əlaqədar hökm qanuni qüvvəyə minmədiyindən həmin hökmdən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0 və 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Cinayət Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-651/2022 saylı hökmündən kassasiya şikayəti verilməsi ilə əlaqədar hökmün qanuni qüvvəyə minmədiyini və hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə tərəfindən baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmalı olduğunu göstərsə də mülki və cinayət prosessual qanunveriliciyin tələblərini pozmuşdur. Çünki, cinayət işi üzrə hökm qüvvəyə minənə qədər mülki iş üzrə icraat dayandırılır. Demək, cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı elan olunduğu andan dərhal sonra hökm də qanuni qüvvəyə minmiş olur. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki prosessual qanunveriliciyin tələblərini pozaraq mülki iş üzrə icraatı dayandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir: "Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir." Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməsyə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar