Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2740/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh1 və qeyrilərinə qarşı «yaşayış sahələrinə görə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-2735/2020 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 86,4 manat, Cavabdeh2 120,8 manat, Cavabdeh3 168,96 manat, Cavabdeh4 80,64 manat və Cavabdeh5 334,8 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 2735/2020 saylı qərardadı ilə (hakim Şahin Abdullayev) iddia ərizəsi qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayəti - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması, tələblərin bir-biri ilə əlaqəli olması, iddia ərizəsinin icraata qəbul edilməli olması və s. kimi əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qaytararkən MPM-in 152.1.7-ci maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilmişdir. Halbuki iddia ərizəsindən görünür ki, iddia tələbləri yaşayış binasının müəyyən sakinlərinə qarşı yönəlməklə, mübahisə mənzil xidmət (kommunal) haqlarının ödənilməsi ilə bağlı sahədə yaranmışdır. MPM-in 51-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. MPM-in 149.2.2-ci maddəsinə əsasən ..., iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə iddianın bir neçə cavabdehə qarşı veriməsi mümkündür. Həmçinin, bir-biri ilə əlaqədar tələblərin birləşdirilməsi mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədəmüvafiq hesab edilir. Bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin də qarşısının alınmasına xidmət edir. Eyni zamanda iddia ərizəsindən görünür ki, ərizədə hər bir cavabdehə qarşı yönələn tələb aydın göstərilmişdir. Birinci instansiya məhkəməsi nəyə görə tələblərin bir-biri ilə əlaqəli olmaması nəticəsinə gəlməsini qərardadda göstərməmiş, qərardadı ümumiyyətlə əsaslandırmamışdır. Belə olan halda isə, qərardad qanuni və əsaslı sayıla bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardadı ləğv olunmalı, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh1 və qeyrilərinə qarşı «yaşayış sahələrinə görə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-2735/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 2735/2020 saylı qərardadı ləğv edilsin, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2740/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2740/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver