Məhkəmə qərarları › İş №2(103)-2740/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2740/2022

04.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2740/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızının və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3257/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Kazımova (Ağazadə) Aynurə Namiq qızının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasında göstərir ki, 09.01.2013-cü il tarixli, Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzili tam xüsusi mülkiyyətindədir. X1 ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 noyabr 2013-cü il tarixdə nikah qeydə alınmış və bu səbəbdən də yaşayış sahəsindən istifadəsi üçün İddiaçı cavabdehi mülkiyyətindəki mənzilə qeydiyyata saldırmışdır. Lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən birgə yaşamaları baş tutmamış, nikah əlaqələri faktiki olaraq 21 iyul 2020-ci il tarixdən kəsilmiş və həmin tarixdən keçmiş gəlini-Cavabdeh öz istəyi ilə azyaşlı nəvələri - Fuad (10.09.2014-cü il təvəllüdlü) və Nərgiz (14.11.2016-cı il təvəllüdlü) Kazımovlarla birlikdə Lənkəran rayonu, Liman şəhəri, 2 saylı hərbi şəhərcik, 21 saylı evə qayıtmış və bugünədək həmin evdə yaşamamaqdadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 nömrəli qətnaməsi ilə oğlu ilə gəlini arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiasında göstərir ki, İddiaçı qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yaşayış evindən istifadə və azyaşlı uşaqları ilə yaşamaq hüququ olduğu halda, qanuni əsas olmadan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürmüşdür. Qanunvericilikdə müəyyən olunmuş qaydada, iddiaçının belə bir hüquqla məhkəməyə müraciət etmək imkanı mövcud deyildir. Belə ki, iddiaçının oğlu X1 ilə 19 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki övladı olmuşdur. Uşaqlar azyaşlıdır, onlardan biri 5, digəri isə 6 yaşındadır. Onun və azyaşlı uşaqlarının gedəcəyi və qalacağı hər hansı bir sığınacaq və ya yaşayış yeri yoxdur. Qeyd olunanlara əsasən, onun azyaşlı uşaqları ilə birlikdə 8 il ərzində yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3257/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi və tərəflərin ödədikləri dövlət rüsumlarının özlərinə aid edilməsi qət edilmişdir. Cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərir ki, məhkəmə hal-hazırda cavabdehin heç bir yerdə yaşayış yerinin olmadığını nəzərə almayaraq, əsassız olaraq qarşılıqlı iddianı rədd etmişdir. Belə ki, mənzil hüququ Konstitusiyada təsbit olunub, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Halbuki, o, qanuni yaşadığı evdən zorla çıxarılmış, evdə yaşamağa qoyulmamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ yoxdur. Məhkəmə Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarını əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, həmin qərarda keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında istifadə hüququnun saxlanıldığı təsbit olunmuşdur. Bununla əlaqədar olaraq onun həmin evə məhkəmə qaydasında köçürülmək və yaşamaq hüququ olmuşdur. Məhkəmə şəxsin istifadə hüququnun olmadığını bildirməklə, faktiki olaraq mənzildən məhrum etmişdir. Həmçinin Əmlak Komitəsi tərəfindən sorğuya verilən cavabda qeyd edilmişdir ki, Cavabdeh ölkə üzrə heç bir ünvanda adına rəsmi olaraq qeydiyyatdan keçmiş yaşayış evi, yəni daşınmaz əmlakı mövcud deyildir. Məhkəmə bütün bu halları nəzərə almamışdır. Məhkəmə iclasında cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə; Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə və “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 1 və 2-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, 09.01.2013- cü il tarixdə verilmiş, seriya RX №0110369 saylı Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı oğlu Kazımov Zaur Süleyman oğlu ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 noyabr 2013-cü il tarixdə nikah qeydə alınmışdır. İddiaçı Kazımova (Ağazadə) Aynurə Namiq qızını gəlini olduğu üçün onun mülkiyyətindəki mənzilə qeydiyyata saldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(007)-894/2021 nömrəli qətnaməsi ilə X1 ilə Kazımova (Ağazadə) Aynurə Namiq qızı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 noyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İlkin iddia üzrə cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızının pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Qanunvericiliyin tələblərinə əsasən, İddiaçı keçmiş gəlini Kazımova (Ağazadə) Aynurə Namiq qızı onun ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Belə olduğu təqdirdə isə Kazımova (Ağazadə) Aynurə Namiq qızının İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 68a saylı evin, 6 saylı mənzilinə istifadə hüququna xitam verilə bilməz. Kazımova (Ağazadə) Aynurə Namiq qızının mübahisəli mənzilə istifadə hüququ mövcud olmadığından onun həmin mənzilə köçürülməsi üçün isə hər hansı əsas yoxdur. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və tədqiq olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(007)-894/2001 saylı qətnaməsi ilə müəyyən olundu ki, 10.09.2014-cü il təvəllüdlü X3 və 14.11.2016-cı il təvəllüdlü X2 anaları Kazımova (Ağazadə) Aynurə Namiq qızının himayəsində saxlanılmışlar və faktiki olaraq onun yanındadırlar. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə: Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, ..Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, qarşılıqlı iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, tərəflər arasında mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2013-cü ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Kazımova (Ağazadə) Aynurə Namiq qızının istifadə hüququnun tanınması və köçmək istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ilk İddiaçı mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə Cavabdeh yaxud onunla rəsmi nikahda olmuş, ilk iddiaçının oğlu Zaur Kazımovun hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Aynurə (Ağazadə)Kazımovanın mübahisəli mənzilə dair İddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və keçmiş əri Zaur Kazımova məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar Aynurə (Ağazadə)Kazımovanın həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, Aynurə (Ağazadə)Kazımovanın ilk iddiaçıya məxsus mənzildə müvəqqəti yaşaması və qeydiyyatı qarşılıqlı iddianın əsaslı olduğuna dəlalət etmir. Belə ki, Aynurə (Ağazadə)Kazımovanın qeyd olunan mənzilin mülkiyyətçisi olan ilk İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, onun bu istəyi keçmiş qaynanası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3257/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. qətnaməsi Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Kazımova (Ağazadə) Aynurə Namiq qızının apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3257/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar