Məhkəmə qərarları › İş №2(103)-2740/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2740/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2740/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "X6" ASC-yə, "xxxx" MMC-yə qarşı işi üzrə Açar sözlər: (“ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh X6" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "X6" ASC-yə, "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 1499/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdehlər Cavabdeh1, "X6" ASC-yə, "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında cavabdehlər "X6" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinin və "xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında" xx.xx.2014-cü il tarixli Sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci ildə Bakı şəhərinin notariusu K.A.Rəhmanovun iştirakı ilə 7E-07/190 nömrəsi ilə reyestrə daxil edilməklə Cavabdeh1 əmlakının idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin etibarnamə əsasında Cavabdeh1 "X6" ASC arasında onun adından müqavilə bağlayaraq kredit götürmüşdür. Bundan başqa həmin etibarnamə əsasında onun adından "X6" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 124 nömrəli evin 34 nömrəli mənzili xx.xx.2012-ci il tarixli 32U/12 nömrəli kredit müqaviləsi üzrə 120000 manat kredit məbləğinin təminatı kimi ipotekaya qoymuşdur. "X6" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli Sazişdə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzil həmin Sazişdən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipoteka qoymuşdur. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etmədiyi üçün onun mənzilin hərracda satışa çıxarılmışdır. Bununla bağlı "Bakı Hərrac Mərkəzi” MMC-dən ona məktub gəlmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - AR-İ seriyalı 120396 nömrəli "Etibarnamə"yə əsasən, iddiaçı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı etibar etmişdir. Etibarnamə xx.xx.2011 -ci ildə 20 il müddətinə verilmişdir; - xx.xx.2012-ci il tarixli 32U/12 nömrəli "Əsas kredit müqaviləsi"ndən görünür ki, "X6" ASC iddiaçıya 120000 manat məbləğində 60 ay müddətinə xx.xx.2017-ci ilədək müddət ərzində kredit vermişdir; xx.xx.2012-ci il tarixli 32U/12 nömrəli "İpoteka müqaviləsi"nə əsasən, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 124 saylı evin 34 saylı mənzili "X6" ASC-yə ipoteka qoyur; -xx.xx.2014-cü il tarixli 32U/12 nömrəli "xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər Saziş"dən görünür ki, iddiaçı ilə "X6" ASC tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli kredit məbləğinin limiti artırılaraq ******* manat müəyyən edilməsi və əsas kredit müqaviləsinin son bitmə tarixi xx.xx.2019-cu ilədək uzadılması barədə razılığa gəlmişlər.

3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1499/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 307, 337.1, 346.1, 359.1, 362.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hər hansı əqdin etibarsız hesab edilməsi üçün əsas həmin əqdin bağlanması qaydasına və ya şərtlərinə uyğun olmayaraq bağlanmasıdır. Məhkəmə də bu müddəanı rəhbər tutaraq mübahisə edilən ipoteka müqaviləsini və sazişi təhlil edərək nəticəyə gəlir ki, həmin müqavilə düzgün formada bağlanmış, orada əhəmiyyətli bütün şərtlər göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən öz müstəqil iradə ifadəsini bildirərək bağlamışlar. Başqa sözlə mübahisə edilən ipoteka müqaviləsinin və sazişin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də onlar iddiaçı tərəfindən imzaladığından, iddia tələbi təmin edilə bilməz. İddiaçı sözügedən ipoteka müqaviləsinin və sazişin etibarnamə əsasında cavabdeh tərəfindən bağlandığını iddia etsə də, həmin müqavilələrdə iddiaçı X4 adı qeyd olunmuş, həmin müqavilələr onun tərəfindən imzalanmışdır. Eyni zamanda iddia edildiyi kimi müqavilələr cavabdeh tərəfindən bağlansa idi belə, bu müqavilələrinin etibarsızlığı üçün əsas ola bilməzdi. Çünki iş üzrə sübutlarla iddiaçının AR-İ seriyalı 120396 nömrəli xx.xx.2011-ci il tarixli etibarnamənin verildiyi zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi (anlaqsız) vəziyyətdə olması və ya etibarnamənin aldatma yolu ilə verilməsi təsdiq edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)- 1499/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127; Mülki Məcəlləsinin 337-ci maddələrinə; “Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Mülki Məcəllənin mövqeyinə əsasən əqd etibarsızdırsa və vətəndaşın hüquq və mənafelərini pozursa, üstəlik bu əqdin bağlanılması zamanı onun məlumatı olmadığı zaman bu əqd əhəmiyyətsiz hesab edilməlidir. X8 Hüquqları Konvensiyası və Məhkəməsinin mövqeyinə əsasən də şəxsin mülkiyyət hüququ qorunur və mülkiyyət hüququna məhdud çərçivədə baxıla bilməz. Belə ki, mülkiyyət hüququndan əsassız məhrumetmə AİHK ilə qadağan edilmişdir. Əvvəlki məhkəmə qərarlarının müqaviləni etibarsız hesab etməməsi o anlama gəlmir ki, şəxs əsassız olaraq əmlakdan məhrum edilməlidir və müqavilə etibarlı hesab edilməlidir. Məhkəmə bu məsələlərə səthi yanaşmış, qəbul etdiyi qətnaməni düzgün əsaslandırmamışdır. Bildirmək istərdi ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququndan əsassız məhrum edilmişdir. Məhkəmə heç bir fakt olmadan əldə etdiyi xüsusatları və öz fərziyyəsini əsas kimi qəbul edərək əsaslandırılmamış qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 "X6" ASC-yə, "xxxx" MMC-yə qarşı iddia qaldırmasının səbəbi yalnızca əqdin etibarsız hesab edilməsi deyil, həmçinin də əqdlə bağlı yaranmış hüquq və nəticələrin ləğvinə dair məhkəmə qətnaməsinin qəbul edilməsidir. Belə ki, Cavabdeh1 ilə "X6" ASC ilə ipoteka müqaviləsi bağlanaraq onların birgə mülkiyyətində olan əmlak ipoteka ilə yüklü edilmişdir. Bu barədə İddiaçı məlumatı olmadığı üçün bu əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd etibarsız əqddir və bağlandığı andan yaratdığı bütün hüquqi nəticələrin ləğv olunması labüddür. Lakin birinci instansiya məhkəməsi qətnaməsini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı sözügedən ipoteka müqaviləsinin və sazişin etibarnamə əsasında cavabdeh tərəfindən bağlandığını iddia etsə də, həmin müqavilələrdə İddiaçı adı qeyd olunmuş, həmin müqavilələr onun tərəfindən imzalanmışdır. Eyni zamanda iddia edildiyi kimi müqavilələr cavabdeh tərəfindən bağlansa idi belə, bu müqavilələrinin etibarsızlığı üçün əsas ola bilməzdi. Çünki iş üzrə sübutlarla iddiaçının AR-İ seriyalı 120396 nömrəli xx.xx.2011 -ci il tarixli etibarnamənin verildiyi zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi (anlaqsız) vəziyyətdə olması və ya etibarnamənin aldatma yolu ilə verilməsi təsdiq edilməmişdir. Lakin İddiaçı bildirir ki, o həyat yoldaşı Cavabdeh1 ilə bankda olub müəyyən sənədlərə imza edib. Amma bu sənəd evin girov qoyulmasına dair sənəd olmamışdır, həyat yoldaşının bank məsələləri ilə bağlı olan başqa bir sənəd olmuşdur. Göründüyü kimi məhkəmə sübutları lazımi şəkildə tədqiq etməyərək iddianın qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Lakin məhkəmə işin hallarını araşdıran zaman bu halları araşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, ipoteka müqaviləsindən, eyni zamanda kredit müqaviləsindən görünür ki, həmin müqavilələr iddiaçının özü tərəfindən imzalanıb. Bundan başqa, iddiaçı Cavabdeh1 2011-ci ildə 20 il müddətinə etibarnamə verib, həmin etibarnamədən də görünür ki, o Cavabdeh1 bütün əmlaklarını idarə etməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı etibar etmişdir, müqavilələr iddiaçının özü tərəfindən imzalanmışdır, lakin hətta müqavilələr Cavabdeh1 tərəfindən imzalanmış olsa idi belə, onun əmlakın ipotekaya qoyulması ilə bağlı əqdlər bağlamaq səlahiyyəti var idi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1.Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

9. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi müqavilələrin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Qeyd olunmalıdır ki, müqavilənin bağlanmasından məlumatının olmamasına dair iddiaçının arqumenti də öz təsdiqini tapmamışdır – belə ki, xx.xx.2012-ci il tarixli 32i/12 saylı ipoteka müqaviləsi və xx.xx.2014-cü il tarixli xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında saziş iddiaçı Quliyeval Qafar qızı tərəfindən imzalanmışdır. Diqqətə çatdırılmalıdır ki, ipoteka müqaviləsinə əsas olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsi də eyni şəkildə İddiaçı tərəfindən imzalanmışdır. Bundan əlavə, iddiaçının istinad etdiyi etibarnamənin qüvvəsi, habelə imzalandığı zaman hansı sənədi imzaladığını nəzərdə tutduğu barədə sübut təqdim etməmiş, etibarnamənin etibarsızlığına dair tələb irəli sürməmişdir, hətta bunları etdiyi təqdirdə belə və müqavilələrdən xəbərdar olmadığı zənn edildiyi təqdirdə belə, onlardan nə vaxt xəbərdar olması da sübuta yetirilməmişdir, bu da öz növbəsində etibarsızlıqla bağlı qanunla müəyyən edilmiş müddətlərdə iddianın verilməsini müəyyən etmir. Halbuki xx.xx.2012-ci il tarixli 32U/12 nömrəli "Əsas kredit müqaviləsi"ndən görünür ki, "X6" ASC iddiaçıya 120000 manat məbləğində 60 ay müddətinə xx.xx.2017-ci ilədək müddət ərzində kredit vermiş, xx.xx.2014-cü il tarixli 32U/12 nömrəli "xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” Saziş-dən isə görünür ki, iddiaçı ilə "X6" ASC tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli kredit məbləğinin limiti artırılaraq 1 000.000 manat müəyyən edilməsi və əsas kredit müqaviləsinin son bitmə tarixi xx.xx.2019-cu ilədək uzadılması barədə razılığa gəlmişdirlər.

12. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

13. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1499/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar