Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2743/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh1 cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2743/2025 (Açar sözlər: istifadə hüququna xitam verilməsi, evdən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1, onun vəkili Vəkil, Cavabdeh (ilkin iddia üzrə iddiaçı) X2 nümayəndəsi-vəkili X4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı X2 Cavabdeh1 qarşı “məzilə mülkiyyət hüququnun tanınması və mənzilin bölünməsi tələbinə dair”, qarşlıqlı iddia üzrə Cavabdeh1 cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə iddiaçının və onun uşaqlarının mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1188/2008 nömrəli 24 iyul 2008-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “L.Şmidt” adına zavodun müdiriyyətinin və həmkarlar təşkilatının birgə iclasının 25 saylı xx.xx.1991-ci il tarixli protokolundan çıxarışdan görünür ki, hazırda Bakı şəhəri, A.M.Cümə küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili həmin zavodda xx.xx.1982-ci ildən işləyən və xx.xx.1983-cü ildən mənzil növbəsində olan Cavabdeh1 gənc mütəxəssis kimi 4 nəfərdən ibarət ailə tərkibi nəzərə alınmaqla verilmiş və həmin mənzilə Cavabdeh1 adına, X5, Cavabdeh3 və Cavabdeh2 daxil olmaqla 4 nəfərdən ibarət ailə tərkibi ilə 037067 saylı xx.xx.1991-ci il tarixli order verilmişdir.
2. “Səttarxan” adına zavodun MKT-nin təsdiq etdiyi 27 oktyabr 1994-cü tarixli 313 saylı müqavilədən görünür ki, Bakı şəhəri, A.M.Cümə küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili özəlləşdirilərək Cavabdeh1 ailədə həddi-buluğa çatanların razılığı ilə əvəzsiz olaraq verilmişdir.
3. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 40701 saylı qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Bakı şəhəri, A.M.Cümə küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzil Cavabdeh1 xx.xx.1994-cü il tarixdən xüsusi mülkiyyətindədir.
4. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin texniki pasportundan görünür ki, Bakı şəhəri, A.M.Cümə küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili Cavabdeh1un adına olmaqla xx.xx.1994-cü il tarixdə həmin yaşayış evi üçün texniki pasport tərtib edilmişdir.
5. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 hazırda Bakı şəhəri, A.M.Cümə küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzilndə qeydiyyatdadırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X5 Cavabdeh1 qarşı “mənzildə payların müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması, payın naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsi 18 saylı evin bölünərək, 1/4 hissəsədə cavabdehin, 3/4 hissəsədə isə özünün mülkiyyət hüququnun tanınması, eləcə də yaşayış sahələri 16,3 və 9,8 kv.m təşkil edən otaqların naturada ayrılaraq ona verilməsini xahiş etmişdir.
7. Cavabdeh1 “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, Cavabdeh3 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda 6000 manat məbləğində konpensasiya verilməklə, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 1989-cu il təvəllüdlü Aysel və 1990-cı il təvəllüdlü Tural adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mübahisəli mənzil iddiaçıya birgə nikah dövründə işlədiyi müəssisədə mənzil növbəsində olmuşdur. Bir neçə dəfə 1 otaqlı mənzil almaqdan imtina etmişlər. 2 uşaqları doğulduqdan sonra, onlara 3 otaqlı mənzil verilmişdir. 1994-cü ildə mənzil Cavabdeh1 adına özəlləşdirilmişdir. Cavabdeh1 2007-ci ilin iyun ayında ailəni atıb, topladıqları 10500 ABŞ dolları və qızlarının gözlərinin müalicəsi üçün qardaşının göndərdiyi 800 Avro pulu da evdən aparmışdır. Uşaqlar müxtəlif cinsli olmasını nəzərə alaraq 3 otaqdan ikisini, yəni 16,3 kv.m və 9,8 kv.m naturada ona ayrılması zəruridir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər hazırda onun öz müəlkiyyətindən maneəsiz istifadəsinə imkan vermirlər. Eyni mənzildə yaşamaqları mümkün deyil. Belə olduqda cavabdehlərə kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1188/2008 nömrəli 24 iyul 2008-ci il tarixli qətnaməsi ilə (hakim A.Allahverdiyev) ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir.
11. Məhkəmə ilkin iddiaya münasibətdə hesab etmişdir ki, Məlahət Cəfərova mübahisəli mənzilin özəlləşdirilməsi zamanı öz payından könüllü olaraq imtina etmiş və mənzil Cavabdeh1 Fərzalı oğlunun mülkiyyətinə verilmişdir. İddiaçı iradəsinə uyğun olaraq qanunla ona verilmiş imtiyazdan könüllü imtina etmiş, mübahisəli mənzildə özünün mülkiyyət payından məhrum olunmuşdur.
12. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya real bazar qiymətinə uyğun olmadığından, eləcə də normativ hüquqi aktlarla ziddiyyət təşkil etdiyindən hazırki mübahisənin həllində tətbiq edilə bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, Mülki Məcəllənin 225.1, 225.2, “Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, və Mülki Prosessual Məcəllənin 14.2, 216-220, 227, 233.1 və 234-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, ilkin iddia tələbinin tam tmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, onun qismən – qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.
16. Hər iki apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni əsaslandırılmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki işlər üzrə kollegiyansının 14 oktyabr 2008-ci il tarixli 2(103)-4023/2008 nömrəli qətnaməsi ilə (sədrlik edən İ.Dadaşov, hakimlər S.Məmmədov və A.Abdullayeva) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. İşə baxan apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi razılaşmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, Mülki Məcəllənin 225.1, 228.2, “Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 8 və Mülki Prosessual Məcəllənin 77.1, 382, 384.0.1, 393 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki işlər üzrə kollegiyasının 14 oktyabr 2008-ci il tarixli 2(103)-4023/2008 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 24 fevral 2009-cu il tarixli 2(102)- 417/2009 nömrəli qərarı ilə (hakimlər B.Əsədov (məruzəçi), N.Rəsulbəyova və A.İsgəndərov) kassasiya şikayəti təmin edilməmişdir. d) Avropa İnsan Hüquqları Məhkəməsindəki icraat
22. Cavabdeh1 Azərbaycana qarşı və onun məhkəmə işindən göründür ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2 aprel 2020-il tarixli (Ərizə №39331/09) qərarı ilə, məhkəmə yekdilliklə ərizəni məqbul elan edildiyi, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğu, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin əsasən şikayətin araşdırılmasına ehtiyacın olmadığı qərara alınmışdır.
e) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumundakı icraat
23. “Cavabdeh1 Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2020-ci il 2 aprel tarixli qərarı ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-4/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 24 fevral 2009-cu il tarixli 2(102)-417/2009 nömrəli qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki işlər üzrə kollegiyansının 14 oktyabr 2008-ci il tarixli 2(103)- 4023/2008 nömrəli qətnaməsi Cavabdeh1 cavabdeh X5 və qeyrilərinə qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia ərizəsinin rədd olunması hissəsində ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Mülki işi apellyasiya baxışına qaytaran Plenum öz qərarında qeyd etmişdir ki, “işə baxan məhkəmələrin cavabdehin iddiaçıya və iki övladına qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddiasının rədd olunması hissəsində gəldiyi nəticə qanunilik və əsaslılıq baxımından Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, habelə Mülki Məcəllənin 228.2-ci maddələrinin tələblərinə uyğun deyil. Ona görə də qarşılıqlı iddia tələbinin düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün mənzildən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırılabilən olacağına əminlik verməlidir.”
25. “Cavabdeh1 Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2020-ci il 2 aprel tarixli qərarında da Avropa Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “... milli məhkəmələr işin konkret hallarını nəzərə alaraq adekvat kompensasiya məbləğini müəyyən etməlidilər. Hətta iddianın özündə heç bir konkret məbləğ göstərilmədiyi halda belə, hər bir iş üzrə yetərli məbləği müəyyən etməlidirlər. Kompensasiyanın məbləğinin iddianın predmetini təşkil etmədiyini nəzərə alaraq, təklif edilən kompensasiyanın ağlabatanlığını sübut etmək vəzifəsinin nə dərəcədə cavabdehin üzərinə düşməsinə milli məhkəmələr aydınlıq gətirməyiblər. Bu növ iddialara baxılarkən milli məhkəmələr Mülki Prosessual Məcəllənin 77.3 və ya 97.1-ci maddəsinin tələblərinə əsasən, öz təşəbbüsləri ilə də əlavə sübutlar və ya ekspert rəyləri əldə etmək üçün səlahiyyətlərindən istifadə edə bilərdilər.”
26. Digər tərəfdən, Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edir. Yəni həm mülkiyyətçi, həm də işə baxan məhkəmələr həm apellyasiya, həm də kassasiya icraatı mərhələsində də kompensasiyanın məbləğini müəyyən edə, artıra bilərlər. Başqa sözlə, işə baxan məhkəmələr kompensasiyanın məbləği ilə razılaşmadıqda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini real bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Lakin işə baxan məhkəmələr cavabdehin iddiaçıya və iki övladına təklif etdiyi 18.000 manat kompensasiya məbləğini yetərli hesab etmədikləri halda, özləri bilavasitə real bazar qiymətinə uyğun yetərli hesab etdikləri məbləği müəyyən etməməklə, habelə həmin məbləği mənzilin mülkiyyətçisi olan cavabdehlə razılaşdırmamaqla, əslində hazırkı mübahisənin uzun müddət məhkəmə baxışının predmetinə çevrilməsinə süni şərait yaratmış və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olan məhkəmə aktları qəbul etmişlər.
27. Ümumiyyətlə, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə mənzildə istifadə hüququ olan şəxsi müəyyən müddətə, daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə mənzildən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan pul kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Mülki qanunvericilikdə həmin kompensasiya məbləğinin real bazar qiymətləri ilə yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub.
Proses iştirakçılarının izahatı
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddia üzrə cavabdehlərə ödəniləcək kompensasiya məbləğinin miqdarını artırılmasına etiraz etmədiyini bildirdi. O, hazırda 25000 manat kompensasiya ödəməyə hazır olduğunu qeyd etdi.
29. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, onun təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
31. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
33. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsi
37. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
38. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Qətnamədən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, o isə qətnaməni mübahisələndirməmişdir. İlkin iddiaya aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır.
46. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinə baxılır.
47. Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya münasibətdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməlidir.
49. İşin müəyyən edilmiş halı odur ki, cavabdehlər mübahisəli evin mülkiyyətçisi Cavabdeh1 ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmişdir və bu hal işin mübahisə doğurmayan halıdır.
50. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”
51. Göründüyü kimi, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir.
53. Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
54. İşin mübahisəsiz halıdır ki, mübahisəli mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 40701 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1un adına reyestr kitabında xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.
55. Apellyasiya icraatı zamanı Kollegiyanın 20 may 2025-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 36 kv.m, ümumi sahəsi 54,1 kv.m olan 3 otaqdan ibarət mənzilin hazırda bazar qiymətinin və Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində və yaxın ərazilərdə oxşar mənzilin hazırda kirayə dəyərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyinin alınması, qərardadın icrasının "xxxx" MMC-yə həvalə edilməsi, qiymətləndirmənin tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilməklə, bu mümkün olmadıqda isə nəzəri qaydada – oxşar mənzillərlə müqayisə aparılmaqla keçirilməsi qərara alınmışdır.
56. "xxxx" MMC-dən daxil olmuş MEB-154-0525 nömrəli 09 iyun tarixli 2025-ci il tarixli hesabatdan müəyyən olunur ki, tədqiqat mübahisəli mənzilə baxış keçirilməklə aparılmış, mənzilin bazar dəyəri 186500 manat, kirayə dəyəri isə aylıq 450 manat təşkil edir. Göstərilən iş üzrə xidmət haqqı ödənilmişdir.
57. Kollegiyanın iclasında qarşılıqlı iddiaçı əvvəllər təklif etdiyi 18000 amant kompensasiya məbləğini 25000 manatadək artırmağa razı olduğunu bildirdi.
58. Belə olduqda isə qarşılıqlı iddia üzrə iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olduğundan Kollegiya hesab edir ki, iddia tələbi təmin edilməlidir.
59. Qarşılıqlı iddia üzrə iddiaçı 2008-ci ildən xx.xx.2025-ci ilədək olan zaman kəsiyində tərəfindən hazırki iş üçün sərf etdiyi 768,67 manat xərcin cavabdehlərdən tutulması barədə ərizə təqdim etmişdir.
60. Kollegiya hesab edir ki, həmin xərclər iddiaçının özünə aid edilməlidir.
61. Belə ki, iddiaçı cavabdehlərin qanuni istifadəsində olan mənzilə dair kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Yəni, iddiaçının hüquqlarının cavabdehlərin qanunsuz hərəkəiləri nəticəsində pozulması halı müəyyən olunmur.
62. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qarşılqı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
ApelLyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1188/2008 nümrəli iş üzrə 24 iyul 2008-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 tərəfindən 25000 manat kompensasiya verilməklə cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsindəki 18 nömrəli evin 50 nömrəli mənzilinə dair istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Mənzildən çıxarılma ilə kompensasiya verilməsi hissəsində qətnamə eyni vaxtda icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.