Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2744/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(009)-1316/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh Sığorta Şirkəti ASC-yə (bundan sonra, cavabdeh) qarşı «sığorta ödənişinin verilməsi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, avtomobilinin təmiri üçün əlavə 2265 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi «Mitsubishi Pajero» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həkətdə olarkən X2 idarə etdiyi «VAZ-2107» minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə maşınına ziyan dəymişdir. X2 idarə etdiyi avtomobil "xxxx" ASC-də icbari qaydada sığortalanmışdır. Lakin, sonuncu ona dəymiş ziyanı həddindən az hesablayaraq, cəmi 1450 manat həddində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(009)- 1316/2021 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini, işin obyektiv araşdırılmamasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə dəymiş ziyanın məbləği az hesablanmışdır. Lakin ona əlavə olaraq 2265 manat ziyan dəyməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq hesab edir ki, ekspertlər ziyanı dəqiq olaraq müəyyən etməli idilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra tərəflərindən ziyanın məbləği hesablanaraq 1100 manat həddində müəyyən olunmuşdur. Lakin, iddiaçı bununla razılaşmadığından qanunvericiliyin tələblərinə əsasən müstəqil qiymətləndirici dəvət olunmuş, sonuncunun rəyi ilə ziyan məbləği 1450 manat müəyyən olunmuş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı da ekspertiza təyin olunmuş, ekspertin rəyi ilə ziyanın məbləğinin 1450 manat olması bir daha təsdiq edilmişdir. İddiaçı avtomobilinə daha artıq məbləğdə ziyan dəyməsini iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi əsaslıdır, bu səbəbdən də, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan AE seriyalı 067864 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mitsubishi Pajero» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan İXP ******* saylı, 19.06.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X3 «VAZ-2107» minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan TP ******* saylı, 19.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan Cavabdeh Sığorta şirkəti tərəfindən İddiaçı ünvanlanmış 22.12.2020-ci il tarixli məktubdan belə məlum olur ki, sığorta şirkəti ona zərər məbləği ilə razı olmadığı üçün müstəqil ekspert tərəfindən 1450 manat qiymətləndirilmiş və həmin məbləğ ödənilmişdir. İşdə olan 12.10.2020-ci il tarixli, 10001 saylı ödəniş tapşırığına əsasən Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı "xxxx" ASC-dəki hesabına 1450 manat məbləğində pul köçürülmüşdür. İşdə olan qiymətləndirici E.Allahverdiyev tərəfindən aparılmış hesabatdan belə məlum olur ki, «Mitsubishi Pajero» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 1450 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – 18.06.2020-ci il tarixdə X3 idarə etdiyi «VAZ-2107» minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşınla Salyan rayonunda hərəkət edən zaman iddiaçının mülkiyyətində olan «Mitsubishi Pajero» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X3 Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə X3 tərəfindən idarə olunan «VAZ-2107» minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi» ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 1450 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuş və həmin məbləğ iddiaçının bank hesabına köçürülmüşdür. İddiaçı isə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşının təmirinə 1450 manatdan artıq xərc çəkiləcəyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin faktiki hallarından isə göründüyü kimi, cavabdeh yol-nəqliyyat hadisəsindən sonra üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni ilkin olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini müəyyən etmiş, lakin zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən zərərin miqdarının qiymətləndirilməsini qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmış və müəyyən olunmuş məbləğ (1450 manat) cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı zərərin miqdarının obyektiv qiymətləndirilməsi və iddiaçının dəlillərinin yoxlanılması üçün ekspertiza təyin olunmuş, ekspertiza rəyi ilə (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4780 nömrəli rəyi) iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1450 manat olması müəyyən edilmişdir. İddiaçı isə ona daha artıq (əlavə olaraq 2265 manat) ziyan dəyməsini iddia etsə də, tələbinin (həmçinin, apellyasiya şikayətinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(009)-1316/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(009)-1316/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2744/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2744/2022
12.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver