Məhkəmə qərarları › İş №2(103)-2746/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2746/2022

31.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2746/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Anar Əliyevin ünvan 1 ünvanında yerləşən 90.7 kvm sahəsi olan evi 06.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X1 aldığını, 17.06.2021-ci il tarixdə oğlunun evi ona bağışladığını və adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21.06.2021-ci il tarixdə müvafiq çıxarış verildiyini, lakin cavabdehlərin evdən çıxmaq istəmədiklərini, bu halın isə mülkiyyətçi kimi özünün hüquqlarını pozduğunu bildirmiş, buna görə də cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini, oğulları Şirvan Abbasovun iddiaçının oğlu Anar Əliyevə 30 000 manat borcu olduğu, borcu qaytara bilmədiyi üçün evi Anarın adına keçirdiyi, razılaşmalarına görə borcu qaytardığı zaman evin yenidən Şirvan Abbasovun adına keçirilməli olduğu, lakin Anarın razılaşmanı pozaraq evi anasına bağışladığı, birinci instansiya məhkəməsinin işin bu xüsusatlarını araşdırmadan qətnamə çıxardığı arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, digər cavabdeh məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçının oğlu Anar Əliyev (alıcı) ünvan 1 ünvanında yerləşən 90.7 kvm sahəsi olan evi 06.09.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında X2 (satıcı) 65 000 manata almış, müqavilənin 8-ci və 11-ci bəndlərinə görə satıcı, 06.03.2020-ci il tarixinədək evi üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin ev 17.06.2021-ci il tarixdə Anar Əliyev tərəfindən İddiaçı bağışlanmış, 21.06.2021-ci il tarixdə sonuncunun adına mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, sözügedən evdə X3 valideynləri olan cavabdehlər yaşamaqla, onlar iddiaçının evə sahibliyinə maneə yaratmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdehlərin mübahisəsi gedən ev üzərində hər hansı hüquqları mövcud deyildir və onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorların müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq təmin etmişdir. Mübahisəsi gedən evin alqı-satqısına dair müqavilənin əslində iddiaçı ilə oğulları arasında borc münasibətlərini pərdələmək məqsədilə bağlandığı barədə cavabdehlərin apellyasiya şikayətində irəli sürülənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, heç bir sübuta əsaslanmadan irəli sürülən həmin arqument mülkiyyətçinin hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3298/2021 saylı iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar