Məhkəmə qərarları › İş №2(103)-2753/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2753/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2753/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(003)- 3322/2021 №-li qətnaməsi ilə, Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Dəniz döngəsi küçəsi, 44 saylı evin Cavabdeh tərəfindən boşaldılaraq, mülkiyyətçi "xxxx" BOKT ASC-yə təhvil verilməsi qət edilmişdir. X2 həmin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(003)- 3322/2021 №-li qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(003)-3322/2021 №-li qətnaməsindən X1 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021- ci il tarixli 2(003)- 3322/2021 №-li qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mübahisəli evin sahibidir, Füzuli rayonundan məcburi köçkündür. O, maraqlı şəxs olduğu üçün apellyasiya şikayətinə baxılmalıdır. Məhkəmə onu evin əvvəlki mülkiyyətçisi kimi və evin hazırki sahibləri olan ailə üzvlərini də maraqlı şəxs qismində cəlb etməli idi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, X2 apellyasiya şikayətində mübahisəli daşınmaz əmlaka faktiki sahiblik etdiyini bildirsə də, məhkəmə qətnaməsinin onun hansı maraqlarına toxunmasına dair apellyasiya şikayətinə hər hansı bir sənəd, sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət verən şəxs şikayətində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar