Məhkəmə qərarları › İş №2(103)-2755/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2755/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2755/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin tam yerinə yetirilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və digər tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, İddiaçı ilk iddiasına aid hissədə iş üzrə icraata xitam verilsin (cild 2, iş v. 25). İddiaçı bu qərardaddan şikayət verib (cild 2, iş v. 71), eyni zamanda həmin qərardaddan şikayətvermə müddətinin bərpası barədə ərizə verib (cild 2, iş v. 75). Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, müddətin bərpası barədə ərizə təmin edilsin, xx.xx.2022-ci il tarixli qərardaddan şikayətvermə müddəti bərpa edilsin. Həmin qərardadda daha sonra qeyd olunub ki, iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Əslində müddətin bərpası barədə qərardad qanuni qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixli qərardaddan İddiaçı şikayətinə Nəsimi RM tərəfindən baxılmalı idi. Belə ki, Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə görə, qərardaddan verilən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasına baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin Nəsimi RM bu tələblərə əməl etməmiş, yəni xx.xx.2022-ci il tarixli qərardaddan İddiaçı şikayətinə baxmamış, müddətin bərpası barədə qərardad qəbul etdikdən sonra həmin qərardadda “mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin” göstərişini yazmışdır. Odur ki, xx.xx.2022-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinin göstərişinə əsaslanaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar