Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2755/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi Həsənov Namiq Səməd oğlunun, Cavabdeh6, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3879/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5 ünvanında yerləşən 17, 36 saylı mənzillər İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
2. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayonu MKTB 54 saylı MKİS tərəfindən ünvan 1 ünvanlanan xx.xx.2023-cü il tarixli, 54/2023 №-li cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, mənzil 17-də Ağdam rayonundan olan məcburi köçkünlər - Cavabdeh1, Cəfərova Yeganə Bəhmən qızı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5; Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, mənzil 36-da isə Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Quliyeva Xəyalə Mürsəl qızı, Cavabdeh11 yaşayırlar.
3. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Yusubov Səhrad Əhməd oğluna ünvanlanan xx.xx.2011-ci il tarixli, 06/5610 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5 ünvanında yerləşən 36 saylı mənzildə qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığı aşkar olunmuşdur.
4. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Yusubov Səhrad Əhməd oğluna ünvanlanan xx.xx.2011-ci il tarixli, 03/5260 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5 ünvanında yerləşən 17 saylı mənzildə qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığı aşkar olunmuşdur.
5. İş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti Başçısının Aparatı TTexniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən 05 sentyabr 1995-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5 ünvanında yerləşən 17 saylı mənzil Yusubova Səkinəbəyim Miri qızının şəxsi mülkiyyətindədir.
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5 ünvanında yerləşən 17, 36 saylı mənzil Yusubov Səhrad Əhməd oğlunun tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2011-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 5, 17,36 saylı mənzil ilkin olaraq xx.xx.1995-ci il tarixdə Yusubova Səkinəbəyim Miri qızının adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı DNK-nın 2V-1-90 reyestr nömrəli xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında həmin mənzil Yusubov Səhrad Əhməd oğlunun adına rəsmiləşdirilmişdir. 1 saylı Bakı “ASAN xidmət" mərkəzi notariusu tərəfindən təsdiq olunmuş 2V-108 reyestr nömrəli xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında sözügedən mülk İddiaçı adına qeydə alınmışdır.
8. İş materiallarında olan Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, Yusubov Səhrad Əhməd oğlu 14 iyun 2008-ci il tarixdə vəfat etmiş Yusubova Səkinəbəyim Miri qızının vərəsəsidir və şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən, y/s-32.36 kv.m olan 2 otaqlı mənzildən ibarətdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cəfərova Yeganə Bəhman qızının, Cavabdeh2, Quliyev Şəbinə Mütalib qızının və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, 17 saylı mənzildən, cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Quliyeva Xəyalə Mürsəl qızının və Cavabdeh11 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, 36 saylı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, 17 və 36 saylı mənzillər iddiaçının xüsusi mülkiyyətindədir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən seriya RX № ******* saylı iddiaçının adına hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 30 ildən artıqdır ki, cavabdehlər iddiaçıya məxsus mənzillərə özbaşına köçərək yaşayırlar. Əvvəllər mərhum atası dəfələrlə cavabdehlərə anasının mülkiyyətində olan mənzillərdən çıxmağı təklif etsə də, onlar buna məhəl qoymayaraq mənzildən çıxmamışlar. Mənzillər xüsusi mülkiyyətlə iddiaçıya keçdikdən sonra cavabdehlərə mənzildən çıxmaları barədə xəbərdarlıq etsə də, onlar yenə də mənzildən çıxmamışlar. Hazırda qaynanasına məxsus çox pis şəraiti olan birotaqlı evdə yaşayırlar. Bundan başqa, iddiaçı qeyd edir ki, ögey qızı boşanıb gəlib onlarla birgə yaşayır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3879/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3 Bəhman qızı, Cavabdeh2, Quliyev Şəbinə Mütalib qızı və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, 17 saylı mənzildən; (Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, 17,36 saylı mənzildən) cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, 36 saylı mənzildən (Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5, 17,36 saylı mənzildən) çıxarılsın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, "Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı" AİHM-in Qərarlarına, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 107, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
13. Qətnamədən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh5 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər məhkəmə iclasında da onların yaşayış yeri ilə təmin olunmamaları barədə məhkəməyə məlumat vermişlər. İddiaçı isə bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehlərin əslində məcburiyyətdən həmin mənzilə məskunlaşmasını, eyni zamanda iddiaçının hər hansıhüququnu pozmamasını nəzərə almamışdır. Qətnamədən də göründüyü kimi mübahisəli mənzil xx.xx.2011-ci il tarixdə Yusubov Səhrad Əhməd oğlunun mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. Yəni iddiaçının atasının da həmin mənzilə mülkiyyət hüququ həmin vaxtdan tanınmışdır. Mənzilin ilkin qeydiyyatı belə xx.xx.1995-ci ildə qeydiyyata alınmışdır. Cavabdehlər isə mübahisəli mənzilə 1992-ci ildən etibarən məskunlaşmış və hazıradək həmin mənzildə yaşamışlar.
15. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər mübahisəli mənzildə 1992-ci ilin sentyabr ayından, yəni Şuşa şəhəri işğal olunandan dərhal sonra məskunlaşmış və heç də həmin ərazini zəbt edərək kimsənin mülkiyyət hüquqlarını pozmamışdır. Bu mənzil dövlətin mülkiyyətində olmuş və cavabdehləri orada səlahiyyətli dövlət qurumları, icra hakimiyyəti orqanları yerləşdirmişdir. Başqaları həmin mənzili hansısa yolla mülkiyyətlərinə çevirməklə və əsl həqiqətdə özləri cavabdehlərin qanuni hüquqlarını, yəni yaşayış hüququnu tapdamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh6, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər
18. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Həsənov Namiq Səməd oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxs və digər cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
20. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
23. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
24. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
25. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3879/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh6 və Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
41. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. İş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Yusubov Səhrad Əhməd oğluna ünvanlanan məktublarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5 ünvanında yerləşən 17, 36 saylı mənzildə qaçqın və məcburi köçkün ailəsi məskunlaşmışdır.
43. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
44. İşin hallarından müəyyən olunur ki, mülkiyyətçi olan iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 5, 17, 36 saylı mənzilə faktiki sahibliyini itirmiş, sözügedən əmlak cavabdehlərin qeyri-qanuni sahibliyindədir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”.
46. Kollegiya cavabdehlərin məcburi köçkün olaraq sosial müdafiəsi tədbirləri ilə bağlı qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun tələblərinə uyğun olaraq məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.
47. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır və birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.
48. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 5, 17, 36 saylı mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır.
49. Apellyasiya şikayətlərinin dəlili qismində qeyd olunan mübahisələndirilən mənzil üzərində mülkiyyət hüquqlarının 09 sentyabr 1995-ci il tarixdə Yusubova Səkinəbəyim Miri qızının adına qeydiyyata alınmasına baxmayaraq bu tarixdən əvvəl cavabdehlərin mübahisəli mənzildə məskunlaşmasına münasibətdə nəzərə alınmalıdır ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzil heç vaxt cavabdehlərin mülkiyyətində olmamışdır, Eyni zamanda iddiaçının adına qeydiyyata alınaraq verilmiş etibarlılığı mübahisə doğurmayan çıxarış mövcuddur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 5 ünvanında yerləşən 17, 36 saylı mənzillər İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
50. Kollegiya bildirir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
51. Göründüyü kimi, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut apellyatorlar tərəfindən təqdim edilməmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3879/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh6 və Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.