Məhkəmə qərarları › İş №2(103)-2756/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2756/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2756/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə, BOKT "xxxx" MMC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərracın etibarsız sayılması, hərracın baş tutmamış hesab edilməsi, ipotekaya xitam verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı "xxxx" MMC-nə, BOKT "xxxx" MMC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2, X3 və İddiaçı birgə qaydada əsas borca görə 57 719,17 ABŞ dollarının, faiz borcuna görə 10 466,41 ABŞ dollarının, əldən çıxmış faydaya görə 841,21 ABŞ dollarının, cərimə borcuna görə 2000 ABŞ dollarının, yəni cəmi 71 026,79 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manatın, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın X4 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, "Sədərək” Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanda olan və dəyəri 172 590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250 000 manat müəyyən edilməklə Daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə və onun üzərində tikilmiş 1 mərtəbəli ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m oian 4 otaqlı "B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilərək dəbbə pulunun məbləği 200 dolları müəyyən edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 17/75-1/8-7H saylı sifarişinə əsasən tutmanın yönəldildiyi Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 250 000 manat olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır.

5. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə icra sənədi üzrə tələbkara və borclulara bildirişlər ünvanlanmış, bildirişlərdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə saat 15:15-15:25-dək açıq hərraca çıxarılacağı, əmlakın ilkin satış qiymətinin 250 000 manat olduğu barədə məlumat verilmiş, bununla bağlı “Birja yenilikləri” qəzetinin 06-12 dekabr 2019-cu il və 20- 26 dekabr 2019-cu il tarixli buraxılışlarında müvafiq elanlar yerləşdirilmişdir.

6. “Birja yenilikləri” qəzetinin 10-16 yanvar 2020-ci il tarixli buraxılışında yerləşdirilmiş elanda göstərilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır, əmlak 250 000 manata alına bilər.

7. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə tələbkara və borclulara bildiriş ünvanlanmış, bildirişdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə saat 11:00-da təkrar hərraca çıxarılacağı, əmlakın ilkin satış qiymətinin 250 000 manat olduğu barədə məlumat verilmiş, bununla bağlı “Palitra” qəzetinin 22 yanvar 2020-ci il tarixli buraxılışında müvafiq elan yerləşdirilmişdir.

8. Həmin əmlak barəsində keçirilən təkrar harrac da baş tutmamış, bununla bağlı “Birja yenilikləri” qəzetinin 31 yanvar 06 fevral 2020-ci tarixli buraxılışında elan yerləşdirilmişdir.

9. "xxxx" MMC tərəfindən Məğrur və İddiaçılərə ünvanlanmış bildirişlər xx.xx.2020-ci il tarixdə onlara çatdırılmışdır.

10. "xxxx" MMC tərəfindən "xxxx" BOKT MMC-nə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmış, ipoteka predmetini əldə etmək məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur.

11. BOKT "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində 0.10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı "A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m olan 4 otaqlı "B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evi hərracda satılmadığına görə həmin əmlakı almaq təklifi qəbul olunur, hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsi təmin ediləcək.

12. Həmin məktub xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nə çatdırılmışdır.

13. 19 fevral 2020-ci il tarixdə "xxxx" MMC və BOKT "xxxx" MMC arasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmış, BOKT "xxxx" MMC Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsini və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evini 187 500 manata əldə etmişdir.

14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından sonra xx.xx.2020-ci il tarixdə tərtib edilmiş hərracın yekunları barədə protokol xx.xx.2021-ci il tarixdə tələbkara təqdim edilmişdir.

15. BOKT "xxxx" MMC tərəfindən X1 hesabına "ipoteka predmetinin balansa götürülməsi ilə bağlı yaranan fərq məbləği” ödəniş təyinatı ilə 65 884,46 manat məbləğində pul köçürülmüş, həmin məbləğ İddiaçı verilmişdir.

16. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsi, ev 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "TBC Kredit” BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2186/2020 saylı qətnaməsi ilə, keçirilmiş hərracın yekunlarına dair protokolun və alqısatqı müqavilələrinin "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət olunmuşdur.

18. İddiaçı "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız sayılması” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

19. İddiaçı BOKT "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız sayılması və çıxarışın ləğv olunması” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

20. Həmin qətnamədə qeyd olunmuşdur ki, “...Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ... Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış evinə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir.”

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. İddiaçı (iddiaçı) "xxxx" MMC-nə, BOKT "xxxx" MMC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, BOKT "xxxx" MMC ilə arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literli və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literli, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2, X3 və İddiaçı birgə qaydada əsas borca görə 57 719,17 ABŞ dollarının, faiz borcuna görə 10 466,41 ABŞ dollarının, əldən çıxmış faydaya görə 841,21 ABŞ dollarının, cərimə borcuna görə 2000 ABŞ dollarının, yəni cəmi 71 026,79 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manatın, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın X4 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, "Sədərək” Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanda olan və dəyəri 172 590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250 000 manat müəyyən edilməklə Daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə və onun üzərində tikilmiş 1 mərtəbəli ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m oian 4 otaqlı "B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilərək dəbbə pulunun məbləği 200 dolları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli icra sənədinə və Cavabdeh1 xx.xx.2019-cu il tarixli 17/75-1/8-7H saylı sifarişinə əsasən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı "B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250000 manat məbləğində olmaqla "Külək” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli bildirişlərdən müəyyən edilir ki, fərdi evin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 250 000 manat olmaqla xx.xx.2020-ci il tarixdə saat 15:15-də ilkin hərrac keçirilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, fərdi evin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 250 000 manat olmaqla xx.xx.2019-cu il tarixdə 11:00-də təkrar hərrac keçirilmiş, hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı "Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. Təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən "İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə BOKT "TBC Kredit” MMCyə təklif olunmuşdur. Bundan sonra İddiaçı "xxxx" MMC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair idda ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli icra sənədinə ve Abşeron rayon İcra ve Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən “Külək" MMC tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün Abşeron rayon İcra ve Probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında Sifariş verilmiş və həmin əmlakın hərracda satılmasını təşkil edən "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmişdir. Keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış evinə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Lakin cari ilin əvvəlindən BOKT "xxxx" MMC tərəfindən ona şifahi formada xəbərdarlıqlar verilmiş və ipoteka predmeti olan fərdi yaşayış evinə dair hərracda protokol bağlanması və evin hazırda BOKT "xxxx" MMC-nin mülkiyyətində olması barədə məlumat verilmişdir. Bundan sonra "xxxx" MMC-yə vəkil sorğusu verilmiş və əldə edilən sənədlərə baxış keçirilərkən "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli 13/03 saylı Hərracın yekunları barədə Protokol tərtib edilmişdir. Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1851/2021 saylı mülki işin araşdırılması zamanı keçirilmiş hərracların nəticəsi olmamışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Hərracın yekunları barədə Protokolun olması Bakı Kommersiya Məhkəməsinə müvafiq iddianın verilməsini və xx.xx.2020-ci il tarixli e-2- 2(113)- 2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulması zərurətini aradan qaldırır. Lakin belə bir zərurət vari idi. Çünki Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-2186/2020 saylı iş və Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1851/2021 saylı mülki işə baxılarkən belə bir Protokol mövcud olmamışdır. Qeyd edilən xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə protokol 2021-ci ilin iyun ayından sonra bağlana bilərdi. Təkzibedilməz sübutlar onu deməyə əsas verir ki, protokolun tarixi hərrac tərəfindən qəsdən, məqsədli şəkildə təhrif edilmiş, bağlandığı tarix deyil, 2020-ci il tarixi göstərilmişdir. Əvvəlki tarix qeyd etməkdə məqsəd isə xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "xxxx" MMC-yə təklif olunması və xx.xx.2020-ci il tarixdən 30 gün keçmədən Protokolun tərtib olunması olmuşdur. Hərrac təşkilatçısının geri tarixlə protokol bağlamaqda məqsədi də ipotekaya xitam verilməsinin qarşısının alınması olmuşdur. Lakin Hərrac təkşilatı keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsinin mövcud olmasını və protokolu ən yaxşı halda qətnamənin tarixdən sonrakı tarixə tərtib etməli olduğunu unutmuşdur. Dövlət Reyestri xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, BOKT "TBC Kredit” MMC-nin mənzil üzərində mülkiyyət hüquqları tanınmışdır. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq 30 təqvim günü ərzində, yəni xx.xx.2020-ci il tarixədək ipoteka predmetini əldə etməmişdir.

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi iddianın əsassız olduğunu bildirmiş, digər cavabdehlər nümayəndələrini məhkəməyə göndərməmişlər.

24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırmışdır ki, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. İddiaçı ərizəsində tələbkar tərəfindən ipoteka predmetinin qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində qəbul olunmadığını və “Hərracın yekunları barədə protokol”un və müqavilənin daha sonra tərtib edildiyini irəli sürsə də, iş materiallarından aydın olur ki, hərracın keçirilməsi ilə əlaqədar xərclərin ödənişinə dair tələbkar ilə hərrac mərkəzi arasında mübahisə yaranmış, bu səbəblə tələbkar BOKT "TBC Kredit” MMC məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin "TBC Kredit BOKT” MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi "Külək” MMC-nin üzərinə qoyulmuşdur. Göründüyü kimi "TBC Kredit BOKT” MMC iradə ifadəsini, yəni ipoteka predmetinin əldə edilməsi niyyətini bildirərək, xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə edilməsinə dair təklifə xx.xx.2020-ci il tarixdə cavab verərək, əmlakı almaq təklifini qəbul etmiş, hərracın yekunları barədə protokol və alqı- satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və bağlanmışdır. Lakin hərracın keçirilməsi ilə əlaqədar xərclərin ödənişinə dair tələbkar ilə hərrac mərkəzi arasında mübahisə yarandığından, hərrac mərkəzi hərracın yekunları barədə protokolu və alqı-satqı müqaviləsini verməkdən imtina etmiş və ipoteka saxlayana təqdim etməmişdir. Həmin mübahisə məhkəmə qaydasında həll edildiyindən, hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə ipoteka saxlayana verilmişdir. Göründüyü kimi hərracın yekunları barədə protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanmış, lakin həmin tarixdə ipoteka saxlayana təqdim edilməmişdir.

26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 415.2-ci və 416-cı, “İpoteka haqqında” Qanunun 41.2-ci, 41.3-cü, 41.5-ci, 42.1-ci, 43.5-ci, 43.7-ci və 43.8-ci maddələrinə istinad etmişdir.

27. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadında əks olunan hüquqi mövqeləri nəzərə almadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmımişdir.

Apelyasiya baxışı, verilən izahatlar

29. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

32. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)

33. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

34. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

35. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

42. İşin hallarından göründüyü kimi, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tələbkara (BOKT "xxxx" MMC) təklif məktubu göndərilərək ipoteka predmetini əldə etmək məsələsinə münasibət bildirilməsi xahiş olunmuş, tələbkar (ipoteka saxlayan) xx.xx.2020-ci il tarixdə həmin təklifə cavab vermiş, müvafiq cavab məktubu xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nə çatdırılmışdır.

43. Bununla belə, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, hərracın keçirilməsi ilə əlaqədar xərclərin ödənişinə dair ipoteka saxlayanla hərrac təşkilatçısı arasında mübahisə yarandığından ipoteka saxlayan məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur.

44. Başqa sözlə ipoteka saxlayan, ipoteka predmetini əldə etməklə bağlı iradə ifadəsini 30 gün ərzində bildirmiş, lakin xərclərin ödənişinə dair onunla hərrac mərkəzi arasında mübahisə yarandığından, həmin mübahisəni həll edən məhkəmənin qərarı əsasında hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə ipoteka saxlayana verilmişdir.

45. Bu baxımdan kollegiya hesab edir ki, tələbkarın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddəti ötürmüş olması nəticəsinə gəlmək mümkün deyildir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Həmin əsaslardan hər hansı birinin mövcud olmaması istinad olunan normanın tətbiqini istisna edir. ...Məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə, Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı ziddiyyət təşkil etmir. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

47. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Bu qənaətə gələrkən kollegiya, iddiaçının daha əvvəl əmlakla bağlı keçirilmiş hərracın nəticələrini mübahisələndirdiyini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edildiyini də nəzərə alır; həmin qətnamə ilə hazırkı işin halları baxımından birbaşa preyudisial əhəmiyyət kəsb edən məsələlərə qiymət verilməsə də, hərracın qanuni keçirildiyi təsbit olunmuş, beləliklə də əslində mübahisəyə dair hüquqi müəyyənlik yaranmışdır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-301/2024 saylı iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar