Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2757/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 306/2024 nömrəli 05 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş 02 fevral 2018-ci il tarixli Əvəzləşmə Müqaviləsinə görə mülkiyyətçi İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsindəki 18 nömrəli evin 3 saylı mənzilinin 1/2 hissəsini sökülmək üçün Cavabdehnə təhvil verməyi, Kooperativ isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında giriş 1, 8-ci mərtəbədə ümumi sahəsi 46,82 kv.m. olan təmirsiz mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 aprel 2023-cü il tarixli Razılaşma müqaviləsinə görə tərəflər arasında bağlanmış Əvəzləşmə müqaviləsinə dəyişiklik edilərək, Kooperativ yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında giriş 3 (blok C), yaşayış 1-ci (ümumi 4-cü) mərtəbəsində yerləşən 78,9 kv.m. təmirsiz mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda göstərilmişdir ki, onunla Cavabdeh MTK arasında 14 aprel 2023-cü il tarixində 28 saylı notariat ofisində 02 fevral 2018-ci il tarixli Əvəzləşmə Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Razılaşma Müqaviləsi imzalanarkən ona bildirilmişdir ki, mənzilin daxili ara divarları hörülməyib və tam olaraq mənzil hazır deyil. Ona iki həftə ərzində mənzili tam şəkildə təhvil verəcəklərini bildirdilər. Razılaşmanın imzalanmasından artıq 6 ay keçməsinə baxmayaraq, hələ də ona mənzil təhvil verilməmişdir və eyni zamanda mənzili MTK tərəfindən qanunsuz olaraq ofis sahəsi kimi işlədilir. Eyni zamanda 4 aydan artıq müddətdir ki, ona əvəzləşmə müqaviləsi üzrə ödənilməli olan kirayə haqqı da ödənilmir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində inşa edilən yaşayış binasının C bloku, yaşayışın 1-ci (ümumi 4-cü) mərətbəsində yerləşən 78,9 kv.m təmirsiz mənzilin 3 gün ərzində ona təhvil verilməsini, mənzilin ona təhvil verildiyi vaxtadək aylıq 350 manat olmaqla kompensasiyasının 3 gün ərzində ona ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, S314 nömrəli cavab məktubunda göstərilmişdir ki, 02 fevral 2018-ci il tarixində onunla Kooperativ arasında Əvəzləşmə müqaviləsinin 6.2.1-ci maddəsinə dəyişiklik edilməsi barədə 14 aprel 2023-cü il tarixində Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən ona Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 19 mərtəbəli binanın C blokunda yerləşən 78,9 kv.m sahəyə malik mənzilin verilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda həmin mənzildə daxili hörgü işləri aparılır və qısa müddət ərzində mənzildə işlər yekunlaşacaqdır. Mənzildə işlər tam yekunlaşdıqdan sonra müqavilədə nəzərdə tutulmuş mənzil ona təhvil veriləcəkdir. Həmçinin də bildirilir ki, 02 fevral 2018-ci il tarixli Əvəzləşmə müqaviləsinin 6.3-cü maddəsinə əsasən müvəqqəti yaşayış sahəsi ilə təmin edilməyi üçün kompensasiya olaraq hər ay ödənilən 350 manat kirayə haqqı onun hesabına köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində inşa edilən yaşayış binasının C bloku, yaşayışın 1-ci (ümumi 4-cü) mərtəbəsində yerləşən 78,9 kv.m təmirsiz mənzilin ona təhvil verilməsi, cavabdeh tərəfindən mənzil təhvil verdiyi vaxtadək aylıq 350 manat olmaqla kompensasiya, vurulmuş maddi ziyan olaraq 5000 manat və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında 02 fevral 2018-ci il tarixində Bakı şəhəri 2 saylı notariat kontorunda əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin əvəzləşmə müqaviləsinin predmetinə əsasən ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xaniar küçəsindəki 18 nömrəli evin 3 saylı mənzilinin 1/2 hissəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Əvəzləşmə müqaviləsinin 6.2.1-ci maddəsində ona təhvil verilməsi nəzərdə tutulan mənzilin xüsusiyyətləri aşağıdakı kimi verilmişdir: binanın mərtəbələrinin sayı: 19, mənzilin ümumi sahəsi: 46,82 giriş: 1, mənzilin mərtəbəsi: 8. Əvəzləşmə müqaviləsinin 6.2-ci maddəsində qeyd edilmişdir ki, cavabdeh bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında təmirsiz mənzil ona verilməli idi. Əvəzləşmə müqaviləsinin 6.3-cü maddəsinə əsasən, “Mülkiyyətçi” yaşayış sahəsini “Kooperativ”ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdıraraq “Mülkiyyətçi”-yə təhvil verilənə qədər “Mülkiyyətçi”-nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 350 manat olmaqla kompensasiya “Kooperativ“ tərəfindən “Mülkiyyətçiyə” ödənilir. Kompensasiya 3 (üç) aylıq qabaqcadan olmaqla “Mülkiyyətçinin”-nin bank hesabına ödənilir. Cavabdehlə müqavilə bağlandıqdan sonra 25 fevral 2018-ci il tarixində ona məxsus olan yaşayış sahəsini cavabdehə sökülmək üçün Təhvil-təslim Aktı ilə təhvil vermişdir. Bundan sonra demək olar ki, 3 il müddətində tikintinin gedişatı ilə maraqlanmamışdır, yəni gedib cavabdehi narahat etməmişdir. Müqavilənin 6.2-ci maddəsinə əsasən 24-30 ay müddətinə mənzil tikilib ona təhvil verilməli idi. Bu müddət 2020-ci ilin avqust ayının 25-də tamam olmuşdur. Həmin tarixdən sonra cavabdehə müraciət etdikdə bəhanələrlə binanın tikintisinin davam etdiyini və mənzilin hazır olmadığını ona bildirdilər. O da mövcud pandemiya və müharibə şəraitini nəzərə alaraq səbrlə gözləməyə başlamışdır. Bir müddət sonra isə qonşularına mənzillərin təhvil verildiyini öyrənmişdir. 2022-ci ilin ortalarında cavabdehin nümayəndələri ilə görüşdükdə ona mənzilin sahəsinin az olduğu üçün onun mənzilinin başqa mənzillə birləşdirib satmaq fikirlərinin olduğunu bildirdilər. Ona isə başqa yerdən 48 kv.m mənzil verəcəklərini bildirdilər. Hər dəfə bir bəhanə ilə ona mənzilin təhvil verilməsindən yayındılar. Aldadıldığını və ona məxsus verilməsi nəzərdə tutulan mənzilin olmadığını başa düşdükdən sonra 2022-ci ilin oktyabrında rəsmi olaraq prokurorluğa şikayət etmişdir. Cavabdeh tərəfindən bundan sonra onu dəvət etdilər, ona 46 kv.m mənzilin təhvil verilməsinin mümkün olmadığını bildirdilər. Uzun danışıqlardan sonra o öyrənmişdir ki, cavabdehdə satılmayan 78.9 kv.m təmirsiz mənzil var. 14 aprel 2023-cü il tarixində 28 saylı notariat ofisində 02 fevral 2018-ci il tarixli Əvəzləşmə Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Razılaşma Müqaviləsi imzalamışlar. Həmin Razılaşmaya əsasən Əvəzləşmə müqaviləsinin 6.2.1-ci maddəsinə dəyişiklik edilərək yeni redaksiyada aşağıdakı məzmunda verildi: Binanın mərtəbələrinin sayı: 19, Mənzilin ümumi sahəsi: 78,9, Giriş: 3 (Blok C), mənzilin ümumi mərtəbəsi: 4, mənzilin yaşayış mərtəbəsi: 1. Razılaşma bağlanarkən ona bildirdilər ki, mənzilin daxili ara divarları hörülməyib və tam olaraq mənzil hazır deyil. Ona iki həftə ərzində mənzili tam şəkildə təhvil verəcəklərini bildirdilər. O yenə cavabdehə inanmışdır. Razılaşmanın imzalanmasından artıq 6 ay keçməsinə baxmayaraq, hələ də ona mənzil təhvil verilməmişdir və eyni zamanda mənzili cavabdeh tərəfindən qanunsuz olaraq ofis sahəsi kimi istifadə edilir. Cavabdehə müraciətlərin də artıq heç bir mənası qalmamışdır. Eyni zamanda cavabdeh tərəfindən 4 aydan artıq müddətdir ki, ona Əvəzləşmə müqaviləsi üzrə ödənilməli olan kirayə haqqı da ödənilmir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 fevral 2024-cü il tarixli 2(009)-306/2024 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində inşa edilən yaşayış binasının C bloku, yaşayış 1-ci (ümumi 4-cü) mərtəbəsində yerləşən 78,9 kv.m təmirsiz mənzilin İddiaçı təhvil verilməsi və mənzil təhvil verildiyi vaxtadək aylıq 350 manat olmaqla kompensasiya və ödənilmiş 120 manat dövlət rüsumunun İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh MTK yuxarıda qeyd olunan müqavilələr əsasında yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə dair vəzifənin daşıyıcısı olmuş, lakin göstərilən müqavilələr əsasında yaşayış sahəsini iddiaçıya təhvil verməli olmasına dair vəzifəsini icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddia tələbinin kirayə haqqı kimi mənzil təhvil verildiyi vaxtadək aylıq 350 (üç yüz əlli) manat olmaqla kompensasiya tutulması hissəsi də əsaslı olduğundan təmin edilməlidir.
9. İddiaçının 5000 manat maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. İddiaçı isə iddia tələbini təsdiq edən sübutları təqdim etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə» 12 aprel 2004-cü il tarixli qərarına, Mülki Məcəllənin 16.1, 157.2, 157.4, 385.1, 560.1, və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Cavabdehin mənzili təhvil verməsini gecikdirməsi və kirayə pulunu ödəməməsi ona bu müddət ərzində 5000 manat maddi zərər dəyməsinə səbəb olmuşdur. 02 fevral 2018-ci ildə əvəzləşmə müqaviləsi bağlamış, müqaviləyə görə 30 ay müddətinə mənzil ona təhvil verilməli idi, lakin hələdə təhvil verilməmişdir. O, hər ay 470 manat kirayə haqqı ödəyir, həmin məbləğdən 350 manat cavabdeh, 120 manat isə onun tərəfindən ödənilmişdir. Beləliklə indiyə qədər ümumilikdə 5000 manat ona maddi zərər vurulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
16. Cavabdeh tərəf ərizə göndərərək, mübahidə predmeti olan mənzilin iddiaçıya təhvil verilməsi üçün tam hazır olduğunu və bu halın nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
29. İddiaçı iddia tələbində vurulmuş maddi ziyana görə 5000 manat tələb etmişdir, məhkəmədə haqlı olaraq göstərmişdir ki, iddianın həmin hissəsi konkret faktlarla sübuta yetirilmədiyi, iddiaçı həmin tələbini əsaslandırmaq üçün heç bir sübut təqdim etmədiyi üçün əsaslı hesab edilmir.
30. İddiaçı maddi ziyana görə 5000 manat tələb etsə də, həmin maddi ziyanın nədə ifadə olunduğunu göstərən, iddia tələbini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.
31. Apellyasiya şikayətində göstərmişdir ki, 470 manat kirayə haqqının 120 manatı tərəfindən ödənilmişdir, bunun nəticəsində ona 5000 manat maddi ziyan vurulmuşdur.
32. Əvvəla, müqavilə ilə kirayə haqqı 350 manat müəyyən olunmuşdur və cavabdeh də məhz həmin məbləği ödəyir. Digər tərəfdən isə iddiaçı istinad etdiyi bu halı təsdiq edən, yəni 470 manat kirayə haqqı ödədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-306/2024 nömrəli iş üzrə 05 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (maddi zərərin tutulması) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.