Məhkəmə qərarları › İş №2(103)-2763/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2763/2022

12.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2763/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2(004)-757/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması və "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən tərtib olunmuş 29.11.2021-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı ümumilikdə 61731,54 manat kredit borcunun tutulması və tutmanın İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 118000 manat müəyyən olunması və evin açıq hərracdan satılaraq tələbin ödənilməsi qət olunmuşdur. İcra sənədi icraya yönəldilmiş və Abşeron rayon İcra Şöbəsi tərəfindən əmlaka qoyulan 118000 manat satış qiyməti ilə "xxxx" MMC Hərrac Mərkəzinə sifariş verilmişdir. Əmlakla bağlı "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən hərraclar keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka saxlayana əmlakın əldə edilməsi üçün təklif göndərilmişdir. İpoteka saxlayan Cavabdeh1 ASC tərəfindən 29.11.2021-ci il tarixli hərracın yekunları barədə protokol imzalanaraq əmlak əldə edilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən hərraclar keçirilmiş və təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə «Birja yenilikləri» qəzetində elan dərc edilmişdir. Bundan sonra əmlak Hərrac Mərkəzi tərəfindən «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur, ipoteka saxlayan Cavabdeh1 ASC 29.11.2021ci il tarixdə hərracın yekunları barədə protokol imzalayaraq əmlakı əldə etmişdir. Halbuki «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Yuxarıda adı çəkilən əmlak isə ipoteka saxlayan tərəfindən 33-cü təqvim günündə əldə edilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, ipoteka saxlayan ipoteka predmetini 29.11.2021-ci il tarixli protokola əsasən əldə etmişdir. Beləliklə, «Birja yenilikləri» qəzetində 26.10.2021-ci il tarixdə çıxmış elana əsasən təkrar hərrac baş tutmamışdır. Məhz elanın dərc olunduğu tarix 26.10.2021-ci il olduğu üçün ipoteka saxlayan tərəfindən ipotekanın əldə edilməsi üçün son müddət 26.11.2021-ci il tarixidir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: 1.Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi; 2.İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Külək MMC Hərrac Mərkəzi tərəfindən Cavabdeh1 ASC-yə 26.10.2021-ci il tarixli ipoteka predmetinin əldə edilməsi üçün təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. Qeyd edir ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş «İpoteka predmetinin əldə edilməsi» termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Belə ki, «İpoteka haqqında» Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunun maddəsindən göründüyü kimi 30 təqvim günü ərzində protokolun imzalanması ipoteka saxlayanın ipoteka predmetini əldə etməsi kimi başa düşülür. Bu barədə də qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2(004)- 757/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçısına rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməməsini, bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının özü hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmişdir. Bununla yanaşı, işdə olan sübutlardan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən açıq hərracın təşkil olunması üçün «Respublika Xammal və X3» MMCyə sifariş verilmişdir. Hərrac təşkilatı tərəfindən 01.10.2021-ci il və 21.10.2021-ci il tarixlərdə keçirilən hərraclar baş tutmamış elan edilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə «Birja yenilikləri» qəzetində elan dərc edilmişdir. Bundan sonra, hərrac təşkilatı tərəfindən Cavabdeh1 ASC-yə 26.10.2021-ci il tarixli, a/4697 saylı məktubla ünvanlanlanaraq, «İpoteka Haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 75225 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. Cavabdeh1 ASC isə hərrac təşkilatına ünvanladığı 28.10.2021-ci il tarixli, KBD 18375/1 nömrəli məktubla ipoteka qoyulmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin 75225 manata alınmasına razılığını bildirmişdir. 29 oktyabr 2021-ci il tarixdə isə müvaifq protokol və alqı-satqı müqaviləsi ilə əmlak 75225 manata tələbkar tərəfindən əldə olunmuş, hazırda Bankın mülkiyyətindədir. Tutma yönəldilən ipoteka predmetinin satışüsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri «İpoteka haqqında» Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında» Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən müvafiq hərrac təşkilatı tərəfindən təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021ci il tarixdə «Birja yenilikləri» qəzetində elan dərc edilmişdir. Bundan sonra, hərrac təşkilatı 26.10.2021-ci il tarixdə Banka təklif məktubu göndərmiş, əmlakı 30 təqvim günü ərzində almayacağı təqdirdə icra sənədinin geri qaytarılacağını bildirmişdir. Bank bu təklifi qəbul etmiş və 28.10.2021-ci il tarixdə müvafiq razılıq məktubunu hərrac təşkilatına göndərmişdir. Nəticədə ipoteka saxlayan ilə hərrac təşkilatı arasında «İpoteka haqqında» Qanunun tələblərinə əsasən 29 oktyabr 2021-ci il tarixli 73/01-2 saylı hərrac protokolu rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı hərrac təşkilatı tərəfindən ona ünvanlanmış 29.11.2021-ci il tarixli, a/5022 saylı məktuba əsasən, hərracın yekunlarına dair protokolun 29.11.2021-ci il tarixdə imzalanmasını qeyd edərək, ipoteka saxlayan tərəfindən ipoteka predmetinin 30 təqvim günü müddətində əldə edilməməsini iddia etsə də, iş materiallarında olan hərracın yekunları barədə protokoldan onun 29 oktyabr 2021-ci il tarixdə rəsmiləşdirilməsi, bununla da ipoteka saxlayan tərəfindən ipoteka predmetinin qanunda nəzərdə tutulmuş müddətdə əldə etməsi və qeyd edilən məktubda hərracın yekunlarına dair protokolun imzalanması tarixinin texniki səhv olaraq 29.11.2021ci il göstərilməsi təsdiq edilir. Yəni, bankın «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddəti ötürmüş olması nəticəsinə gəlmək mümkün deyildir. İpotekaya xitam verilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda hərrac protokolunun etibarsız sayılması üçün əsaslar müəyyən edilməmiş, iddia tam əsassızdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nətcəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırki mübahisə «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini əldə edib-etməməsi ilə bağlı sahədə yaranmışdır. İddiaçının tələbinə görə ipoteka saxlayan qeyd edilən müddət ərzində ipotekanı əldə etməmişdir (ipotekanı 33 gün sonra əldə etmişdir), bu səbəbdən də ipotekaya xitam verilməlidir. Lakin işdə olan sübutlardan açıq-aşkar görünür ki, ipoteka saxlayan (Cavabdeh1 ASC) «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən müddət ərzində ipotekanı əldə etmiş, bu istiqamətdə 29 oktyabr 2021-ci il tarixli 73/01-2 saylı hərrac protokolu rəsmiləşdirilmiş və eyni tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının istinad etdiyi hərrac təşkilatı tərəfindən ona ünvanlanmış 29.11.2021-ci il tarixli, a/5022 saylı məktubda hərracın yekunlarına dair protokolun 29.11.2021-ci il tarixdə imzalanması barədə qeyd isə texniki səhv olmaqla işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda, məktubda olan məlumatlar, analoji halları təsdiq edən sənədlərin özündən üstün sübut kimi qəbul edilə bilməz. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbini əsaslandırmamışdır. Bununla yanaşı, iddiaçı hərracın yekunları barədə protokolun da qanunsuzluğu (etibarsızlığı) istiqamətində məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, tələbini formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2(004)-757/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e- 2(004)-757/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar