Məhkəmə qərarları › İş №2(103)-2764/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2764/2021

17.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2764/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin nümayəndələri X3 və X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-5454/20 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmrin ləğv edilərək Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-5454/20) iddia təmin edilərək "Cavabdeh" MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, K048/20 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən Cavabdeh MMCdə məhsul təbliğatı üzrə mütəxəssis (Saatlı, Sabirabad, Şirvan və Hacıqabul rayonları üzrə) vəzifəsində işləməyə başlamışdır. xx.xx.2020-ci il tarixli, K048/20 əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Bu səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməyi ilə bağlı məhkəməyə müraciət etmək olmuşdur. İddiaçı işlədiyi müddətdə heç bir əmək normasını pozmamışdır. Şirkətin qoyduğu qaydalara tam şəkildə riayət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı əmək məzuniyyətinə buraxılmışdır. Həmin vaxt iddiaçıya məzuniyyət pulu ödənilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçını məzuniyyətdən geri çağırmış, xx xxxxxx 2020-ci il tarixdə ona Bakı şəhərində yerləşən şirkətin baş ofisində öz ərizəsi ilə işdən çıxmağı təklif etmişlər. İddiaçı bunun qanunsuz olduğunu bildirmiş və məzuniyyət pulunun ödənilməsini tələb etdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə ona töhmət vermişlər. Sentyabr ayının sonunda isə şirkətdən iddiaçıya bildirmişlər ki, onunla olan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli əmri ilə əmək qanunvericiliyinin bir çox normalarının pozuntusuna yol vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli, K-045/20 saylı əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi barədə əmrinin surətindən görünür ki, Cəmiyyətin Məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı Zülfiqar oğlu rəhbərlik tərəfindən təyin olunan öhdəliklərin icrasına, işə davamiyyətə səhlənkar yanaşmaqla, həmçinin, xx.xx.2020-ci il tarixində şirkətin baş ofisində iclas zamanı və sonra rəhbər işçilərlə kobud tərzdə (hədələmək və ittiham etməklə) danışmaqla əmək müqaviləsi və qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərini və daxili nizamintizam qaydalarını pozmuşdur. İşində və davranışında yol verdiyi nöqsanlarını nəzərə alaraq və göstərilən pozuntunun gələcəkdə təkrarlanmaması məqsədi ilə, məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışan X2 Azərbaycan Respublikası əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, K048/20 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx xxxxxxxx 2020ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (xx.xx.2020-ci il tarixli, K-045/20 nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi, istifadə etmədiyi əmək məzuniyyətinə görə 2019-2020 təqvim ili üçün 10 (on) təqvim günü və 2020-2021 təqvim ili üçün 20 (iyirmi) təqvim günü üçün pul əvəzi verilməsi əmr edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixli, K-048/20 saylı əmrə əsasən, xx xxxxxxxx 2020-ci il tarixdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “ə” bəndində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən və bu əmək müqaviləsinə əlavə vəzifə təlimatından görünür ki, işçinin vəzifə öhdəlikləri aşağıdakılardır: - gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması; - müştərilərdən məhsullar üzrə rəy alınması; - həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması; - iclaslarda iştirak etmək, iş yerində yaranmış problemlər barədə birbaşa rəhbərinə məlumat vermək; - gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq; - bazar araşdırması prosesində iştirak etmək; - yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını təmin etmək; - problemli müştərilər barədə birbaşa rəhbərliyi məlumatlandırmaq; - rəhbərlik və ya məsul şəxsin işlə bağlı verdiyi digər tapşırıqların icra edilməsi. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı müəssisədə xx xxxxxx 2019-ci il tarixindən məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışmağa başlamışdır. İşlədiyi müddət ərzində tez-tez davamiyyət və nizamintizam qaydalarını pozması ilə bağlı bir neçə dəfə şifahi xəbərdarlıq edilmişdir. Bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq nə işgüzar fəaliyyətinə yanaşmasında, nə də nizam-intizamında müsbətə doğru dəyişiklik müşahidə olunmamışdır. xx xxxxxx 2020- ci il tarixində qeyd olunanlarla bağlı təqdim edilmiş təqdimat və eyni zamanda ofisdə olarkən etik normalardan kənara çıxan davranış sərgiləməsi səbəbindən işçiyə xx xxxxxx 2020-ci il tarixli, № K-045/20 nömrəli əmrlə töhmət verilmişdir. Ona şirkətdaxili qaydaqanunlara riayət etməsi, təkrar pozuntu halında daha ağır intizam tənbehinin verilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. Tanış olması üçün xx xxxxxx 2020-ci il tarixli, K-045/20 nömrəli əmr yaşadığı əraziyə (Şirvan) göndərilsə də, şəxs əmrlə tanış olduğunu imzası ilə təsdiq etməmişdir. Telefonla əlaqə saxlayaraq haqqında verilən əmrlə tanış olması gərəkdiyini və prosedurun tələbinə uyğun olaraq sənədi aldığına dair imza atması gərəkdiyi barədə məlumatlandırılsa da nəticəsi olmamışdır. İmzalamadığı üçün sənədi ona mail vasitəsi ilə göndərilmiş və mailə cavab yazmışdır. İlk intizam tənbehindən 1 ay müddət keçmədən işçi yenidən nizam-intizam qaydalarını pozub (icazəsiz işə çıxmama, bununla bağlı rəhbərə yalan danışma və digər). Qeyd olunanlar xx xxxxxxxx 2020-ci il tarixində şöbə rəhbərinin təqdimatı və bölgədə monitorinq aparan analitik vəzifəsində çalışan Ramin Əhmədovun izahatı ilə öz təsdiqini tapmışdır. xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (72- ci maddənin ə bəndində göstərilən hal ilə - əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyalarını pozması) onunla bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın aparılması (xitam verildiyi ay üzrə əmək haqqısı, məzuniyyət qalığı) Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri gözlənilməklə icra edilmişdir. İşçinin iddia ərizəsində bildirdiyi məzuniyyət pulunun və əmək haqqının verilməməsi iddiası tamamilə əsassızdır. İddiaçı 25.01,2019-cu il tarixində müqavilə bağlanarkən 260 AZN məbləğində məvacib təyin olunmuş, xx.xx.2019-cu il tarixində isə əmək haqqısı müqaviləyə 063/19 saylı əlavə ilə 320 AZN (gross) məbləğində təyin olunmuşdur. İddiaçı son iş ayı üçün (sentyabr) işlədiyi gün sayı 14 iş günüdür. 15 sentyabr tarixində işçinin YapıKredi bank hesabına 150 AZN (net) avans məbləğ köçürülmüş və digər 3 günün əmək haqqısı və məzuniyyət qalığı ödənişi (2019-2020-ci iş ili üçün 10, 2020-2021-ci iş İli üçün 20 gün olmaqla, topla m 30 gün məzuniyyət qalığına görə 315,79 AZN məbləğində hesablanmış məzuniyyət haqqı) xx xxxxxxxx 2020 tarixində əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabda nəzərə alınmışdır. Vergi tutulmalarından sonrakı məbləğ (net) 478,89 AZN150 AZN (avans məbləği)=328.89 AZN (işçinin hesabına köçürülən net məbləğ). Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, hakimin qəbul etdiyi qərardan belə nəticəyə gəlmək olur ki, işçi istədiyi kimi davranmaqda sərbəstdir və işəgötürən hər dəfəsində yalnız töhmət verməklə kifayətlənməlidir, bu proses zəncirvari şəkildə istənilən sayda təkrarlana bilər. Hesab edirlər ki, bu birmənalı şəkildə hüquqlarının məhdudlaşdırılması deməkdir, bundan əlavə qanunun ruruna və fəlsəfəsinə tərsdir. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlə (işəgötürənlə) bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmrin ləğv edilərək Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq təmin etmiş və bu zaman qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC iddiaçı ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmamamasına və altı ay ərzində təkrarən əmək funksiyasını pozmasına istinad etsə də, bu pozuntunun, yəni əmək funksiyasının pozulmasının məhz nədən ibarət olmasını açıqlamamışdır. Cavabdehin nümayəndəsi iddianın əsassızlığına dair iddiaçının tez-tez davamiyyət və nizam-intizam qaydalarını pozması, icazəsiz işə çıxmama, bununla bağlı rəhbərə yalan danışma kimi əsaslar gətirsə də, məhkəmə araşdırması zamanı iddiaçının gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması, həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması kimi vəzifə öhdəlikləri daşıdığı müəyyən edilmişdir. Bu isə iddiaçının iş yerində olmadığı hallarda belə bunun onun öz vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olmasının mümkünlüyünü ortaya qoyur. Nəzərə alınmalıdır ki, cavabdeh bunun əksini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, cavabdeh iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əmək müqaviləsinin ləğvi üçün əsas olmuş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli təqdimatlarda göstərilmiş hallar təsdiq olunsa belə bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Cavabdeh isə məhkəməyə bu halların baş verməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslılığına dair dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddia tələbi xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmrin ləğv edilərək iddiaçının Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar