Məhkəmə qərarları › İş №2(103)-2764/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2764/2023

04.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2764/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Sabunçu Rayon Məhkəməsinin 2(008)-1143/2023 saylı, 01 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4759/2021 saylı qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “çıxarışın ləğvi” tələbinə dair 2(008)-2504/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ondan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, icraatın dayandırılması Bankın mülkiyyətində olan əmlakdan qanunsuz olaraq həmin mənzildə yaşayanların çıxarılmasının gecikdirmiş olur. Bu isə öz növbəsində bankın mülkiyyət hüquqlarını kobud surətdə pozur. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən belə nəticəyə gəlmişdir ki, hazırki mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “çıxarışın ləğvi” tələbinə dair işlə birbaşa əlaqəli olduğundan həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmalıdır Məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarı). Birinci instansiya məhkəməsi isə qərardadında işlərin bir-birindən asılılığının nədən ibarət olmasını, digər iş üzrə mübahisə həll edilməyincə hazırki işə baxılmasının ümumiyyətlə mümkün olmamasını əsaslandırmamışdır. Bununla yanaşı, işdə, icraatın dayandırılmasına əsas olan digər iş üzrə iddia ərizəsi belə mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız digər iş üzrə iddia əizəsinin icraata qəbul edilməsi barədə qərardada əsaslanmışdır. Belə olan halda məhkəmənin nəyə əsasən işlərin bir-birindən asılı olması qənaətinə gəlməsi anlaşılmazdı. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından hər iki işin eyni hakimin icraatında olması görünür (Sabunçu Rayon Məhkəməsinin 2(008)-2504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 15:50-ə təyin edilmişdir. sədrlik edən hakim Adilə Paşayeva) MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göründüyü kimi, əgər qanunverici müvafiq hallarda işlərin bir icraatda birləşdirilməsi imkanını da nəzərdə tutmuşdur. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu səbəbdən də, məhkəmə iş üzrə icraatın dayandırılması barədə məsələni müzakirə edərkən mülki işlər üzrə tərəflər, iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq, işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilmək üçün icraatın dayandırılması əvəzinə hər iki işin birləşdirilməsi məsələsinə baxa bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırlması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı” (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Sabunçu Rayon Məhkəməsinin 2(008)-1143/2023 saylı, 01 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı Sabunçu Rayon Məhkəməsinin 2(008)-1143/2023 saylı, 01 mart 2023cü il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar