Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2766/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2651/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2651/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alımışdır.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. İddiaçı göstərilən tarixdə məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2651/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, o, bundan əvvəl də məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda sonradan işlərin birləşdirilməsi barədə ərizə təqdim etmişdir. Lakin məhkəmə tərəfindən tam qanunsuz və əsassız olaraq ərizəsi baxılmamış saxlanılmışdır. Halbuki məhkəmə onun ərizəsinə qiymət verməklə işlərin birləşdirilməsi barədə qərardad qəbul etməli idi. Ona görə də həmin qərardad ləğv edilməli işlərin birləşdiirilməsi barədə qərardad qəbul edilməklə hazırkı işə xitam verilməlidir. Mülki- Prosessual Məcəllənin 259.0.7-ci maddəsinin məzmununda məhz birinci çağırış ifadəsi işlədilmişdir. Halbuki o, birinci çağırışda iştirak etməyəcəyi və işə iştirakı olmadan baxılmasını özündə əks etdirən ərizə ünvanlamışdır (əlavə edilir). Lakin məhkəmə nə həmin ərizəni nəzərə almış (ümumiyyətlə elektron kabinetdə yoxdur həmin ərizə), nə də işlərin birləşdiirlməsi vəsatətini diqqətdə saxlamışdır. Halbuki niyyəti işlərin birləşdirilməsi və işə Sabunçu Rayon Məhkəməsində baxılması olmuşdur.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2651/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: -259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; -259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2651/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. 10.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilir ki, iddiaçının cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944 a, ev 151 saylı mənzildən çıxarılması barədə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. 11.xx.xx.2025-ci il tarxidə iddiaçı elektron kabinet vasitəsi ilə vəsatət təqdim edərək hazırki iş üzrə cavabdeh olan Cavabdeh ona, yəni İddiaçı və digərlərinə qarşı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A məhəlləsində yeləşən, bina 4,5, 151 nörməli mənzilə iddiaçı Cavabdeh mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində (hakim Həqiqət Mahmudova) olduğunu, iddia ərizəsinin icraata qəbul edilərək (iş № 2(008)-113/2025) növbəti məhkəmə iclasının xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edildiyini, qeyd olunan mülki işlə hazırkı işin birbiri əlaqəli iş olduğunu bildirərək hazırkı işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-113/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini və işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 12.Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixli şifahi məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa bir vaxta təxir edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixdə isə iddiaçı ərizə təqdim edərək xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iş üzrə icraatın birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan göründüyü kimi məhkəmə iclasında iştirak etməyən tərəflərin iştirakının təmin etmək məqsədi ilə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 14:00-a təxir edilmişdir. 14.xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil vəsatət təqdim edərək hazırkı mülki iş üzrə icraatın Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-113/2025 saylı mülki işə baxılıb qurtarana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 15.xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan göründüyü kimi iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçının gəlməməsi səbəbindən mülki iş üzrə iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. 16.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 259.0.6 və 259.0.7-ci maddələrinə istinad edərək iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gələrkən priosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçı tərəfin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasından əvvəl məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə ərizə təqdim etməsini nəzərə almamışdır. 17.Belə ki MPM-in 259.0.7-ci maddəsinə görə yalnız iddiaçının məhkəmənin birinci çağırışına üzrsüz səbəbdən gəlmədiyi və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyi halda , cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlaya bilər. 18.Lakin iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasından əvvəl, yəni birinci çağırışdan öncə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək məhkəmədən həmin iclasın onun iştirakı olmadan keçirilməsini və eyni zamanda işin Sabunçu Rayon Məhkəməsində baxılan digər işlə birləşdiriləsini xahiş etmişdir. Bu ərizə ilə iddiaçı iclasın onun iştirakı olmadan keçirilməsinə razılıq verdiyini açıq şəkildə bildirmişdir.
19. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə razılıq verməsi halında, məhkəmə iddia ərizəsini baxılmamış saxlamaqla prossessual normaların tələblərini pozmuşdur. 20.Eyni zamanda birinci instansiya məhkəməsi, iddiaçı tərəfin hazırki iş üzrə mülki işin Sabunçu Rayon Məhkəməsində olan digər işlə bir icraatda birləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli, eləcə də cavabdeh tərəfin hazırki mülki iş üzrə icraatında Sabunçu Rayon Məhkəməsində olan digər işə baxılıb qurtaranadək dayandırılması bardə xx.xx.2025-ci il tarixli vəsatətlərinə münasibət bildirməyərək prosessual pozuntulara yol vermişdir.
21. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2651/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Musayeva Cəmilə