Məhkəmə qərarları › İş №2(103)-2768/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2768/2022

30.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2768/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13.12.2018-ci il tarixli **********3 saylı əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X1-Sosial reabilitasiya şöbəsində əvvəlki vəzifəsinə-həmin şöbənin müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə 13.12.2018-ci il tarixdən işə bərpa edildiyi günədək olan müddət ərzindəki əmək haqqı həcmində kompensasiyanın, həmçinin işdən çıxarılmağı ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərin qarşılığı olaraq 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yavar 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № e-2(004)-451/22) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilməli və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar