Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2770/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh1 qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(008)-805/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzil iddiaçıya məxsusdur və o həmin evin mülkiyyətçisi Cavabdeh2 onun oğludur. Digər Cavabdeh1 isə gəlinidir. Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatında olsa da, digər cavabdeh olan həyat yoldaşı həmin mənzildə qeydiyyatda deyildir. O, həyat yoldaşına məxsus digər mənzildə qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
2. İddiaçı cavabdehlər X4, Cavabdeh1 qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzilə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi, Cavabdeh2 və Cavabdeh1 övladları X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, ev 3, 46 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehin başqa yaşayış yeri olsa da onun həmin mənzildən çıxarılma tələbini yerinə yetirmir və həmin mənzildən çıxmayacağını bildirir. Onu həmin mənzilə buraxmırlar. Mülkiyyət hüququ tamamilə məhdudlaşdırılmışdır. Cavabdeh2 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28A saylı fərdi ev mülkiyyətindədir. Bundan başqa Cavabdeh1 Qəbələ rayonunda müxtəlif ünvanlarda torpaq sahəsi mövcuddur. Cavabdeh2 mülkiyyətində başqa yaşayış yeri olduğundan və həmin evdə yaşaya biləcəyini nəzərə alaraq ona kompensasiya verilmədən mülkiyyətimdə olan mənzildən çıxarılmalıdır. Kompensasiya o halda verilə bilər ki, istifadə hüququ olan şəxsin başqa yaşayış yeri olmasın. Digər Cavabdeh1 ümumiyyətlə onun mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud deyildir. O, həmin mənzildən çıxarılmalıdır. Eyni zamand onların yetkinlik yaşına çatmayan qızları Əsnaf Vəliyeva onlarla birlikdə mənzildən çıxarılmalıdır. Həmin mənzil boşaldılaraq ona təhvil verilməlidir. Cavabdehin başqa yaşayış yeri mövcuddur. Həmin ev mülkiyyət hüquqlarına əsasən cavabdehə məxsusdur. Həmin ünvana köçərək orada yaşaya bilər. Belə olan halda ona kompensasiya verilmədən istifadə hüququna xitam verilməli və o həmin mənzildən çıxarılmalıdır.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 yanvar 2023-cü il tarixli, 2(008)-805/2023 saylı qətnaməsi ilə (hakim Cəfərli Nilüfər) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
5. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Göründüyü kimi artıq cavabdehlərin yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır. Onun şəxsi mülkiyyətində hazırda evi vardır. Həmin evdə məhz iddiaçı tərəfindən ona verilmişdir. Belə olan halda iddiaçının çətin vəziyyətə salınması və əlavə xərcə salınması hesab edirəm ki, hüquqdan suiistifadədir. Mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Həmin ev yaşayış üçün normaldır. Eyni zamanda digər cavabdehin mülkiyyətində müxtəlif ünvanlarda torpaq sahələri mövcuddur. Məhkəmə eyni zamanda işi düzgün aradırmamışdır. Əgər düzgün araşdırmış olsaydı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına istinad etməli idi. Lakin nədənsə məhkəmə buna istinad etməmişdir. Həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Göründüyü kimi Cavabdeh2 mülkiyyətində ev var. Yəni artıq digər ev üzərində mülkiyyət hüuqu əldə etmişdir. Odur ki, ona qarşı düzgün olaraq kompensasiya verilmədən istifadə hüuquna xitam verilməsi barədə iddia qaldırılmışdır. Bu baxımdan qətnamə əsassızdır. Eyni zamanda cavabdehlərin mənzildən çıxarılması barədə qaldırdıqları iddia tələbi də əsaslıdır. Çünki onların orada yaşaması mülkiyyət hüququmu məhdudlaşdırır. Birinci instansiya məhkəməsi qətnamədə göstərilən halların işin nəticəsinə uyğun gəlməməsini onunla əsaslandırıram ki, əvvəla Cavabdeh2 istifadə hüququnun olmasın biz bildirmişik. Ancaq nəzər almaq lazınmdır ki, mənzil özəlləşdirilərkən Cavabdeh2 də həmin mənilin iddiaçının mülkiyyətinə keçməsinə razılıq vermişdir. Buna baxmayaraq iddiaçı tərəfindən məhz cavabdehə digər yaşayış sahəsi alınmışdır. Həmin mənzil onun mülkiyyətindədir. Yəni bir vaxtlar həmin mənzil alınarkən cavabdeh mübahisəli mənzildən çıxmalı idi. Lakin cavabdeh bu gündə veriyi vədə əməl etməmişdir. Üstəlik iddiaçıını atası olmasına baxmayaraq mənzilə buraxmır. Onun mülkiyyət hüquqlarını pozur. Onun digər mənzilinin olması iddianın təmin olunması üçün əsas idi. Lakin məhkəmənin qəbul etdiyi qətnamə işin hallarına uyğun deyildir. İstifadə hüququ olsa belə kompensasiya verilmədən xitam verilməli idi. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, İş üzrə birici instansiya məhkəməsində araşdırma apararkən müəyyən edilmişdir ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında əldə edilmişdir və həmin orderdə ailə üzvü kimi Cavabdeh2 da adı qeyd edilmişdir. Həmin vaxtdan indiyədək Cavabdeh2 fasiləsiz olaraq mübahisəli mənzildə yaşayır və hazırda ailə üzvləri də həmin mənzildə yaşayır. Bu faktları iddiaçı iddia ərizəsində qeyd etməsə də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə verdiyimiz suallara cavab olaraq etiraf etmişdir və bu hallar məhkəmə iclasının audio-video yazısı ilə də təsdiq edilir.Bununla da mübahisəli mənzilin order əsasında əldə edilməsi, həmin orderdə Cavabdeh2 da ailə üzvü kimi adının olması və sonuncunun 1987-ci ildən indiyədək fasiləsiz olaraq həmin mənzildə yaşaması işin mübahisəsiz halları kimi müəyyən edilmişdir.Cavabdeh2 1987-ci ildən indiyə kimi mübahisəli mənzildə yaşaması 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından onun istifadə hüququnun mövcud olması deməkdir. İddiaçının özünün də bu hüquqa xitam verilməsi barədə iddia verməsi həmin hüququn mövcudluğunu qəbul etməsi deməkdir.iş üzrə mübahisəli məqam ondan ibarətdir ki, iddiaçının mövqeyinə görə cavabdehin həmin mənzildən istifadə zərurəti aradan qalxmışdır. İddiaçı tərəf həm iddia ərizəsində, həm də apellyasiya şikayətində bu dəlilini onunla əsaslandırır ki, cavabdehin mülkiyyətində Mingəçevir şəhərində yerləşən mənzil mövcuddur.Bununla bağlı qeyd edirik ki, əvvəla cavabdeh anadan olduğu vaxtdan indiyə kimi Bakı şəhərində yaşamışdır, onun daimi yaşayış yeri və bağlı olduğu yer Bakı şəhəridir. Digər tərəfdən birinci instansiya məhkəməsinə təqdim etdiyimiz arayışlarla da təsdiq edilir ki. Cavabdeh2 iş yeri də Bakı şəhərindədir, ailəlidir, bir az yaşlı övladı var və uşaq da Bakı şəhərində məktəbə gedir. Yəni, cavabdehin Mingəçevir şəhərində yaşaması onun üçün mümkünsüz haldır və Bakı şəhərində yerləşən, istifadə hüququnun olduğu mənzildən istifadə zərurəti aradan qalxmamışdır.
Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
11. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 12.Maddə 60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqdamüddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.
13. Maddə 87. icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 14.Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi 15.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 16.Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. 17.Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 21.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayəttinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin məhz iddianın təmin olunmuş hissəsinə münasibətdə ləğv olunmasını istəyir.
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə bütövlükdə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. 27.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 28.İddiaçının öz iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152,159,228-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi isə düzgün olaraq ümumilikdə iddianın təmin edilməməsi nəticəsinə gəlsə də, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan maddi hüquq normalarına istinad etməməklə, o cümlədən iddiaçının gəlini olan digər cavabdehin mübahisəli mənzildən çıxarılmaması barədə qənaətini də qətnamədə tam əsaslandırmamışdır. Belə ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında əldə edilmişdir və həmin orderdə ailə üzvü kimi Cavabdeh2 da adı qeyd edilmişdir. Həmin vaxtdan indiyədək Cavabdeh2 fasiləsiz olaraq mübahisəli mənzildə yaşayır və hazırda ailə üzvləri də həmin mənzildə yaşayır. Bununla da mübahisəli mənzilin order əsasında əldə edilməsi, həmin orderdə Cavabdeh2 da ailə üzvü kimi adının olması və sonuncunun 1987ci ildən indiyədək fasiləsiz olaraq həmin mənzildə yaşaması işin mübahisəsiz halları kimi müəyyən edilmişdir. 2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin müddəalarıın tələblərinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının mövqeyinə görə cavabdehin həmin mənzildən istifadə zərurəti aradan qalxmışdır. Lakin hazıki halda kimi Cavabdeh2 həmin mənzildən köçüb getməsi müəyyən edilmədiyindən, həmin mənzidən istifadisə olan zərurət aradan qalxmadığından onun həmin mənzildən çıxarılması, mövcud istifadə hüququna müvafiq kompensasiya verilmədən mümkün deyil. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 30.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. 31.Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götülürlməsini zəruri hesab etmişdir.2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. 32.Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. 33.Eyni zamanda digər cavabdeh X2 həmin mənzildən çıxarılması hissəsinə münasəbətdə kollegiya hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırki halda Vəliyev X6 Vəliyeva 2009-cu ilin oktyabr ayından sonra nikah münasibətlərinə girdiyindən sonuncuya münasibətdə iddiaya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddələsinin tələbləri baxımından qiymət verilməlidir. Kollegiya hesab edir ki, hazırki halda Cavabdeh2 istifadə hüquqlarının kompensasiya ödənilmədən xitam verilməsinin mümkünslüyü müəyyən edilməklə mənzildən çıxarılması təmin edilmədiyindən, Cavabdeh2lə digər cavabdeh olan Cavabdeh1 ailə münasibətlərinə xitam verilmədiyindən sonuncunun həmin mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməməlidir.
34. Beləliklə, məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(008)- 805/2023 saylı qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.