Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2770/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “orderin etibarsız hesab olunması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, F.Xoyski küçəsi, 138 “A” saylı binada yerləşən yataqxananın 47 saylı mənzilinə dair X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zavod HİK-nin xx.xx.2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/67 saylı orderin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X2 iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən yataqxana “Bakı Şin Zavodu”nun balansında olmuşdur. Yataqxananın bir otaqlı 47 saylı mənzilinə dair iddiaçının mərhum anası X3 xx.xx.1994-cü il tarixli, 209 saylı, 05015 seriyalı order verilmişdir. İddiaçının anası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində iddiaçının adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçının adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin mənzili iddiaçının mərhum anasının adına özəlləşdirmək və həmin mənzil üzərində mərhum anasının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün sənədləri toplayarkən yataqxananın əməkdaşları iddiaçıya bildirmişlər ki, mərhum ananın adına olan otağa dair digər bir şəxsə də order verilmişdir. Sonradan iddiaçı sənədləri əldə etmək üçün müraciət etdikdə məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən zavod HİK-nin xx.xx.2003-cü il tarixli 24 saylı protokolundan çıxarışa əsasən Nəzakət Ramazanovaya həmin otağa dair 186-19-55/67 saylı order verilmişdir. Nəzakət Ramazanova xx.xx.2022-ci il tarixdə həmin ünvana qeydiyyata alınmışdır. İddiaçının bu məsələlərdən xəbəri olmamışdır. İddiaçının mərhum anasına verilmiş order ləğv edilməmişdir. Həmin otaq həmişə onların istifadəsində olmuşdur. Nəzakət Ramazanova heç vaxt həmin yataqxanada yaşamamış, iddiaçı onu tanımır. Yataqxana binası Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 263 saylı sərəncamı ilə xx.xx.2003-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq "xxxx" ASC-nin balansından Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Bina hal-hazırda Birliyin 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxildir. b) iddia tələbinə dair cavabdeh tərəfin və üçüncü şəxslərin münasibəti barədə məlumat
4. Üçüncü şəxs "xxxx" ASC-nin iddiaya yazılı münasibətində qeyd edilmişdir ki, iddiaçının anası Maral Bayramova 1985-ci ildə “Bakı Şin Zavoduna” (indiki "xxxx" ASC) işə qəbul olunmuşdur. 1994-cü ildə Zavodun Həmkarlar Komitəsinin iclasının xx.xx.1994-cü il tarixli, 99 saylı protokoluna əsasən yataqxananın 47 saylı mənzili yaşamaq üçün Maral Bayramovaya ayrılmış və bununla bağlı ona order verilmişdir. Maral Bayramova xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun oğlu (iş üzrə iddiaçı) xx.xx.2018-ci il tarixdə ASC-yə müraciət edərək, anasına verilmiş orderin cırılmış olduğunu bildirmiş və ona orderin dublikatın verilməsini xahiş etmişdir. Onun xahişi təmin olunmuş və orderin dublikatı ona verilmişdir. X2 adlı şəxs “Bakı Şin Zavodu”nun (indiki "xxxx" ASC-nin) işçisi olmamışdır. Bu barədə müvafiq arayış təqdim olunmuşdur. ASC-nin keçmiş rəhbərliyi tərəfindən Nəzakət Ramazanovanın adına verilmiş orderdə göstərilmiş Həmkarlar Komitəsinin 24 saylı, xx.xx.2003-cü il tarixli protokolu mövcud deyildir. Eləcə də bu orderin verilməsi haqqında digər heç bir sənəd aşkar olunmamışdır. Zavodun yataqxanasında yer almaq hüququ yalnız Zavodda (ASC-də) işləyən işçilərə verilir.
5. Cavabdeh Departamentin və iş üzrə digər üçüncü şəxs olan Nəzakət Ramazanovanın iddiaya dair yazılı münasibəti daxil olmamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “orderin etibarsızlığı barədə” iddia həmin orderi verən və barəsində order verilən şəxslərin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda həmin şəxslər üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Bu baxımdan da hazırda baxılan iş üzrə orderi verən "xxxx" ASC-nin və barəsində order verilən Nəzakət Ramazanovanın mülki iş üzrə cavabdehlər qismində cəlb edilməsi zəruridir. Mövcud prosessual qanunvericilik məhkəməyə şəxsi işə cavabdeh kimi cəlb etmək səlahiyyəti verməmişdir. Şəxsin işə cavabdeh kimi cəlb edilməsi yalnız iddiaçının bu barədə ərizə verməsi ilə mümkündür. Hazırda baxılan iş üzrə məhkəmə iddiaçıya iddia tələbinə müvafiq dəqiqləşdirmələrin aparılması təklif edilmiş, iddiaçı ilkin olaraq cavabdeh qismində göstərdiyi 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi hüquqi şəxs olmadığından, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz etmiş, lakin "xxxx" ASCni və Nəzakət Ramazanovanı cavabdeh qismində iddia ərizəsinə əlavə etməmişdir. Qeyd olunanlara əsasən hazırki iddia tələbinin təmin edilməsi mülki prosessual qanunvericiliyə ziddir, iddia tələblərinin yönəldiyi şəxslər işə cavabdeh qismində cəlb olunmamışdır. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
9. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Apellyasiya baxışında iştirak etmiş iş üzrə iddiaçı və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş onun vəkili (nümayəndəsi) Vəkil şikayətin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
11. İşdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş, nümayəndələrinin iştirakını apellyasiya baxışı iclasında təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, (yuxarıda göstərilən) yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 263 saylı sərəncamına uyğun olaraq xx.xx.2003-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq "xxxx" ASC-nin balansından Birliyin balansına qəbul edilmişdir. Yataqxana binası hal-hazırda Birliyin 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxildir. Araşdırma zamanı müəyyən edilmişdir ki, yataqxananın 47 saylı otağına "xxxx" ASC tərəfindən iddiaçının mərhum anası Maral Bayramovanın adına xx.xx.1994-cü il tarixli, 209 saylı, 05015 seriya nömrəli "xxxx" verilmişdir. Eləcə də müəyyən edilmişdir, binanın 47 saylı otağına ASC tərəfindən vətəndaş Nəzakət Ramazanovanın adına xx.xx.2003-cü il tarixli, 186-19-55/67 saylı "xxxx" verilmişdir. “Asan 6” xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışda qeyd olunur ki, Nəzakət Ramazanova həmin 47 saylı mənzildə xx.xx.2022-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatındadır. Həmin mənzildə 1994-cü ilin may ayından Qubadlı rayonundan məcburi köçkün X5 məskunlaşmışdır və hal-hazırda həmin ünvanda faktiki yaşayır. Qeyd edilənləri nəzərə alaraq, həmin mənzilə "xxxx" ASC tərəfindən vətəndaş Nəzakət Ramazanovaya hansı əsaslarla order verilməsinin araşdırılması, həmin orderin etibarsız sayılması və ya ləğv olunması barədə qərar qəbul edilməsi üçün aidiyyəti məhkəməyə iddia verilməsi tövsiyə olunur.
14. Nərimanov Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli 47 saylı mənzildə heç kimi pasport qeydiyyatında yoxdur.
15. "xxxx" ASC tərəfindən Nərimanov RİH-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, ASC-nin Həmkarla İttifaqı Komitəsinin xx.xx.2003-cü il tarixli, 24 saylı protokolu mövcud deyil. Buna görə də hər hansı orderin qüvvədə olması müzakirə mövzusu deyil. Nəzakət Ramazanova adlı bir işçi keçmiş “Bakı Şin zavodunda” və ya hazırda "xxxx" ASC-də olmayıb və buna görə həmin şəxsin adına verilmiş hər hansı bir orderin qanuni qüvvəsi yoxdur. Yataqxanalarda yaşamaq üçün yer ancaq zavod işçilərinə verilir.
16. Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 622352 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının anası Maral Bayramova xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.
17. İşdə olan xx.xx.1994-cü il tarixli, 99 nömrəli “Orderdən” görünür ki, “Bakı Şin Zavoduna” məxsus yataqxanada yerləşən 47 saylı mənzili Maral Bayramovanın istifadəsinə verilmişdir.
18. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, Nəzakət Ramazanova haqqında “Bakı Şin Zavodunun (hal-hazırki "xxxx" ASC) arxiv sənədlərinin araşdırılınası nəticəsində həmin Zavodda işləməməsi aşkar edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11384/2023 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı (hazırki iş üzrə iddiaçı) İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “orderin etibarsız hesab olunması tələbi barədə” iddiası mümkün sayılmamışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən mübahisəyə mülki icraat qaydasında baxılmalıdır.
20. Qeyd edilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının anası Maral Bayramova 1985-ci ildə “Bakı Şin Zavodu”na (indiki "xxxx" ASC) işə qəbul olunmuşdur. 1994-cü ildə Zavodun Həmkarlar Komitəsinin iclasının protokoluna əsasən (protokol № 99, xx.xx.1994) ona Zavoda məxsus yataqxananın 47 saylı mənzilində yaşamaq üçün order verilmişdir. Maral Bayramova xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək həmin mənzilə dair anasına verilmiş orderin cırıldığını bildirmiş və ona orderin dublikatın verilməsini xahiş etmişdir. Bu zaman ona həmin mənzilə dair Nəzakət Ramazanova adlı şəxsə də order verilməsi barədə məlumat verilmişdir. X10 adlı şəxs heç vaxt “Bakı Şin Zavodunun (indiki "xxxx" ASC-nin) işçisi olmamışdır. ASC-nin keçmiş rəhbərliyi tərəfindən Nəzakət Ramazanovanın adına verilmiş orderdə göstərilmiş HİK-nin 24 saylı, xx.xx.2003-cü il tarixli protokol mövcud deyildir. Zavodun yataqxanasında yer almaq hüquqi yalnız zavodda (cəmiyyətdə) işləyən işçilərə verilir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirılməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
22. Məhkəmə qeyd edir ki, orderin etibarsızlığına dair hazırkı iddia orderi verən və barəsində order verilən şəxslərin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda həmin şəxslər üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Bu baxımdan da hazırda baxılan iş üzrə orderi verən "xxxx" ASC və barəsində order verilən Nəzakət Ramazanovanın mülki iş üzrə cavabdehlər qismində cəlb edilməsi zəruridir.
23. Hazırkı iş üzrə Rayon Məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinə müvafiq dəqiqləşdirmələrin aparılması təklif edilmiş, lakin iddiaçı tərəfindən "xxxx" ASC-ni və Nəzakət Ramazanovanı cavabdeh qismində iddia ərizəsinə əlavə edilməmişdir.
24. MPM-in tələblərinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (maddə 50.1.). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (maddə 50.3.). Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir (maddə 51.). İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (maddə 54.).
25. İddia ərizəsindən görünür ki, iddiaçı orderin etibarsızlığını tələb etsə də, həmin orderi verən və barəsində order verilən şəxsləri deyil, hazırda mənzilin balansında olduğu Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentini cavabdeh olaraq göstərmiş, lakin cavabdehə qarşı hansı iddia tələblərinin olduğu qeyri-müəyyən qalmışdır. Halbuki iddiaçı ərizəsində həmin cavabdehə qarşı məhz hansı tələbi yönəltdiyini aydın göstərməli idi, çünki mülki-prosessual qanunvericilik iddiaçının tələbinin konkret və aydın olmasını, cavabdehə qarşı yönəlmiş tələbin dəqiq ifadə olunmasını tələb edir.
26. Hazırda "xxxx" ASC və Nəzakət Ramazanova işə cavabdehlər kimi cəlb edilmədiyi halda mülki prosessual hüququn əsas prinsiplərindən olan çəkişmə prinsipinin təmin edilməsi mümkün olmayacaq.
27. Buna görə də qəbul edilməlidir ki, göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iddianı qeyd edilən əsasla rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiyanın nəticəsi
28. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh və üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
33. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
34. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı tərəfindən hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh və üçüncü şəxslər qətnamədən kassasiya şikayəti verə bilməzlər.