Məhkəmə qərarları › İş №2(103)-2775/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2775/2025

19.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2775/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-563/2025 saylı, 04 fevral 2025ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun vəzifəyə təyin edilmə barədə əmri ilə İddiaçı 19 dekabr 2023-cü il tarixindən Gəncə şəhər 52 saylı körpələr eviuşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Gəncə şəhər 52 saylı körpələr evi - uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış 09 fevral 2024-cü il tarixli 3-xx-xx/2109/2024 saylı məktubda göstərilib ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq həyata keçirilmişdir. Nəticə olaraq müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə, həmçinin 3-29-31/3-1/1035K/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmrə əsasən verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətə baxmayaraq intizam tənbehlərindən nəticə çıxarmadığını nəzərə alaraq Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı, gözətçilər X15 və X11 ilə bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini, həmçinin adları qeyd olunan xadimə dayə vəzifəsində çalışan Ceyhunə Quliyeva, tərbiyəçi Arifə Mustafayeva, təsərrüfat müdiri Esmira Məmmədova barəsində intizam tənbehinin verilməsini məqsədəmüvafiq hesab edir.

3. Gəncə şəhər 52 saylı körpələr evi - uşaq bağçasının Həmkarlar Təşkilatının 16 fevral 2024-cü il tarixli iclasında bağçanın müdiri İddiaçı, gözətçilər X15 və X11 ilə bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini, həmçinin adları qeyd olunan xadimə dayə vəzifəsində çalışan Ceyhunə Quliyeva, tərbiyəçi Arifə Mustafayeva, təsərrüfat müdiri Esmira Məmmədova barəsində intizam tənbehinin verilməsi məsələsinə baxılmış, Həmkarlar İttifaqı 09 fevral 2024-cü il tarixli, 3-29-31/2-108/2024 saylı məktubda göstərilən halları müzakirə edərək 2 saylı protokolla rəsmiləşdirmiş və Həmkarlar komitəsinin hər bir üzvünün yazılı münasibətlərini almaqla protokola əlavə edərək göstərilən təqdimata öz mənfi münasibətini göstərməklə adıçəkilən işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verməmişdir.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmək müqaviləsinin ləğv edilməsi barədə 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Əlavə olaraq Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 (altı) ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-İstifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 aprel 2024-cü il tarixdən ləğv edilməsi, son haqq-hesabının aparılması əmr edilmişdir. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 17 aprel 2024cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmrinin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilib ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 15 oktyabr 2014-cü il tarixli, 155 saylı əmri ilə Gəncə şəhəri 52 saylı Körpələr evi - Uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə GəncəDaşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinin tələb və təkidinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmışdır. Həmin ərizəsinə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ‘'a" bəndinə əsasən xitam verilmişdir. Bir gün sonra yenidən ərizə yazaraq, Gəncə şəhəri 52 saylı Körpələr evi - Uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. Onun işdən azad olunması barədə verilmiş xx.xx.2023-cü il tarixli, 3-29/3-1-1512k/2023/3 nömrəli əmr və yenidən işə qəbul olunması barədə verilmiş xx.xx.2023-cü il tarixli, 3-29-69/3-l-69k/2023 saylı əmr X10 Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən imzalanaraq müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Həmin əmrlərin surəti ona verilməsə də bütün bunlar əmək kitabçasına qeyd edilməklə öz əksini tapmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə Anar Qədiməliyevin əmri ilə o, yenidən işə götürülmüş və həmin şəxsin xx.xx.2023-cü il tarixli əmri ilə ona şiddətli töhmət verilmişdir. 3 günlük işə qəbul olunmuş şəxsə şiddətli töhmət necə verilə bilər? Onun yenidən işə qəbul olunmasından çox az bir müddət keçməsinə baxmayaraq, Anar Qədiməliyevin göstərişi əsasında onun müdiri olduğu bağçada monitorinq keçirilmişdir. Əgər onun işlədiyi bağçada hər hansı bir problemi olsaydı niyə o, ərizə yazaraq işdən çıxdığı halda yenidən həmin işə qayıdırdı? Bundan əlavə, əgər onun işlədiyi müddətdə hər hansı nöqsanlar var idisə, onda niyə o, ərizəsini yazaraq işdən çıxmaq istədikdə onun fəaliyyətini yoxlamadan onu rahatlıqla işdən çıxartmışlar? Göründüyü kimi burada onunla prinsip aparılmış və onun əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilmişdir, özü də əmək müqaviləsinə xitam işəgötürən tərəfindən yox, başqa şəxs tərəfindən verilmişdir. Mövcud sənədlərdən açıq-aydın görünür ki, onun işə qəbul, işdən azad, yenidən işə qəbul, töhmət, monitorinq və sair əmrlər Anar Qədiməliyev tərəfindən verilir. Lakin sonuncu əmək müqaviləsinə xitam verən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdur. Onun verdiyi əmr əmək kitabçasına Anar Qədiməliyev tərəfindən işlənilmişdir. O, əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyi üçün ilkin olaraq qanunvericiliyin tələbinə uyğun olaraq mübahisənin mediasiya vasitəsilə həll edilməsini cavabdeh tərəfə təklif etmişdir. Lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir, ona görə də o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəmə müraciət edir. Cavabdeh tərəfindən 09 fevral 2024-cü il tarixdə Gəncə şəhəri 52 saylı körpələr evi - uşaq bağçasının Həmkarlar ittifaqı komitəsinin Arifə Mustafayevaya 329-31/2-108/2024 saylı məktubla Gəncə şəhəri 52 saylı körpələr evi - uşaq bağçasının müdiri onun, həmin bağçanın gözətçiləri X7 və X5 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılığın verilməsini bildirmişdir. Eyni zamanda xadimə-dayə vəzifəsində işləyən Ceyhunə Quliyevaya, tərbiyəçi Arifə Mustafayevaya və təsərrüfat müdiri Esmira Məmmədovaya adı məlum olmayan intizam tənbeh növünün verilməsinə münasibət bildirməsini xahiş etmişdir. X14 Təşkilatı 16 fevral 2024-cü il tarixdə 09 fevral 2024-cü il tarixli, 3-29-31/2-108/2024 saylı məktubda göstərilən halları müzakirə edərək 02 saylı protokolla rəsmiləşdirmiş və Həmkarlar komitəsinin hər bir üzvünün yazılı münasibətlərini almaqla protokola əlavə edərək göstərilən təqdimata öz mənfi münasibətini göstərməklə adıçəkilən işçilərin ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verməmişdir. Göstərilənlərə baxmayaraq, cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) tələblərini kobud şəkildə pozulmaqla onun, həmin bağçanın gözətçiləri X7 və X5 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən qanunun tələbi pozularaq Gəncə şəhəri 52 saylı Körpələr evi Uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin sədri Arifə Mustafayevaya xx.xx.2023cü il tarixli, 3-29-31/2-108/2024 saylı məktubla müraciət edərək Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi kimi iclasda iştirak etmək üçün məktəbəqədər təhsil müəssisələri üzrə işçi qrupunun rəhbəri Ülviyyə Abdullayevaya etibar edilməsi bildirilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-563/2025 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbiə Nuriyeva) iddia tələbinin təmin edilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4 Şəhla Tahir qızına dair 17 aprel 2024-cü il tarixli, 3-2969/3-1-341k/2024 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması; İddiaçı 17 aprel 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdən Gəncə şəhər 52 saylı körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1- 341k/2024 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 aprel 2024-cü il tarixdən ləğv edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsini xahiş edir. İddiaçı əmək müqaviləsinə 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır. Yəni tələbin birinci hissəsi təmin olunduğu halda, digər hissələrinə hüquqi qiymət verilir. Təmin olunmadığı halda tələbin digər hissələrinə hüquqi qiymət verilməsi zərurəti olmur. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan əmək qanunvericiliyi maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin - əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin mübahisələndirilən 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ...ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. İşəgötürənin mübahisələndirilən 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1-341k/2024 nömrəli əmrindən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Əlavə olaraq Gəncə şəhəri 52 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “əu bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 (altı) ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrinin düzgün icra edib-etməməsinin müəyyən olunmasını zəruri hesab edir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. İş materiallları ilə müəyyən olunur ki, işçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmri ilə xx.xx.2023-cü il tarixdən işə qəbul olunmuşdur. Göründüyü kimi, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil X9muşdur (xx.xx.2023-cü il tarixdən). Bununla belə, işçiyə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Halbuki qanunvericiliyə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər (ƏM 188-ci maddəsinin 1-ci bəndinə əsasən). İş materiallarına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin işçisi olan İddiaçı barəsində intizam tənbehi tədbirlərinin tətbiqi barədə əmr verməsi səlahiyyətinin olmasına dair sənəd əlavə olunmamışdır. Məhkəmə iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş “imza səlahiyyətlərinin verilməsi haqqında“ əmrə münasibətdə isə qeyd edib ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, qeyd olunan əmr (sənədin nömrəsi 3-29-69/3-203F/2024; sənədin tarixi xx.xx.2024) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru X12 tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Yəni regional təhsil idarələrinin müdirlərinin (habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə) məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə, direktorlarına intizam tənbehi tədbirlərinin tətbiqi barədə əmrləri imzalamaq səlahiyyəti xx.xx.2024-cü il tarixdən etibarən yaranmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin işçisi barəsində intizam tənbeh tədbirinin tətbiqinə dair əmr verilmiş, bununla belə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin qeyd olunan tarixdə belə bir səlahiyyətinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmri ilə xx.xx.2023-cü il tarixdə işə qəbul ounmuşdur. Bununla da, qeyd olunan tarixdən etibarən tərəflər arasında əmək münasibətləri yaranmışdır. İşçiyə yalnız bu tarixdən sonra yol verdiyi pozuntulara görə işəgötürən tərəfindən intizam tənbehlərindən biri verilə bilərdi. Bununla belə, işçiyə işəgötürən olmayan şəxs tərəfindən, xx.xx.2023-cü il tarixdə 2023-cü ilin oktyabr ayında, yəni əmək müqaviləsi bağlanmazdan əvvəlki dövrdə baş vermiş hadisə ilə bağlı intizam tənbehi verilmişdir. Belə olan halda, işçinin əmək müqaviləsinə Əmək Məccəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əsası ilə xitam verilməsi qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bununla yanaşı, digər əsaslardan fərqli olaraq qanunvericilklə işçinin əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün müəyyən şərtlər müəyyən olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla xitam verilməsini istəyirsə, bununla bağlı ilkin olaraq əsaslandırılmış yazılı təqdimatla X2 müraciət etməlidir. Təşkilat tərəfindən təqdimata ən gec 10 gün müddətində baxılmalı, işəgötürən X1 qabaqcadan razılığını aldıqdan sonra işçinin əmək müqaviləsinə bu əsasla xitam verə bilər. Əmək qanunvericiliyində belə bir proseduru nəzərdə tutulmasında məqsəd işçilərin əmək hüquqlarının müdafiəsi baxımından su-istifadə hallarına yol verilməməsi və qeyd edilən prosedurun formal xarakterə malik olmasının qarşısının alınmasından ibarətdir. Baxılan işdə mərkəzləşdirilmiş mühasibatlığın qrup rəhbəri tərəfindən xx.xx.2024-cü il tarixdə uşaq bağçasında aparılmış montorinq zamanı aşkar olunmuş nösqanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə təqdimatla müraciət olunmuş, sonuncu Gəncə şəhər 52 saylı körpələr evi – uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış 09 fevral 2024-cü il tarixli məktubu ilə İddiaçı (digər şəxslərlə yanaşı) əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. Göründüyü kimi, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi məqsədilə müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət olunmamışdır. Digər tərəfdən işəgötürən olmayan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin məktubunda qeyd olunan məsələlərlə bağlı xx.xx.2024-cü il tarixdə Həmkarlar ittiqanının iclası keçirilmiş, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxılmış, X8-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin 09 fevral 2024-cü il tarixli, 3-29-31/2-108/2024 saylı məktubunda göstərilən halları müzakirə edərək 2 saylı protokolla rəsmiləşdirmiş və Həmkarlar komitəsinin hər bir üzvünün yazılı münasibətlərini almaqla protokola əlavə edərək göstərilən təqdimata öz mənfi münasibətini göstərməklə adıçəkilən işçilərin ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verməmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində İddiaçı əmək müqaviləsinə həmkarlar ittifaqına müraciət edilmədən xitam verildiyini etiraf etmişdir. Göründüyü kimi, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərkən müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan alınmış razılığı olmamışdır. Bununla da işəgötürən iddiaçı barəsində 17 aprel 2024-cü il tarixli, 3-29-69/31-341k/2024 nömrəli əmri verən zaman Əmək Məcəlləsinin 80-cı maddəsinin imperativ tələblərini pozmuşdur. Həmçinin, iddiaçıya intizam tənbehi verən işəgötürən “intizam tənbehinin verilməsi qaydaları”nı nəzərdə tutan Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, işəgötürən həmin maddənin 1-ci bəndinin tələblərini pozaraq intizam tənbehi verməmişdən əvvəl iddiaçıdan yazılı izahat verməsini tələb etməmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, işçinin işlədiyi bağçada xx.xx.2024-cü il tarixdə monitorinq keçirilmiş, bunun nəticəsində aşkar olunmuş çatışmazlıqlara görə işçinin əmək müqaviləsinə xitam verilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə məktubla HİK-ə müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə HİK-in iclası keçirilmişdir (işçinin əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməmişdir). Lakin mübahisəli əmrlə əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra - xx.xx.2024-cü il tarixdə isə intizam tənbehi kimi işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi. Bundan başqa İddiaçı əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair əmrdə qanunvericliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Yuxarıda göstərilən maddi hüquq normasının tələblərindən göründüyü kimi işəgötürən tərəfindən işçi barəsində sözügedən əmr tərtib edildiyi zaman əmri imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, habelə ünvanı göstərilməlidir. İddiaçı barəsində qəbul edilmiş əmrdə “Eşi Bağırovun” adı və soyadı qeyd edilsə də ata adı, ünvanı qeyd olunmamışdır. Bununla yanaşı əmr əsaslandırılmamış, işçinin əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını, qanunvericiliyin hansı tələblərinin pozulduğunu, işçi tərəfindən hanı nöqsan və çatışmazlıqlara yol verildiyini göstərməmiş, yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, bu halların hər hansı biri ilə əsaslandırma aparmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Belə ki, işəgötürən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması barədə 17 aprel 2024-cü il tarixli, 3-29-69/3-1341k/2024 saylı əmri ilə qanunvericiliyin tələblərini pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdir. Qeyd olunan hal isə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin ləğv olunması kimi hüquqi nəticəyə səbəb olur. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli və İddiaçı Gəncə şəhəri 52 saylı körpələr eviuşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edərək göstərib ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə, o cümlədən Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə Agentlik tərəfindən əmək müqaviləsi bağlanmışdır. Yəni, İddiaçı iş yeri və vəzifəsi dəyişmədən işəgötürəni dəyişmişdir. Ona görə də, əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirməməsinin Agentlik tərəfindən aşkar edilməsi və intizam məsuliyyətinə cəlb edilməsi tam hüquqauyğundur. Qətnamədə qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Agentliyin işçisi barəsində intizam tənbeh tədbirinin tətbiqinə dair əmr verilmiş, bununla belə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin qeyd olunan tarixdə belə bir səlahiyyətinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla bağlı bildirir ki, regional təhsil idarələri tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri barədə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbeh tədbirləri tətbiq etmək səlahiyyətlərinə malikdirlər. Qətnamədə qeyd olunur ki, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərkən müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan alınmış razılığı olmamışdır. Bununla da işəgötürən iddiaçı barəsində 17 aprel 2024-cü il tarixli, 3-29-69/3- 1-341k/2024 nömrəli əmri verən zaman Əmək Məcəlləsinin 80-cı maddəsinin imperativ tələblərini pozmuşdur. Bununla bağlı bildirir ki, xx.xx.2024-cü il tarixində keçirilmiş monitorinq zamanı aşkar olunmuş nöqsanlara görə, onun ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olunması üçün Gəncə şəhəri 52 nömrəli körpələr evi-uşaq bağçasının X2 razılıq verilməsi ilə bağlı təqdimat göndərilmiş, lakin 16 fevral 2024-cü il tarixində keçirilmiş iclasda razılıq verilməmişdir. Razılıq verilməməsinin səbəbi müəssisədə olan X1 rəhbəri və üzvlərinin İddiaçı birbaşa tabeliyində olan müəssisənin işçiləri olmasıdır. Yəni işçilər öz rəhbərlərinin təzyiqi nəticəsində onun əleyhinə qərar qəbul etmək imkanına malik olmamışlar. Daha sonra, 08 aprel 2024-cü il tarixində bağçada keçirilmiş monitorinq zamanı alınmış izahatlar ilə 16 fevral 2024-cü il tarixində keçirilmiş 52 nömrəli körpələr evi-uşaq bağçasının X1 iclasında edilən çıxışlarla ziddiyyət təşkil etmişdir. 08 aprel 2024-cü il tarixində keçirilmiş monitorinqdən sonra verilən izahatlarda işçilər nöqsanları etiraf etmiş və bağça müdiri tərəfindən qeyri-qanuni hərəkətlərin həyata keçirildiyini bildirmişlər. “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 19-cu maddəsinə əsasən işəgötürən işə götürdüyü işçilərin yaratdığı həmkarlar ittifaqına üzv olmamalıdır. Çünki həmkarlar ittifaqı təşkilatı işçilərin işəgötürən qarşısında hüquqlarının müdafiəsi məqsədilə yaradılır. Ona görə də, işçilər öz işəgötürənlərinin iştirakı ilə keçirilən iclasda onun əleyhinə qərar vermək imkanına malik olmurlar. Bu fakt 16 fevral 2024-cü il tarixində keçirilmiş 52 nömrəli körpələr evi-uşaq bağçasının X1 iclasında öz təsdiqini tapmışdır. Pozuntuların törədilməyə davam etməsi və 16 fevral 2024-cü il tarixində keçirilmiş iclasda həmkarlar ittifaqının obyektiv qərar qəbul etmədiyi nəzərə alınaraq, İddiaçı əmək müqaviləsinə həmkarlar ittifaqına müraciət edilmədən xitam verilmişdir. Qətnamədə qeyd olunur ki, işçi barəsində sözügedən əmr tərtib edildiyi zaman əmr əsaslandırılmamış, işçinin əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını, qanunvericiliyin hansı tələblərinin pozulduğunu, işçi tərəfindən hansı nöqsan və çatışmazlıqlara yol verildiyini göstərməmiş, yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, bu halların hər hansı biri ilə bağlı əsaslandırma aparılmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi üçün işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını yerinə yetirməməsi nəticəsində iş yerində işin, istehsalın və icra intizamının pozulması və ya mülkiyyətçinin, işəgötürənin hüquqlarına ziyan dəyməsi şərti tələb olunur. Lakin məhkəmə bu şərtləri düzgün qiymətləndirməmiş və əmək müqaviləsinin ləğv edilməsinə səbəb olan halların əsassız olaraq təhlil edilməsi ilə qərar qəbul etmişdir. Məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını özünün və iddiaçının mülahizələri ilə təsdiq edilmiş hesab etmişdir. Qətnamənin üslubundan göründüyü kimi, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə yanaşmamışdır. Tərəfin məhkəməyə qatılmaması əsas gətirilərək, işdən çıxma barədə ərizə və digər materialların əldə olunması məqsədilə cavabdehə sorğu göndərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 9 (“q” bəndi). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Maddə 11.1 (“b” bəndi). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 12.1 (“b” bəndi). Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Maddə 19.1. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Maddə 19.2. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. 2-ci hissə.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hall arda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Maddə 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Maddə 188.2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Maddə 188.3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Maddə 292. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

23. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin(bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarla əlaqədar, yəni 72-ci maddənin ə) bəndi ilə - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6(altı) ay ərzində təkrarən əmək funksiyasını pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra ayrı-ayrı şəxslərdən alınmış məlumat və izahatlar mövcuddur(i.v.174-231). Bu sənədlərdə göstərilən məlumatlar həqiqi olsa belə onlar əmək müqaviləsinə xitam verildiyi tarixdən sonrakı günlərdə verilmişdir. Bu izahatların və məlumatların hansı vəziyyətdə yaxud şəraitdə yazılmasının yoxlanılması da hazırkı iddianın yaxud icraatın predmeti ola bilməz. Düzdü xx.xx.2024-cü ildə yazıldığı iddia olunan 5 nəfər 52 saylı körpələr evi-uşaq bağçasının işçilərinin izahatı da təqdim edilmişdir. Ancaq bu izahatlar həqiqətən xx.xx.2024-cü il tarixdə verilmişdirsə onda ağlabatan mühakiməyə əsasən bu izahatlara əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi üçün yenidən həmkarlar ittifaqına müraciət edilə bilərdi. Demək ki, qeyd olunan izahatların məhz xx.xx.2024-cü ildə alınması təsdiq oluna bilməz. Ona görə də, iddiaçının sonradan izahat vermiş şəxslərin bu izahatları məcburi şəkildə yazdığı və könüllü iradə ifadəsi olmadığı barədə mövqeyi də açıq-aşkar təsdiq edilmiş olur.

24. Bundan əlavə, həqiqətən iddiaçının iş yeri və vəzifəsi dəyişmədən işəgötürəni dəyişmişdir. Ancaq iddiaçının əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirməməsi Agentlik tərəfindən mötəbər sübutlarla təsdiq edildiyi halda intizam məsuliyyətinə cəlb edilməsi hüquqauyğun sayıla bilərdi. Lakin əmək müqaviləsinə xitam verilənədək cavabdeh tərəfindən iddiaçının hansısa intizam xətasına yol verməsinə dair sübut təqdim edilməyib.

25. Bundan başqa, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi regional təhsil idarələrinin müdirlərinə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri barədə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbeh tədbirləri tətbiq etmək səlahiyyətləri xx.xx.2024-cü ildən sonrakı tarixlərdə verilmişdir(i.v.237-239). Demək ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Agentliyin işçisi barəsində intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyəti olmamışdır. Buna görə də, Agentlik iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddənin “ç” və 72-ci maddəsinin “ə” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verə bilməzdi. Çünki xx.xx.2023-cü il tarixli intizam tənbehi Əmək Məcəlləsinin 188ci maddəsinin 3-cü hissəsinə əsasən hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.

26. Göstəriləndən savayı, “Həmkarlar ittifaqı haqqında” Qanunda və Əmək Məcəlləsinin 19-cu maddəsində işəgötürənin işə götürdüyü işçilərin yaratdığı həmkarlar ittifaqına üzv olmamalıdır deyə imperativ bir tələb nəzərdə tutulmayıb. Həmkarlar ittifaqı təşkilatı işçilərin işəgötürən qarşısında hüquqlarının müdafiəsi məqsədilə yaradıla bilər. Ancaq iddiaçı da öz işəgötürəni qarşısında işçi hesab edilir. Demək həmkarlar ittifaqının üzvü olan işçilər öz işəgötürəni ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq da verə bilərdilər və bu vəziyyətdə onlara qarşı hansısa təsirin olması yaxud olacağı mümüknsüz ola bilir. Buna görə də, işçilərin öz işəgötürəninin iştirakı ilə keçirilən iclasda onun əleyhinə qərar vermək imkanına malik olmaması barədə dəlillər də inandırıcı və ağlabatan deyildir.

27. Həmçinin, 16 fevral 2024-cü il tarixində keçirilmiş 52 nömrəli körpələr evi-uşaq bağçasının X1 iclasında iddiaçı ilə əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməməsi, iddiaçı ilə yeni əsasla 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi üçün həmkarlar ittifaqına müraciət etməyə maneə deyildi, əksinə bu cür müraciətin edilməsi Əmək Məcəlləsinin imperativ tələbi hesab edilir. Başqa sözlə, iddiaçı tərəfindən pozuntuların törədilməsi davam etmişdirsə, 16 fevral 2024-cü il tarixində keçirilmiş iclasda həmkarlar ittifaqının “obyektiv qərar” qəbul etmədiyi həqiqi olsa belə, bu hal iddiaçı ilə əmək müqaviləsinə həmkarlar ittifaqına müraciət edilmədən xitam verilməsi üçün əsas ola bilməzdi. 08 aprel 2024-cü il tarixində bağçada həqiqətən monitorinq keçirilmiş və izahatlar alınmışdırsa, bu izahatlarla 16 fevral 2024-cü il tarixində keçirilmiş həmkarlar ittifaqının iclasında edilən çıxışlarla ziddiyyət təşkil etsə belə bu hal da heç nəyi dəyişmir. 08 aprel 2024-cü il tarixində keçirilmiş monitorinq zaman verildiyi iddia olunan 5 nəfərdən, yalnız Şəhanə Alıyevanın 16 fevral 2024-cü il tarixdəki iclasdakı çıxışından fərqli məzmunda izahatı vardır və bu izahatda onun nöqsanları etiraf etməsi görünmür. Bir də ki, 08 aprel 2024-cü il tarixində keçirilmiş monitorinq zaman verildiyi iddia olunan 5 nəfərin izahatında göstərdiklərinin həqiqiliyinin yoxlanılması və qanunauyğun tədbir görülməsi üçün cavabdeh qurum cinayət təqibi qaydasında hüquq mühafizə orqanlarına da müraciət edə bilərdi, ancaq etməyib yaxud hansısa səbəblərə görə etmək istəməyib. Demək ki, qeyd olunan izahatlarda göstərilənlərin mötəbərliliyi yaxud məcburi qaydada alınmadığı şübhəli olduğundan cavabdeh qurum onların yoxlanılması üçün müraciət etməyib.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-563/2025 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-563/2025 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar