Məhkəmə qərarları › İş №2(103)-2779/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2779/2021

02.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2779/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının olmaması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, bina № 20-də yerləşən 9 №-li mənzilə cavabdehlərin istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mənzil iddiaçının mülkiyyətindədir. Onunla Cavabdeh1 arasında 01.12.1995-ci il tarixdə bağlanmış nikah 05.01.1999-cu il tarixdə pozulmuşdur. Bundan bir müddət sonra, yəni 2002-ci ildə, Cavabdeh1 birgə övladları – iş üzrə digər cavabdeh F.Həmzəyəvanı da özü ilə aparmaqla, mənzili tərk etmiş və valideynlərinə məxsus, Bakı şəhəri, Akademik Qarayev küçəsində yerləşən 51 saylı evə köçmüşdür. Mənzili tərk edərkən İ.Mərdiyeva özünə və uşağa aid əşyalarını da özü ilə aparmışdır. Artıq 20 ilə yaxındır ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşamasalar da, mənzildə formal qeydiyyatda qalmışlar ki, bu hal iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də cavabdehlərin mənzildən istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsi və apellyasiya şikayətinin əsaslarına uyğun izahat verdi. Cavabdehlər apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Onlar bildirdilər ki, məhkəmə qətnamələrinə əsasən onların mübahisəli mənzilə istifadə hüquqları tanınmış və mənzilin sahəsi 19,96 kv.m olan bir otağı onların istifadəsinə verilmiş, qətnamələr icra olunaraq onlar həmin otağa köçürülmüşlər. Lakin, iddiaçı bununla razılaşmaq istəməmiş və mövqeyinin qanunsuz olduğunu bilərək məhkəmələrə müraciət etməsinin əhəmiyyətsiz olduğunu bilərək mənzilin elektrik və su xətlərini mütəmadi olaraq kəsmişdir. Onlar xətləri bərpa etdirsələr də, iddiaçı hər dəfə xətləri kəsmişdir. Artıq mənzildə yaşamalarının qeyri-mümkün olduğunu görərək onlar məcburiyyət qarşısında qalaraq mənzili tərk etmiş və kirayə tutduqları mənzilə köçmüşlər. Göstərilənlərə əsasən hesab edirlər ki, mübahiəsli mənzildən istifadə hüquqları itirilməməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01.11.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi 01.11.1995-ci il tarixdən iddiaçının adına qeydiyyata alınmışdır. İş üzrə tərəflərin bildirdiklərindən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 1995-ci il tarixdə nikaha daxil olmuşlar. Sabunçu Rayon VVAQ Şöbəsi (Qeydiyyat Şöbəsi) tərəfindən 19.11.1996-cı il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamədən” görünür ki, 18.10.1996-cı il təvəllüdlü (cavabdeh) Cavabdeh2 iddiaçı ilə cavabdeh İ.Mərdiyavanın övladıdır. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh İ.Mərdiyava arasındakı nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 04.08.1997-ci il tarixli qətnaməsindən (İş № 2- 298/97) görünür ki, həmin qətnamə ilə hazırki mülki iş üzrə cavabdehlərin mübahisəli mənzildə yerləşən yaşayış sahəsində istifadə hüquqları tanınmış və onların həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 28.10.1998-ci il tarixli qətnaməsindən (İş № 2- 515/98) görünür ki, həmin qətnamə ilə hazırki mülki iş üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə etmələrinin qaydasının müəyyən edilməsi, mənzilin sahəsi 19,96 kv.metr olan otağının hazırki iş üzrə cavabdehlərin istifadəsinə verilməsi qət edilmişdir. “xxxx” ASC-nin “Sabunçu” Filialı tərəfindən 24.12.2005-ci il tarixdə verilmiş “Elektrik sayğacı qoyulması barədə ödəniş qəbzindən” görünür ki, mübahisəli mənzilin cavabdehlərin istifadələrinə verilmiş və sahəsi 19,96 kv.metr olan otağa **********0009A №-li elektrik sayğacı qoyulmuşdur. İş materiallarına əlavə olunmuş kommunal xidmət haqqının ödənilməsi barədə qəbzlərdən görünür ki, cavabdehlər tərəfindən istifadə etdikləri, sahəsi 19,96 kv.m. otağa görə aylıq ödənişlər olunur. Cavabdeh1 tərəfindən Sabunçu Rayon Polis İdarəsinə ünvanlanmış 12.05.2012-ci il tarixli ərizədən görünür ki, o, həmin Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, iddiaçı, mübahisəli mənzilin giriş qapısının kilidini dəyişdirmiş və kilidin açarını onlara (hazırki iş üzrə cavabdehlərə) vermədiyi üçün onlar mənzilə daxil ola bilmirlər. Buna görə də, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən 2002-ilə kimi “xxxx” ASC-nin Sabunçu RETSİdə nəzarətçi vəzifəsində işləmişdir. Onun gördüyü iş – xidmət etdiyi ərazidə yaşayan elektrik istifadəçisi olan abonentlərin yaşayış sahələrinə aid elektrik xətlərinə və sayğaclarına nəzarət etməkdən ibarət olmuşdur. Hazırki iş üzrə tərəflərə aid mübahisəli mənzil də onun xidmət etdiyi sahəyə aid idi. Mübahisəli mənzil iş üzrə tərəflər arasında bölündüyü üçün mənzildə 2 elektrik sayğacı quraşdırılmışdır. Sayğaclara baxış keçirən zaman cavabdehlərin həmin mənzildə yaşadıqıqlarının, onların yaşadığı otağa aid elektrik naqillərinin bərbad və tavandan açıq şəkildə yerə qədər asıldığını, həyat üçün təhlükəli vəziyyətdə olduğununun şahidi olmuşdur. Soruşduqda, Cavabdeh1 ona bildirmişdir ki, keçmiş əri (iddiaçı) onların mənzildə yaşamaqlarına maneçilik törədir, elektrik xətlərini kəsir. Mənzilə gələn elektrik xətləri iddiaçı tərəfindən bir neçə dəfə kəsildiyi üçün o, cavabdehin müraciəti əsasında xətləri dəflərlə bərpa etmişdir. İşə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o, santexnik işləri üzrə ustadır. 2005-ci ildə Sabunçu rayon ərazisində santexnik işləri üzrə usta işləyərkən Cavabdeh1 müraciət edərək bildirmişdir ki, keçmiş həyat yoldaşı ilə aralarında mütəmadi olaraq mübahisələr olur, kommunal xidmətlərdən istifadə etməsinə maneçilik törədir, mənzilə gələn su xəttini kəsib və bu səbəbdən o, içməli sudan istifadə edə bilmir. Ona görə də cavabdehlərin yaşadığı mənzilə ayrıca su xətti çəkib, su motoru qoymuşdur. İş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri izahatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 1995ci ildə nikaha daxil olmuş, həmin nikahdan onların bir övladları, iş üzrə digər cavabdeh olan Cavabdeh2 doğulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan nikaha 1997-ci ilin avqust ayında məhkəmə qaydasında xitam verilmişdir. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının yaranması da işin mübahisəsi halıdır. Belə ki, məhkəməsinin qətnamələri ilə hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları tanınmış və mənzilin sahəsi 19,96 kv.metr olan otağı onların istifadəsinə verilmişdir. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının yaranması artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. İddiaçı, yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edildikdən sonra, cavabdehlərin 18 il ardıcıl mübahisəli mənzildə yaşamadıqlarına əsaslanaraq onların istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinə etiraz edən cavabdehlər isə bildirirlər ki, onlar, məhkəmə qətnaməsi əsasında istifadə hüquqları tanımış mənzili məcburiyyət qarşısında qalaraq tərk etmişlər. Belə ki, iddiaçının yaratdığı şəraitdə onların mənzildə yaşamaları qeyri-mümkün olmuş və onlar mənzili məcburiyyət qarşısında qalaraq tərk etmişlər. Məhkəmə, cavabdehlərin mübahisəli mənzil 2002-ci ildə tərk etmələrini nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə mübahisənin həlli ilə bağlı bildir ki, hazırki mübahisənin həlli Azərbaycan Respublikasında 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından həll edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlər hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaranmışdır. Qeyd edilən Mənzil Məcəlləsinin 60-cı maddəsinin mənasına görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə göstərilən maddi hüquq normasının tələbinə “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarında təsbit olunmuş hüquqi mövqedən yanaşdıqda hesab edir ki, cavabdehlərin hal-hazırda mübahisəli mənzildə yaşamamaları onların istifadə hüquqlarına xitam verilməsinə və ya istifadə hüquqlarının olmamış hesab edilməsinə əsas vermir. Çünki Konstitusiya Məhkəməsinin həmin qərarına görə Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, (əvvəlki) Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Hazırda və iş üzrə tərəflər arasında mülki mübahisə yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 27.3-cü maddəsinə görə, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə qeyd edir ki, cavabdehlərin sözügedən mənzilə istifadə hüquqlarının itirilməsi üçün sübuta yetirilməlidir ki, cavabdehlər yaşayış yerlərini dəyişmişlər. Bunun üçün iddiaçı sübut təqdim etməlidir ki, cavabdehlər başqa yaşayış yerinə məhz daimi yaşamaq üçün köçmüşlər (məsələn: onlar mənzil əldə ediblər və ya onlara dövlət tərəfindən mənzil verilib), lakin iddiaçı bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənlərə əsasən hesab edilməlidir ki, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqları hazırda da, mövcuddur. Belə olan halda, əgər iddiaçı mübahisəli mənzildə yerləşən yaşayış sahəsi üzərində cavabdehlərin istifadə hüquqlarının itirilməsini arzulayırsa, onda o, işə baxmış Rayon Məhkəməsinin istinda etdiyi kimi, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehlərə müvafiq kompensasiya ödəməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar