Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2779/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh "xxxx"ASC-nin vəkili Vəkil2 iştiraki ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2648/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “sığorta ödənişi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5555,37 manat sığorta ödənişinin və 11.02.2021-ci il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində vəsaitin, habela ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.02.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyət hüququ əsasında ona məxsus olan “Toyota Yaris” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin zərər cavabdeh "xxxx" ASC tərəfindən 750 manat məbləğində qiymətləndirilmiş və bu barədə ona mesaj göndərilmişdir. Cavabdeh tərəfindən müəyyən edilən bu məbləğ həddindən artıq aşağı məbləğdir və avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün yetərli deyildir. Ona görə də o, zərərin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmişdir. Həmin şirkət tərəfindən avtomobilə dəyən zərər, görüləcək işlər və ehtiyat hissələri də daxil olmaqla zərər 5555,37 manat məbləğində müəyyən edilmiş və bu barədə 02.03.2021-ci il tarixli qiymətləndirmə rəyi tərtib edilmişdir. Cavabdehin zərəri nəyə əsasən 750 manat məbləğində qiymətləndirməsi heç başa düşülən deyil və bu barədə ona heç bir açıqlama verilməmişdir. 02.03.2021-ci il tarixli qiymətləndirmə rəyində isə avtomobilin zədələnmiş hissələri, həmin hissələrin təmiri üçün tələb olunan ehtiyat hissələri və göstəriləcək xidmətlər ətraflı şəkildə əks olunmuşdur. Bəllidir ki, cavabdeh tərəfindən tam müayinə aparılmamış, avtomobilin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün tələb olunan ehtiyat hissələri, bu ehtiyat hissələrinin bazar qiyməti, avtomobilin təmiri zamanı görüləcək işlərin həcmi və xidmət haqqı düzgün müəyyən edilməmişdir. Ona görə də rəsmi qaydada cavabdehə müraciət edərək avtomobilə 11.02.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 5555,37 manat pulun ödənilməsini xahiş etmişdir. Lakin sığorta şirkəti bu günədək nə tələb olunan pulu ona ödəməmiş, nə də ki, müraciət məktubunu rəsmi qaydada cavablandırmamışdır. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, əsassız olaraq avtomobilə dəyən real zərəri ödəməkdən imtina etdiyinə görə cavabdeh sığorta ödənişi ilə bərabər eyni zamanda hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu da ödəməlidir. Həmçinin, hüquqlarının məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkillə aralarında bağlanılmış hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən vəkilə 500 manat məbləğində qonorar ödənilmişdir. Hesab edir ki, iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 manat məbləğində pul da cavabdehdən onun xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2648/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC-dən 2311 (iki min üç yüz on bir) manat məbləğində sığorta ödənişi, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pulun cavabdeh Xalq Siğorta” ASC-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qənaəti Mülki Məcəllənin 934-cü maddəsinin göstərişinə uyğun olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 750 manat sığorta ödənişi təklif olunsa da, məhkəmnin özü sığorta ödənişinin məbləğini 2311 manat müəyyən etmişdir. Yəni, sığortaçı ödənişinin 1561 manat hissəsini gecikdirmişdir. Belə olan halda, gecikdirilən məbləğə görə dəbbə pulu hesablanmalı olduğu halda, məhkəmə əsassız olaraq iddianı həmin hissədə rədd etmişdir. Bununla yanaşı normadan göründüyü kimi sığortaçının təqsirli və ya təqsirsiz hərəkətləri nəticəsində baş verməsindən aslı olmayaraq sığorta ödənişi gecikdirilidiyi hər bir halda bu gecikdirməyə görə sığortaçı dəbbə pulu ödəməyə borcludur. Odur ki, məhkəmənin sığorta ödənişinin gecikdirilməsini cavabdehin təqsirli hərəkətləri ilə əlaqələndirilməsi əsassız olmuşdur və MM-nin 934-cü maddəsini əhəmiyyətsiz etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx"ASC-nin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan (dəbbə pulu) hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni dəbbə pulunun təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2648/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “Toyota Yaris” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11.02.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Sığorta təşkilatı iddiaçı tərəfindən tələb olunan məbləğin yalnız 750 manat məbləğində sığorta ödənişini ödəməyə razılığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3613 saylı, 16.07.2021-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan "xxxx" MMC-nin 02.03.2021-ci il tarixli aktı məlumatlarına əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Toyota Yaris” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2311 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-1661 manat; təmir-bərpa işlərinin qiyməti 650 manatdır. Avtomobillərə Texniki Xidmət Mərkəzinin 18.02.2021-ci tarixli qüsur aktındakı məlumatlara görə isə, avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1000 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 350 manat, təmir-bərpa işlərinin qiyməti - 650 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən məhkəmənin hesabına 30 manat dövlət rüsumu, hüquqi yardım üzrə xidmət haqqı olaraq, Vəkil1 hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları»nın 22-ci maddəsindən görünür ki, bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və yafaydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən hesablanan ziyan məbləği ilə razi deyil. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 5555,37 manat sığorta ödənişinin və 11.02.2021-ci il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun tutulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. İddiaçı sığorta təşkilatı tərəfindən ona hesablanmış sığorta ödənişi ilə razılaşmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun tutulması hissəsində iddia tələbini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən və sığorta ödənişinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ödənilməməsi sübuta yetirilmiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki halda qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2648/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2648/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2779/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2779/2022
13.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver