Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2779/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Binəqədi rayon X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Binəqədi rayon X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, ona ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsi, Cavabdeh2 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmış və onun torpaq sahəsi ilə üst-üstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsi, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində inşa edilməkdə olan tikilinin onların hesabına sökülərək ərazidən çıxarılmaları” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-153/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Binəqədi rayon X3 cəlb edilməklə) qarşı Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, ona ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsinə, cavabdeh X2 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılan torpaq sahəsinin onun torpaq sahəsi ilə üstüstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsinə, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində inşa edilməkdə olan tikilinin onların hesabına sökülərək ərazidən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon X1 530/1 saylı xx.xx.2003-cü il tarixli qərarı və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədlər, maliyyə qəbzi, esgiz-cizgi, alqı-satqı aktı ilə Binəqədi qəsəbəsinin inzibati ərazisində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına rəsmiləşdirilərək mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus olduğunu hesab etdiyi torpaq sahəsində planlaşdırma işləri aparmış, torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Son vaxtlar torpaq sahələrinin zəbt olunma hallarının çoxaldığını nəzərə alaraq, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə baxmağa gedərək, nəzarət etmişdir. Torpaq sahəsi bu gündə iddiaçının nəzarətindədir, torpağın iddiaçıya məxsus olduğu aidiyyatı idarə və təşkilatlar tərəfındən rəsmi olaraq öz təsdiqini tapsada iddiaçıya məxsus torpaq sahəsində tikinti aparmağa cəhd edən Cavabdeh1 və onun tərəfdarları torpaq sahəsinin onlara aid olduğu iddiası ilə iddiaçını və ailə üzvlərini narahat edir, iddiaçının həmin sahədə görmək istədiyi işlərin qarşısının alınması üçün hər variantla, hətta divarını uçurmaqla ona ziyan vurmaqdan belə çəkinmirlər. Belə ki, cavabdeh X4 xx.xx.2005-ci il tarixli Bələdiyyə qərarına əsasən, həmin ərazidə fərdi yaşayış evinin tikintisi üçün 700 kv.m. torpaq sahəsinin ayrıldığını iddia edərək iddiaçının torpaq sahəsini zəbt etməyə başlamışdır. Həmin ərazinin sonradan cavabdehə verilməsinin əsası yoxdur və bu qanunsuzdur. İddiaçının Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 530 saylı qərarına əsasən aqlı-satqı yolu ilə dəyərini tam olaraq ödəməklə aldığı torpaq sahəsini iki ildən sonra Binəqədi rayon Bələdiyyəsinin rəhbərliyi qanunsuz olaraq heç bir aidiyyatı olmayan Cavabdeh2 saxta sənədlə satmış, nəticədə Cavabdeh2 verdiyi etibarnamə əsasında Cavabdeh1 və digər şəxslər tərəfindən həmin torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq yarımçıq tikinti işləri görmüşdür. İddiaçı həmin şəxslərlə görüşüb onların ordan çıxmasını və yarımçıq tikilinin özləri tərəfindən sökülməsini tələb etmiş, onlar isə tikinti işlərini dayandırsalar da, yarımçıq tikintini sökməmişlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2003-cü il tarixli qərarı və ona əlavə edilmiş cizgi sənədi ilə birlikdə 530/1 saylı olmaqla Dövlət Arxivnin Bakı filialında mövcuddur. Eyni zamanda qəsəbə nümayəndəliyi arayışında bildirmişdir ki, torpaq sahəsinin ayrılmasına əsas olan eskizlərin fərqli sahələrə aid olduğu vizual olaraq müəyyən olunsa da, hər iki cizgidə kordinat nöqtələri olmadığından ərazinin coğrafi hüdudlarının müəyyən olunması, yalnız məhkəmə yolu ilə müəyyən edilməlidir. Bu bir daha onu göstərir ki, iddiaçı həmin torpağı qanuni və əsaslı olaraq əldə etmiş, bu gün həmin şəxslərin oradan çıxarılmasına subyektiv hüququ vardır. Ona görə də iddiaçı Binəqədi rayon Bələdiyyəsinə, prokurorluğa və polisə şikayət ərizələri ilə müraciət etmişdir. İddiaçı Binəqədi rayon Bələdiyyəsindən torpaq sahəsinin kimə məxsus olmasının dəqiqləşdirilməsi, ona məxsus olan torpaq sahəsinin kordinotlarının yerini işarələrlə göstərilməsini, torpaq sahəsinə dair hüquqlarına qarşı yaranmış qanunsuz maneələrin və mübahisəli məqamların aradan qaldırılmasını və şikayəti üzrə ona ətraflı məlumatlar verilməsini xahiş etmişdir. Prokurorluqdan və polisdən isə iddiaçı şikayətinin nəzarətə götürülməsini, torpaq sahəsininə dair hüquqlarına qarşı yaranmış qanunsuz maneələrin aradan qaldırılmasını, Binəqədi rayon Bələdiyyəsinin rəhbərliyinin, Cavabdeh2, Cavabdeh1 və digər təqsirli şəxslərin barələrində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Lakin həmin ünvanlardan iddiaçıya cavablar verilməmişdir. Binəqədi rayon Bələdiyyəsinin aiddiyatı olan məsul şəxslərinin, o cümlədən cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olduğuna görə məhkəmə tərəfindən bu barədə xüsusi qərardad çıxarılaraq prokurora göndərilməlidir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1406/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
4. Azərbaycan Respubilkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli № 3-16-16/2-10/8228 nömrəli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-42795/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə İddiaçı ayrılan 600 kv.metr torpaq sahəsinə aid təqdim edilmiş cizgi planında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarı ilə Cavabdeh2 ayrılan 700 kv.metr torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin 700 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəsis rəyinə əsasən, iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 695 kv.metr torpaq səhəsində Cavabdeh1 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur. Lakin, Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə Binəqədi qəsəbə ərazisində ayrılmış 600 kv.metr torpaq sahəsinə aid cizgi planında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən yarımtikilinin ayrılmış torpaq sahəsində yerləşibyerləşməməsini təyin etmək mümkün olmamışdır. Mütəxəsis rəyinə əsasən, iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla X8 Şirkətinin istifadəsindədir. Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə İddiaçı ayrılan 600 kv.metr torpaq sahəsinə aid cizgi palanında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkün olmamışdır. Mütəxəsis rəyinə əsasən, cavabdehin iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla X8 Şirkətinin istifadəsindədir. Bakı şəhəri Binəqədi rayon X1 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarı ilə Cavabdeh2 ayrılan 700 kv.metr torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizginin təqdim edilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkün olmamamışdır.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 153/2024 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 02 iyul 2003-cü il tarixli torpaqların alqı-satqısına dair akta əsasən Binəqədi rayon, X3 tərəfindən Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün sahəsi 600 kv.m olan torpaq sahəsi ayrılmış və bu qərarla öz əksini tapmışdır. Həmin torpaq sahəsinin plan və cizgiləri yəni texniki göstərişləri iş materiallarına əlavə edimişdir. İddiaçı ona ayrılmış torpaq sahəsini daş hasara alaraq öz mülkiyyəti kimi istifadəyə hazırlamışdır. Bundan sonra isə cavabdeh X4 10 dekabr 2005-ci il tarixli Bələdiyyə qərarına əsasən ona həmin ərazidə fərdi yaşayış evinin tikintisi üçün 700 kv.m torpaq sahəsinin ayrıldığını iddia edərək iddiaçının torpaq sahəsini zəbt etməyə başlamış və mübahisə məhkəmə müstəvisinə gəlmişdir. İddiaçı cavabdehdən əvvəl və qanuni şəkildə həmin torpaq sahəsini əldə etmiş və daş hasara almışdır. Həmin ərazinin sonradan cavabdehə verilməsinin əsası yoxdur və bu qanunsuz və əsassızdır. O baxımdan iddiaçıya ayrılmış torpaq sahəsinin sonradan cavabdehə satılması qanunsuzluqdur. Belə ki, Azərbaycan Resublikasının Milli Arxiv İdarəsinin 07 dekabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Vətəndaş İddiaçı barəsində Binəqədi rayonu İH-nin arxiv fondu üzrə xx.xx.2003-cü il tarixli qərarı və ona əlavə edilmiş cizgi sənədi ilə birlikdə 530/1 saylı olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bu bir daha onu göstərir ki, iddiaçı həmin torpağı qanuni və əsaslı olaraq əldə etmiş bu gün həmin şəxslərin oradan çıxarılmasına subyektiv hüququ vardır. Bundan başqa mütəxəssis rəyində göstərilənlərin heç bir əsası yoxdur, çünki onun torpağının sxem planı əvvəldən mövcud olmuş və kordinatlarıda bəllidir. Əlavə və təkrar vəsatət olacağı təqdirdə bu məsələnin aydınlaşması mümkün ola bilərdi. Onun dövlətin Bələdiyyəsi tərəfindən verilmiş sənədi mövcuddur və həmin torpağa dair plan və sxem verilmişdir. Lakin mütəxəssis rəyini əsas götürərək dövlət tərəfindən verilmiş sənədlərini əsassız hesab etmək qanunvericiliyə, konstitusiyaya ziddir. Belə ki, torpağa dair Sxem və plan olduğu halda mütəxəsis rəyinin hansı əsasla tərtib edilməsi və hansı qaynaqdan yararlanması qeyd edilməmişdir. Bundan başqa, ekspert ikinci sual üzrə qeyd edir ki, ayrılmış torpaq sahəsinə aid cizgi planında miqyas, kordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməsi səbəbindən yarımtikilinin ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsini təyin etmək mümkün olmamışdır. Məsafənin ölçülməsinin mümkün olmaması vətəndaşın hüquqlarının pozulması ilə nəticələnə bilməz. Bu baxımdan məhkəmə əsassız olaraq natamam ekspert rəyinə istinad edərək qanunsuz şəkildə iddiamı təmin etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda cavabdeh tərəf bu barədə heç bir tutarlı sənəd təqdim etməmişdir və yalnız iddiaçının təqdim etdiyi sənədlər mövcuddur. Lakin işə baxan məhkəmə subyektiv hüququ əsas götürərək iddianı əsassız olaraq rədd etmişdir. Cavabdehlər qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsini zəbt etsə də, məhkəmə bu halı lazımı qaydada araşdırmamış, natamam ekspert rəyi əsasında qətnamə qəbul etmişdir. Bütün faktiki halların araşdırılması o halda mümkün olardı ki, ekspert tərəfindən dolğun və əsaslı olaraq, onun plan və sxemi nəzərə alınmaqla rəy tərtib edilsin. Belə olan halda bütün faktiki halların aydınlaşdırılması qeyri-mümkündür.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin qeyd olunanları təsdiq edən sübutlarını əlavə etməmişdir. Cavabdeh1 isə telegram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
10. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı Bənd 3.1. ...Ümumi (publik) hüquq, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” Bənd İİ.31. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bənd İV. Azərbaycan Respublikasının bələdiyyələri
12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 65.4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
13. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli Fərmanı: Bənd 2.10. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-153/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin “Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsi və Cavabdeh2 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmış və onun torpaq sahəsi ilə üst-üstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsi” hissələrdə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
16. Belə ki, hazırki iş üzrə iddiaçı həmçinin bələdiyyənin qərarına əsasən ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsi və Cavabdeh2 torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə bələdiyyə qərarının ləğv edilməsini tələb edir.
17. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan dövlət orqanı və ya bələdiyyə arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Bundan əlavə, ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsi səlahiyyəti inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aiddir.
19. Göründüyü kimi, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-153/2024 nömrəli qətnaməsi ləğv edilsin, “Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsi və Cavabdeh2 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmış və onun torpaq sahəsi ilə üst-üstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsi” tələblərinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsi tələbi ilə inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək, müraciəti təmin edilmədiyi halda, habelə Cavabdeh2 torpaq sahəsinin verilməsi barədə bələdiyyə qərarının ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.