Məhkəmə qərarları › İş №2(103)-2780/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2780/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2780/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayonu üzrə abonent kartına əsasən abonent Cavabdeh ilə ünvan 1 ünvanına su və kanalizasiya xidmətlərinin göstərilməsi üçün xx.xx.1997-ci il tarixdə 20786393 nömrəli müqavilə bağlanmışdır.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixə olan abonent haqqında saldoya əsasən Cavabdeh borcu 1298,65 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1298,65 manat borcun tutularaq **********000 saylı abonent koduna və 32.99 manat dövlət rüsumu üzrə xərclərin "Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ’’Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi suyun dəyəri xx.xx.2016-cı il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 16047657 nömrəli sayğac xx.xx.2016-cı il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 1298.65 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının Suraxanı rayon, Bülbülə qəs, Ç.Nəsirov küç, ev 1 olduğu qeyd olunmuşdur.

5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 507.50 manat borc pul vəsaitinin tutularaq **********000 saylı abonent koduna köçürülməsi, iş üzrə ödənilmiş 32.99 manat dövlət rüsumunun 30 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1-ci maddəyə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; İddiaçının cavabdehdən tələb etdiyi borc məbləği vaxtaşırı ödənişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi cavabdehin adına olan abonent kartı üzrə aparılmış hesablamalardan aydın olur ki, Cavabdeh hazırkı iddia tələbi məhkəməyə daxil olduğu gündən hesablamaqla son 5 il üçün ümumi borcu 507.50 manat təşkil edir. Göstərilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, İddiaçı ASC-nin cavabdehdən abonent kartı üzrə tələb etdiyi borc məbləği 1298.65 manat olsa da, hazırkı tələbə kəsici müddət tətbiq etməklə işdə olan abonent kartı üzrə son 5 il üzrə aparılmış hesablamalarla cavabdehin su sərfiyyatına görə yaranan borcu 507.50 manat təşkil edir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən, 507.50 manat həddində təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi, 61-ci maddəsinin 1-ci bəndinə, “Sudan istifadə” Qaydalarının 2.1.9.2 yarımbəndinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 119.1, 217.4, 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16.50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə hazırkı mülki iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Hesab edilir ki, məhkəmə iş üzrə 553.1.1-ci maddəsini tətbiq etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1.1-ci maddəsində qeyd olunur ki, mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə öhdəliklərin xitamı üçün müddət axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən də göründüyü hissə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Belə ki, cavabdeh 2014-cü il üzrə 85 manat, 2015-ci il üzrə 50 manat, 2016-cı il üzrə 50 manat, 2017-ci il üzrə 190 manat, 2018-ci il üzrə 80 manat və 2022-ci il üzrə 100 manat ödəniş etmişdir. Qeyd olunan faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbindən göründüyü kimi iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin həll edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Nazirlər Kabinetinin 252 saylı təlimatına əsasən su sayğac əgər yoxdursa, nəfər sayına uyğun hesabıama aparılır. İstehlakçı tərəfindən nəfər sayı barədə arayış təqdim edilmədikdə nəfər sayı nə qədər olubsa ona uyğun da hesablama aparılır və nəticədə də borc yaranır. Qanunsuz heç bir borc yazılmamışdır. Borc 2011-ci ildən yaranmağa başlamışdır.

12. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni birinci instansiya məhkəməsində işə baxılması zamanı təqdim edə bilməmişdir, çünki ailəsində problemlər var idi.

Tətbiq edilən hüquq normaları:

13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi su təchizatını dayandıra bilər.

14. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 №-li Qərarının 2.1.9.2 yarımbəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifəsidir.

15. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilir ki, “..Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlər adlanan 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Eyni zamanda, bəzi hallarda Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz...”

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcun cavabdehdən tutulmaması hissəsində mübahisələndirilir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə təmin edilməyərək ona istinad edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir, hazırkı tələbə kəsici müddət tətbiq etməklə işdə olan abonent kartı üzrə son 5 il üzrə aparılmış hesablamalarla cavabdehin su sərfiyyatına görə yaranan borcu 507.50 manat təşkil etdiyi üçün iddia tələbi qismən təmin edilməlidir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.

25. Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Hazırkı halda iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin belə bir ərizəsi olmadan iddia müddəti tətbiq edilərək iddiaçı tərəfindən borcun tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlinmişdir. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqinə dair ərizə verilsə də məhkəmə kollegiyası ərizəni nəzərə almır. Çünki işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Qanunvericiliyin tələbinə görə cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəni qətnamə qəbul edilənə kimi verməli idi, lakin verməmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilir ki,”... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.”

28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə həmçinin müəyyən edilir ki, sözügedən ünvana CSS-20 markalı, 16047657 nömrəli sayğac xx.xx.2016-cı il tarixində quraşdırılmış, həmin tarixə kimi kimi isə istifadə edilmiş suyun dəyəri ünva üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun hesablanmışdır. İddiaçının nümayəndəsinin işə birinci instansiya məhkəməsində baxılması zamanı verdiyi izahatında qeyd edilir ki, qeyd olunan fərdi yaşayış evində sayğac quraşdırılana qədər sərfiyyat 7 nəfər say tərkibinə uyğun olaraq hesablanmışdır.

29. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli, 1455 nömrəli arayışda qeyd edilir ki, ünvan 1 ünvanında Cavabdeh əlavə 3 nəfər – X3, X4, X1 qeydiyyatdadırlar və 2014-cü ildən yaşayır.

30. Hazırkı halda iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək, xx.xx.2022-ci ilə kimi hesablanmış borcun cavabdehdən tutulması xahiş edilmiş, məhkəmə tərəfindən son 5 il üçün (2017-2021-ci illər üzrə) olan borc cavabdehdən tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş abonent haqqında saldodan görünür ki, iddiaçının 2016-cı il üçün sudan istifadə üzrə sərfiyyatı 792,64 manat məbləğində olmuşdur. Bu sərfiyyatın 7 nəfər say tərkibinə uyğun hesablandığı nəzərə alınsa iddiaçıya məxsus ünvanda 1 şəxs üçün sudan istifadə sərfiyyatının 113 manat (792,64 / 7 = 113 manat) məbləğində olduğu müəyyən edilir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan arayışdan iddiaçıya məxsus ünvanda 4 nəfər şəxsin yaşadığı nəzərə alınsa sərfiyyat məbləğinin 452 manat məbləğində olduğunu demək mümkündür. Abonent haqqında saldodan görünür ki, iddiaçı tərəfindən 2016-cı il üçün hesablanmış borc üzrə 50 manat məbləğində ödəniş edilmişdir.

32. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 2016-cı il üçün istifadə edilmiş sərfiyyat üzrə 402 manat (452-50=402 manat) pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

34. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

35. Mülki Prosesual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – mübahisələndirilən 2016-cı il üzrə hesablanmış 792,64 manat məbləğində borcun tutulmaması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 402 manat borc pul vəsaiti tutularaq **********000 saylı abonent koduna köçürülməlidir, iddia tələbi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – mübahisələndirilən 2016-cı il üzrə hesablanmış 792,64 manat məbləğində borcun tutulmaması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 402 manat borc pul vəsaiti tutularaq **********000 saylı abonent koduna köçürülsün. İddia tələbi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar