Məhkəmə qərarları › İş №2(103)-2780/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2780/2025

19.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2780/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, cavabdehin nümayəndələri Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi barədə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(004)-1689/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət, kommersiya sirri rejiminin tətbiqi və haqsız işgüzar davranışın qarşısının alınması barədə 18 yanvar 2022-ci il tarixli qarışıq müqavilənin 2.4-cü bəndinə əsasən işçi üçüncü şəxslərin kommersiya sirri ilə tanış olmasına və ya kommersiya sirrindən istifadə etməsinə yol verməməli, həmçinin kommersiya sirri təşkil edən məlumatları hər hansı formada dərc etməməlidir. İşçi qəbul edir və təsdiq edir ki, kommersiya sirri təşkil edən məlumatların bankdan (o cümlədən, bankın informasiya sistemindən) kənara (özünə aid cihaz və hesablara, o cümlədən, elektron poçt ünvanlarına ötürülmə də daxildir) hər hansı vasitə ilə ötürülməsi bu müqavilə üzrə öhdəliklərin pozulması hesab edilir.

2. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh QSC-nin mikro və aqro müştərilə üzrə təcrübəçi mütəxəssi vəzifəsinə işə qəbul edilmişdir.

3. 07 yanvar 2021-ci il tarixli 2021/2024 saylı əmək müqaviləsinə 18 yanvar 2022-ci il tarixli əlavənin 7.1-ci bəndinə əsasən əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tərəflər arasında aparılan rəsmi yazışmalar və danışıqlar bankın “Kommersiya sirri rejiminin tətbiqi barədə” qaydalar çərçivəsində kommersiya sirri hesab olunan məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar “Kommersiya sirri” şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, qaydalara və bu əmək müqaviləsinə müvafiq olaraq kommersiya sirri hesab edilir. Kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. kommersiya sirri həmçinin kommersiya sirrinin əsasında əldə edilən məlumatlar da daxildir.

4. Cavabdeh QSC-nin 28 noyabr 2024-cü il tarixli “yoxlamanın nəticələrinə dair” 02 saylı aktdan görünür ki, 28 noyabr 2024-cü il tarixində X9 tərəfindən akt tərtib edilmiş, aktın doğruluğunu X9, Nümayəndə, X12 və İddiaçı imzalaı ilə təsdiq edilmişdir. yoxlama zamanı 04 noyabr 2024-cü il tarixində mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsində çalışan X6 müştərilər barədə bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan, heç kimə bildirməyərək çap etdiyi məlum olmuşdur. Yoxlama vaxtı mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsində çalışan X10 rəhbərliyin göstərişi olmadan çap etdiyi bank sirri təşkil edən müştəri məlumatlarını çap edərək bankın inzibati binasından kənara çıxarmağı faktı aşkar edilmişdir. Yoxlama zamanı çap edilən sənədlərə baxılmış və sənədlərin arasında müştəri məlumatlarının əks olunduğu 11 vərəqdən ibarət excell fayl aşkar edilmişdir. Yoxlama nəticəsində sənədlərin çap olunduğu aşkar edilmiş və işçi tərəfindən 04 noyabr tarixindən sonrakı 24 gün ərzində ona məxsus olan maşında saxlandığı iddia edilən sənədlər 28 noyabr 2024-cü il tarixində təhvil-təslim aktı ilə geri götürülmüşdür. Çap edilən vərəqlər bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri təşkil edən və müştərilərin fərdi məlumatlarını əks etdirən məlumatlar olduğu bir daha təsdiq edilmişdir. Bununla bağlı işçinin izahatı alınmış və İddiaçı izahatında bank sirri təşkil edən məlumatları çap etdiyin və həmin vərəqləri bankdan kənara çıxararaq maşında saxladığını qeyd etmişdir. Araşdırma zamanı İddiaçı 1 və 4 noyabr 2024-cü il tarixləri arasında məzuniyyətdə olduğu və 4 noyabr tarixində bankın və ya filialın rəhbərliyinin hər hansı göstərişi olmadan bank sirri təşkil edən məlumatların əks olunduğu faylları çap etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktları işçi İddiaçı (mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis) tərəfindən işçi ilə Cavabdeh QSC arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirinin, habelə bank sirinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. Akt İddiaçı 28 noyabr 2024-cü il tarixdə imza edərək qəbul etmiş və razı olmadığını qeyd etmişdir.

5. İddiaçı Cavabdeh QSC-nin İdarə Heyətinin sədri Davot Tsikluariyə ünvanlanmış 28 noyabr 2024-cü il tarixli izahatından müəyyən edilir ki, kredit verdiyi müştərilərin portfenini çap etmək məqsədi müştərilərini direkt etmək olmuş, sənədlərin maşında olma səbəbi analiz zamanı istifadə olunan sənədlərlə bir faylda saxlamağı olmuş, həmin sənədlər 2-ci bir şəxsə çatmamış, ondan başqa heçkim üçün əlçatan olmamışdır. Əlavə olaraq bildirir ki, ərizəsini yazıb işdən çıxmaq istədiyi müddətdən bu vaxtadək banka 15000, 40000 və 50000 manat olmaqla 3 müştəri, həmçinin “Naftalan Palma” Kafesini yönləndirmişdir.

6. İddiaçı Cavabdeh QSC-nin Mingəçevir Filialının müdiri Ramin Məmmədova ünvanlanmış 15 noyabr 2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki,onun 16 noyabr 2024-cü il tarixdə öz arzusu ilə işdən azad olunmağını xahiş etmişdir. Cavabdeh QSC-nin İddiaçı ünvanladığı 15 noyabr 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, filialın iş yükünü və işçilərin əvəz edilməsinin bununla bağlı mümkün olmamasını nəzərə alınaraq sizinlə bağlanmış 07 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi mümkün deyildir. Əmək Məcəlləsinin tələrbləri nəzərə alınmaqla sizinlə bağlanmış 07 yanvar 2021ci il tarixli əmək müqaviləsinə 29 noyabr 2024-cü il tarixində xitam veriləcəkdir.

7. Cavabdeh QSC-nin 29 noyabr 2024-cü il tarixli, 24-00869 saylı “işdən azad olunma barədə”əmrin surətindən görünür ki, bankın Goranboy filialında mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Əsas: 28 noyabr 2024-cü il tarixli yoxlamanın nəticələrinə dair aktı və İddiaçı izahatını, habelə bu sənədlərdə qeyd edilən hərəkətləri nəticəsində İddiaçı qəsdən əmək müqaviləsinin 7.4-cü bəndi ilə müəyyən edilən öhdəliklərə daxil edilməklə müqavilədən irəli gələn əmək funksiyalarını, xüsusilə də məxfilik və kommersiya siri ilə əlaqədar tələbləri, habelə bankın daxili qaydalarını kobud şəkildə pozmuşdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" QSC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 24-0869 nömrəli, 29 noyabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, "xxxx" QSC-nin Goranboy filialına Mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mənəvi zərərin əvəzi kimi 20000 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmii 300 manat və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o, 08 yanvar 2021-ci ildə "xxxx" QSC-yə Mikro və aqro müştərilər üzrə təcrübəçi mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən "xxxx" QSC-nin Goranboy filialında işləmiş və işlədiyi müddət ərzində öz üzərinə düşən əmək funksiyasını vicdanla və vaxtlı-vaxtında yerinə yetirmişdir. Bunun nəticəsidir ki, vəzifədə yüksəlmiş və Mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsinə dəyişdirilmişdir. Cavabdehin 24-0869 nömrəli, 29 noyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən əmrin verilməsi əsas olan hal əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və.s hesab edilir. Lakin səbəb Filial rəhbərinin ona qarşı qərəzli münasibətindən irəli gəlir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC-nin müəssisədaxili yoxlamaları çərçivəsində və formalaşdırılmış standart prosedurlara uyğun olaraq X1 Şöbəsi tərəfindən Bankın əməkdaşı olan İddiaçı özündə Bankın tərəfindən pozuntuların törədildiyi aşkar edilmişdir. Belə ki, X1 Şöbəsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özündə bank müştərilərin adlarının, həmin müşyərilərin götürdüyü kreditlərə dair məlumatların və onların telefon nömrələrinini qeyd edildiyi cədvəli çap etmişdir. Bununla bağlı İddiaçı həmin sənədlərin çapa vurmasının səbəbləri və həmin sənədlərdən necə istifadə etdiyinə dair izahat yazması tələb olunmuşdur. 28 noyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən izahat verilmiş və izahatda sənədləri çap etdiyini və həmin sənədləri Bankın müvafiq filialının binasından kənara çıxararaq ona məxsus şəxsi avtomobilə qoyduğunu təsdiq etmişdir. Eyni zamanda 28 noyabr 2024-cü il tarixdə aşkar olunmuş hallara dair yoxlamanın nəticələrinə dair 02 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edildikdən sonra İddiaçı aktla tanış olmuş və akta dair izahatının alınması üçün təqdim edilmişdir. 29 noyabr 2024-cü il tarixdə İddiaçı aktın surətini təhvil almış və akta dair 29 noyabr 2024-cü il tarixli izahatını təqdim etmişdir. Bu izahatında da bank müştərilərə dair məlumatların olduğu sənədləri bankın hər hansı bir rəhbər şəxsinin razılığı olmadan bankdan kənara çıxarması faktına birbaşa etiraz etməmiş və təsdiq etmişdir. Bu hallara əsasən X13 sədrinin 24-0869 nömrəli 29 noyabr 2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 29 noyabr 2024-cü il tarixdən xitam verilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(004)- 1689/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, bank iddiaçı ilə tam maddi məsuliyyət, Kommersiya sirri rejiminin tətbiqi və Haqsız işgüzar davranışın qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli qarışıq müqavilə bağlayarkən müqaviləyə 2.4-cü bəndi əlavə etməklə Kommersiya sirrinin qorunması qaydaları ilə bağlı öhdəlikləri müəyyən etmişdir. Həmin məsələ ilə bağlı öhdəlik ondan ibarət olmuşdur ki, “işçi üçüncü şəxslərin Kommersiya Sirri ilə tanış olmasına və ya Kommersiya Sirrindən istifadə etməsinə yol verməməli, həmçinin Kommersiya Sirri təşkil edən məlumatları hər hansı formada dərc etməməlidir." Eyni zamanda işçi ilə bağlanmış əmək müqaviləsinə əlavənin 7.4-cü bəndində də oxşar məzmunlu öhdəlik öz əksini tapmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. İddiaçının xx.xx.2024-cü il tarixdə müştərilər barədə Bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan, heç kimə bildirməyərək çap etməsi və Bankdan çıxarkən əşyalarının arasında həmin məlumatları Bankın inzibati binasından kənara çıxarması işin mübahisəsiz halıdır. Əmək Məcəlləsinin tələblərinə görə kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi yalnız kommersiya sirrinin yayılması deyil, həmçinin həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Qanunvericiliyin tələbinə əsasən isə qeyd edilən hallarda əmək vəzifələrinin kobud pozuntusu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasını təşkil edir. Belə olan halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə işçi ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur, iddiaçının tələbi əsassızdır. Eyni zamanda, vurulmuş mənəvi zərərə görə 20000 manat pul hissəsində iddia əsassız olduğundna rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 199, 202-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 4-cü, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə təqdim etdiyi izahatında bildirmişdir ki, müştərilər barədə məlumatı çap etməkdə məqsədi kreditlərin ödənilməsi ilə əlaqədar müştərilərlə birbaşa əlaqə saxlanılması, nəticədə kreditlərin ödənilməsinin təmin edilməsi olmuşdur. Eyni zamanda, iddiaçı izahatında qeyd etmişdir ki, həmin məlumatları yaymamış və məlumatlar başqa şəxslər üçün əlçatan olmamışdır. Beləliklə, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verməmiş və iddiaçının hərəkəti nəticəsində cavabdehin mənafelərinə hər hansı zərər vurulmamışdır. Buna baxmayaraq, Cavabdehin 24-0869 nömrəli, 29 noyabr 2024-cü il tarixli əmrində göstərilən intizam tənbehi daha ağır olmuş və iddiaçının hərəkətinə mütənasib olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. Cavabdehin 24-0869 nömrəli, 29 noyabr 2024-cü il tarixli əmrinin verilməsinin zəruriliyi əsaslandırılmamış, birinci instansiya məhkəməsi isə bununla kifayətlənmişdir. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsi daha ağır inzibati təhbeh olduğuna və işçi üçün mənfi nəticələrə səbəb ola biləcəyinə görə, bu barədə verilən əmr istisnasız olaraq əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız cavabdehin nümayəndəsinin izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Təəssüflər olsun ki, məhkəmə iş materiallarında olan sübutlara deyil, yalnız cavabdehin nümayəndəsinin izahatına əsasən belə hesab etmişdir ki, iddiaçı əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Qeyd edirik ki, iddiaçının 24-0869 nömrəli, 29 noyabr 2024-cü il tarixli əmr əsasında işdən azad edilməsi cavabdehin ona qarşı qərəzli münasibətindən irəli gəlmişdir. Bununla bağlı İddiaçının iştirakı ilə keçirilmiş onlayn iclasın video görüntülərini tələb etsək də, cavabdeh həmin görüntüləri qərəzli şəkildə məhkəməyə təqdim etməmişdir. Əks halda, cavabdehin iddiaçıya qərəzli münasibəti açıq-aşkar məlum olardı.

b) Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən verilmiş "əmək müqaviləsinə xitam verilməsi barədə" 24-0869 nömrəli, 29 noyabr 2024-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda pozduqda maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Baş vermiş əmək vəzifələrinin pozulması ilə bağlı İddiaçı izahat alınmış "xxxx" QSC tərəfindən 28 noyabr 2024-cü il tarixli "Yoxlamaların nəticələrinə dair" 02 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən, yoxlama zamanı 04 noyabr 2024-cü il tarixdə Mikro və Aqro Müştərilər üzrə Aparıcı Mütəxəssis vəzifəsində çalışan İddiaçı müştərilər barədə məlumatı rəhbərliyin göstərişi olmadan çap etdiyi müəyyənləşdirilmişdir. Yoxlama zamanı bu məlumatların bank sirri təşkil edən məlumatlar olduğu müəyyən edilmişdir. Əsgərov X5 təşkil edən məlumatları çap etdirərək həmin vərəqləri Bankdan kənara çıxardığını və öz şəxsi avtomobilində saxladığını qeyd etmişdir. Həmçinin idddiaçı öz şikayətində qeyd edir ki, təqdim edilmiş izahata əsasən, müştərilər barədə məlumatı çap etməkdə məqsədi kreditlərin ödənilməsi ilə əlaqədar müştərilərlə birbaşa əlaqə saxlanılması, nəticədə kreditlərin ödənilməsinin təmin edilməsi olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, müştərilər barədə bankdan kənara çıxarılmış məlumatlarda nəzər yetirilsə məlum olur ki, bu siyahıda nəinki aktiv kredit öhdəliyi olan müştərilər həmçinin kredit müraciəti etmiş və kredit müraciəti etmiş təsdiq almış lakin rəsmişləşdirmə prosesində olduğu üçün daha kredit verilməmiş müştərilər qeyd edilmişdir. Həmin cədvələ diqqət yetirildiyi zaman görünük ki, telefon nömrələrinə dair hissə sonradan əlavə olunmuşdur. Bu zaman həmin telefon nömrələrinin hansı məqsədlə əlavə edildiyi sual doğurur. Eyni zamanda bu cədvəl üzrə qeyd edilən aktiv kreditlər gecikmədə deyildir, əgər gecikmədə deyilsə, iddiaçının kreditlərin ödənilməsini təmin etmək niyyəti ilə məlumatları aparması kifayət qədər absurd bir haldır. Həmçinin iddiaçı izahatında qeyd etmişdir ki, həmin məlumatları yaymamış və məlumatlar başqa şəxslər üçün əlçatan olmamışdır. Beləliklə iddiaçı hesab edir ki, o, əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verməmiş və hərəkətlərinin nəticəsində cavabdehin mənafelərinə hər hansı zərər vurulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 353/2023 saylı 18 yanvar 2023-cü il tarixli X2 cavabdeh "xxxx" Qapalı Səhəmdar Cəmiyyətinə qarşı "işdən azad edilməyə dair əmrin ləğv edilməsi" təlbəbinə dair iddia ərizəsi üzrə qərarı ilə kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsini Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-5361/2022 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X20 Məhkəmə analoji hal ilə bağlı öz mövqeyində bildirmişdir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir birindən oxşar və fərqli xüsusiyyətləri vardır. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin, istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyət ilə bağlı olan və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlaması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq olaraq bank hesabı və bank hesabı üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvan, rəhbərləri haqqında, müştərilərin bank saxlanclarında əmlaklarının mövcudluğu, bu cür əmlakların sahibləri, xarakteri və dəyəri barədə məlumatdır. Müştəri məlumatlarının sirri isə özlüyündə kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin kapitalizm bazannda və maliyyə bazarında fəaliyyət göstərən vasitəçi təşkilatların təşkilatların müştəri ilə münasibətdə birbaşa və dolayı yol ilə əldə etdikləri şəxsi, iqtisadi maliyyə, pul vasitələri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədləri ehtiva edir. Göründüyü kimi kommersiya sirrinin sahibi olan cavabdeh, iddiaçının əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununlada sonuncunu kommersiya dəyərinə malik olan məlumatların dövriyyəsinə buraxmışdır. Bununla yanaşı Ali Məhkəmə qeyd edir ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatların konfedensiallığım təmin etməkdir. Belə Məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. 07 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə 18 yanvar 2022-ci il tarixli əlavənin 6.5-ci bəndinə əsasən, bankın "Kommersiya sirri rejiminin tətbiqi barədə" qaydalarında və davranış kodeksində və ya digər daxili qaydasında başqa hal nəzərdə tutulmadıqda, işçinin kağız və kompüterdəki məlumatları bankdan fiziki və ya hər hansı digər vasitə ilə çıxarmaq hüququ yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazla eyni məzmunlu uyğun izahat verərək, təmin olunmamasını xahiş etmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Maddə 967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; Maddə 199.1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: e) işəgötürənin kommersiya sirrini yaydıqda; Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

21. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Maddə 2.0.3. Kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs. Maddə 2.0.4. Kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs. Maddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir.

22. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. H Maddə 41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Maddə 41.5. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin predmetini təşkil edən hallara münasibətdə düzgün araşdırma və hüquqi qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görmür.

27. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, iddiaçı cavabdehə təqdim etdiyi izahatında bildirmişdir ki, müştərilər barədə məlumatı çap etməkdə məqsədi kreditlərin ödənilməsi ilə əlaqədar müştərilərlə birbaşa əlaqə saxlanılması, nəticədə kreditlərin ödənilməsinin təmin edilməsi olmuşdur.

28. Məhkəmə kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə onu qeyd edir ki, bankdan kənara çıxarılmış müştəri məlumatlarının məzmununa nəzər salındıqda müəyyən olunur ki, siyahıya yalnız aktiv kredit öhdəliyi daşıyan şəxslər deyil, həmçinin kredit müraciəti etmiş, müraciəti ilkin mərhələdə müsbət qiymətləndirilmiş, lakin rəsmiləşdirmə prosesi başa çatmadığı üçün kreditin verilməsi hələlik baş tutmamış şəxslər də daxil edilmişdir.

29. Əmrin əsasladırılmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmrdə iddiaçı tərəfindən əmək müqaviləsinin hansı bəndinin, hansı normaların tələblərinin pozulması, onun özünün izahatın istinad olunması qeyd edilmiş, yəni, əmr əsaslandırılmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır. Müştəri məlumatlarının sirri isə özlüyündə kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin, kapital bazarında və maliyyə bazarlarında fəaliyyət göstərən vasitəçi təşkilatların müştəri ilə münasibətlərində birbaşa və ya dolayı yolla əldə etdikləri şəxsi, iqtisadi, maliyyə, pul vəsaitləri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədləri” ehtiva edir.

31. Göründüyü kimi kommersiya sirrinin sahibi olan bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.

32. Bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsi dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh QSC-nin Mikayıl Mikayılzadə ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyin tələbləri baxımından doğru olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin d bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılması ilə yanaşı, sadəcə onun tərəfindən bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(004)- 1689/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(004)- 1689/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar