Məhkəmə qərarları › İş №2(103)-2781/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2781/2025

10.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2781/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X20 və Şirvan şəhəri (Əli Bayramlı şəhəri) 1 saylı Notariat Ofisinə qarşı mülki iş (Açar sözlər: «vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, iddia müddəti, zamana görə maddi hüquq normasının qüvvədə olması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-223/2025 saylı, 14 fevral 2025ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X31 ilə X9 13 yanvar 1956-cı ildə nikah bağlayıb, nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. Bu nikahdan 4 övlad- X21, X28, X15, X29 doğulmuşdur. Miras qoyan X10 29 iyul 1990-cı ildə ölmüşdür.

2. Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1983-cü il tarixli iclasının 23 №-li protokolundan çıxarışa əsasən Nizami küçəsi döngə 1, 26 №-li sahədə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 600 m2 torpaq sahəsi X3 adına sənədləşdirilməsi qərara alınmışdır və həmin qərarın əsasında 30 mart 1988-ci ildə X3 adına dövlət qeydiyyatına alınıb.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1996-cı il tarixli şəhadətnaməyə əsasən 29 iyul 1990-cı ildə ölmüş X3 əmlakının vərəsəsi oğlu X22r. Şəhadətnamənin verildiyi vərəsəlik əmlakı Əli Bayramlı şəhəri, Nizami küçəsi, 26-da olan 600 m2 torpaq sahəsində yerləşən 1957-ci ildə tikilmiş inventar qiyməti 9022 rubl olan fərdi yaşayış evindən ibarətdir.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli şəhadətnaməyə əsasən 23 yanvar 2001-ci ildə ölmüş X16 vərəsələri Cavabdeh və X23r. Şəhadətnamə verilən miras əmlak Əli Bayramlı şəhəri, Nizami küçəsi, 26 saylı 0,06 ha torpaq sahəsində yerləşən, 1957-ci ildə tikilmiş, iki otaqlı, ümumi sahəsi 47,15 m2 olan yaşayış evindən ibrətdir. Nümayəndə xx.xx.2006-cı il tarixli ərizəsində 23 yanvar 2001-ci ildə vəfat etmiş atası X12 miras qalmış Əli Bayramlı şəhəri, Nizami küçəsi 26-da yerləşən fərdi yaşayış evindən vərəsəlik payı tələb etmədiyini və gələcəkdə də məhkəmə mübahisəsi qaldırmayacağını göstərmişdir.

5. Şirvan (Əli-Bayramlı) şəhəri, Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,8 m2 yaşayış, 20,4 m2 köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X17, Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır.

6. Əli Bayramlı Şəhər Polis Şöbəsinin xx.xx.2007-ci il tarixli, 5604 nömrəli arayışında göstərilib a əsasən müəyyən olunur ki, X30 və Cavabdeh məxsus **********51-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarış və 1465 inventar nömrəli texniki pasportu naməlum şəraitdə itmişdir. Lakin həmin texniki pasport Əli Bayramlı şəhər polis şöbəsinə tapılmış kimi daxil olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X20 və Şirvan şəhəri (Əli Bayramlı şəhəri) 1 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək cavabdeh Şirvan şəhəri (Əli Bayramlı şəhəri) 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 13 aprel 1996-cı il tarixli, 2B-20 saylı reyestrdə qeyd alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında X13 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 iyun 2006-cı il qeydiyyat tarixi olan mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi, Cavabdeh və cavabdeh X17 adına Şirvan şəhəri (Əli Bayramlı) şəhəri 1 saylı Dövlət Notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh və cavabdeh X17 adına verilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 avqust 2006- cı il qeydiyyat tarixi olan mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi, iddiaçıların anası X4 miras əmlakı olaraq faktiki qəbul etdikləri Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə iddiaçı X14 və İddiaçı2 paylar üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiada göstərilib ki, iddiaçı X25 xx.xx.1990-ci il tarixdə rəhmətə getmiş anası X1r. İddiaçının anası X11 rəhmətə gedən günündən etibarən, ona məxsus Əlibayramlı şəhəri, Nizami küçəsi 26-da, 600 kv.m sahəsi olan torpaq sahəsi və 1957-ci il tarixdə inşa edilmiş tikili qızı X14 faktiki istifadəsindədir. Ancaq 2024-cü il may ayından etibarən, Cavabdeh qardaşı X17 vasitəsi ilə, bildirirlər ki, həmin ev onların mülkiyyətində olduğundan iddiaçının oradan çıxmasını tələb edib. Lakin iddiaçı cavab olaraq, bildirir ki, həmin tikili onun anasında miras kimi qəbul edilmiş və o vaxtdan onun istifadəsindədir. 03 avust 2024-cü il tarixdə cavabdeh və üçüncü şəxslər mübahisə edilən sahəyə gələrək, orada olan tikilinin qıfılını sındıraraq, iddiaçının o sahədən, habelə tikilidə olan əşyalarından istifadə etməyinə maneələr yaradıblar. Hal-hazırda iddiaçı o evə keçə bilmir.

9. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-223/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, vərəsəliklə bağlı münasibətlər 1996 və 2006-cı il tarixdən yarandığından hazırki münasibətə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır. X4 miras əmlak olaraq qalmış Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsi X26 tərəfindən xx.xx.1996-cı il tarixdə notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Sonuncu vəfat etdikdən sonra isə onun övladları olan xx.xx.2006-cı il tarixdə Cavabdeh və X30 müraciət edərək həmin əmlakla bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, digər vərəsə olan Nümayəndə isə Cavabdeh xeyrinə miras əmlakdan imtina etmişdir. Hazırda iddiaçılar olan İddiaçı1 və İddiaçı2 miras əmlaka faktiki sahiblik etməklə bağlı miras əmlakı qəbul etdiklərini bildirərək həm X17 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həm də Cavabdeh və X17 adlarına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab olunmasını tələb edirlər. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin iddiaçıların mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. İddiaçılar mübahisə predmeti olan Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evində doğulduqlarını, daha sonra ailə həyata qurduqdan sonra digər ünvanda yaşasalar da, anaları vəfat etdikdən sonra tez-tez həmin evə gələrək orada yaşamalarına, hazırki dövrədək həmin evə gedib-gəlmələrinin, həmin fərdi yaşayış sahəsində olan bağa qulluq etmələrinə, onlara məxsus əmlakların (mebel, geyim əşyalarının) həmin ünvanda olmasına istinad edərək miras əmlakı faktiki qəbul etdiklərini bildirirlər. Bundan başqa iddiaçılar nə qardaşları X29, nə də Cavabdeh və X30 tərəfindən alınmış qanun üzrə vərəsəlik şəhadətnamələrinin olmasından məlumatları olmadıqlarını, yalnız 2024-cü ilin yay aylarında cavabdehlə aralarında baş vermiş mübahisə zamanı bu barədə məlumatları olduqlarını bildirmişlər. İddiaçı2 və İddiaçı1 müəyyən vaxtlarda həmin evə gəlməsi, həmin evdə qalması həmin əmlaka faktiki sahiblik etməsi kimi qəbul edilə bilməz. Belə ki, X3 ölümündən sonra X29 öz ailəsi ilə birlikdə mübahisə predmeti olan evdə yaşamış, həmin hal işin mübahisəsiz halıdır. İddiaçılar Qubadın vəfat etməsindən sonra onun övladı Əli Bağırovu həmin evdə böyütmələri, müəyyən müddət ata evlərinə baş çəkmələri də mirasın onlar tərəfindən faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçılar hər ikisi ailəli olmuş və daimi yaşadıqları başqa yaşayış yerləri olmuşdur. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə iddiaçıların qanun üzrə vərəsəlik haqqında şəhadatnamələrin alınmasından məlumatlarının olmamasına münasibətdə isə qeyd edib ki, İddiaçı1 tərəfindən sonuncu məhkəmə iclası zamanı təqdim olunan Azərbaycan Respublikası Prezidenti İ.Əliyev və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri E.Mahmudova digər bacı X18 tərəfindən ünvanlanmış məktubun məzmunundan görünür ki, həmin evin X16 və onun övladlarının adına çıxarışın olmasından iddiaçıların məlumatı olmuşdur. Belə ki, işin hallarından görünür ki, iddiaçılar mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır; buna görə də onların mirası qəbul etməsi qənaətinə gəlmək mümkün olmadığından X29, X30 və X19 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatında göstərildiyi kimi iddiaçılar anasının vəfatından əvvəl və sonra da ölkədə olmuş, anasının adına fərdi yaşayış evinin mövcud olmasından məlumatlı olmuş, lakin X5 vəfat etməsindən iddia ərizəsinin verildiyi tarixədək 28 ilə yaxın müddətdə iddiaçı tərəf mirası qəbul etməmiş, anasının, daha sonra isə qardaşları X16 mülkiyyətində olmuş fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi ilə bağlı hər hansı təşəbbüs belə göstərməmiş, əksinə cavabdeh mübahisəli əmlakı faktiki qəbul etmiş və məhz onun müraciəti əsasında qeyd edilən əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə də müraciəti olmamışdır. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmədiyindən onun notariat ofisinə ünvanlanan ərizədə qanun üzrə vərəsə kimi qeyd edilməməsi vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üçün əsas olmamışdır. Həmçinin yuxarıda göstərildiyi kimi iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyi üçün iddia tələbi - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə Cavabdeh və X17 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsassız olmuşdur. Bundan başqa, cavabdehlər tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçının anası X11 1990-cı ildə vəfat etmiş, X29 isə 13 aprel 1996-cı ildə miras əmlaka dair çıxarış almışdır. İddiaçılar qardaşları X16 və onun övladlarının adına çıxarışların olmasından 2024-cü ilin yay ayında məlumatlarının olmasını bildirsələr də, qeyd olunan hal işin halları ilə sübut edilməmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürmüşdür.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 (iddiaçıların nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətlərini ayrı-ayrılıqda versə də, hər iki apellyasiya şikayətini eyni məzmunda tərtib edərək qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib göstərir ki, iddiaçı mərhum anası X6 vərəsəsi kimi, onun ölümündən sonra faktiki olaraq miras əmlakına sahiblik etmiş və istifadə etmişdir. Lakin 2024-cü ildə cavabdehlər tərəfindən həmin əmlak üzərində mülkiyyət iddiası irəli sürülərək iddiaçının istifadəsinə maneə yaradılmışdır. Cavabdehlər 1996 və 2006-cı illərdə qanun üzrə verilmiş vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnu rəsmiləşdirmişlər. İddiaçı bu sənədlərin etibarsız sayılmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. İddiaçının faktiki qəbul sübutlarına məhkəmə lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə belə nəticəyə gəlib ki, iddiaçıların evə gedib-gəlməsi, orada əşyalarının olması, orada mütəmadi olaraq yaşamaları, bağa qulluq etməsi faktiki qəbula dəlalət etmir. Ancaq Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli qərarına əsaslan: orada faktiki qəbulun məqsədyönlü davranışla izahı var - əgər şəxs əmlaka öz əmlakı kimi yanaşırsa, bu artıq qəbuldur. Məhkəmə faktiki qəbulun hüquqi kriteriyalarını dar və formal şəkildə qiymətləndirib. Halbuki, bir neçə illik istifadə, bağın baxımı, əşyaların saxlanılması və ailənin orada davamlı iştirakı, xüsusilə də şahid ifadələri bu niyyətin mövcudluğunu sübut edir. Məhkəmə vərəsəlik əlaqələri kontekstində faktiki qəbulun əhəmiyyətini qiymətləndirməyib, mülki əmlaka baxılması, istifadəsi, təmir edilməsi, kommunal ödənişlərin verilməsi, uzun illər istifadənin davam etməsi kimi elementlər Konstitusiya Məhkəməsinin mövqeyinə (xx.xx.2022 və xx.xx.2023-cü il tarixli Plenum Qərarları) zidd olaraq kölgədə qalmışdır. Xüsusilə, Konstitusiya Məhkəməsinin 2023-ü il 26 dekabr tarixli Qərarında Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə zidd olduğu qeyd edilmişdir. Bu, onu göstərir ki, formal olaraq müddətin qaçırılması və ya notariat ərizəsinin olmaması faktiki sahibliyin, istifadənin və idarəetmənin mühümlüyü qarşısında ikinci planda qalmalıdır. X4 miras qalan əmlaka faktiki sahibliyin əsasları, evin təmiri, uzunmüdətli istifadə və əşyaların saxlaması kimi hallara dəqiq qiymət verilməmişdir. Bu hallara aydınlıq gətirilməməsi məhkəmənin gəldiyi nəticəni obyektivlikdən uzaqlaşdırır. Məhkəmə iddiaçıların evdəki faktiki sahiblik və istifadə hüququ ilə bağlı təqdim etdiyi dəlilləri, o cümlədən şahid ifadələrini, əmlakın idarə edilməsinə dair hərəkətləri və evin baxımına çəkilən xərcləri qeyri-mötəbər və ya aidiyyətsiz hesab etmişdir. Halbuki, bu dəlillər Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarına və Mülki Məcəllənin faktiki qəbul institutuna tam uyğundur. Bu sübutların inkarı hüquqi əsası olmayan bir qiymətləndirmədir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 Şirinbalayeviç apellyasiya şikayətlərini müdafiə edib təmin olunmasını xahiş etdi. 14.Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X30 və digər cavabdeh Şirvan şəhəri (Əli Bayramlı şəhəri) 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan SSR Mülki Məcəlləsi: (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş)

Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan 01 sentyabr 2000-ci il tarixli):

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, şikayətlərin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün hər iki şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

26. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

28. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

29. Belə ki, işin mübahisəsiz halıdır ki, X31 ilə X9 13 yanvar 1956-cı ildə nikah bağlayıb, nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. Bu nikahdan 4 övlad- X21, X28, X15, X29 doğulmuşdur. Miras qoyan X11 29 iyul 1990-cı ildə ölmüşdür. Mübahisə predmeti olan miras əmlak 30 mart 1988-ci ildə X3 adına qeydiyyatına alınıb. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1996-cı il tarixli şəhadətnaməyə əsasən X3 vərəsəsi kimi oğlu X29 həmin miras əmlakı qəbul etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli şəhadətnaməyə əsasən 23 yanvar 2001-ci ildə ölmüş X16 vərəsələri Cavabdeh və X2 miras əmlakı qəbul edib və Şirvan (Əli- Bayramlı) şəhəri, Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,8 m2 yaşayış, 20,4 m2 köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X17, Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

30. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM.m. 217.2). Miras qoyan X11 29 iyul 1990-cı ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 31.Göründüyü kimi, hər iki Mülki Məcəllənin tələbinə görə iddiaçılar tərəfindən mirasın hansısa formada qəbul edilməsi hər hansı bir sübutla təsdiq edilmir. Baxmayaraq ki, bu halları sübut etmək yükü onların üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə işdə olan sübutlarla iddiaçıların miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməsi təkzib olunur. Apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və qeyestri baş idarəsinin xx.xx.2025-ci il tarixli məlumatından da bəlli oldu ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı1 ilə xx.xx.1960-cı il təvəllüdlü X8 nikahı xx.xx.1988-ci ildə, 1950-ci il təvəllüdlü İddiaçı2 ilə 1946-cı il təvəllüdlü X7 nikahı xx.xx.1972-ci ildə Şirvan şəhər Qeydiyyat şöbəsində aşkar edilmiş və onların nikahının pozulması haqqında məlumat müəyyən edilməmişdir. Demək ki, mirasqoyanın ölümündən sonra onların miras əmlaka sahiblik və istifadə etməsi də inandırıcı və ağlabatan deyildir. Çünki iddiaçılar ailə qurduqları üçün başqa ünvana köçmüş, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, eləcə də mirası qəbul etmək üçün notariat orqanına ərizə verməmişlər. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişlər. Bu cür vəziyyətdə iddiaçıların tələbi əsaslı ola bilməzdi.

32. Bundan əlavə, iddiaçıların 30 ildən artıq bir müddətdə susmaları, yəni miras əmlakın cavabdehlərin və onların mərhum atasının mülkiyyətində olmasını bildikləri halda bu vaxta qədər vərəsəliyə dair hansısa mübahisə açmamaları da hazırkı iddianın xoş niyyətlə irəli sürülmədiyinə dəlalət edir. Çünki iddiaçılar bilib ki, miras əmlak hələ 1996-cı ildən vərəsəlik qaydasında cavabdehləri mərhum atasının mülkiyyətinə keçmişdir. Həmin vaxtdan sonra da miras əmlaka dair iddiaları olmayıb.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-223/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-223/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar