Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2783/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-314/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 ünvan 1 ünvanda yerləşən dövlət mənzil fonduna aid evin qanunsuz olaraq zəbt etdikləri 905 saylı mənzilindən digər yaşayış sahəsi verilmədən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binaları, o cümlədən ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli keçmiş yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003-cü il tarixli 8/1 saylı sərəncamı ilə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına və istismar edilməsi üçün 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. ünvan 2 ünvanda yerləşən binada daimi yaşayan sakinlərlə yanaşı, məcburi köçkün ailələri də məskunlaşmışdır. O cümlədən həmin binanın, yaşayış sahəsi 16,6 kv.metr olan bir otaqlı 905 saylı mənzilində 1993-cü ildən Fizuli rayonundan məcburi köçkün X4 ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasını xx.xx.2023-cü il tarixli 2(102)-1273/2023 saylı Qərarından məlum olmuşdur ki, əvvəllər məcburi köçkün ailəsinin məskunlaşdığı 905 saylı otaqda hazırda Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 heç bir hüquqmüəyyənedici sənəd olmadan özbaşına zəbt etməklə həmin mənzildə yaşayırlar. X6 Nəriman oğlunun Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılmaya dair iddiasına mahiyyəti üzrə baxılmış, “iddianı qaldırmaya subyektiv hüququ” olmadığı səbəbindən tələbi təmin edilməmişdir. ünvan 2 ünvanda yerləşən bina İddiaçı balansında olduğundan, üzərinə balansında olan dövlət mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək funksiyası qoyulduğundan, qeyd edilən ünvandakı 905 saylı mənzilin zəbt olunmasını qarşısının alınması üçün Birlik tərəfindən qanunamüvafiq qaydada zəruri tədbirlər görülməlidir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 dövlət mənzil fonduna məxsus ünvan 2 evin 905 saylı mənzilinə köçmələri üçün heç bir hüquqmüəyyənedici sənədləri olmamış və cavabdehlər həmin mənzili özbaşına tutmuş, beləliklə də iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavadehlər zəbt etdikləri yaşayış sahəsini boşaltmaqdan əsassız olaraq imtina etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 ünvan 2 evin dövlət mənzil fonduna aid 905 saylı mənzilini qanunsuz olaraq zəbt etmələri nəzərə alınıb, onların digər yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmaları zəruridir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-314/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 4 ünvanda yerləşən dövlət mənzil fonduna aid evin 905 saylı mənzilindən çıxarılmaları və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, 2009-cu ilin yay aylarında Əhmədli metrostansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Tağı və Eldar adlı şəxslərə müraciət edərək, 1 otaqlı ucuz qiymətə olan bir ev almaq istədiyini bildirmişdir. Onlar da Xətai rayonu, Gəncə prospekti 15-də yerləşən yataqxananın 905 saylı, 1 otaqlı mənzilinə gətirdilər ki, bu mənzil satılır. Mənzildə yaşayan X2 adlı şəxs mənzilin dəyərini 22000 ABŞ dollar olduğunu bildirdi. Lakin, 21000 ABŞ dollara razılaşdılar. Ev-alqı satqısı ilə məşğul olan şəxslər isə mənzilin sənədləşdirilməsini öz üzərlərinə götürdülər. O da tələb olunan məbləği verdikdən bir neçə gün sonra, həmin mənzilə köçdü. Lakin, həmin şəxslər mənzilin sənədlərini düzəldib, təqdim etmədilər. Aranı sakitləşdirmək üçün onları qeydiyyata saldılar. Lakin, bununla razılaşmamış və mənzilin sənədlərini tələb etmişdir. Sonda aldandığını başa düşmüş və ərazi üzrə Xətai rayonun Prokurorluğuna və Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsində aparılmış araşdırılma ilə müəyyən edildi ki, yataqxanadakı həmin otaq boş bir otaq olub, Füzuli rayonundan məcburi köçkün düşmüş bir şəxs həmin otağı zəbt edib, 2005-ci ilə qədər orada yaşayıb, 2005-ci ildə isə həmin otağı X1 verib. X2 da qeyd etdiyi kimi öz növbəsində onun pulunu alıb, otağı vermişdir. 15 ildir ki, fasiləsiz olaraq ailə üzvləri ilə bu otaqda yaşayır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" AR Qanunun tələblərinə görə bu mənzil onların daimi və yeganə yaşayış yerləridir. Onlar yataqxananın balans saxlayanın icazəsi ilə buraya qeydiyyata düşmüşlər. Mülki Prosessual Məcələnin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Məhkəmədə iştirak etmədiyi üçün qeyd etdiyi faktları da məhkəmənin nəzərinə çatdırmamışdır. Lakin əsas məsələ bu deyil. O aldanmışdır, bu hissədə də heç bir hüquqi nəticə əldə edə bilməmişdir. Lakin bir məsələ var ki, ailə üzvləri ilə birlikdə həmin yataqxanaya qeydiyyata düşmüş, həm də yaşadıqları otağa yəni, 905 nömrəli otağa qeydiyyata düşmüşlər. Lakin sonradan məlumatları olmadan onlara bildirirlər ki, onlar 908 nömrəli otaqda qeydiyyatdadırlar. Həmin otaqda heç vaxt yaşamamışlar. Onlar yataqxanaya köçməmişdən öncə yataqxanada yataqxanın rəhbərliyinin gözü qarşısında otağı əsaslı təmir etdirmişlər. Hətta sonradan həmin əsaslı təmiri yeniləmişlər. Ən əsası isə yaşadıqları dövrdən indiyə qədər yaşadıqları otağa görə kommunal xərcləri ödəmişlər. Yəni 15 ildir ki, fasiləsiz olaraq həmin otaqda yaşayırlar. Təqribən 2 il bundan öncə Məmmədov Qürbət Nəriman oğlu adlı bir şəxs onları məhkəməyə verdi ki, guya otaq ona məxsusdur və necə olubsa 35 il sonra yadına düşüb ki, iddia qaldırmaq lazımdır. Həmin iş üzrə tərəf kimi cəlb olunmuşlar və qeyd etdiyi məhkəmə qətnamələri qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1557/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu,Vunq Tau küçəsi,Yataqxana 15 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılmaları qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6041/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, "həyat yoldaşı Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 ünvan 11 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılması" hissəsində ləğv olunmuş, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-1273/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Məmmədov Qürbət Nəriman oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6041/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda isə iddiaçı təşkilat onlara qarşı belə bir iddia qaldırmışdır. Bu iddia Məmmədov Qürbət Nəriman oğluna görədir, yoxsa iddiaçı təşkilat indi öyrənib ki, onlar bu otaqda qanunsuz yaşayırlar. Əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsi işə baxanda iddiaçı təşkilat Bakı Apellyasiya Məhkəməsinə məktub göndərərək, arxiv sənədlərində Məmmədov Qürbət Nəriman oğlunun adının aşkar olmadığını göstərmişdir. Belə olan halda iddia onların otaqdan çıxarılmalarına yönəlibsə, bu işdə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, qeyd etdiyi kimi 15 ildir həmin otaqda yaşayırlar, kommunal xərcləri ödəyirlər və həmin otaqda da əsaslı təmirlər edilmişdir. Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir, himayəsində azyaşlı uşaq var, pənah aparacaq heç bir yeri yoxdur. Ona görə də, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehlər ünvan 7 ünvanında yaşayırlar. Həmin mənzil alınan zaman cavabdehlər sadəcə pasport qeydiyyatına alınmışlar, digər sənədləşmə işləri isə edilməmişdir. Bununla yanaşı cavabdehlər həmin mənzildə yaşadıqları müddət ərzində mənzili təmir etdirmişlər. Bundan başqa bildirir ki, mənzilin alınmasına görə ödənilmiş vəsait cavabdehlərə qaytarılmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfatı Departamentinin Xüsusi təyinatlı MKTB-nin strukturuna daxil olan mənzil-kommunal istismar sahələrini dislokasiyasında əlavələr və dəyişikliklər edilməsi haqqında xx.xx.2003-cü il tarixli 8/1 saylı sərəncamı ilə Gəncə prospekti 15 (Vunq Tau küçəsi) ünvanda yerləşən yaşayış binaları (keçmiş yataqxanalar) 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir.
9. İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin İddiaçınə ünvanlanan xx.xx.2023-cü il tarixli 3-21-3/2-13955/2023 saylı məktubuna əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №15416) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan (Əmlak haqqında məlumat) görünür ki, Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 9 ünvana dair 2-ci korpus 1986-cı ildə istismara verilmişdir.
10. Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin Xətai rayonu, Vunq Tau küçəsi ev 15 (1-ci korpus) mənzil 905-də yaşayan Cavabdeh1 ünvanlanan xx.xx.2014-cü il tarixli 11/118 saylı, xx.xx.2014-cü il tarixli 12/118 saylı, xx.xx.2014-cü il tarixli 13/118 saylı Xəbərdarlıq məktublarından görünür ki, sonuncuya qeyri-qanuni zəbt edilmiş mənzilin 3 gün müddətində boşaldılması, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.
11. Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli 14/118 saylı Aktından görünür ki, Xətai rayonu, Vunq Tau küçəsi ev 15 (1-ci korpus) mənzil 905-də Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmış X4 və ailəsi naməlum səbəbdan başqa ünvana çıxıb getmişlər. Ünvana yerində baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzilə heç bir hüquqi sənəd olmadan Cavabdeh1 zəbt etmişdir.
12. AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974cü il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri Vunq Tau küçəsi, korpus 1, ev 15, 908 saylı mənzildə qeydiyyatdadır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1273/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunan işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1557/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 ünvan 11 ynvanında yerləşən 905 saylı mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-6041/2022 saylı 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 ünvan 11 ünvanında yerləşən 905 nömrəli mənzildən çıxarılması” hissəsində ləğv olunmuş, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması qət edilmişdir. İddiaçının vəkili X.Q.Babayeva kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1273/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçı Məmmədov Qürbət Nəriman oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6041/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
14. Bakı şəhər Xətai rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli 101-36596-1222 saylı məktubunun surətindən görünür ki, Cavabdeh2 Şəmkir rayonu Zəyəm kəndi, Cavabdeh1 və Cavabdeh3 ünvan 13 ünvanında qeydiyyatdadır. Adları qeyd olunan şəxslər ünvan 14 ünvanında qeydiyyatda aşkar olunmadı. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
15. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
17. Maddə 29. İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Hazırkı işin hallarına görə ünvan 2 ünvanda yerləşən bina dövlət mənzil fonduna aid olmaqla İddiaçı balansındadır.
37. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh2 Şəmkir rayonu Zəyəm kəndində pasport qeydiyyatında, Cavabdeh1 və Cavabdeh3 isə ünvan 13 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin binanın 905 saylı mənzilində yaşayırlar.
38. Apellyasiya baxışı zamanı təqdim edilmiş 02 mart 2020-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan isə görünür ki, cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 22 fevral 2020-ci il tarixdən ünvan 14 ünvanında qeydiyyatdadırlar.
39. Cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olmaları iddianın əsassız olması anlamına gəlmir. Çünki şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun istifadə hüquqlarının olması üçün əsas deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
40. İşin faktiki hallarından isə müəyyən edilir ki, mübahisə predmeti olan keçmiş yataqxana binası iddiaçının balansında olduğundan, dövlət mənzil fondunun istismarı, idarə olunması və qorunmasını təşkil etmək funksiyası da onun səlahiyyətləri hüdudunda olmuşdur və cavabdehlərin adıçəkilən mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Apellyasiya şikayətində qeyd edilən hallar, yəni mənzilə dair kommunal ödənişlərin edilməsi, eyni zamanda, mənzilin təmir edilməsi qətnamənin ləğvi üçün əsas deyil, belə ki, cavabdehlər mübahisəli mənzildə hər hansı hüquqmüəyyənedici sənəd olmadan yaşamışlar.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə işə düzgün baxaraq, düzgün nəticəyə gəlmiş və iddianı təmin etməkdə haqlı olmuşdur.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Bununla belə, Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər, yəni həmin mənzili X2 adlı şəxsdən 21000 ABŞ dollarına alması barədə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq iddia qaldırmaqla tələb etmək hüququnun olması Cavabdeh1 izah olunmalıdır. Nəticə:
45. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməlidir.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-314/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq iddia qaldırmaqla tələb etmək hüququnun olması Cavabdeh1 izah olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.