Məhkəmə qərarları › İş №2(103)-2784/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2784/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2784/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 Rafael oğluna və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehlər Cavabdeh2 Rafael oğlunun və Cavabdeh1 Bakı şəhəri,Yasamal rayonu , 2-ci Alatava, ev 6Q-a olan istifadə huququnun itirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Yasamal rayonu , 2-ci Alatava, 60 saylı sənədsiz ev ona məxsusdur və evdə 7 nəfər pasport qeydiyyatındadır. Cavabdeh1 iddiaçının qızıdır. O, 2006-cı il tarixində Cavabdeh2 Rafael oğlu ilə evlənib ailə qurmuşdur. Cavabdehlərin yaşadıqları yataqxana söküldüyü üçün onlara kompensasiya verilmiş, həmin pula onlar özlərinə hazırda yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində yerləşən 55 saylı evi satın almışdırlar. Cavabdehlər könüllü mənzillə bütün əlaqələrini kəsmişdirlər. Mənzildə yaşamayan və formal qeydiyyatada olan cavabdehlərə görə komunal xidmət haqqlarını İddiaçı ödəyir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2022 saylı, 17 yanvar 2022ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Cavabdehlər 2006-cı ildə mənzili tərk etdiklərindən, mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləcinin 87-ci maddəsinə əsasən həll edilməlidir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə qətnamədə bütün maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə, qanunu səhv təfsir etmişdir. Faktlara deyil, formal mülahizələrə əsaslanılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 Rafael oğlu və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 21.09.2021-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 4429889№-li arayışdan görünür ki, ünvan 1 ünvanlı mənzildə Cavabdeh1,Əsgərli Nihat Hüseyn oğlu, Əsgərli Nicat Hüseyn oğlu, Əsgərli Həsən Temir oğlu, Cavabdeh2, Yaquboğlu Rəfayıl Rafiq oğlu və Əsgərli Hüseyn Həsən oğlu qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş qonşular Hümbətov Saleh Teymur oğlu, Həsənov Kamran Hüseyn oğlu və Hümbətov Seymur Saleh Teymur oğlu tərəfindən imzalanan 02.10.2021-ci il tarixli aktda qeyd olunur ki, Cavabdeh1 2006-cı ildən ailə qurub başqa ünvana köçdüyü üçün ünvan 2eriallarındakı 15.11.2021-ci il tarixində məhkəməyə dəftərxana vasitəsi ilə daxil olan ərizələrdə Cavabdeh1 və Cavabdeh2 Rafael oğlu İddiaçı mənzilə istifadə hüququnun itirilməsinə dair iddia tələbini qəbul etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 15.12.2021-ci il tarixli **********102 saylı notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh1 İddiaçı ona qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27.08.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Məhkəmə aşağıdakı hüquqi mövqe nümayiş etdirmişdir: Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Həmçinin V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında bu məsələ ilə bağlı aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarından, iddia ərizəsinə və əlavə olunmuş sənədlərə əsasən, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən 6Q saylı evə dair hər hansı bir hüquqa malik olması barədə hüquq müəyyənedici sənədləri mövcud olması müəyyən edilmir, mübahisəli ev sənədsiz formada iddiaçıya məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafael oğlunun Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən 6Q saylı fərdi yaşayış evində qeydiyatda olması onun fərdi yaşayış evinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən 6Q saylı fərdi yaşayış evinə dair hər hansı istifadə, sahiblik və ya sərəncam hüququnu təsdiq edən sübutlar olmadığından, mübahisəli ev sənədsiz olduğundan və cavabdehlərin fərdi yaşayış evinə istifadə hüququ yaranmadığından həmin fədi yaşayış evinə cavabdehləin istifadə hüquqlarının itirilməsi barədə iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarını pozulmasını göstərsə də, o pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2022 saylı, 17 yanvar 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar