Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2786/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT QSC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1236/2024 saylı 7 mart 2024-cü il tarixli qərardadından Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT QSC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC ilə Cavabdeh1 QSC arasında bağlanmış 09/04 saylı, 08 fevral 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evi üzərində "xxxx" QSC BOKT-un mülkiyyət hüququna dair **********22-10101 saylı reyestr və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılan zaman Cavabdeh1 BOKT QSC elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək iddiaçı tərəfidən iddia ərizəsinin ərazi aidiyyəti qaydalarının pozulması ilə məhkəməyə verildiyini bildirərək mülki işin aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)- 670/2023 saylı 07 mart 2024cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iddia tələbi keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlıdır. Yəni bu tələb yuxarıda qeyd edilən, müstəsna aidiyyət qaydalarına uyğun verilməsi tələb olunan tələblərə daxil deyil, bu səbəbdən də bu iddia tələbi AR Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə verilməlidir. İddiaçı tərəfindən sonradan iddia tələbinin həcminin artırılması ilə bağlı qeyd edilmişdir ki, bu iddia tələbinin müstəsna aidiyyət qaydaları tətbiq edilən iddia tələblərinə daxil olub-olmamasının araşdırılmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yəni iddiaçının məhkəməyə təqdim etdiyi ilk iddia tələbi müstəsna aidiyyət qaydaları tətbiq edilən tələb olmadığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul olunması qanuni və əsaslı olmuşdur. Həmin qərardaddan narazı qalan Cavabdeh1 BOKT QSC şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. İddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla ərizə verilmişdir. Belə ki, iddiaçının daşınmaz əmlaka dair qeyd etdiyi ünvan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal göstərilmişdir. Belə olan halda iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməldir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1236/2024 saylı, 19 mart 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuş, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı bir sıra mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti) nəzərdə tutulmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından müəyyən edilir ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, yalnız tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında mübahisələrə müstəsna aidiyyət qaydaları şamil olunur, yəni iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, məhz həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Kollegiya hazırki münasibətlərin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə müraciət etdiyi ilkin tələblər müvafiq icra vərəqəsinə əsasən daşınmaz əmlaka dair keçirilmiş hərracın nəticələrinin, yəni hərrac keçirilməsi yolu ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır. Beləliklə də iddiaçının məhkəməyə müraciət etməklə əldə etməyə çalışdığı nəticə ilk öncə, hərracın qanunvericilikdə müəyyən edilmiş qaydaların pozulmaqla keçirilməsinin təsbit edilməsindən ibarətdir. Odur ki, məhkəmə kollegiyası müvafiq qanunvericilik normalarını iş materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki mübahisənin mahiyyəti işə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılmasını istisna edir. İddiaçı tərəfindən sonradan artırılmış iddia tələbi isə əsas mübahisəli hüquq münasibətindən doğan tələbdir. Bunun da, ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək hallara (müstəsna aidiyyət), həmçinin Mülki Prosessual Məcəllənin 44-cü maddəsində aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallara aidliyi müəyyən edilmir. Qeyd edilməlidir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhz ona görə mübahisəyə müvafiq ərazi aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1236/2024 saylı 7 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2786/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2786/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver