Məhkəmə qərarları › İş №2(103)-2788/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2788/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2788/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-5126/2019 saylı qətnaməsindən Cavabdeh1 Zı̇lqədar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Zilqədər oğlunun, Cavabdeh2 və onların azyaşlı övladları Abdullayeva Ləman Rövşən qızının, Abdullayev Rəşid Rövşən oğlunun, Abdullayev Rauf Rövşən oğlunun onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi, ev 56, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi, ev 56, mənzil 4-ü keçmiş mülkiyyətçi Cavabdeh1 xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda qeydə alınmış ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, X3 küçəsi, ev 56, mənzil 4 tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Bildirir ki, cavabdehlər mənzili ona satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq, hazırkı vaxtadək qeydiyyatdan çıxmayıblar. Dəfələrlə onlara mənzildən qeydiyyatdan çıxmaları barədə etdiyi müraciətlər nəticəsiz qalmış və heç bir əsas olmadan cavabdehlər mənzildən könüllü surətdə qeydiyyatdan çıxmaq istəmirlər. Bu hal isə onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Belə ki, o, cavabdehlərə görə əlavə kommunal xərclər ödəyir. xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən sonra 1 ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdehlər müqaviləyə əsasən yaranmış öhdəliyi icra etməkdən imtina edirlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-5126/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 Zilqədər oğlunun, Cavabdeh2 oğlunun və azyaşlı Abdullayeva Ləman Rövşən qızının, Abdullayev Rəşid Rövşən oğlunun, Abdullayev Rauf Rövşən oğlunun Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, A.M.Cümə küçəsində yerləşən 56 saylı evin, 4 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi qət olunmuşdur. Cavabdeh1 Zı̇lqədar oğlu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-5126/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə tərəflərin məhkəmədə iştirakını təmin etməmişdir. İddiaçı tərəf evin alğı-satqısı ilə bağlı ona olan borcunu tam ödəməmişdir. Tərəfindən həmin alğı-satqı müqaviləsinin etibarasız hesab edilməsi barədə iddia qaldırılmışdır. Hesab edir ki, qətnamə əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırıldığı üçün, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 Zı̇lqədar oğluna ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehlərin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Zilqədər oğlu Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində yerləşən 56 saylı evin, 4 nömrəli mənzili İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh1 Zilqədər oğlu xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarından Cavabdeh1 Zilqədər oğlunun həyat yoldaşı Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixdə yazılmış və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, sonuncu həyat yoldaşının adına olan mənzilin özgənkiləşdirilməsinə, istifadə hüququna xitam verilməsinə razı olmaqla, müqavilə rəsmiləşdiriləndən sonra həmin müqavilədə nəzərdə tutulan müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində yerləşən 56 saylı evin, 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AA 864 №-li, xx.xx.2019-cu il tarixli, AZEVRO LAU Konsaltinq MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Zilqədər oğlu, Cavabdeh2 oğlu, Abdullayeva Ləman Rövşən qızı, Abdullayev Rəşid Rövşən oğlu, Abdullayev Rauf Rövşən oğlu Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində yerləşən 56 saylı evin, 4 nömrəli mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Kollegiya hesab edir ki, Cavabdeh1 Zilqədər oğlu mənzilin mülkiyyətçisi olmaqla notariat qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsi əsasında mənzilin satılmasını həyata keçirmiş, digər Cavabdeh2 isə mülkiyyətçinin həyat yoldaşı olmaqla, notariat qaydada təsdiq olunmuş razılıq ərizəsi verməklə mənzilin satılmasına razı olduğunu bildirmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Kollegiya qeyd edir ki, 2008-ci il təvəllüdlü Abdullayeva Ləman Rövşən qızı, 2009-cu il təvəllüdlü Abdullayev Rəşid Rövşən oğlu və 2012-ci il təvəllüdlü Abdullayev Rauf Rövşən oğlunun yaşayış yerləri onların valideynləri olan Cavabdeh1 Zilqədər oğlu və Cavabdeh2 yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Kollegiya qeyd edir ki, cavabbeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı (məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması ilə bağlı dəlili istisna olmaqla) heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 Zı̇lqədar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 5126/2019 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Zilqədər oğlunun, Cavabdeh2 və azyaşlı Abdullayeva Ləman Rövşən qızının, Abdullayev Rəşid Rövşən oğlunun, Abdullayev Rauf Rövşən oğlunun Bakı şəhəri, Nərimanov rayonu, 1969-cu məhəllə, A.M.Cümə küçəsində yerləşən 56 saylı evin, 4 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar