Məhkəmə qərarları › İş №2(103)-279/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-279/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-279/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-405/2022 saylı işi üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank "xxxx" ASC) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehdən xx.xx.2021-ci il tarixə olan 33298,34 manat əsas, 758,38 manat faiz, 1528,56 manat dəbbə borcu olmaqla, cəmi 35585,28 manat borcun, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, ƏMDK yanında DƏDRX tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, digər Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka müqaviləsi ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, həmin fərdi yaşayış evinin boşaldılması və Cavabdeh1 həmin evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-405/2022 saylı işi üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə, xx.xx.2020-ci il kredit müqaviləsi üzrə əsas borc - 33298,34 manat, əsas borca hesablanmış faiz borcu - 758,38 manat, cərimə borcu - 100 manat olmaqla, cəmi - 34156,72 məbləğində borc, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, 0,4 manat bank xidmət haqqı, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, ümumilikdə 34197,12 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, məhəllə 79 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə (ümumi sahə 416,2 kv.m) yönəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, məhəllə 79 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi (ümumi sahə 416,2 kv.m) 150000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaitinin hesabına iddiaçıya ümumilikdə 34197,12 manat məbləğində pul vəsaitinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Nardaran yaşayış massivi, məhəllə 79 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə (ümumi sahə 416,2 kv.m) tutma yönəldildikdə və o satıldıqda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ən gec bir ay ərzində həmin fərdi yaşayış evini boşaldaraq oradan çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 425.1, 427.3, 428.4, 443.1, 448.1, 448.2, 449.4, 467, 739.1, 739.2, 741, 742.1, 743; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 39.3.3, 59.3.1-ci maddələrinə istinadən qeyd edilmişdir kiişin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Odur ki iddiaçı Cavabdeh1 33298,34 manat əsas, və 758,38 manat faiz borcunun ödənilməsi barədə tələbi irəli sürməkdə haqlıdır. Bununla belə, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilən tələbini nəzərə alaraq cavabdehdən 100 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməli, əmlakın ilkin satış qiyməti "xxxx" MMC-nin hesabatında göstərilən həddə müəyyən edilməli, tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin fərdi yaşayış evini boşaldaraq oradan çıxarılmalıdırlar. Cavabdeh1 mübahisə predmeti olan evdən istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı iddiaçının hazırda həmin tələbi irəli sürməyə sübyektiv hüququ yoxdur, buna görə də iddia həmin hissədə rədd edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki:- xx.xx.2020-ci il tarixli, DEN-00001- 13/20A saylı kredit müqaviləsindən məlum olur ki, borcverən (Bank "xxxx" ASC 34900 AZN məblğində krediti illik 13 faizlə 42 ay müddətnə borcalanın (Cavabdeh1) mülkiyyətinə verir;- xx.xx.2020-ci il tarixli, DENG-00001-13/20A saylı ipoteka müqaviləsindən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixində 329 nömrəli reyestr kitabında, 30758 nömrəli vərəqində, **********28-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 4 ünvanlı fərdi yaşayış evi Bank "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış 3 avqust 2016-cı il tarixli SMMG- 00005-15/16A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3 avqust 2016-cı il tarixli SMMG-00005-15/16A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-yə ipoteka qoyulmuşdur;- xx.xx.2021-ci il tarixli arayış, DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Bank "xxxx" ASC-nin ********** saylı xx.xx.2021-ci il tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 5 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. (iş səh 12, 18, 26 ). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-405/2022 saylı qətnaməsinə dəyişiklik edərək onlardan tələb olunan məbləğin azaldılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə onları məhkəmənin baxış günü və yeri barədə lazımi qaydada xəbərdar etməmiş, iddiaçı tərəfindən qoyulmuş borc məbləğlərinin, faiz borcunun və s. dəqiqləşdirilməsi üçün mühasibatlıq ekspertiziası təyin etməli olduğu halda bunu etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5096/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi xx.xx.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur.

6. Ekspert rəyində qeyd edilmişdir ki, göstərilən məlumatlara əsasən “Borcalan” Cavabdeh1 tərəfindən Bank "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2021-ci il tarixə banka ödənilməli olan məbləğ əsas borc üzrə 33298,38 manat, faiz borcu üzrə 780,97 manat həcmində (ekspertiza dəyəri 150 manat məbləğində) müəyyən edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, ödədiyi məbləğlərin əsas borcuna hesablanmasını xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsinin və iş üzrə digər Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir.

9. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 saylı, xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 79-cu məhəllə, 5 saylı fərdi yaşayış evinin likvid dəyərinin 150000 manat təşkil etməsi müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 372- 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 146, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilmiş müddətlər üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, ekspert rəyi üzrə müəyyən edilən borc tələb edilən məbləğlərdən az deyildir, ona görə tələb həddində mübahisələndirilən və baxılmalı olan iddianın dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

12. Mülki Məcəllənin müddəalarına əsasən: “319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.” “445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.” “445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.” “447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda”

13. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin dəlillərini sui-istifadəyə yönəlmiş hallar kimi qiymətləndirir.

14. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları və ekspertiza üzrə məhkəmə xərcləri buna səbəb olmuş şəxslərə aid edilməlidir.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-405/2022 saylı işi üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 150 manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar