Məhkəmə qərarları › İş №2(103)-2790/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2790/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2790/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X9 cavabdehlər Cavabdeh2 və Cavabdeh1, həmçinin iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı hüquqi varisi X12 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2790/2023 (Açar sözlər: istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının hüquqi varisi X9 (birləşririlmiş iş üzrə cavabdehin) nümayəndəsi-vəkili Nümayəndə3, cavabdehlərin (birləşririlmiş iş üzrə iddiaçıların) nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı hüquqi varisi X9 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbi və birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı hüquqi varisi X12 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli e-2(006)-4373/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 özünün mülkiyyətində olan ünvan 2, 73 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ******* saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2, 73 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışla müəyyən olunur ki, X13 (xx.xx.1973), Cavabdeh2 (xx.xx.1997), Cavabdeh1 (xx.xx.1999) sözügedən mənzildə qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun nəvələridir, oğlu X16 Mədətova ilə nikahlarına 2012-ci ildən sonra cavabdeh olan nəvələri anaları ilə yaşamağa başlamışlar, yəni ona məxsus mənzildə onların qeydiyyatları sadəcə formal xarakter daşıyır, formal qeydiyyat olsa da, bu onun bir mülkiyyətçi kimi hüquqlarını pozaraq öz mənzili ilə bağlı dövlət tərəfindən qorunan və müdafiə edilən hüquqlarını həyata keçirməyinə maneə yaradır. Əvvəllər ona məxsus mənzildə X7 və keçmiş gəlini X10 da qeydiyyatda olmuşlar. X7 və keçmiş gəlini X5 qarşı mənzildən çıxarılma və sair tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 18 may 2010-cu il tarixli qətnaməsi ilə təmin edilmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3664/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə hazırki iş üzrə cavabdehlərin valideynləri arasında əmlak bölgüsü ilə bağlı məhkəmə qətnamələri olmuş və əmlaklar tərəflər arasında bölünmüşdür. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin 1/2 hissəsinə X3, 1/2 hissəsinə X9, “İnfiniti G25” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsinə X3, ½ hissəsinə X9 paylarının müəyyən edilməsi, X6 adına olan “VAZ 21214” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə xx.xx.2019-cu il tarixdə bağlanmış və İddiaçı adına olan “X23” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab olunması, həmin avtomobillərin ½ hissəsinə X3, ½ hissəsinə X9 paylarının müəyyən edilməsi, xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın ½ hissəsinin qaytarılması öhdəliyinin X12 aid olunması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Nəsimi rayonu MKTB-nin 16 saylı MKİS-in verdiyi 261 saylı, 16.08.22-ci il tarixli arayışdan isə görünür ki, Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar.

3. Eyni zamanda iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh2 28.800 manat kompensasiya ödənilməklə ünvan 2 ünvanında yerləşən 73 saylı mənzildəki yaşayış sahəsindən iddiaçı Cavabdeh2 istifadə hüququna xitam verilməsi və cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh1 28.800 manat kompensasiya ödənilməklə ünvan 2 ünvanında yerləşən 73 saylı mənzildəki yaşayış sahəsindən iddiaçı Cavabdeh1 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

4. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanda yerləşən 73 saylı mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçılar da həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Hazırda cavabdeh kompensasiya verilmədən iddiaçıların həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s. niyyətindədir. Cavabdehin e-2(006)-4373/2022 saylı iş üzrə iddia ərizəsinin mətnindən də göründüyü kimi iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının olmasını qəbul edir, lakin iddiaçıların həmin mənzilə ehtiyaclarının olmadığı və valideynlərinin nikahının pozulduğu üçün onlara kompensasiya verilmədən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s. tələb edir. Qeyd edilməlidir ki, iddiaçıların mübahisəli mənzildə qeydiyyatı heç də formal xarakter daşımır. Cavabdeh iddiaçıların xarici ölkədə yaşadıqlarını və özlərinə məxsus xaricdə və Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinin olmasını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməyib. İddiaçılar bir neçə dəfə mübahisəli mənzilə gəlmiş, cavabdeh isə onlara nəinki mənzildə yaşamağa icazə vermiş, heç mənzilin qapısını belə iddiaçılara açmamışdır. İddiaçıların mübahisəli mənzildə hazırda yaşaya bilməmələri məhz cavabdehin qərəzli olaraq yaratdığı maneələrə görədir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5511/2022 saylı, 28 dekabr 2022- ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddiası üzrə e-2(006)-5511/2022 saylı mülki işin Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə e-2(006)-4373/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4373/2022 nömrəli 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2, 73 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.2, 228.2-ci maddələri, xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddialarının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Apellyasiya şikayəti öz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişlər ki, məhkəmə xx.xx.2009-cu ildən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin istinad edilən maddəsi hazırkı iş üzrə tətbiq edilə bilməzdi. Konstitusiya Məhkəməsinin istinad edilən qərarında qeyd edilmişdir ki, “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmuş münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir."

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə baxışı zamanı cavabdehlərin (birləşririlmiş iş üzrə iddiaçıların) nümayəndəsi-vəkili X11 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh2 və Cavabdeh1 doğulandan, yəni müvafiq olaraq 1997-ci və 1999-cu ildən həmin mənzildə qeydiyyatdadırlar.

16. Məhkəmə baxışı zamanı iddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) hüquqi varisinin nümayəndəsi-vəkili Nümayəndə3 verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi

20. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

22. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

23. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Apellyasiya icraatı zamanı İddiaçı vəfat etdiyi müəyyən olunmuş və işə onun hüquqi varisi - X7 cəlb olunmuşdur.

35. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, İddiaçı hüquqi varisi X9 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddianın təmin olunması, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı hüquqi varisi X12 qarşı tələbinin isə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

36. Belə ki, qanunvericiliyə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır (§ 27).

37. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Bakı şəhəri Nəsimi Rayon İcra Komitəsi tərəfindən İddiaçı adına verlmiş ******* saylı xx.xx.1993-cü il tarixli xüsusi orderdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin, 73 saylı mənzil 92/5 saylı Sərəncamla sonuncuya ayrılmışdır.

39. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2010-cu il tarixli, 2(006)- 1856/10 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər X13 və X5 qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi təmin edilmiş, cavabdehlər X13 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin, 73 saylı mənzilinə istifadə hüquqları itirilmiş və həmin mənzildən çıxarılmışlar, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin 73 saylı mənzilinə köçürülmüşdür.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2010-cu il tarixli, 2(103)-3664/2010 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2010-cu il tarixli, 2(006)-1856/10 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. ÖM seriyalı, 090511№-li Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin 73 saylı mənzili İddiaçı xüsusi mülkiyyət hüququ kimi 15 noyabr 2001-ci il tarixdə 1185 saylı reyestr kitabında 30/177980№ ilə qeydiyyatdan keçirilmişdir.

42. 16 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən 16 avqust 2022-ci il tarixli, 261№-li Arayışın surətindən göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin 73 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə yaşamırlar.

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-8715/2021 saylı Qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin ½ hissəsinə X3, ½ hissəsinə X9, “İnfiniti G25” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsinə X3, ½ hissəsinə X9 paylarının müəyyən edilməsi, X6 adına olan “Vaz 21214” minik markalı, **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə xx.xx.2019-cu il tarixdə bağlanmış və İddiaçı adına olan “X23” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin ½ hissəsinə X3, ½ hissəsinə X9 paylarının müəyyən edilməsi, xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın ½ hissəsinin qaytarılması öhdəliyinin X12 aid edilməsi qət edilmişdir.

44. 16 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən 18 oktyabr 2023-cü il tarixli, 466 №-li Arayışın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 isə 2013-cü ildən hal-hazıradək Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin 73 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar.

45. 16 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən 21 noyabr 2023-cü il tarixli, 516 №-li Arayışın surətindən görünür ki, Cavabdeh2 1997-ci ildən Cavabdeh1 isə 2000-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin 73 saylı mənzildə qeydiyyatdadırlar.

46. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdehlərin (Cavabdeh2 və Cavabdeh1) anası X4 mübahisəli mənzilə istifadə hüququ 2010-cu il tarixdən məhkəmə qətnaməsi ilə itirilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2013-cü ildən mübahisəli mənzildə yaşamasalar da onlar doğulandan, yəni 2000-ci ilin 01 sentyabrdan əvvəl qeyd edilən mənzilə qeydiyyata düşmüşlər və həmin tarixdən də istifadə hüquqları yaranmışdır. Ona görə də hazırki iddia üzrə mübahisəyə köhnə Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir.

48. Belə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) müddəaları tətbiq olunmalıdır.

49. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

50. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur.

51. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.

52. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

53. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.

54. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas tuturaq qeyd edir ki, cavabdehlərin (Cavabdeh2 və Cavabdeh1) Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 saylı evin 73 saylı mənzilində 6 aydan çox müddətə yaşamamaları, hazırda onların ümumiyyətlə yaşayış yerinin müəyyən olunmaması (ölkə xaricində yaşayırlar), hazırki mənzilə ehtiyaclarının müəyyən olunmaması səbəbindən onların həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin, qeyd edilənlər hazırki halda mübahisəli mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.

55. Məhkəmə kollegyası qeyd etməyi zəruri hesab edir ki, oxşar mövqe (yəni oxşar mübahisədə hansı maddi hüquq normasının tətbiq edilməsi ilə bağlı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2998/2023 saylı qərarında da qeyd olunmuşdur.

56. Məhkəmə kollegiyası digər iddiaya yəni Cavabdeh2 və Cavabdeh1 onlara kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi tələbinə münasibətdə qeyd edir ki, həmin tələb əsassızdır. Çünki, “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbi mülkiyyətçiyə məxsus hüquqdur və məhz mülkiyyətşi tərəfindən hazırki tələb irəli sürülə bilər. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi, kollegiyanın qənaətinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqlarını artıq itirmişlər.

57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4373/2022 saylı iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı hüquqi varisi X9 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2, 73 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunsun. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı hüquqi varisi X12 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar