Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2791/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «öhdəliyin pozulmasına görə pul və kompensasiya» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı X3 və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «öhdəliyin pozulmasına görə pul və kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və direktoru Cavabdeh2 müqavilə öhdəliyinin pozulmasına görə 86.000 (səksən altı min) ABŞ dolları məbləğində pulun və 44.490 (qırx dörd min dörd yüz doxsan) ABŞ dolları məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən Azərbaycan Respublikasına gələrək ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 2019-cu ilin fevral ayında Bakı şəhərində sosial şəbəkə vasitəsi ilə Cavabdeh1 şirkətinin direktoru Cavabdeh2 ilə tanış olmuş, bundan sonra şirkətin ünvan 1 ünvanda yerləşən ofisində şirkətin direktoru Cavabdeh2 ilə görüşüb xarici ölkələrdən pomidor və yemiş toxumları almaq istəməsi, bununla bağlı ona müvafiq köməklik göstərməsi barədə söhbət etmişlər. Cavabdeh2 onun təklifini qəbul edib, Almaniya və Hollandiyadan sərfəli qiymətə həmin toxumları gətirib təhvil verəcəyini vəd etmiş, bundan sonra toxumun miqdarı və qiyməti barədə razılığa gəlib Cavabdeh1 şirkətinin direktoru Cavabdeh2 ünvan 1 ünvanda yerləşən ofisində 185.000 ABŞ dolları dəyərində toxum tədarükü barədə müqavilə bağlayıb müqavilənin şərtlərini hər iki tərəf imzaları ilə təsdiq etmiş, həmçinin müqavilə şirkətə məxsus möhürlə təsdiq olunmuşdur. Müqavilənin şərtlərinə əsasən o, toxum ona təhvil verilməmişdən əvvəl 14.03.2019-cu il tarixdə Cavabdeh2 75.000 ABŞ dolları, 26 aprel 2019-cu il tarixdə isə 73.334 ABŞ dolları məbləğində nağd ödəniş etmiş, toxumun dəyərindən qalan 36.666 ABŞ dolları məbləği isə toxum ona təhvil verildikdən sonra ödəcəyi barədə razılığa gəlmişlər. O, ümumilikdə 148.334 ABŞ dolları məbləğində pulu Cavabdeh2 ödədikdən sonra, təqribən 2019-cu ilin iyun ayında sonuncu 46.500 ABŞ dolları dəyərində pomidor toxumu gətirib ona təhvil vermişdir. Lakin gətirilən pomidor toxumu onun sifariş etdiyi toxumdan olmadığı və toxumun qalan hissəsinin gətirilməsində gecikmələr yarandığı üçün ödədiyi 148.334 ABŞ dollarından qalan 101.884 ABŞ dollarını qaytarmağı Cavabdeh2 tələb etmiş, sonuncu qalan məbləği yaxın günlərdə qaytaracağını vəd etsə də, vədinə bu günə kimi əməl etməmişdir. Halbuki, müqavilənin 4.4.1-ci bəndində həmin toxumların alıcıya müvafiq olaraq 2019-cu ilin 01 və 05 iyun tarixlərində çatdırılacağı nəzərdə tutulmuşdur. Ödənilmiş məbləğin qalan hissəsi satıcı Cavabdeh2 tərəfindən qaytarılmadığı üçün, o, 2019-cu ilin noyabr ayında Nəsimi Rayon Polis İdarəsinə şikayət etmiş, bundan sonra Cavabdeh2 ona borclu qaldığı məbləğdən 15.860 ABŞ dollarını qaytarmış, halhazırda isə O.lsgəndərlinin ona 86.000 ABŞ dolları borcu qalmışdır. O.X10 İdarəsinin 22-ci Polis Bölməsində aparılan araşdırma zamanı toxuma görə əvvəlcədən ödənilmiş məbləğin qalan hissəsini 15 yanvar 2020-ci il tarixədək ödəməsi barədə vəd versə də, sonradan bundan imtina etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 17.400 ABŞ dolları məbləğində pulun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh1 MMC-dən tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X3 və Cavabdeh1 MMC apellyasiya şikayəti vermişlər. İddiaçı X3 apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(006)-2572/2021 saylı qətnaməsinin dəyişdirilərək iddiasının tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı və cavabdehlər tərəfindən ona təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş audio və video görüntülərə aid bildirir ki, yazışmalar cavabdehlə aralarında olan müqaviləyə heç bir aidiyyatı olmayan Xuruş adlı şəxslə Cavabdeh2 arasında olan yazışmalardı, videogörüntülər məhkəmədə cavabdehdən 6.000 ABŞ dollarının onun tərəfindən alınmasının etirafına aiddir. O, bunu cavabdeh videogörüntülər təqdim etməmişdən bildirmişdir. Həmin videogörüntülərə baxdıqda tam aydın şəkildə görünür ki, bir dəfə o, 20 ədəd pul əskinazı sayır, digərlərində isə qapalı konvertlər götürür. Bu da cəmi 6.000 ABŞ dolları olmuşdur. Həmin şirkətdə işçi olan X8 ona 10.000 ABŞ dolları verməmişdir. Bunu videogörüntülərə baxdıqda müəyyən etmək olur. Əgər ona yuxarıda qeyd edilən məbləğ Əliyeva Lətafət tərəfindən verilsə idi, o, həmin vəsaiti sayardı və bu da videogörüntüdə əks olunardı. Audio yazıda gedən 17.000 ABŞ dollarına aid isə bildirir ki, cavabdehin ona yerdə qalan 63.000 ABŞ dolları məbləğində İran İslam Respublikasında mal təklif etdikdən sonra həmin 17.000 ABŞ dolları məbləğində vəsait qalmalı idi, lakin ona məhkəmə prosesi zamanı da bildirdiyi kimi İran İslam Respublikasında 63.000 ABŞ dolları dəyərində mal təqdim olunmamışdır. Məhkəməyə cavabdeh tərəfindən şahid qismində dəvət olunmuş X9 bildirmişdir ki, ümumiyyətlə cavabdeh tərəfindən Mirheidar Seyedazama hansısa vəsaitin təqdim olunmasının şahidi olmamışdır. İddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi ilə bağlı bildirir ki, müqaviləni şəxsən Cavabdeh2 imzalamışdır və buna görə də o, özü də şəxsən mülki cavabdehlik daşıyır. Məhkəmə qətnaməsinin 5-ci vərəqinin 6-cı abzasında qeyd edilmişdir ki, məhkəmə iddia tələblərinə və iddianın qismən etiraf edilərək etiraf edilməyən hissəsi üzrə irəli sürülən etirazın dəlillərinə qiymət verərək hesab edib ki, tərəflər arasında müqavilə münasibətləri olsa da, faktiki olaraq mövcud münasibətlər borc münasibətləri kimi qiymətləndirilməlidir. Buna etiraz edərək bildirir ki, iddiaçı ilə cavabdehin arasında rəsmi müqavilə bağlanmışdır və cavabdeh müqavilə üzrə onun üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu isə iddiaçı ilə cavabdehin arasında borc münasibətləri kimi qiymətləndirilə bilməz. 44.490 ABŞ dolları məbləğində kompensasiyanın onun xeyrinə cavabdehdən tutulmasına dair bildirir ki, cavabdehlə aralarında olan müqavilənin 7-ci bəndində qeyd edilmişdir ki, satıcı (cavabdeh) söz verilən tarixdə malları çatdırmadığı təqdirdə alıcının (mənim) bütün ödədiyi məbləği və kompensasiya olaraq bu məbləğin 30 faizini 1 ay ərzində alıcıya ödəməyi öhdəsinə götürür. Cavabdehə ödənilən məbləğ 148.334 ABŞ dolları olmuşdur və həmin məbləğin 30 faizi 44.490 ABŞ dolları təşkil edir. Nəsimi rayon məhkəməsi iddianın bu hissəsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətində Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(006)-2572/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, 7.000 ABŞ dollarının ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh1 MMC-dən tutularaq, iddiaçı X2 ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(006)-2572/2021 qətnaməsi işin halları araşdırılmadan və tamamilə əsassız şəkildə qəbul olunmuşdur. Belə ki, məhkəmə prosesi zamanı məhkəməyə dəvət etdikləri şahidlər X9 və X6 ifadələrinə mötəbər sübut kimi qiymət verilməmişdir. Ancaq onların ifadələri mötəbər sübut kimi qəbul edilməli idi. Çünki məhkəmə şahid X7 iddiaçıya dəqiq olaraq nə qədər pul verildiyini görməməsi barədə ifadəsi iş üçün heç bir əhəmiyyət kəsb etmədiyini qeyd etmişdir. Digər şahid X6 verdiyi ifadənin isə işin halları ilə uzlaşmadığını bildirmişdir. Məhkəmənin bu mövqeyi ilə razı deyillər. Belə ki, şahid X9 məhkəməyə səmimi şəkildə Cavabdeh2 dəfələrlə iddiaçıya pul verdiyini, yay aylarında Cavabdeh2 ilə bankdan 30.000 manat pul götürdüyünü, Cavabdeh2 şahidə (Kamrana) 20.000 manat verdiyini, 10.000 manat pulu isə götürərək X2 verəcəyini bildirdiyinin şahidi olmuşdur. Digər şahid X8 isə iddiaçıya ödənilmiş pul məbləğlərinin siyahısını özünün tərtib etdiyini və həmin siyahıya əsasən, qalıq borcun 10.236 ABŞ dolları təşkil etdiyini bildirmişdir. X8 iddiaçıya 10.236 ABŞ dolları qalıq borcunun qaldığının şahidi olsa da, onun hesablamasından kənar əlavə ödənişlər etmişlər və hazırda qalıq borcları 7.000 ABŞ dolları təşkil edir. Lakin buna baxmayaraq, məhkəmə şahidlərin ifadələrini düzgün qiymətləndirməmiş, şahid ifadələrini mötəbər sübut hesab etməmiş və əsassız olaraq 17.400 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh1 MMC-dən tutularaq, iddiaçı X2 ödənilməsini qət etmişdir. Halbuki, cavabdehdən 7.000 ABŞ dolları tutularaq, iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməli idi. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə onun apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi kompensasiyanın ödənilməsi hissəsində qismən təmin edilməli, iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, eyni zamanda Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.09.2020-ci il tarixli cavab məktubundan görünür ki, dövlət reyestrində 31.08.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC-nin (VÖEN **********1) hüquqi ünvanının AZ6300, ünvan 2ənzil 3 olması barədə məlumat mövcuddur. Vergi ödəyicisinin dövlət reyestrində xx.xx.1982-ci il təvəllüdlü X5 (VÖEN **********) 17.12.2007-ci il tarixdən hüqüqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. X1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan X3 (Alıcı) ilə Cavabdeh1 şirkətinin direktoru Cavabdeh2 (Satıcı) arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, bu müqavilə Brivio, Bernetta və Janna toxum sortlarının alqı-satqısı ilə bağlıdır. Sifarişin ümumi məbləği 185.000 ABŞ dolları təşkil edir. Alıcı 14.03.2019-cu il tarixdə 75.000 ABŞ dolları və 26.04.2019-cu il tarixdə 73.334 ABŞ dolları nağd ödəniş edib. 36.666 ABŞ dolları isə mal çatdırıldıqdan və Alıcıya təhvil-təslim aktı ilə təhvil verildiyi tarixdə nəğd olaraq, Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla ödəniləcəkdir. Janna toxumu 27-30 may tarixlərində Hollandiyadan göndərildiyi təqdirdə, Alıcıya maksimal çatdırılma vaxtı 5 iyun olacaqdır. Seminis toxumu 24 mayda Hollandiyadan göndərildiyi təqdirdə Alıcıya çatdırılacaq maksimum vaxt 1 iyun olacaqdır. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş 21.11.2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, tərəflər arasında olan mübahisə mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalıdır və vətəndaş X2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh2 izahatında onun tərəfindən müqavilənin şərtlərinə qismən əməl edildiyini və sifariş edilmiş pomidor toxumunun bir hissəsinin gətirilib alıcıya təhvil verildiyini, bundan alıcının istəyi ilə sifarişdə dəyişiklik edildiyini, pomidor toxumlarının əvəzinə ona yemiş toxumlarının gətirilməsinin sifariş edildiyini, lakin həmin toxumların keyfiyyəti ilə bağlı problemlər olduğundan gətirilməsində gecikmələr olduğunu bildirmişdir. Bu qərarda əksini tapmış Cavabdeh2 izahatından görünür ki, o, X2 86.000 ABŞ dolları borcu qaldığını etiraf etmiş, həmin borcunu 15 yanvar 2020-ci il tarixədək hissəhissə ödəməsinə söz vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında Brivio, Bernetta növlü pomidor və Janna növlü yemiş toxumlarının gətirilməsi ilə bağlı müqavilə münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə pul ödənişi edilmiş, əvəzində cavabdeh MMC tərəfindən iddiaçıya sifariş etdiyi toxumlardan müəyyən qismi gətirilərək təhvil verilmişdir. Sonradan toxumların gətirilməsində gecikmələr yarandığından, iddiaçı cavabdehdən müqavilə üzrə nəzərdə tutulmuş toxumları gətirməməsini, ödəmiş olduğu pulun qalıq məbləğini qaytarmasını tələb etmişdir. İddiaçı tərəf iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində ona cəmi 13.000 ABŞ dolları qaytarıldığını, 73.000 ABŞ dolları məbləğində borcun qaldığını və müqavilə şərtlərinə görə ona 44.490 ABŞ dolları məbləğində kompensasiya ödənilməli olduğunu iddia etmişdir. Cavabdeh tərəf isə birinci instansiya məhkəməsində iddiaya şifahi etirazında və apellyasiya şikayətinin dəlillərində Cavabdeh1 MMC tərəfindən iddiaçının tələbi ilə öz aralarındakı razılığa əsasən, sübut kimi istinad etdiyi audio yazıda qeyd edildiyi kimi, məhkəməyə təqdim edilmiş audio yazı aparılan zaman iddiaçıya 68.600 ABŞ dolları pulun qaytarılmasını, 17.400 ABŞ dolları borc məbləğinin qalmasını, habelə ondan sonra da, həmin məbləğdən 10.400 ABŞ dolları məbləğində iddiaçıya pul verilməsini və ümumilikdə iddiaçıya 7.000 ABŞ dolları məbləğində borcun qalmasını göstərmişdir. Məhkəmə birinci instansiya məhkəməsinə təqdim edilən audio-video yazılara münasibət bildirərək qeyd edir ki, tərəflər audio yazıda olan səslərin onlara məxsus olmasını məhkəmə iclasında etiraf etmişlər. Həmin audio yazıda iddiaçının «Əli» deyə çağırılmasını da tərəflər təsdiq etmişlər. Daha sonra həmin yazının 5-ci dəqiqəsində iddiaçı cavabdehin ona 17.700 manat qalıq borcunun qalmasını bildirdikdə, cavabdeh ona düzəliş edərək bu məbləğin 17.700 manat deyil, 17.400 ABŞ dolları olmasını göstərmiş və bu məbləğlə bağlı da onlar arasında danışıqlar davam etmişdir. Beləliklə, təqdim edilən audio yazıda cavabdeh tərəfin iddiaçıya 17.400 ABŞ dolları borcunun olması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin qeyd edilən normalarının dispozisiya şərtlərindən müəyyən edilir ki, iddiaçının cavabdehlə bağladığı alqı-satqı müqaviləsi üzrə sonuncuya ödəmiş olduğu pul məbləğinin qalığının qaytarılmasını tələb etmək hüququ olmuşdur. Qaytarılmalı olan pulun məbləği ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı ödənilmiş əsas məbləğdən ona 73.000 ABŞ dolları məbləğində pulun qaytarılmalı olduğunu, cavabdeh isə onun iddiaçıya 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirsə də, iş materiallarında olan sübutlarla Cavabdeh1 MMC-nin iddiaçıya ödəməli olduğu məbləğin 17.400 ABŞ dolları təşkil etməsi təsdiq olunmuşdur. İddiaçının bu səs yazısında göstərilən borc məbləğinin həqiqəti əks etdirməməsi, həmin danışıq olan zaman cavabdehin ona İran İslam Respublikasında 63.000 ABŞ dolları məbləğində mal verməyi təklif etməsi və həmin malın dəyəri nəzərə alındıqdan sonra qalqn borcun 17.400 ABŞ dolları təşkil etməsi, lakin İran İslam Respublikasında 63.000 ABŞ dolları dəyərində həmin malın təqdim olunmaması barədə dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı bu dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, kollegiya cavabdehin iddiaçıya 7.000 ABŞ dolları borcu qalması ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, cavabdeh onun tərəfindən 17.400 ABŞ dolları borc məbləği barədə iddiaçı ilə danışdıqdan sonra da ödənişlər etdiyini bildirir və bununla bağlı sübut olaraq şahidlərin ifadələrinə istinad edir. Kollegiya hesab edir ki, həmin şahidlərin verdikləri ifadələr cavabdeh tərəfindən göstərilən pul məbləğlərinin ödənildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahidlərdən biri ifadəsində pulun verilməsini birbaşa görmədiyini, yalnız cavabdehin bankdan götürdüyü pul məbləğindən 10.000 manatını iddiaçı X2 verəcəyini göstərmişdir. Kollegiya qeyd edir ki, cavabdehin pulu iddiaçıya verəcəyini şahidə deməsi həmin pulun verilməsi anlamına gəlmir. Bundan başqa, həm iddiaçı, həm də cavabdeh ayrı-ayrı vaxtlarda cavabdeh tərəfindən iddiaçıya müxtəlif məbləğlərdə pul vəsaitlərinin verildiyini bildirmişlər. Şahidin ifadəsində isə göstərilən məbləğin iddiaçıya verilməsinin məhz onların arasındakı 17.400 ABŞ dolları borcla bağlı telefon danışığından əvvəl, yaxud sonra olması aydın olmur. Digər şahid ifadəsi ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, həmin şahid cavabdehin direktoru olduğu MMC-də mühasib vəzifəsini tutur. Bu isə onun verdiyi ifadənin mötəbərliyinə daha həssas yanaşılmasını, məhkəmə tərəfindən həmin ifadədə göstərilən halların daha ciddi təftiş edilməsini, iş üzrə toplanmış digər mötəbər sübutlarla əlaqəli şəkildə yoxlanılaraq qiymət verilməsini zəruri edir. Bu baxımdan kollegiya hesab edir ki, şahid X6 ifadəsində göstərdiyi hallar işdə olan digər sübutlarla təsdiq olunmur. Əksinə, cavabdehin özünün təqdim etdiyi səs yazısında tərəflər arasındakı borcun məbləğinin 17.400 ABŞ dolları olduğu göstərilsə də, şahid borc məbləğinin onun hesablamalarına görə 10.236 ABŞ dolları olduğunu bildirir. Cavabdeh isə apellyasiya şikayətində onun borcunun ümumiyyətlə, 7000 ABŞ dolları olduğunu qeyd edir. Göründüyü kimi, cavabdeh tərəfin və onun təşəbbüsü ilə dindirilən şahidlərin ifadələri arasında borcun məbləği ilə bağlı uyğunsuzluqlar vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplərin, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf borcdan yalnız 7.000 ABŞ dolları qalmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə ödənilmiş puldan qaytarılmalı olan məbləğin 17.400 ABŞ dolları olduğu qənaətinə gəlməkdə və həmin hissədə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi mövqeni də əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddianın əsasını təşkil edən müqavilə iddiaçı X3 ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Digər Cavabdeh2 isə MMC-nin direktoru olaraq həmin müqaviləni öz adından deyil, təmsil etdiyi MMC-nin adından imzalamışdır və bu müqavilədə onun alıcı qarşısında hər hansı öhdəlik daşıması nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə, onun həmin müqaviləni imzalaması fiziki şəxs olaraq onun özü üçün hər hansı mülki məsuliyyət yaratmır. Bununla yanaşı mübahisələndirilən qətnamənin məzmunundan məlum olur ki, birinci instansiya məhkəməsi kompensasiyanın ödənilməsi ilə bağlı iddia tələbini rədd etsə də, gəldiyi bu nəticəni ümumiyyətlə əsaslandırmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə istinad edərək cavabdehdən onun xeyrinə ödənilmiş ümumi məbləğin (148.334 ABŞ dolları) 30%-i həcmində kompensasiya ödənilməli olduğunu bildirmişdir. Müqavilənin həmin bəndinə əsasən müəyyən edilir ki, satıcı söz verilən tarixdə malları çatdırmadığı təqdirdə alıcının bütün ödədiyi məbləği və kompensasiya olaraq bu məbləğin 30%-ni 1 ay ərzində alıcıya ödəməyi öhdəsinə götürür. İşin hallarından müəyyən edilir ki, cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliyi icra edə bilmədiyindən, yəni müqavilədə nəzərdə tutulmuş, habelə özünün də etiraf etdiyi kimi, aralarındakı razılığa əsasən gətirilməli olan pomidor toxumları əvəzinə yemiş toxumları gətirməyi öhdəsinə götürsə də, onları razılaşdıqları vaxtda gətirə bilməmiş, məhz bu səbəbdən aralarında bağlanmış müqaviləyə alıcının marağı itmiş və o, satıcıdan pulun qalan hissəsini tələb etməyə başlamış, satıcı da bununla razılaşaraq qalıq pulu qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin qeyd edilən 7-ci bəndində kompensasiya kimi pul məbləğinin ödənilməsinin nəzərdə tutulması əslində satıcının öz üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməsini təmin etməyə yönəlmişdir və mahiyyət etibarı ilə dəbbə puludur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin və mülki qanunvericiliyin qeyd edilən normasının tələblərinə əsasən belə nəticəyə gəlmək olur ki, müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozularaq onun icrası gecikdirildiyindən, iddiaçının müqavilənin 7-ci bəndinə istinad edərək cabadehdən pul tələb etmək hüququ yaranmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası işin diqqətəlayiq hallarını, o cümlədən cavabdehin ödəməli olduğu pul vəsaitini uzun müddət gecikdirməsini, lakin həmin məbləğin böyük hissəsini artıq iddiaçıya qaytarmasını nəzərə alaraq hesab edir ki, müqavilənin 7-ci bəndinə əsasən cavabdehdən ödənilməsi tələb edilən məbləğ tənasübsüz dərəcədə yüksəkdir, ona görə də həmin məbləğ müqavilədə nəzərdə tutulduğu kimi müqavilə üzrə satıcıya ödənilmiş bütün məbləğin 30%-i deyil, borcun qalıq məbləğinin 30%-i həcmində (17.400 x 30% = 5220 ABŞ dolları) müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti kompensasiyanın ödənilməsi tələbi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.12.2021-ci il tarixli qətnaməsi kompensasiyanın ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh1 MMC-dən 5.220 ABŞ dolları tutularaq iddiaçı X2 ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri yuxarıda sadalanan səbəblərə görə əsaslı hesab etmir və bu qənaətə gəlir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.12.2021-ci il tarixli qətnaməsi qismən - kompensasiya məbləğinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC-dən kompensasiya məbləği olaraq 5.220 (beş min iki yüz iyirmi) ABŞ dolları (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) tutularaq iddiaçı X2 ödənilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, həmçinin Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.3-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qətnaməsi qismən kompensasiya məbləğinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən öhdəliyin 5.220 (beş min iki yüz iyirmi) ABŞ dolları kompensasiya (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) tutularaq iddiaçı X2 ödənilsin. İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2791/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2791/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver