Məhkəmə qərarları › İş №2(103)-2792/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2792/2022

19.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2792/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi və s. tələbinə dair» ilk və "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı «mənəvi zərərin tutulması barədə» qarşılıqlı iddia tələblərinə dair 2(006)-1590/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin barəsində qəbul edilmiş 30.11.2020-ci il tarixli, 15-K/2020 saylı əmrin ləğv edilməsi və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, "xxxx" MMC cavabdeh İddiaçı qarşı «mənəvi zərərin tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı "xxxx" MMC-yə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 oktyabr 2018-ci il tarixdən "xxxx" MMC-nin İnsan Resursları və İnzibati işlər üzrə departament rəhbəri vəzifəsində çalışır. Faliyyət göstərdiyi müddətdə qazandığı iş təcrübəsi və fəaliyyət bacarıqları sayəsində "xxxx" MMC-nin İnsan resursları departamentinin fəaliyyətinə böyük töhfələr vermişdir. Lakin buna baxmayaraq, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən haqsız narazılıqlara, işdən çıxarılma ilə bağlı təhdidlərə, qanunsuz və əsassız yoxlama və araşdırmalara məruz qalmışdır. Ona qarşı edilən haqsız narazılıqların «yarım» sonu olaraq, 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr ilə o intizam məsuliyyətinə cəlb olunmuşdur. Əmrə əsasən xidmətdə göstərdiyi qeyri-peşəkarlıq və yol verdiyi nöqsanlara görə ona, "xxxx" MMC-nin İnsan Resursları və İnzibati işlər üzrə departament rəhbəri vəzifəsində çalışan X17 şiddətli töhmət verilmişdir. Barəsində çıxarılmış şiddətli töhmətin elan edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr qanunsuz və ədalətsiz olduğu üçün onun mənəvi zərər almağı ilə nəticələnmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq, 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr ləğv edilməli, ona dəymiş mənəvi zərər olaraq, 10000 (on min) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMCdən alınaraq ona ödənilməlidir. 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmrin ləğvi üçün əsaslar, əmrdə göstərilən bəzi nöqsanlar onun tərəfindən edilə bilməzdi. Belə ki, əmrdə göstərilən bəzi işçilərlə əmək müqaviləsinin bağlanılması "xxxx" MMC ilə aralarında əmək müqaviləsinin bağlanılmasından əvvəlki vaxta təsadüf edir. Əmrdə qeyd edilən işçi İlhamə Hacıyeva 27 sentyabr 2018-ci il tarixində işə daxil olmuş, Zakir Məmmədov 13 avqust 2018-ci ildə daxil olub və sonuncu ilə əmək müqaviləsi bağlanılmışdır. Onunla bağlanılmış əmək müqaviləsinin tarixi isə 01 oktyabr 2018-ci ildir. Əmrdə göstərilən digər işçi Səbinə Sərdarova isə işə daxil olma tarixi yəni 01 may 2019-cu il tarixi onun analıq məzuniyyətində olma tarixinə uyğundur. X1 və X18 2019-cu il tarixində işdən azad ediliblər. Onlara məxsus əmək kitabçaları necə əldə edilib ki, əmrdə onların adları qeyd olunub. Bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi departament rəhbəri tərəfindən deyil, mütəxəssis tərəfindən icra edilməlidir. Əmrdə telefonların geri alınması ilə bağlı müddəalar yer alsa da, qeyd edir ki, burada telefonların geri alınması deyil, nömrələrin «Nar Mobile» abunəçisinə yönləndirilməsi ilə məsələsi yer almalıdır. Eyni zamanda, nömrələrin yönləndirilməsi zamanı hər hansı aktlaşmadan söhbət gedə bilməz. Yəni, nömrələrin yönləndirilməsi zamanı akt tərtib olunmur. 15 yanvar 2019-cu il tarixində əmək müqaviləsinə xitam verilmiş X8 əmək kitabçasının surətindən də görünür ki, əmək kitabçasında sonuncunun əmək münasibətlərinə daxil olması yəni, işə daxil olması barədə qeydlər mövcuddur. Lakin əmrdə X8 işə daxil olması barədə əmək kitabçasında qeydlərin olmaması barədə iradlar yer almışdır. Əmrin ləğvi üçün əsas hesab edilən audit hesabatının heç bir nüsxəsi ona təqdim edilməmişdir. Bu barədə audit keçirilən "xxxx" MMC-yə və "xxxx" MMC-yə müraciət etsə də, ona audit hesabatı təqdim edilməmişdir. Şiddətli töhmət onun xəbəri olmadan verilib, faktiki o, 03 aprel 2020-ci il tarixindən işdən kənarlaşdırılmışdır. Audit yoxlaması aparılarkən ondan yazılı izahat alınmayıb. Audit hesabatı üzrə məlumatların toplanması tamamilə qanunsuz formada icra olunmuşdur. Belə ki, İnsan resursları barədə sənədlər onunla heç bir təhvil-təslim olunmadan iş otağından qərəzli və gizli formada götürülmüşdür. Halbuki, həmin sənədlərin konfidensiallığı və sənədlərin qorunub saxlanılması birbaşa onun məsuliyyəti üzərində olan bir məsələdir. Belə ki, həmin sənədlərdə ola biləcək çatışmazlıqlar onun bir rəhbər kimi nüfuzuna zərər vura biləcək məsələlərdən hesab edilir. Audit nümayəndəsindən qərəzli məqsədli şəkildə onun şəxsi nömrəsi gizlədilib və məlumat verilib ki, onun harda olduğundan xəbərləri yoxdu. Auditorun onun iştirakı olmağına çağırışına baxmayaraq məlumatlar məqsədli şəkildə gizlədilib. Əmrin çıxarılması tamamilə qanunsuzdur. Çünki, bu əmr rəhbərlik tərəfindən birbaşa onu işdən kənarlaşdırmağa yönəlik bir hərəkətdir. Belə ki, 2020-ci il mart ayında ölkədə tətbiq olunmuş karantin rejimi ilə əlaqdar olaraq, işçilərin böyük əksəriyyətinin evdən işləməyə məcbur olması hamıya məlumdur. Ona bu barədə rəhbərlik tərəfindən məlumat verilərkən, eyni zamanda yeni iş tapmağının da zəruri olması qeyd edilmişdir. Belə ki, həmin vaxtdan etibarən ona qarşı iş yerində təhdidlər başlamış və sonunda barəsində intizam məsuliyyətinə cəlb olunma barədə əmr çıxarılmışdır. Əmrin çıxarılması barədə audit hesabatının aparılması birbaşa onun işdən çıxarılmağına hazırlanmış prosessual hərəkətlər hesab edilir. Belə ki, "xxxx" MMC böyük nizamnamə kapitalına və şəxsi heyətə malik bir şirkətdir. Audit hesabatının məhz onun üçün keçirilməsi rəhbərlik heyətinin ona qarşı qərəzli hərəkətlərinin davamı hesab edilməlidir. Bundan öncə, 2019-cu ilin may ayında birinci audit yoxlaması keçirilmişdir. 14 may 2019cu il tarixli gizli şəkildə xəbəri olmadan akt tərtib edilmişdir. "xxxx" MMC-nin rəhbərliyi ona qarşı qərəzli şəkildə və həmin aktdan istifadə etməklə, müxtəlif üsullarla onu işdən uzaqlaşdırmağa çalışmışdır. 22 may 2020-ci il tarixdə "xxxx" MMC-nin Qrup üzrə İnsan resurları və inzibati işlər üzrə direktoru Aytən Abbaslı və insan resursları üzrə meneceri Elvira Alışeva onu görüşə dəvət etmişlər və ərizəsinə əlavə etdiyi saxta aktı təqdim edərək ona 3 aylıq əmək haqqısını alıb özünə başqa bir iş tapıb könüllü getməyini, onunla işləmək fikirlərinin olmadığını bildirmişlər. O işdən çıxmaq istəmədiyini bildirmişdir və bunun əvəzinə analıq məzuniyyətinə çıxa biləcəyi ilə bağlı təklifini etmişdir. Lakin həmin xanımlar onu inandırmaq istəmişlər ki, pul stajdan lazımlıdır. Onların təklifini qəbul etməyib şirkətdə qalmaq istəyirsə vəzifə və maaşınını aşağı salınacağını bildirmişlər. Əmrdə qeyd edilən xüsusatlar onun intizam məsuliyyətinə cəlb olunmağı ilə nəticələnə bilməz. Çünki, həmin xüsusatlar əmək qanunvericiliyin və müəssisədaxili nizam-intizam qaydalarının pozuntusu hesab edilmir. Daxili sənədləşmənin aparılmaması, əmək kitabçalarında müvafiq qeydlərin olmaması müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməmişdir. Bu xüsusdan onun intizam məsuliyyətinə cəlb olunmağı və şiddətli töhmət ilə cəzalandırılmağı ədalətsiz bir qərardır. Əmrdə qeyd olunan işdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrləri, işçilərin aylıq işə davamiyyət cədvəli, işçilərin məzuniyyət cədvəlinin hazırlanmaması kimi nöqsanlar tam qanunsuzdur. Çünki, işçi işdən azad olunarkən onun ərizəsi alınmamış heç bir işçini işdən azad etmək mümkün deyildir. Eyni zamanda, əmrin rəhbərlik tərəfindən imzalanması zamanı işçinin işdən çıxma barədə ərizəsi əmrin arxasına tikilərək, rəhbərliyə təqdim olunur, imzalandıqdan sonra işdən ayrılan işçiyə təqdim olunur. İşçi işdən azad edilərkən, Maliyyə şöbəsi onun haqqında bütün məlumatları toplayaraq işçiyə son haqq-hesab verir. Sual yaranır ki, maliyyə rəhbəri İlhamə Hacıyeva şəxsində 2 il ərzində sənədlər qaydasında olmayan işçilərin əmək haqqısını, məzuniyyət pulunu və digər xərcləri necə həyata keçirirdi? İşçilərin aylıq davamiyyət cədvəli və işçilərin məzuniyyət cədvəli isə müntəzəm formada hazırlanır. Audit hesabatının aparılmasından öncə onun otağından sənədlərin götürülməsi, təhvil-təslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin mövcud olmaması anlamına gəlməmlidir. Bu isə o deməkdir ki, əmrdə göstərilən onun tərəfindən edilən çatışmazlıqlar ədalətsiz və qanunsuz olaraq, ona hesablanmış hərəkətlərdir. Barəsində çıxarılmış şiddətli töhmətin elan edilməsi barədə əmrin onun konstitusion hüququnun pozulması yəni, dini ayrı-seçkiliyə məruz qalmağı ilə də nəticələnmişdir. Belə ki, xristian dininə qulluq etdiyi üçün rəhbərlik tərəfindən dəfələrlə təhdidlərə məruz qalmışdır. İnsan resursları sahəsində qazanılmış təcrübə və bacarıqları onun Şirkətə böyük töhfələr verməyinə səbəb olmuşdur. Çünki, rus və ingilis dillərini əla səviyyədə bilməyi sayəsində insan resursları sahəsinə beynəlxalq sertifikatlarla mükafatlandırılmışdır. 2020-ci ilin 3 aprel tarixindən faktiki olaraq işdən kənarlaşdırılmışdır. Əmək qanunvericiliyinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Lakin hər hansı sənədləşmə və sübutlar təqdim edilmədən o, işdən kənarlaşdırılmışdır. İşdən kənarlaşdınldıqdan sonra onun intizam məsuliyyətinə cəlb edilməyi artıq barəsində çıxarılmış əmrin qanunsuz qəbul edilməsinə zəmin yaradır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir. Lakin o, indiyə qədər əmək haqqı alır. Göründüyü kimi, rəhbərliyin ona qarşı qərəzli münasibəti yəni işdən kənarlaşdıraraq, onu əmək haqqı ilə təmin etməsi özlüyündə təzadlı bir məsələdir. Dilemma qarşısında qalmış bir rəhbərin edə biləcəyi prosessual hərəkətlər kimi görünür. "xxxx" MMC-dən öncə işlədiyi Cavabdeh MMC-də 4 il iş təcrübəsinin olması və iş müddətində hər hansı intizam tənbehinə məruz qalmamağı onun işçi kimi yüksək keyfiyyətlərinin olması anlamına gəlir. İşin faktiki hallarından göründüyü kimi, barəsində çıxarılmış şiddətli töhmətin elan edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr ləğv olunmalıdır. Belə ki, əmrin çıxarılması 30 noyabr 2020-ci il tarixə təsadüf etsə də, əmrdə göstərilən nöqsan və iradlar təxminən 1 il yarım əvvələ təsadüf edir. İrad və ya nöqsan kimi göstərilən hərəkətlərin son edilmə tarixi 01.05.2019-cu il tarixinə aiddir. Bu isə o deməkdir ki, həmin iradlar və nöqsanlar vaxtında bildirilmədiyi üçün və eyni zamanda ondan hər hansı yazılı iltizam alınmadığı üçün onun barəsində intizam məsuliyyəti tətbiq edilə bilməz. Yuxarıda göstərilən faktiki əsaslardan göründüyü kimi, onun əmrdə göstərilən hərəkətləri etməyi (halbuki edilməmişdir) işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı ziyan vurmamışdır. Bu xüsusatda onun barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə əmrin qəbul edilməsi qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Əmək vəzifələrini heç vaxt kobud şəkildə pozmamışdır. Mənəvi zərərə görə kompensasiyanın verilməsi təmin olunmalıdır. Ölkə ərazisində karantin rejiminin tətbiq edildiyi müddətdən bəri, yəni işçilərin evdən işləməyə məcbur olduqları müddətdən etibarən, dəqiq deyilsə, 3 aprel 2020-ci il tarixindən o, mənəvi təzyiqlərə məruz qalır. Belə ki, elə həmin vaxtda rəhbərlik onun yeni iş tapmağının zəruri olduğunu bildirmiş və yaxın vaxtlarda işdən çıxma barədə ərizə yazmalı olduğunu onun nəzərinə çatdırmışlar. Həmin vaxtlarda evdən işləmək üçün yaradılmış sistemə girişi məhdudlaşdırılmışdır, ona verilmiş korporativ mobil nömrə bağlatdırılmışdır və o, işdən faktiki olaraq kənarlaşdırılmışdır. İşdən kənarlaşdırılmağına baxmayaraq, yeni işçilərin qəbul edilməsi proseduru aparılır. Yəni, onun əmək funsiyaları başqası tərəfindən icra edilir. Bu isə onun mənəvi zərər almağı ilə nəticələnir. Belə ki, iş mühitinə uyğunlaşmağı və daima fəaliyyətlə məşğul olduğu üçün onun işdən kənarda qalmağı nəticəsində stress və mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, cavabdeh təşkilat, onu qanunsuz və əsassız olaraq cəzalandırmışdır. Hazırda himayəsində iki azyaşlı uşaq vardır və üçüncü uşağa hamilədir. Belə həssas vaxtında ona qarşı edilən qərəzli hərəkətlər onun mənəvi zərər almağı ilə nəticələnmişdir. Barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr ləğv olunmalı, ona dəymiş mənəvi zərər olaraq, 10 000 (on min) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddia ərizəsinin birinci bəndində göstərdiyinə görə bəzi nöqsanlar onun tərəfindən edilə bilməzdi. Bunu işçilərlə bağlanmış əmək müqavilələrin onunla bağlanmış 01 oktyabr 2018-ci ildən əvvələ təsadüf etdiyi ilə əsaslandırmağa çalışmışdır, lakin o, nəzərə almamışdır ki, ondan əvvəl işlər görülməmişdirsə, bu onun təyin edildiyi vaxtdan sonra həmin işlərin görülməsindən azad etmir, əksinə həmin işlərin təmin edilməsini tələb edir. Cavabdeh iddia ərizəsinin üçüncü bəndində göstərmişdir ki, bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi departament rəhbəri tərəfindən deyil, mütəxəssis tərəfindən icra edilməlidir. Cavabdehin bu dəlilləri də əsassızdır. Belə ki, bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsinin mütəxəssis tərəfindən özbaşına icra edilməsi mümkün deyil, çünki bununla bağlı göstərişi məhz departament rəhbəri verməli, həmin işlərin həyata keçirilməsinə də nəzarət məhz departament direktorunun vəzifəsidir, insan resursları ilə bağlı görülən bütün işlərin görülməsinə görə departament rəhbəri məsuliyyət daşıyır. Cavabdeh iddia ərizəsinin dördüncü bəndində göstərmişdir ki, əmrdə telefonların geri alınması ilə bağlı müddəalar yer alsa da, qeyd edir ki, nömrələrin yönləndirilməsi zamanı akt tərtib olunmur. Bununla bağlı bildirirlər ki, cavabdehin bu dəlili onun mülahizəsi kimi qiymətləndirilməlidir. Cəmiyyət tərəfindən bununla bağlı akt tərtib olunmuş, bütün əməkdaşlar həmin aktı imzalamış, bircə cavabdeh imzalamamışdır. Bu hərəkətsizliyini əsaslandırmaq üçün bu dəlili irəli sürür, cavabdeh nəzərə almır ki, Cəmiyyət tərəfindən aktın tərtib edilməsi barədə qərar qəbul edilmişdirsə o icra olunmalı, müzakirə predmeti olmamalıdır, həmin aktın imzalanması isə qanun pozuntusu sayılmır, əksinə aktın imzalanmaması pozuntu hesab edilir. Cavabdeh iddia ərizəsinin altıncı bəndində göstərmişdir ki, audit yoxlaması aparılarkən ondan yazılı izahat alınmayıb. Lakin cavabdeh nəzərə almamışdır ki, audit keçirilərkən onun istifadə etdiyi telefona auditor tərəfindən zəng vurularaq Cəmiyyətə dəvət edilmiş, bununla yanaşı ona yazılı məktub da göndərilmiş və onun tərəfindən şəxsən qəbul edilmişdir, belə olan halda isə cavabdeh Cəmiyyətə gələrək audit yoxlamasında iştirak etməklə izahatını verə bilərdi, lakin bunu özü etməmişdir. Cavabdeh iddia ərizəsinin səkkizinci bəndində göstərmişdir ki, əmrin çıxarılması tamamilə qanunsuzdur, 2020-ci ilin mart ayından etibarən ona qarşı təhdidlər bağlanmış və sonunda barəsində intizam məsuliyyətinə cəlb olunma barədə əmr çıxarılmışdır. Bu dəlil də tam əsassızdır, çünki belə təhdidlər olmuşdursa, intizam məsuliyyətinə cəlb olunma barədə əmr 8 (səkkiz) aydan sonra olmazdı. Cavabdeh iddia ərizəsinin onuncu bəndində göstərmişdir ki, daxili sənədləşmənin aparılmaması, əmək kitabçalarında müvafiq qeydlərin olmaması müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməmişdir. Bu xüsusatdan onun intizam məsuliyyətinə cəlb olunmağı və şiddətli töhmət ilə cəzalandırılması ədalətsiz bir qərardır. Cavabdehin bu mülahizələri də əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, cavabdehin özünün qeyd etdiyi kimi müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməsi işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmasına əsas ola bilər, lakin ziyana məruz qalmaması işçinin intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir, əksinə labüd edir. Cavabdeh iddia ərizəsinin on birinci bəndində göstərmişdir ki, işdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrləri, işçilərin aylıq davamiyyət cədvəli işçilərin məzuniyyət cədvəllərinin hazırlanması kimi nöqsanlar tam qanunsuzdur. Cavabdeh göstərilən işlərin görülməməsini əsaslandırmağa cəhd etmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, sadalanan və görülməyən işlər məhz onun əmək funksiyalarına aiddir, əmək funksiyaların yerinə yetirilməməsi məhz işçinin İntizam məsuliyyətinə cəlb olunmasına əsas hesab olunur. Daha sonra, sual olunur, əgər cavabdeh sadalanan işlərin görülməməsini nöqsan kimi nəzərə almırsa, onda cavabdeh hansı işlərin görülməsinə məsul hesab edir? Cavabdeh iddia ərizəsinin on ikinci bəndində göstərmişdir ki, xristian dininə qulluq etdiyinə görə onu intizam məsuliyyətinə cəlb etmişlər. Cavabdehin bu dəlili onu şəxsi mülahizəsidir, heç bir dəlillərlə sübut olunmur, o, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini dini etiqadı ilə pərdələyir, bu isə yolverilməzdir. Əksinə cavabdehin özü Əmək Məcəlləsinin 10-cu maddəsinin a), b) və f) bəndləri ilə nəzərdə tutulmuş vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh iddia ərizəsinin on üçüncü bəndində göstərmişdir ki, rus və ingilis dillərini əla səviyyədə bilməyi sahəsində insan resursları sahəsində beynəlxalq sertifikatlarla mükafatlandırılmışdır. Bununla bağlı bildirirlər ki, bu cavabdehi əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyin tələblərininə əməl etmək vəzifələrindən azad etmir və onu intizam məsuliyyətində cəlb olunmasını istisna etmir. Cavabdehin iddia ərizəsinin on dördüncü bəndində göstərdiklərinin iddia tələbləri ilə heç bir əlaqəsi olmadığından ona heç bir münasibət bildirmirlər. Cavadbehin iddia ərizəsinin on beşinci bəndində göstərdikləri ilə bağlı bildirirlər ki, işçinin əvvəllər heç bir intizam məsuliyyətinə cəlb olunmaması, onun tərəfindən əmək funksiyalarının yerinə yetirilməməsi, əmək və icra intizamının pozulmasına yol verdiyi halda intizam məsuliyyətinə cəlb olunmasını istisna və qadağa etmir. Cavabdehin iddia ərizəsinin b) bəndində (səhifə 5) göstərdikləri ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cavabdehin özünün göstərdiyi kimi, pozuntular bir il beş ay əvvəl olmuş, deməli intizam tənbehi ƏM-nin 187-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni hesab edilməlidir. Cavabdehin iddia ərizəsinin c) bəndində (səhifə 6) göstərdikləri ilə bağlı bildirirlər ki, cavabdeh intizam məsuliyyətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə əsasən cəlb olunmuşdur. Belə ki, həmin maddənin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə məzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Göründüyü kimi, Əmək Məcəlləsinin 186-cı maddəsi intizam məsuliyyətinə cəlb olunması üçün hər hansı bir ziyanın vurulmasını nəzərdə tutmur, yəni intizam tənbehi işəgötürənə ziyan vurulmadıqda belə tətbiq edilir. Cavabdehin iddia ərizəsinin d) bəndində (səhifə 6-7) göstərdikləri ilə bağlı bildirirlər ki, cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilənləri sadalamış, həmin bəndlərdən heç birinin ona aid olmamasını göstərmişdir, lakin o, nəzərə almamışdır ki, həmin hallar işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmasını tənzimləyir, göstərilən halda isə cavabdeh işdən azad olunmamış, ancaq intizam məsuliyyətinə cəlb olunmuşdur, deməli onların heç birinin cavabdehə aidiyyatı yoxdur. Cavabdehin iddia ərizəsinin e) bəndində (səhifə 7) göstərdikləri ilə bağlı bildirirlər ki, orada göstərilənlərinin cavabdehin iddia tələbləri ilə heç bir əlaqəsi yoxdur, yəni initizam məsuliyyətinə cəlb olunmasına görə cavabdehə mənəvi zərərə görə kompensasiyanın verilməsinin təmin olunması heç bir dəlil və sübutlar irəli sürülməmiş və əlavə olunmamışdır, sadəcə olaraq iddia ərizəsində cavabdeh pandemiya dövründə öz əmək funksiyalarının evdən yerinə yetirilməsi imkanının məhdudlaşdırılmasını, istifadəsində olan korporativ telefon nömrəsinin bağlanmasını, işdən faktiki olaraq kənarlaşdırılmasını, onun əmək funksiyasının başqası tərəfindən icra edilməsini onun mənəvi zərər almağı ilə nəticələnməsi qənaətinə gəlmişdir, bunların isə cavabdehin iddia tələblərinin predmeti ilə heç bir əlaqəsi yoxdur, buna görə də təmin oluna bilməz. Cavabdehin iddia ərizəsinin 8-ci səhifəsində mənəvi ziyanın tələb olunması ilə bağlı normativ hüquqi aktlara istinad etməsi ilə bağlı bildirirlər ki, qarşılıqlı iddianın 15-ci bəndində göstərilən kimi, cavabdeh mənəvi zərər almağını işləyə bilməməsi ilə əlaqələndirmişdir, halbuki, bu hallar onun iddia predmetini təşkil etmir. Qarşıqlıqlı iddia ərizəsinin 1-16-cı bəndlərində göstərilən xüsusatlara və dəlillərə əsasən hesab edirlər ki, İddiaçı Cəmiyyətə qarşı qaldırdığı iddia tələbləri əsassız olduğundan rədd edilməli və aşağıda göstərilənlərə əsasən Cəmiyyətin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, audit keçirilən zaman sənədlər onun otağından qərəzli və gizli formada götürülmüş, təhvil-təslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin olmaması anlamına gəlməməlidir, yəni bununla cavabdeh Cəmiyyəti saxtakarlıqda ittiham etmişdir, bu hal isə Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Beləliklə hesab edirlər ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü fikirlər, eləcə də X13, Azərbaycan Respublikası Prezident Administirasiyasına və Azərbaycan Respublikası Birinci Vitse-Prezidentin katibliyinə etdiyi əsassız şikayətlərdə irəli sürdüyü fikir və dəlillər, o cümlədən Cəmiyyəti saxtakarlıqda ittiham etməkdir və bu hal Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. İddiaçı qızının Cəmiyyət barəsində həqiqəti əks etdirməyən, Cəmiyyətin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində Cəmiyyətin işgüzar nüfuzuna vurulmuş zərəri 50000 manat həcmində qiymətləndirirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş və qanunu səhv təfsir etmiş, prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, bu pozuntular yanlış qətnamə çıxarılmasına səbəb olmuşdur. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, audit keçirilən zaman sənədlər onun otağından qərəzli və gizli formada götürülmüş, təhvil-təslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin olmaması anlamına gəlməməlidir, yəni bununla cavabdeh Cəmiyyəti saxtakarlıqda ittiham etmişdir, bu hal isə Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Bu kimi fikirlər, eləcə də sonuncunun X13, Azərbaycan Respublikası Prezident Administirasiyasına və Azərbaycan Respublikası Birinci Vitse-Prezidentin katibliyinə etdiyi əsassız şikayətlərdə irəli sürdüyü fikir və dəlillər, o cümlədən Cəmiyyəti saxtakarlıqda ittiham etməkdir və bu hal Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və qarşılıqlı iddianın rədd edilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı idda üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək, onun təmin edilməsini, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası "xxxx" MMC-nin nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı ilk iddianın və qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə apellyasiya şikayəti vermiş tərəflərə münasibətdə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Məmmədova İddiaçı qızına məxsus 14 iyul 2003-cü il tarixli, İT-İ seriyalı ******* saylı əmək kitabçasındakı qeydlərə əsasən, kitabçada edilmiş sonuncu qeyd onun 28.09.2018-ci il tarixli, 27/K-2018 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin «a» bəndinə əsasən tutduğu vəzifədən azad olunmasına aiddir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı ilə "xxxx" MMC arasında 01.10.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İR və İnzibati İşlər üzrə Koordinator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı 04.03.2019-cu il tarixdə "xxxx" MMC-də İnsan resursları və İnzibati işlər üzrə rəhbər vəzifəsinə təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən təsdiqlənmiş İnfrastruktur üzrə departamentin rəhbəri - Aleksey Reşetnikov, Layihə İdarəedilməsi üzrə departamentin rəhbəri - X23, Maliyyə departamentinin rəhbəri - Hacıyeva llhamə Əşrəf qızının iştirakı ilə tərtib edilmiş 14.05.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, İR və İnzibati işlər üzrə departamentin rəhbəri İddiaçı öz vəzifə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməmişdir. Belə ki, şirkətdə «Ernst & Yanq Holdinqs (SİAyEs) Bİ.Vi.» tərəfindən keçirilən audit zamanı müəyyən olmuşdur: 1. İşçilərin işə qəbul zamanı rəsmiləşdirilməsində nöqsanlar: a) Əmək müqavilərinin və əmək müqavilələrinə razılaşmaların hazırlanması, (öncə hazırlanan bir neçə müqavilələr imzasızdır və müqavilələrdə işə götürən səhv olaraq "xxxx" MMC qeyd olunmuşdu), b) İşə qəbul təkliflərinin olmaması, c) İşə qəbul əmrlərinin və işçilərin ərizələrinin olmaması, d) İşçilərin vəzifə təlimatlarının olmaması, 2. İşçilərin İşdən azad olduğu zaman rəsmiləşdlrilməsində nöqsanlar: a) İşdən azad olma əmrlərinin olmaması, b) İşçinin ərizəsinin olmaması, c) İşdən azad olunan əməkdaşın Qeyd Vərəqəsi, 3. İşçilərin məzuniyyətə çıxmasının rəsmiləşdirilməsində nöqsanlar: a) İşçilərin növbəti məzuniyyətə çıxması haqqında Dekabr ayı üzrə əmrlərinin olmaması, b) İşçilərin növbəti məzuniyyətə çıxması haqqında əmrlərə əsas olaraq, işçilərin ərizələrinin olmaması, c) Cəmiyyətin təsdiq olunmuş məzuniyyət planının olmaması, d) İstifadə olunmamış məzuniyyət günlərinin uçotunun aparılmaması və buna uyğun hər hansı bir cədvəlin hazırlanması, 4. Cəmiyyətin Ezamiyyə prosedurunun hazırlanmaması, 5. Cəmiyyətin Təlim Planının və prosedurlarının hazırlanmaması, 6. Cəmiyyətin aylıq işə davamiyyət cədvəlinin hazırlanmaması. X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26.10.2020-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəssisə tərəfindən məktub və ona əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı hal-hazırda "xxxx" MMC-də İnsan Resursları və və İnzibati işlər üzrə Departamentin rəhbəri vəzifəsində çalışır və əmək müqaviləsinə heç bir dəyişiklik edilməmişdir. Bundan əlavə olaraq "xxxx" MMC tərəfindən X21 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı cavab məktubunda onun işlədiyi dövr ərzində müəssisə tərəfindən heç bir töhmət verilmədiyi və əmək haqqının vaxtında ödənildiyi bildirilmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01.01.2021-ci il tarixədək dayandırıldığından müraciətinin yerində araşdırması mümkün olmamışdır. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna ünvanlanmış informasiya sorğusundan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-də hər hansı auditin keçirilibkeçirilməməsi, oktyabr ayı 2020-ci il tarixli Audit hesabatının mövcud olub-olmaması, əgər belə bir audit keçirilmişsə həmin audit zamanı şirkət tərəfindən əmək fəaliyyəti barədə hər hansı nöqsanın aşkar olunub-olunmaması, audit zamanı belə nöqsanlar müəyyən edilmişsə onların əks olunduğu audit hesabatının təqdim edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən «ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ.» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinə ünvanlanmış sorğudan görünür ki, «Ernst and Yanq Holdinqs (SiAyEs) Bi.Vi.» tərəfindən "xxxx" MMC-də 14 may 2020-ci il tarixdə hər hansı auditin keçirilib-keçirilməməsi, əgər belə bir audit keçirilmişsə həmin audit zamanı şirkət tərəfindən əmək fəaliyyəti barədə hər hansı nöqsanın aşkar olunubolunmaması, audit zamanı belə nöqsanlar müəyyən edilmişsə onların əks olunduğu audit rəyinin təqdim edilməsini xahiş etmişdir. Doğum haqqında arayışa əsasən X19 01.05.2019-cu il tarixdı Bakı şəhərində anadan olmuşdur. X6, anası İddiaçıdır. "xxxx" MMC tərəfindən həmin Cəmiyyətdə İnsan resursları və inzibatı işlər üzrə koordinatoru vəzifəsində işləmiş İddiaçı fəaliyyətinə aid təqdim edilmiş sənədlərə əsasən audit yoxlamasının nəticələri barədə 30.10.2020-ci il tarixli Auditor hesabatından görünür ki, qeyd olunan 7 nəfərə dair işçilərin şəxsi heyətinin şəxsi işlərində işə qəbul olunmaları haqqında əmək müqavilələri və vəzifə təlimatları qoyulmamışdır. "xxxx" MMC-nin daxili komissiyasının 14 may 2020 ci il tarixli aktında qeyd olunmuşdur ki, İR və inzibati işlər üzrə departamentin rəhbəri İddiaçı vəzifə borcunu layiqincə yerinə yetirməmiş belə ki, qeyd olunan 7 nəfərə dair işçilərin şəxsi heyətinin şəxsi işlərində ciddi nöqsanlara yol verilmişdir. Belə ki, işçilərin işə qəbul olunmaları haqqında işçilərə təkliflər, işçilərin ərizələri, işçilərin əmrləri, işçilərin əmək müqavilələri və vəzifə təlimatları yazılmamışdır. Qeyd olunan çatışmazlıqlarla bağlı İlhamə Hacıyevadan, Səbinə Sərdarovadan, Emil Həsənovdan və Aygün Cəfərlidən izahatlar alınmış və onlar izahatlarında müqavilələr, vəzifə təlimatlarının yazılmadığı üçün onlar imza etmədiklərini bildirmişlər. Əmək Məcəlləsinin 87 maddəsinin 2 bəndinə əsasən işə qəbul edilmiş işçilərə 5 işgünü müddətinə əmək kitabçalarına qeydiyyatlar aparılması nəzərdə tutulduğu halda, həmin Məcəllənin tələbinə əməl edilməmişdir. Belə ki, əmək kitabçalarında işə qəbul olunmalarına dair qeydiyyatlar aparılmamışdır. "xxxx" MMC-də 11.10.2018-ci il tarixdən Layihələrin İdarəedilməsi Departamentin direktoru vəzifəsində işləyən X15, 01 noyabr 2018-ci il tarixdən Layihələrin İdarəedilməsi Departamentin direktoru vəzifəsində işləyən X4, 18.12.2018-ci il tarixdən aparıcı mühasib və maliyyə analitik vəzifəsində işləyən X7, 29.12.2018 ci il tarixdən xadimə vəzifəsində işləyən X9, Sürücü 01.Xİ.2018-ci il tarixdən Zakir Məmmədovun, 15.01.2019-cu il tarixdən sürücü vəzifəsində işləyən İlham Əliyevin, 01.05.2019-cu il tarixdən inzibatçı vəzifəsində işləyən Səbinə Sərdarovanın işə girmələri barəsində onların əmək kitabçalarında qeydiyyatlar aparılmamışdır. İşdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrlərin olmaması, işçilərin aylıq işə davamiyyət cədvəlinin hazırlanmaması və digər nöqsanlar müəyyən olunmuşdur. 21.10.2020-ci il tarixli məktubdan və teleqramdan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı onun fəaliyyətinin auditor tərəfindən araşdırılması bildirilmiş və 23.10.2020-ci il tarixdə "xxxx" MMC-nin ofisinə gəlib iştirak etməsi xahiş edilmişdir. "xxxx" MMC-nin direktoru Şərif Şıxlinskiy, Layihə İdarəedilməsi üzrə departamentin rəhbəri - X23 və Maliyyə və inzibati işlər üzrə departamentin rəhbəri - Hacıyevə llhamə Əşrəf qızı tərəfindən tərtib edilərək imzalanmış 30.11.2020-ci il tarixli aktdan görünür ki, 21 oktyabr 2020-ci il tarixində «Sizin fəaliyyətiniz auditor tərəfindən araşdırılmış və fəaliyyətiniz zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Xahiş edirik 30 Noyabr 2020-ci il tarixində "xxxx" MMC-nin ofisinə gəlib tərtib edilmiş akta əsasən verilmiş ƏMR ilə tanış olasınız» mətnində İddiaçı Elektron ünvan vasitəsi ilə 30 Noyabr 2020-ci il tarixində bildiriş göndərilmişdir, lakin İddiaçı "xxxx" MMC-nin ofisinə gəlib audit aktına və həmçinin qeyd olunan akta əsasən verilmiş əmrə münasibət bildirməmişdir. "xxxx" MMC-nin direktorunun 30.11.2020-ci il tarixli, 15-K/2020 saylı əmrinə əsasən həmin Cəmiyyətin İnsan Resursları və inzibati işlər üzrə departamentin rəhbəri İddiaçı xidmətdə yol verdiyi nöqsanlarla bağlı Cəmiyyətdə əlavə audit yoxlaması aparılmışdır. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin İnsan Resursları və inzibati işlər üzrə departamentinin rəhbəri İddiaçı vəzifə borcunu layiqincə yerinə yetirməmişdir. Belə ki, İddiaçı Cəmiyyətin İnsan Resursları və inzibati işlər üzrə departamentin rəhbəri vəzifəsində işləyərkən işçilərin müvafiq əmrləri hazırlamamış, vəzifə təlimatları tərtib edilməmiş, ərizələri alınmamış, əməkdaşlar İlhamə Hacıyeva, Səbinə Sərdarova, Emil Həsənov və Aygün Cəfərli ilə bağlanılmış müqavilələrdə həmin əməkdaşlar tərəfindən imza edilməmişdir. Bundan başqa, əməkdaşlar Emil Həsənovun istifadəsində olan ***-***- **-** saylı və Zakir Məmmədovun istifadəsində olan ***-***-**-** saylı telefonların geri alınması məqsədi ilə tərtib olunmuş 01 noyabr 2018-ci il tarixli və 01 dekabr 2018-ci il tarixli aktlarda komissiya üzvləri imza etmələrinə baxmayaraq, İddiaçı həmin aktda komissiya üzvü kimi imza etməmişdir. Bundan başqa, Əmək Qanunvericiliyinə əsasən, (Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci bəndi) işə qəbul edilmiş işçilərə 5 iş günü müddətinə əmək kitabçalarına qeydiyyatlar aparılması nəzərdə tutulduğu halda, İddiaçı tərəfindən 2018-2020-ci il tarixlərdə işə qəbul olunmuş əməkdaşlar, yəni 11.10.2018-ci il tarixdən Layihələrin İdarəedilməsi Departamentinin direktoru vəzifəsində işləyən X16, 01.11.2018-ci il tarixdən İnfrastruktur üzrə Departamentinin rəhbəri vəzifəsində işləyən X2, 18.12.2018-ci il tarixdən Aparıcı mühasib və maliyyə analitik vəzifəsində işləyən X7, 29.12.2018-ci il tarixdən xadimə vəzifəsində işləyən X10, 01.11.2018-ci il tarixdən sürücü işləyən X11, 15.01.2019-cu il tarixdən sürücü vəzifəsində işləyən X5, 01.05.2019-cu il tarixdən inzibati işlər üzrə mütəxəssis vəzifəsində işləyən X3, işə girmələri barəsində onların əmək kitabçalarında qeydiyyatlar aparılmamışdır. Bundan başqa, İddiaçı tərəfindən işdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrləri, işçilərin aylıq işə davamiyyət cədvəli hazırlanmamış, işçilərə məzuniyyət cədvəli tərtib edilməmiş və digər sair nöqsanlara yol verilmişdir. "xxxx" MMC-nin İnsan Resursları və inzibati işlər üzrə departamentin rəhbəri İddiaçı xidmətdə göstəridiyi qeyri-peşəkarlıq və nöqsanlara görə 01.10.2018-ci il tarixli 4 saylı Əmək müqaviləsinin 5.1 bəndin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 87.2-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən xidmətdə göstərdiyi qeyri-peşəkarlıq və yol verdiyi nöqsanlara görə "xxxx" MMC-nin İnsan Resursları və inzibati işlər üzrə departamentin rəhbəri İddiaçı şiddətli töhmət verilmişdir. Göründüyü kimi, İddiaçı 01.10.2018-ci il tarixdən "xxxx" MMC-də İnsan Resursları və İnzibati İşlər koordinatoru vəzifəsinə qəbul edilmiş, daha sonra isə o, departament rəhbəri vəzifəsinə təyin edilmişdir. İddiaçı fəaliyyətinə aid audit yoxlaması keçirilmiş və yoxlamanın nəticələri barədə 30.10.2020-ci il tarixli auditor hesabatı tərtib edilmişdir. Həmin hesabata əsasən İddiaçı öz vəzifə səlahiyyətlərini əmək müqaviləsinə uyğun şəkildə yerinə yetirmədiyi müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC-nin 7 işçisinin şəxsi işində işə qəbul olunmaları haqqında əmək müqavilələri və vəzifə təlimatları qoyulmamış, müvafiq qeydiyyatlar aparılmamış, işçilərin ərizələri, əmrləri, əmək müqavilələri və vəzifə təlimatları yazılmamışdır. Qeyd olunan çatışmazlıqlarla bağlı "xxxx" MMC-nin işçi heyəti olan İlhamə Hacıyevadan, Səbinə Sərdarovadan, Emil Həsənovdan və Aygün Cəfərlidən izahatlar alınmış və onlar izahatlarında müqaviləni və vəzifə təlimatını yazılmadığı üçün imza etmədiklərini bildirmişlər. "xxxx" MMC-də 11.10.2018-ci il tarixdən Layihələrin idarəedilməsi Departamentinin direktoru vəzifəsində işləyən X16, 01 noyabr 2018 ci il tarixdən Layihələrin idarəedilməsi Departamentinin direktoru vəzifəsində işləyən X4, 18.12.2018-ci il tarixdən Aparıcı mühasib və maliyyə analitik vəzifəsində işləyən X7, 29.12.2018 ci il tarixdən xadimə vəzifəsində işləyən X10, sürücü 01.11.2018-ci il tarixdən Zakir Məmmədovun, 15.01.2019cu il tarixdən sürücü vəzifəsində işləyən İlham Əliyevin, 01.05.2019-cu il tarixdən inzibatçı vəzifəsində işləyən Səbinə Sərdarovanın işə girmələri barəsində onların əmək kitabçalarında qeydiyyatlar aparılmamışdır. İşdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrlərin olmaması, işçilərin aylıq işə davamiyyət cədvəlinin hazırlanmaması və digər nöqsanlar müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, audit yoxlamasının keçirilməsində iştirak etməsi üçün İddiaçı 21.10.2020-ci il və 23.10.2020-ci il tarixlərdə qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana məktub və teleqram göndərilmiş, "xxxx" MMC-nin ofisinə gəlib iştirak etməsi xahiş edilmişdir. Beləliklə, İddiaçı fəaliyyətinə aid audit yoxlaması keçirilmiş və yoxlamanın nəticələri barədə tərtib olunmuş 30.10.2020-ci il tarixli Auditor hesabatına əsasən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 30.11.2020-ci il tarixli əmr ilə «sonuncu xəbərdarlıqla şiddətli töhmət» verilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsində qeyd edilən dəlillərin qiymətləndirilməsinə keçməmişdən əvvəl ilk iddia ərizəsində öz əksini tapmış xüsusatlara diqqət yetirməyi zəruri sayarkən haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Bu Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Bu Məcəllənin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. Beləliklə iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf olduğu əmək müqaviləsinin müvafiq şərtlərinə zidd davranmaqla əmək intizamını təqsirli olaraq pozmuşdur. Bu fakt İddiaçı fəaliyyətinə aid "xxxx" MMC tərəfindən tərtib olunmuş 30.10.2020-ci il tarixli auditor hesabatına əsasən öz təsdiqini tapmışdır. İddiaçı sözügedən Auditor hesabatına etiraz etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, irəli sürdüyü dəlilləri də heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş (auditor hesabatının tərtib edildiyi gündən bir ay müddətində), bu barədə olan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri ilə cavabdeh tərəfindən əsaslandırılmış, intizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması üçün intizam tənbehi iddiaçıya elan edilməmişdən əvvəl ondan yazılı izahat verilməsi tələb edilmiş, bir sözlə əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə əməl edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «töhmətin verilməsinə dair əmrin ləğv edilməsi» tələbinə dair iddiasını əsassız sayaraq rədd edilməsi, eyni zamanda ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi sübuta yetirilmədiyindən ilk iddianın mənəvi zərərlə bağlı hissədə də rədd edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın əsaslı olub-olmamasını araşdıraraq göstərmişdir ki, qarşılıqlı iddia üzrə İddiaçı "xxxx" MMC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyi «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsində göstərilən faktların həqiqətə uyğun olmadığını və onun işgüzar nüfuzunu ləkələdiyini qeyd etmişdir. Belə ki, şərəf və ləyaqətin, işgüzar nüfuzunun müdafiəsi haqqında işlərə baxılarkən məlumatların vətəndaşların və ya təşkilatların şərəf və ləyaqətini ləkələməsi, onların doğru olub-olmaması və bu məlumatların yayılıb-yayılmasına dair işin faktiki halları məcmu şəkildə araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. Araşdırılmalı olan hallardan birinin mövcudluğunun məhkəmədə tədqiq edilən iş materiallarına əsasən öz təsdiqini tapmaması iddanın rədd edilməsi üçün əsasdır. Məhkəmə iddianı nəzərədən keçirərək ilk öncə iddiaçının işgüzar nüfuzunu pozmasını iddia edən məlumatların yayılıbyayılmamasına dair məsələnin araşdırılmasının zəruri olduğunu qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını müdafiə və təmin etməkdən ibarət olmalıdır. Qeyd olunur ki, hər kəs öz hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə məhkəməyə müraciət edərkən iddia ərizəsində işin xeyrinə nəticələnməsinə təsir edə biləcək faktları və ya hadisələri təsvir edə bilər. İddia ərizəsində qeyd edilmiş faktların məhkəmə araşdırması zamanı nəticə etibarilə öz təsdiqini tapmaması onlara istinad edən iddiaçının mülki-hüquq məsuliyyətinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında və «İnsan Hüquqlarının və X12 haqqında» Avropa Konvensiyasında təsbit edilən öz fikrini sərbəst ifadə etmək, məhkəməyə müraciət etmək səlahiyyətləri çərçivəsində hərəkət etmiş şəxsin məhkəməyə və ya digər dövlət orqanlarına ünvanlandığı müraciətlərdə yazılanlara görə məsuliyyətə cəlb edilməsi onun konstitusiya hüquqlarının məhdudlaşdırılması anlamına gəlməlidir. Birinci instansiya məhkəməsi İddiaçı "xxxx" MMC-yə qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyi «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsini nəzərdən keçib, düzgün olaraq qeyd etmişdir ki, İddiaçı həqiqi saydığı faktları iddia ərizəsində göstərməklə ilkin iddia üzrə cavabdeh MMC-nin işgüzar nüfuzunu ləkələmək, ona zərər yetirmək kimi məqsəd daşımamış, bu faktlar onun tərəfindən ədalətli məhkəmə araşdırmasına olan konstitusion hüququn realizə edilməsinə yönəldilmişdir. Həmin məlumatlar iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallardır və ilkin iddia özü-özlüyündə əsassız olması ilə deyil, sübut olunmadığına görə rədd olunmuşdur. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçının işgüzar nüfuzunu ləkələmiş olduğu ehtimal edilən məlumatların yayılması faktı müəyyən edilmədiyindən, məhkəmə digər iki halın araşdırılmasına lüzum qalmadığını qeyd edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən «İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək, yuxarıdakı maddi hüquq normalarına istinad etməklə ilk və qarşılıqlı iddiaları rədd edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk iddianı və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İlk və qarşılıqlı iddiaların rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(006)-1590/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar