Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2794/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-792/2024 nömrəli, 16 fevral 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin hamiləliyin potologiyası şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləmişdir.
2. “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru Ə.Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmri ilə “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinin Hamiləliyin Patalogiyası Şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.1993-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyətinə görə maliyyə şöbəsi tərəfindən 15 təqvim günü pul əvəzi ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. xx.xx.2023-cü il işçinin son iş günü hesab edilmişdir. Əmrin verilməsinə əsas: İddiaçı ərizəsi və direktorun dərkənarı olmuşdur.
3. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktork Ə.Qasımova müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-3/3-1826/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsin Hamiləliyin Patologiyası Şöbəsində həkim mamaginekoloq vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Tibb Universitetində tibb təhsili alaraq xx.xx.1990-cı ildə Naxçıvan Respublikası Doğum Mərkəzində intema mama-ginekoloq kimi fəaliyyət göstərməyə başlamışdır. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Naxçıvan Respublikası ‘‘Ana və Uşaq Reanimasiya Mərkəzi”n-də ginekoioq olaraq işləmişdir. xx.xx.1993-cü il tarixdən indiki “Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsində (bundan sonra - Xəstəxana) Hamiləliyin Patalogiyası Şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışmağa başlamış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə 18-1-3/3-1- 826/2023 nömrəli əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həkim mama-ginekoioq kimi çalışdığı bu illər ərzində əhaliyə təmənnasız tibbi xidmət aksiyalarında fəal şəkildə iştirak edərək xalqına borcu olan xidməti göstərmişdir. Xəstəxananın Hamiləliyin Patalogiyası Şöbəsində daim dərman və tibbi ləvazimatların çatışmazlığı problemi olmuşdur. Baxmayaraq ki, Xəstəxanaya məxsus dərmanların və tibbi ləvazimatların saxlandığı aptek var, yenə də bu problemlər bu günə kimi davam edir. Xəstəxananın baş tibb bacısı Vüsalə Məmmədova Xəstəxananın aptekində dərmanlar olmasına baxmayaraq, hansısa dərmanın təcili lazım olduğunu bildirdikdə, o hər dəfə dərmanların aptekdə bitdiyini bildirərək onlara dərmanla təmin etmirdi. Xəstələrin əməliyyatı və əməliyyatdan sonrakı müalicə dönəmində dərman və tibbi ləvazimatlardan istifadə mütləqdir. Xəstəxana həkimləri bu vasitələrlə təmin elmədiyinə görə onlar xəstələrə istifadə üçün həmin dərman və tibbi ləvazimatları öz hesablarına alaraq öz şkaflarında saxlayırdılar. 2023-cü ilin avqust ayında onun məzuniyyətdə olduğu vaxtda xəstəxananın mühafizə xidmətinin rəisi Pərviz və digərləri tərəfindən həkimlərin şəxsi vəsaitləri hesabına əldə etdikləri və şkaflarında saxladıqları dərman vasitələri və digər tibbi ləvazimatlar həmin şkaflar sındırılaraq götürülmüşdür. Eyni əməl xx.xx.2023-cü il tarixdə təkrarlanmışdır. xx.xx.2023-cü il tarixdə Xəstəxananın Kadrlar Şöbəsinin rəisi Esmira xanım onu xəstəxananın dərmanlarını oğurlamaqda ittiham etmişdir. Bu hadisədən bir gün sonra - xx.xx.2023-cü il tarixdə Xəstəxananın Etəmkarlar İttifaqının rəhbəri Adilə xanım ona bildirmişdir ki, Əlviz müəllim ona onun barəsində dərman oğurluğu ilə bağlı təqdimat hazırlayıb təqdim edib, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq istəyir. Adilə xanım ona demişdir ki, ən yaxşısı özün öz xoşunla ərizə yaz işdən çıx, qeyd edilən maddə ilə səni işdən çıxarsalar sonra həkim kimi hansısa tibb müəssisəsində işləməyin mümkün olmayacaq, heç bir müəssisə səni işə götürməz. O, dərmanları öz vəsaiti hesabına aldığını, xəstəxanaya heç bir aidiyyəti olmadığını, dərmanların özünə məxsus olmasını sübut edə biləcəyini demişdir. Qeyd edir ki, 2023-cü ilin fevral ayından qanaxmalara qarşı oksitosin dərmanı çatışmırdı, o, Naxçıvanda yaşayan bacısı qızından xahiş etmişdir ki, 3-5 qutu həmin dərmandan alıb göndərsin. Dərmanların qiyməti 170 manat tutmuşdur. Həmin yazışmalar onun telefonunda qalır, onları xx.xx.2023-cü il tarixdə sübut kimi göstərmişdir və araşdırma aparılacağını ona bildirmişlər. Sonra ondan soruşdmuşar ki, sizə deməyiblər ki, özünüzdə dərman saxlamaq olmaz? O da daha sonra 9 nəfər iş yoldaşıyla birlikdə akt tərtib etmişlər ki, onlara şöbə müdiri özlərində dərman saxlaya bilmyəcəklərini deməmiş və hamısı həmin akta imza etmişlər. Daha sonra xəstəxananın direktoru Əlviz bəy də, onunla məsələ barədə danışarkən bildirmişdir ki, ya ərizə yaz çıx, ya da biz səni Əmək Məcəlləsinin 70-cl maddəsinin “ç” bəndi ilə işdən çıxaracağıq. O, bu təzyiqlər nəticəsində öz iradəsi olmadan öz xahişi ilə işdən çıxmaq istəməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə yazaraq işəgötürənə vermişdir. xx.xx.2023-cü il tarixdə yazdığı ərizə əsasında xəstəxananın direktoru Əlviz Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1826/2023 nömrəli əmr ilə o, xəstəxanada tutduğu vəzifədən azad edilmişdir. O, qanaxma və şök əleyhinə dərmanları, tikiş saplarını, steril əlcəkləri öz vəsaiti hesabına alaraq, iş otağında şkafında saxlamış və xəstələrin müalicəsi və əməliyyatı zamanı istifadə etmişdir. Xəstəxanadan verilən əlcəklərin ölçüsü 7 və 8 nömrədir. Onun əlinin ölçüsü 6,5 olduğu üçün əlcəkləri özü alır. O, 2023-cü ilin avqust ayında məzuniyyətdə olmuş və xx.xx.2023-cü il tarixə işə qayıtmışdır. Şkafının açıldığını və paltarlarının yerdə olduğunu görərək, ondan icazəsiz şkafın açılmasına görə hay-küy salmış, mühafizəçi Pərvizlə mübahisə etmişdir. Vüsalə tibb bacısı onun şkafını çəkmişdir. xx.xx.2023-cü il tarixdə o, otağındakı şkafda saxladığı dərmanları götürüb avtomobilinə qoymuşdur. İkinci dəfə dərmanları avtomobilinə apararkən mühafizəçi qapıda onu saxlamış və dərmanları ondan almışdır. Avtomobilinə qoyduğu dərmanları da ondan götürmüşlər ki, dərmanların xəstəxanaya məxsus olub-olmamasını araşdırsınlar. O. dərmanları xidməti işi ilə bağlı xəstələrin müalicəsinə istifadə etmək üçün şkafında saxlayıb. Həmin dərmanlar xəstanaya deyil, onun özünə məxsus olmuşdur. Otağında və avtomobilində dərman aşkarlandığına görə, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyini bildirmişlər. Əmək kitabçası korlanmasın deyə öz ərizəsi ilə işdən çıxmağa məcbur olmuşdur. O, xx.xx.2023-cü il tarixdə ərizə verərək öz xahişi ilə xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə fikrini dəyişmiş və ərizə yazaraq əvvəlki ərizəsini geri götürmək istədiyini bildirmişdir. Bu zaman ona xx.xx.2023-cü il tarixdən işdən azad edildiyini bildirmişlər, işdən çıxma əmrini, əmək kitabçasını və son-haqq hesabını ona vermişlər. xx.xx.2023-cü il tarixli ərizəsində öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etsə də, bu onun iradəsinə zidd yazılmışdır. Həmkarlar İttifaqı Təşkilatı ona bildirmişdir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmaqdansa, öz xahişi ilə işdən azad olunması yaxşıdır. Bu səbəbdən o, öz xahişi ilə işdən çıxması barədə ərizə yazıb. Əslində onun işdən çıxmaq niyyəti olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.
6. Cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin hamiləliyin potologiyası şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində şiddətli töhməti olmuş və töhmətin müddəti bitmişdir. Xəstəxanada dərmanlar açıq şəffaf şüşə şkafda saxlanılır, açarları böyük tibb bacısında və növbətçi tibb bacısında olur. Xəstələrə dərman və tibbi ləvazimat lazım olanda tibb bacısı həkimin tələbinə əsasən bunları təmin edir. Əməyin mühafizəsi qaydalarında və daxili intizam qaydalarında qeyd olunub ki, həkimin otağında olan şkaflarda kimyəvi maddələr saxlanıla bilməz. Yoxlama aparılması barədə xəstəxananın rəhbərliyinin əmri vardır. Xəstəxananın daxili intizam qaydaları var və Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə təsdiq edilib. Xəstəxananın çıxışında praktiki tibbi fəaliyyətlə məşğul olan hər kəsin çantasına baxış keçirilir ki, xəstəxanadan dərman çıxarılmasın. İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı bütün dərmanlar pulsuz verilir. Oksasilin dərmanları alıblar. Protokola yazılıb təmin edilir. Həkimlər və tibb işçiləri sığorta paketində olan xəstəyə lazım olandan az istifadə edirlər, artıq qalan dərmanları özlərində saxlayırlar. İddiaçı avtomobilindən və otağındakı şkafdan dərmanlar aşkar edilmişdir. İddiaçı hərəkətində xx.xx.2023-cü il tarixdə səhər saatlarında mühafizəçinin diqqətini çəkən bəzi hallar olmuşdur. Mühafizəçilər İddiaçı əlində təkrar olaraq çantalarla şöbədən çıxış etdiyini, idarə etdiyi Toyota Prado markalı ** NH *** nömrəli avtomobilinə bəzi əşyalar qoyduğunu görmüşlər. Günorta vaxtı İddiaçı avtomobilinə minərək xəstəxananı tərk edərkən mühafizəçilər ona yaxınlaşaraq avtomobilinə baxış keçirilməsini xahiş etmişlər. İddiaçı etiraz etməmiş və avtomobilə baxış keçirərkən oradan çox saylı dərman preparatları aşkar etmişlər. Aşkar olunan dərman və tibbi sərfiyyatların siyahıya alınaraq xəstəxanaya təhvil verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş və Xəstəxananın Daxili Təhlükəsizlik Bölməsinin müdiri Pərviz Əkbərov yazılı mülahizə ilə xəstəxanının direktrouna bu barədə məlumat vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. Ərizənin verildiyi gün cümə günü olmuş, ərizə kitabda qeydiyyata alınmışdır. Növbəti gün şənbə günü olduğuna və direktorun iş günləri İ-V günlər olduğuna görə, növbəti ilk iş günü “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru Ə.Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron imza ilə alt sistemə yerləşdirilmişdir. Əmrin surəti, əmək müqaviləsi və son haqq-hesabı verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək, işinə davam etmək istədiyini bildirmişdir. Bu zaman ona bildirilmişdir ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verildiyinə görə, onun işinə davam etməsi mümkün deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Bundan başqa iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən iddia müddətini buraxmışdır. İddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş edir. Hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasında heç bir üzürlü səbəb yoxdur. İddiaçıya öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verməsi üçün hər hansı təzyiq edilməyib. İddiaçının nümayəndəsi tərəfindən dərman vasitələrinin İddiaçı dolabında aşkar edilməsi və digər iddialarla bağlı bildirir ki, əlavə olaraq məhkəmədə səsləndirilən fikirlər iddianın predimetinə aid deyildir. Həmin məslələrlə bağlı Yasamal rayon prokurorluğuna rəsmi müraciət etmişlər. Orada araşdırma aparılır və hüquqi qiymət veriləcəkdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. Odur ki, iddia tələbinin əsassız olduğuna və iddia müddəti ötürüldüyünə görə rədd edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-792/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 49.1, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarının 1, 3.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilən işdən çıxma barədə ərizədə ərizənin verildiyi gündən əmək müqaviləsinə xıtam verilməsi qeyd olunsa da, xitam üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan heç biri qeyd olunmadığından cavabdeh iddiaçının əmək müqaviləsinə xəbərdarlıq müddətini gözləmədən xitam verməməli idi. Cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə xitam verilməsi iddiaçının qeyd olunan normada nəzərdə tutulan hüququndan istifadəsini məhdudlaşdırmışdır. Yasamal Rayon Məhkəməsi işə baxarkən qeyd olunan normanın tələblərinin cavabdeh tərəfindən pozulmasına diqqət etməmiş və ya diqqət etmək niyyətində olmamışdır. Əks halda belə əsassız qətnamə qəbul etməzdi. AR Əmək Məcəlləsinin 69.4-cü maddəsində də qeyd olunduğu kimi işçi xəbərdarlıq müddəti ərzində istənilən vaxt ərizəsini geri götürə bilər. Bu halda işəgötürən xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilməz. O halda xəbərdarlıq müddətini gözləmədən xitam verilə bilərdi ki, işəgötürən işçiyə onun yerinə yeni işçi götürməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq etmiş olardı. Lakin hazırki işdə iddiaçının yerinə yeni işçinin götürülməsi halı olmadığı üçün xəbərdarlıq müddəti bitməmiş müqaviləyə xitam verilməsi ilə iddiaçının ərizəsini geri götürmək hüququ pozulmuş və əmək müqaviləsi bu maddədə qeyd olunan qaydalara əməl olunmadan xitam olunmuşdur. İşəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilsə də, işçiyə bu barədə həmin gün, yəni son iş günü hesab edilən xx.xx.2023-cü il tarixində məlumat verilməmiş, yalnız bir gün sonra xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli işdən çıxma barədə yazdığı ərizəni təqdim edərkən artıq əmək müqaviləsinə xitam verildiyi ona deyilmişdir. Məhkəmə isə çıxardığı qətnamədə 83-cü maddənin tələblərinə cavabdeh tərəfindən riayət olunduğunu qeyd etmişdir. İşçiyə son iş günü işdən çıxarıldığı barədə məlumat verilməmiş, əmək kitabçası təqdim edilməmişdir, əks halda işçi xx.xx.2023-cü il tarixində işə çıxmaz, əmək müqaviləsinə xitam verildikdən sonra ərizəsini geri götürmə barədə yeni ərizə yazmazdı. Və ya həmin ərizəsində işdən çıxarılması barədə əmrə istinad edərdi. Bütün bunlar təsdiq edir ki, cavabdeh tərəfindən 83.2-ci maddənin tələbləri pozulmuş, məhkəmə isə bu məsələni ətraflı araşdırmadan cavabdehin mövqeyindən çıxış edərək, cavabdehin normanın tələblərinə uyğun şəkildə əmək müqaviləsinə xitam veridiyi qətnamədə qeyd etmişdir. İddiaçı işdən çıxma barədə ərizəni öz iradəsi ilə yazmamış, ona edilən təzyiqlər nəticəsində belə ərizə yazıb cavabdeh müəssisəyə təqdim etmişdir. İddiaçı qarşı cavabdeh müəssisə rəhbərliyi tərəfindən mənəvi zor işlədilməklə, ona ya öz xahişinlə işdən çıxmağın barədə ərizə yazıb işdən çıxırsan, ya da biz səni şkafında dərman saxladığına və müəssisənin dərmanlarını öz dərmanlarınmış kimi göstərərək müəssisədən çıxarıb maşınına yığaraq müəssisədən çıxarkən tutulduğuna görə 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edəcəyik. Bu hal məhkəməyə təqdim olunan sübutlarda və cavabdehin verdiyi ifadələrdə öz təsdiqini birmənalı tapmışdır. İddiaçı sərbəst şəkildə iradəsini ifadə etmədiyindən, yəni özü həqiqətən işdən çıxmaq istəmədiyindən onun yazdığı ərizə əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. Çünki qeyd olunan maddədən də göründüyü kimi şəxs sərbəst şəkildə iradəsini ifadə etmədiyindən bu ərizənin heç bir hüquqi qüvvəsi olmamalı, yazıldığı andan etibarsız hesab edilməli idi. İşə baxan hakim Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbini kobud şəkildə pozaraq Mülki Məcəllənin bu normalarına əsaslanmağımızı qəbul etməyərək əmək münasibətlərinə Mülki Məcəllənin tətbiq olunmadığını bildirmişdir.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin
13. 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
14. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
15. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
16. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
17. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
18. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
19. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
20. 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
21. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
22. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
23. 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır.
25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarının
28. 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.
29. 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-792/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə çap edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış xx.xx.1993-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2023-cü il tarixdən etibarən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi xx.xx.2023-cü il tarixdən hüquqi qüvvəyə minmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoruna müraciət edərək, işinə davam etmək istədiyini bildirmişdir. Lakin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə bir gün əvvəl xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
43. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Ərizənin verildiyi gün cümə günü olmuş, ərizə kitabda qeydiyyata alınmışdır. Növbəti gün şənbə günü olduğuna və direktorun iş günləri İ-V günlər olduğuna görə, növbəti ilk iş günü xx.xx.2023-cü il tarixdə işəgötürən işçinin ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri verildikdən sonra, işçinin işdən çıxmaq barədə ərizəsini geri götürməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68 və 83-cü maddələrinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir..
44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir.
45. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilməsindən xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur, işdən azad edilməsi ilə bağlı əmrin surətini, əmək kitabçası və son haqq-hesabı həmin gün ona təqdim edilmişdir. İddiaçı işdən azad edildiyi xx.xx.2023-cü il tarixdən bir aylıq müddəti buraxaraq xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Cavabdeh elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixdə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
49. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
50. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
51. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
53. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
54. Kollegiya qeyd edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
55. Kollegiya apellyasiya şikayətinin dəlili kimi qeyd olunan işçinin əmək müqaviləsinə xitam verildiyi gün ona əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə verilməsi qaydasının işəgötürən tərəfindən pozulması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş işçilərin əmrlərlə tanış olmasına dair qeydiyyatın aparıldığı jurnaldan çıxarışdan görünür ki, siyahı üzrə sıra nömrəsi 190 olan qeyddə İddiaçı 18-1-3/3-1-826/2023 nömrəli əmr ilə xx.xx.2023-cü il tarixdə şəxsən imza etməklə tanış olmuşdur. Həmçinin “Kapital Bank” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KM2 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq hesab sonuncu iş günü verilməklə, apellyatorun qeyd etdiyi pozuntuya cavabdeh tərəfindən yol verilməmişdir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-792/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.